Məhkəmə qərarları › İş №1(006)-291/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-291/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-291/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 17, mənzil 20-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəza çəkən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda: • 0,396 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, polis əməkdaşları tərəfindən 23 yanvar 2024-cü il tarixdə, saat 22:00da Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, 04 saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin narkotik vasitə; • 0,293 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 31 yanvar 2024-cü il tarixdə, saat 16:30-da polis əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir ədəd bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 10 ilə yaxın müddətdir narkotik vasitə olan heroin istifadə edir. 23 yanvar 2024-cü il tarixdə, səhər saatlarında metronun “Nəsimi” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün bir bükümdə heroin alıb cibinə qoymuşdur. Həmin axşam 10-da X4 küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb narkotik vasitələrin istifadəsində, gəzdirilməsində və saxlanılmasında şübhəli olduğunu deyib onu 5-ci polis bölməsinə dəvət etmişlər. Orada o, əynində olan qara rəngli şalvarın cibindən həmin bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında “Papanin” adlanan ərazidə olan zaman üzdən tanımadığı şəxsdən 12 manata öz istifadəsi üçün heroin almışdır. Lakin, həmin günü saat 16 radələrində yaşadığı ev tərəfdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 19-cu polis şöbəsinə aparılmışdır. Orada onun üzərindən həmin narkotik aşkar edilmişdir. Yaşını və səhhətini nəzərə alaraq ona yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 Zülfüqar oğlu ifadəsində göstərdi ki, 31 yanvar 2024-cü il tarixdə iş yoldaşı Şahid1 ilə birlikdə Nəsimi rayonu ərazisində “Faiq” adlı şəxsin narkotik vasitə əldə etdiyi və saxladığı barədə məlumat əldə etmişlər. Həmin məlumat üzrə qeyd olunan şəxsin ifşa edilməsindən ötrü əməliyyat qrupu yaradılmış və onlar ünvan 5 ünvanın qarşısına gəlmişlər. saat 16:30 radələrində “Faiq” kimi deyilən şəxsi gördükdə ona yaxınlaşıb özlərini təqdim etmiş, məsələ barədə məlumat verib onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd büküm çıxararaq onun içərisində heroin olduğunu, bunu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 12 manata aldığını demişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 Zülfüqar oğlunun ifadəsinə uyğun izahat verdi. Məhkəmədə şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlanılması üçün 23 yanvar 2024-cü il tarixdə müvafiq qrup yaradılmış, qrupun üzvü kimi o və iş yoldaşı Şahid4 Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə, saat 22:00 radələrində ünvan 6 ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlayaraq bölməyə gətirmişlər. Bölmədə bu şəxsin üzərində axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli paltonun sol cibindən üzərində “Attenti” yazısı olan elektron qolbağa nəzarət cihazını, qara rəngli şalvarın sol yan cibindən “Nokia” markalı mobil telefonu, sağ yan cibindən isə 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində heroin olduğunu, onu metronun “Nəsimi” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid4 Şahid3 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/493 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs (İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,396 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,346 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.175-178); - xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/629 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “(imza) Təqsirləndirilən şəxs o.” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,203 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,153 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.61-64); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 560 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə müvafiq olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.231-232); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.150, 207-210); • “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş, onun 10 may 2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (İ cild, i.v.27-28, 89-94, 271); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən 23 yanvar 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,346 qram narkotik vasitə heroin, 31 yanvar 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,153 qram narkotik vasitə heroin və şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitələr saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, 02 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmışdır (İ cild, i.v.274-284); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmə əsasən Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (İ cild, i.v. 117-125, 235- 237); • Bakı şəhər Probasiya idarəsinin xx.xx.2024-cü il tarixli, 130001-21-1/3-12206- 9 saylı məktubuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-281/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə Bakı şəhər Probasiya idarəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə cəzasının 01 il 12 gün hissəsini çəkmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Bununla belə, Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən analoji cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub məhkumluğu ödənilməsə də, əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, ağırlaşdıran halın olmasını, o cümlədən ona əvvəllər də analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə görə də təqsirləndirilən şəxsin tutulduğu müddətin onun həbsdə saxlama müddətinə daxil olması nəzərə alındığı üçün Təqsirləndirilən şəxs ümumilikdə tutulduğu bu 4 gün müddət onun hazırda çəkdiyi azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmamalıdır. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və bu hökm elan olunan günədək çəkilməmiş 01 il 05 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 3-2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək bu dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli isə 28 iyun 2024cü il tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,346 qram və 0,153 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 228 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 04 (dörd) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirilərək ona 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,346 qram və 0,153 qram narkotik vasitə heroin məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar