Məhkəmə qərarları › İş №1(006)-293/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-293/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-293/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 3-cü küçə, dalan 2, ev 11-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxsin çantasından çıxarmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 135 saylı marşurut xətti üzrə hərəkətdə olan avtobusda olan zaman sərnişinlərin çoxluğundan istifadə edib avtobusda ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs1 arxa hissəsinə keçib digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində sonuncunun çiyninə asdığı çantasından zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində telefon üzlüyünün alt hissəsinə qoyulmuş 300 manat pul ilə birlikdə içərisində hər biri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində ***-***-**-**, ***-***-**-** saylı nömrələr olan 1000 manat dəyərində «Samsung A71» markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb avtobusu tərk edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1320 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi ərazisində 535 saylı marşurut xətti üzrə hərəkətdə olan avtobusda olan zaman sərnişinlərin çoxluğundan istifadə edib avtobusda ayaq üstə dayanmış sərnişin X2 arxa hissəsinə keçib digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra Abşeron rayonu Masazır qəsəbəsində sonuncunun çiyninə asdığı çantasından zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 01 ədəd 10 manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid plastik bank kartı, 01 ədəd 10 manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid «Bir Kart» kredit kartı, 105 manat nağd pul olan 5 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb, avtobusu tərk edərək zərərçəkmiş şəxs Sərvinaz Sultanovaya ümumilikdə 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizi olaraq talama məqsədilə 12 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “At Heykəli” deyilən ərazidən «Köhnə bazar» deyilən ərazi üzrə hərəkətdə olan 515 saylı şəhərlərarası marşurut avtobusunda olan zaman sərnişinlərin çoxluğundan istifadə edib avtobusda ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs3 arxa hissəsinə keçib digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, «Köhnə bazar» deyilən ərazidə sonuncunun çiyninə asdığı çantasından zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 01 ədəd 10 manat dəyərində «Leo bank»a aid plastik bank kartı, hər biri 10 manat olmaqla cəmi 30 manat dəyərində 03 ədəd "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid plastik bank kartları, 110 manat nağd pul olan 5 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb, avtobusu tərk edərək Zərərçəkmiş şəxs3 ümumilikdə 155 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizi olaraq talama məqsədilə 22 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 535 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusda olan zaman sərnişinlərin çoxluğundan istifadə edib avtobusda ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs4 arxa hissəsinə keçib digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra sonuncunun çiyninə asdığı çantasından zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 01 ədəd 10 manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid plastik bank kartı, 01 ədəd 2 manat dəyərində avtobus kartı, 350 manat nağd pul olan 5 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb, avtobusu tərk edərək Zərərçəkmiş şəxs4 ümumilikdə 367 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri ərazisində 119 saylı marşurut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusunda olan zaman sərnişinlərin çoxluğundan istifadə edib avtobusda ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs5 arxa hissəsinə keçib digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra ünvan 2 ünvanda yerləşən “Park 20 Shopping” Ticarət Mərkəzinin qarşısında sonuncunun çiyninə asdığı çantasından zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları və 160 manat nağd pul olan 10 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb, avtobusu tərk edərək Zərərçəkmiş şəxs5 ümumilikdə 380 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz, olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,439 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Zərərçəkmiş şəxs5 qarşı törədilmiş cinayətin açılması istiqamətində Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri çərçivəsində 09 fevral 2023-cü il tarixdə saat 14:10-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından saxlanılmış və şifahi sorğu-sual əsnasında üzərində narkotik vasitə olduğunu etiraf etdiyindən Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 0,439 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikasına gedib qayıtdıqdan sonra maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi istiqamətində hərkət edən 535 nömrəli avtobusa minmişdir. Həmin vaxt avtobusda olan sərnişinlərin sıxlığına görə qarşısında ayaq üstə dayanmış qadının əlində tutduğu çantanın ağız hissəsinin açıq olmasından istifadə etməklə gizli olaraq əl çantasının içərisindən qəhvəyi rəngli pul qabını götürmüşdür. Bundan sonra, “Masazır dairəsi” adlanan əraziyə çatmamış avtobusu saxlatdırıb yerə düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra oğurladığı pul qabını açdıqda içərisində 105 manat pul olduğunu görmüşdür. O, həmin pulu götürüb pul qabını yolun kənarına atmışdır. Bundan başqa, 06 fevral 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Xırdalan şəhərindən çıxaraq 119 saylı sərnişin avtobusuna minərək “20 yanvar dairəsi” adlanan əraziyə gəlmişdir. O, “Park 20 Shopping” ticarət mərkəzinin qarşısında olan dayanacaqda düşərkən avtobusda olan sərnişinlərin sıxlığına görə qarşısında ayaq üstə dayanmış qadının əlində tutduğu çantanın ağız hissəsinin açıq olmasından istifadə etməklə gizli olaraq əl çantasının içərisindən pul kisəsini götürüb gödəkcəsinin cibinə qoymuşdur. Daha sonra, “Park 20 Shopping” ticarət mərkəzinin qarşısında metroya daxil olaraq pul kisəsinə baxış keçirmiş, həmin pul kisəsinin içərisində nağd şəkildə 100 ABŞ dolları, 160 manat və bundan başqa 2 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi olduğunu görmüşdür. Həmin pul kisəsində olan pul vəsaitlərini götürərək pul kisəsini içərisində olan sənədlərlə birlikdə 20 yanvar metrostansiyası yaxınlığında yol kənarına atmış, daha sonra yaşadığı ünvana getmişdir. O, oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd edir ki, ittiham üzrə beş oğurluq hadisəsindən yalnız ikisi onun tərəfindən törədilmişdir. Digər epizodlar üzrə baş vermiş oğurluq əməlləri onun tərəfindən törədilməmişdir. Bundan əlavə, 2023-cü ilin fevral ayında narkotik vasitələrdən istifadə edən “Əli” adlı tanışı onu narkotik vasitələrdən istifadə etmək üçün çağırmış, o da “Whatsapp” sosial tətbiq vasitəsilə əlaqə saxladıqdan sonra sonuncu ilə görüşüb xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanın qarşısında “Əli” adlı şəxsin avtomobilində əyləşmişdir. Həmin vaxt 4 nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirmişlər. Bu zaman o, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Lakin polis əməkdaşları onu döyərək polis bölməsinə aparmış və orada oğurluq əməllərini törətməsi və narkotik vasitəni üzərində daşıması barədə ifadə verməsini tələb etmişdir. O, polis əməkdaşlarının fiziki və psixoloji təsirlərindən qorxduğu üçün məcburiyyət qarşısında polis əməkdaşlarının qeyd etdiyi formada ifadə vermişdir. Məhkəməyə qədər polis əməkdaşlarından qorxduğu üçün hər hansı şikayət və tələbi olmamışdır. Hal-hazırda törətdiyi əməllər üzrə səmimi peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəzasının təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. O, “Samsung A71” markalı, **********46145 İMEİ kodlu mobil telefonu almış və həmin telefonu özü istifadə etmişdir. Telefonun üzərində iki ədəd GSM nömrə olmuşdur. O, 09 noyabr 2022-ci il tarixdə, təxminən saat 12 radələrində “Memar Əcəmi” metrosunun yaxınlığından 135 saylı marşurut avtobusuna minmiş və avtobusda sərnişin sıxlığı olduğu üçün ayaq üstə dayanmışdır. Daha sonra “Xırdalan dairəsi” adlanan ərazidə mobil telefonuna zəng gəlmiş və o, danışdıqdan sonra telefonunu çiynindən asdığı çantaya qoymuşdur. Bundan sonra Xırdalan şəhəri H.Əliyev prospektində “Səmayə” şadlıq sarayının qarşısında avtobusdan düşərkən telefonunu çantasında aşkar etməmişdir. Həmin vaxt telefonunun üzlüyü altında 300 manat pul olmuşdur. O, oğurluq əməlini törədən şəxsi görməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan 1000 manat olmaqla ödənilmiş və bu səbəbdən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Təzə bazar” adlanan ərazidə 535 nömrəli marşurut avtobusna minib yaşadığı Masazır qəsəbəsinə getmişdir. Həmin vaxt avtobusda sərnişin sıxlığı olduğu üçün ayaq üstə dayanmışdır. Bir qədər getdikdən sonra Masazır qəsəbəsində yerləşən “Araz” marketin qarşısında avtobus dayanacağında düşmüşdür. O, avtobusdan düşdükdən sonra yaşadığı evə getmiş və evdə olan zaman qara rəngli əl çantasının orta hissəsində olan pul qabını götürmək istədikdə yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, onun pul qabının naməlum şəxs tərəfindən avtobusda olan zaman oğurlandığını başa düşmüşdür. Daha sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin vaxt içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, "xxxx"a aid 10 manat dəyərində maaş kartı, “Kapital Bank”a aid 10 manat dəyərində “Birkart” kredit kartı və 105 manat pulu olan qəhvəyi rəngli 5 manat dəyərində pul qabı oğurlanmışdır. Həmin vaxt oğurluq nəticəsində ona ümumilikdə 130 manat məbləğində maddi ziyan dəymişdir. Halhazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş və bu səbəbdən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. 22 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində oğlu İsmayıl və bacısı Günayla birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Təzə bazar” adlanan ərazidə paltar mağazasından çıxıb yaşadıqları Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksinə getmək üçün dayanacağa yollanmışlar. Bir neçə dəqiqə sonra yolun kənarında dayanıb gözlədikdən sonra “535“ saylı marşurut avtobusuna minmişlər. Həmin vaxt avtobusun içərisində sərnişinlər çox olduğundan ayaq üstə dayanmışdır. Avtobus yaşadığı “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığındakı işıqforun yanında olan dayanacağa yaxınlaşdıqda əl çantasının içərisindən gediş haqqını vermək üçün pul kisəsini götürmək istəmiş, lakin həmin pul kisəsinin əl çantasının içərisindən oğurlandığını aşkar etmişdir. Bundan sonra, pul kisəsinin paltar mağazasından oğurlandığını ehtimal etsə də, sonradan həmin paltar mağazasında olan videogörüntülərə baxılarkən oğurluq əməlinin həmin obyektdə olmadığını aşkar etmişdir. Evə çatdıqdan sonra əl çantasının içərisindəki pul kisəsinin içərisindəki bank kartları, şəxsiyyət vəsiqəsi və 350 manat nağd pulla birlikdə marşurut avtobusunun içərisində sərnişin olan zaman oğurlanması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102“ zəng mərkəzi xidmətinə müraciət edib məlumat vermişdir. O, oğurluq əməlini törədən şəxsi görməsə də, polis şöbəsində oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi bildirilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş və bu səbəbdən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. 06 fevral 2023-cü il tarixdə saat 14:00 radələrində yaşadığı Xırdalan şəhərindən çıxaraq 119 saylı sərnişin avtobusuna minərək “20 Yanvar dairəsi” adlanan əraziyə gəlmişdir. Həmin vaxt avtobusun içərisində sərnişinlər çox olduğundan ayaq üstə dayanmışdır. Həmin gün saat 14:30 radələrində ünvan 2 ünvanda yerləşən «Park 20 Shopping» TM-nin qarşısında olan dayanacağda avtobusdan düşmüşdür. O, avtobusdan düşən zaman əl çantasına baxdıqda çantasının içərisində olan pul kisəsinin çantanın içərisində olmadığını aşkar etmişdir. Ona məxsus olan pul kisəsinin içərisində nağd şəkildə 100 ABŞ dollar pul, 160 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, idarə etdiyi avtomobilin texniki pasportu, 1 ədəd övladına məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. O, pul kisəsinin avtobusda oğurlandığını başa düşdükdən sonra hüquq mühafizə orqanlarına müraciət etmişdir. Ona ümumilikdə 340 manat ziyan dəymiş və həmin vaxt təqsirləndirilən şəxsi avtobusun içərisində şəxsən görmüşdür. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş və bu səbəbdən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə proseslərinin onun iştirakı olmdan keçirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 07 fevral 2023-cü il tarixdə əməliyyat tapşırığı daxil olmuş və həmin tapşırığa əsasən 06 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanda yerləşən «Park 20 Shopping» Ticarət mərkəzinin qarşısında 119 saylı marşurut xətti üzrə hərəkət edən avtobusda Zərərçəkmiş şəxs5 çantasından pul kisəsinin naməlum şəxs tərəfindən oğurlanması və həmin şəxsin şəxsiyyətinin müəyyən edilərək 20-ci polis bölməsinə gətirilməsi qeyd olunmuşdur. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. 09 fevral 2023-cü il tarixdə Nəsimi RPİ-nin Cinayət axtarışı şöbəsinin kiçik inspektoru Şahid2 ilə birlikdə olarkən Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı əldə etmişlər və Şahid2la birlikdə Abşeron rayonu ərazisinə getmişlər. Saat 14:10 radələrində ünvan 3 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və Nəsimi rayonu ərazisində oğurluq cinayəti törətməsində şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs 20-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə 20-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxslə şifahi söhbət zamanı sonuncu oğurluq cinayəti törətdiyini etiraf etmiş və həmçinin narkotik vasitələrin alüdəçisi olduğunu bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərəfindən lazım olan tədbirlər həyata keçirilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli köynəyin sağ yan döş cibindən 19 manat pul, əynində olan gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefon, gödəkçənin sol yan cibindən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan şəffaf rəngli sellofan bükümü, içərisində 2 ədəd tibbi şpris olan sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə məlumat verilməsi bildirildikdə, sonuncu təqdim etdiyi bükümdə narkotik vasitənin heroin olduğunu, həmin heroini tutulmamışdan əvvəl Abşeron rayonu Quşçuluq Y/M ərazisində tanımadığı şəxsdən alaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı fiziki və ya psixoloji təsirlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Cinayət axtarışı şöbəsinin kiçik inspektoru Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin baş təhqiqatçısı Nazim Qədirov tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin Cinayət axtarışı şöbəsinin kiçik inspektoru Şahid2 və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1, mütəxəssis X7, həmçinin cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 09 fevral 2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofanın içərisində 2 ədəd tibbi iynə (onlardan birinin içərisində şəffaf maye dolu olmuşdur), 1 ədəd sındırılmış şüşə ampluanı və bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan maddə aşkar olunaraq götürülmüşdür. (cild İ, i/v 106-112). İş materiallarında olan 22 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən Abşeron rayonu ərazisində 535 saylı marşurut xətti üzrə hərəkət edən mikroavtobusun dayanacığının qarşısıdır. Həmin dayanacaq “Xırdalan dairəsi” adlanan ərazi istiqamətində yolun sağ tərəfində yerləşmişdir. (cild İ, i/v 5-7). İş materiallarında olan 06 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Park 20 Shopping” Ticarət Mərkəzinin qarşısıdır. (cild İ, i/v 140-141). İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 09 noyabr 2022-ci il tarixdə Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığında 135 saylı marşurut avtobusuna minmiş, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Səmayə” şadlıq sarayının qarşısında avtobusdan düşərkən mobil telefonunu çantasında aşkar etməyərək naməlum şəxs tərəfindən oğurlandığını bilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet, əşya aşkar edilmədiyinə görə götürmə aparılmamışdır. (cild İ, i/v 199-200). İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 28 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində “Təzə bazar” adlanan ərazidə 535 saylı marşurut avtobusuna minmiş, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən “Araz” marketin qarşısında avtobusdan düşərək Abşeron rayonu, Masazır qəsəbəsi, R.Rza küçəsində yerləşən fərdi yaşayış evinə getmiş, evdə olarkən çantasında özünə məxsus pul qabının yerində olmadığını, yəni, oğurlandığnı aşkar etmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet, əşya aşkar edilmədiyinə görə götürmə aparılmamışdır. (cild İİ, i/v 10). İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 12 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində “At heykəli” adlanan yerdə 515 saylı marşurut avtobusuna minmiş, Abşeron rayonu, Quşçuluq massivində yerləşən “Rahat” marketin yanındakı dayanacaqda avtobusdan düşdükdə çantasında özünə məxsus pul qabının yerində olmadığını, yəni, oğurlandığnı aşkar etmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet, əşya aşkar edilmədiyinə görə götürmə aparılmamışdır. (cild İİ, i/v 63). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2023-cü il tarixli, 6/818 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №188» dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,439 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş bir ədəd şprisdə, bir ədəd sınıq şüşə ampluada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Bir ədəd 1,5 ml maye nümunəsinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdir (cild İ, i/v 119-122). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli 2527 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 144-145). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli tələbnamədən və Abşeron rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 07 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəzasının çəkilməmiş 06 ay 14 gün hissəsindən “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür (cild İİ, i/v 110- 111, 112-114). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,389 qram olan narkotik vasitə heroin, 02 ədəd şpris və 01 ədəd sınıq şüşə ampula maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (i/v 147-164). İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 fevral 2023-cü il tarixli, 4(006)-85/2023 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 09 may 2023-cü il tarixli, 4(006)-247/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 06 iyun 2023-cü il tarixədək uzadılmışdır (cild İ, i/v 49-50, 84-85, 125-130). İş materiallarına əlavə olunmuş 07 may 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. ********* nömrəli cinayət işi əməl Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (cild İ, i/v 60-62). İş materiallarına əlavə olunmuş 28 mart 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. ********* nömrəli cinayət işi əməl Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (cild İ, i/v 190-191). İş materiallarına əlavə olunmuş 04 aprel 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. (cild İİ, i/v 1-2). İş materiallarına əlavə olunmuş 04 aprel 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. (cild İİ, i/v 56-58). İş materiallarında olan 09 mart 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxsa qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. (i/v 242). İş materiallarına əlavə edilmiş 18 iyul 2023-cü il tarixli, 3-16-17/38/2-4872/2023 nömrəli Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasının Tibb-sanitar hissəsinin rəisi Rəşad Hüseynov tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitapça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət aşkar olunmamış, sağ said nahiyəsində köhnə çapıq toxuması müşahidə edilmişdir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən sonuncu saxlanıldığı zaman polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi barədə məlumat əsasında Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində 342-c-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs oğurluq cinayətlərini üç epizod üzrə törətmədiyini qeyd edərək, ittihamı bu hissədə qəbul etməmişdir. Lakin təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində oğurluq əməllərinin onun tərəfindən törədildiyini etiraf etmişdir. Həmçinin istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Göründüyü kimi qeyd edilənlər oğurluq cinayətlərinin təqsirləndirilən şəxs tərəfindən törədildiyini sübuta yetirir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, istintaq zamanı vermiş olduğu ifadələri təzyiq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi, döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə istintaqı aparılarkən ona təzyiq edildiyini və döyüldüyünü bildirdiyi üçün Nəsimi rayon məhkəməsinin müraciəti əsasında Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində toplanmış 342-c-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış 18 iyul 2023-cü il tarixli, 3-16-17/38/2-4872/2023 saylı məktubdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət aşkar olunmamışdır. Ambulator X3 zamanı da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən onu yandırıb tüstünü nəfəsinə çəkməklə istifadə etmişdir. Narkotik vasitələrə, qarşı patoloji meyl formalaşması müəyyən edilmiş, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,389 qram olan narkotik vasitə heroin, 02 ədəd şpris və 01 ədəd sınıq şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Universal” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-293/2023 saylı 19 iyun 2023-cü il tarixli qərara əsasən 20 iyun 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,389 qram olan narkotik vasitə heroin, 02 ədəd şpris və 01 ədəd sınıq şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar