Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-294/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:00 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Oğuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, "xxxx" MMC-də briqadir işləyən, Oğuz şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu 28 may qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikinti obyektinin sökülməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vrurulmasına səbəb olmuşdur. Belə ki, o, əmək müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə briqadir vəzifəsində işlədiyi dövrdə həmin MMC tərəfindən ünvan 3 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşən divarın sökülməsi işinin aparılmasına cəlb edilmiş "xxxx" MMC-də xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə fəhlə işləyən Zərərçəkmiş şəxs həmin işi əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların, o cümlədən ayaqaltıların üzərində aparmasını təmin etməyərək, bununla da «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları»nın 2.1, 12.23 bəndlərinin və "xxxx" MMC-nin briqadirinin vəzifə təlimatının 1.1, 1.12 bəndlərinin tələblərinin onun tərəfindən pozulması nəticəsində ehtiyatsızlıqdan tikintidə söküntü işləri aparan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 08:50 radələrində söküntüsünü həyata keçirdiyi divarın üzərinə aşması nəticəsində dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid olan - alın və sağ almacıq sümüklərinin mürəkkəb, çoxsaylı sınıqları, onurğa sütununun boyun şöbəsinin Vİ, Vİİ fəqərələrinin, döş şöbəsinin l,ll fəqərələrinin arxa çıxıntılarının, döş şöbəsinin Vİ, X fəqərələrinin cisminin çoxsaylı sınıqları, ağciyərlərin əzilməsi, baş beyin silkələnməsi, sağ almacıq nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, sağ gicgah nahiyələrinin və sağ göz yuvası ətrafı yumşaq toxumaların dərialtı hematomaları, alın, sağ əl və sağ diz oynağı nahiyələrinin sıyrıqları xəsarətlərini almasına, yəni o, tikinti obyektinin sökülməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ilə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərin vrurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər tikinti sahəsində müxtəlif tikinti şirkətlərində fəhlə və briqadir işləmişdir. Hazırda "xxxx" MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən binada briqadir işləyir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən o, həmin MMC-də briqadir vəzifəsində işə başlamışdır. Həmin MMC-də iş vaxtı saat 08:00-dan 18:00-dək, nahar vaxtı isə 13:00-14:00-dək olmuşdur. Gün ərzində iki dəfə hərəsi 15 dəqiqə olmaqla ümumilikdə 30 dəqiqə istirahət vaxtı verilir. Aylıq əmək haqqı isə işlədiyi bir gün 22 manat olaraq şirkətlə aralarında razılıq olmuşdur. Onun gündəlik iş fəaliyyəti işlədiyi «Star Life» residence layihəsi üzrə tikilən binanın iş icrası Şahid3 tərəfindən ona verilmiş tapşırıqların icrasını həyata keçirir. Qeyd etmişdir ki, ona işlərin yerinə yetirilməsi üçün 7 fəhlə verilmişdir. Həmin fəhlələrin adları Zöhrab Məmmədzadə, Mütalib Əhmədov, Şahid2, Zərərçəkmiş şəxs, Ramil İsrafilov, Rauf Ağayev və Rahib Cəfərov olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 07:30 radələrində o işlədiyi binaya gəlmişdir. Hər səhər olduğu kimi həmin gün də iş icraçısı Şahid3 ilə görüşüb gün ərzində görüləcək işlər barədə məlumat almışdır. Həmin gün binanın qarşısında olan zibillərin təmizlənməsi, həyətin zirzəmisində olan kərpic divarların sökülməsi kimi işlər görülməli olmuşdur. O fəhlələrin olduğu yerə gedib görüləcək işlər barədə məlumat vermişdir. Söküntü işləri barədə bacarağı olanın olub-olmaması barədə maraqlandıqda Zərərçəkmiş şəxs ona həmin işi görə biləcəyini demişdir. O iki nəfər şəxsin söküntü işi ilə məşğul olacağını bildirdikdə Famil həmkəndlisi Şahid2 ilə birlikdə işləyəcəyini bildirmişdir. Daha sonra fəhlələri bölüşdürmüş və Famil ilə Namiqi söküntü işlərinin görüləcəyi zirzəməyə aparmışdır. Bundan sonra hansı divarların sökülməli olması barədə məlumat vermişdir. Daha sonra Famil və Namiqə tam ehtiyatla, təhlükəzliyə riayət etməklə söküntünü həyata keçirməli olduqlarını demişdir. Həmçinin, onlara ayaqaltına “dəmir lesa” (dördayaqlı nərdivan) gətirmələrini və ona gözləmələrini, digər fəhlələrə nəzarət edib gələcəyini demişdir. Daha sonra digər fəhlələrə nəzarət edib qayıdarkən Namiqin onu axtardığını görmüşdür. Bu zaman Namiq ona Familin xəsarət aldığını demişdir. O dərhal Familin olduğu yerə getmiş və Familin yerdə uzandığını görmüşdür. Daha sonra iş icraçısı və təhlükəsizlik mühəndisinə məlumat vermişdir. Bundan sonra iş icraçısı öz maşını ilə X13 aparmışdır. Orada Familə ilkin tibbi yardım göstərilərək müalicəsi aparılmışdır. Bir neçə gün sonra isə Famil oradan evə buraxılmışdır. Onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdən həmin MMC-də əmək müqaviləsi ilə fəaliyyətə başlamışdır. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" adlı MMC-yə məxsus binada Zərərçəkmiş şəxs söküntü işləri apararkən yaxınlıqda Şahid2 başqa şəxs olmamışdır. Famil və Namiqə kaska, botinka, iş kurtkası verilmişdir. Söküntü işlərinin aparıldığı sahə lentlə işarələnmişdir. Bunlardan başqa həmin şəxslərə ehtiyatlı olmaqları tapşırılmışdır. Bundan başqa Famil və Namiqə zirzəminin girişində olan ayaqaltını gətirmələri və həmin ayaqaltıdan istifadə etməklə söküntünü həyata keçirmələrini tapşırmışdır. İfadəsinin sonunda günahının olmadığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, onunla barışdığını, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, fəhlə işləməklə ailəsinin dolanışığını təmin edir. Sonuncu dəfə "xxxx" MMC ilə əmək müqaviləsi əsasında fəhlə olaraq işə qəbul olmuşdur. Həmin şirkətdə xx.xx.2022-ci il tarixində fəaliyyətə başlamışdır. Onunla birlikdə Namiq və Ramin adlı həmkəndliləri həmin şirkətdə işə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 08:00-da həmişə olduğu kimi işə başlamışdır. Həmin vaxt o, Namiq, Ramin, Rauf, Rahib, Zöhrab və adını bilmədiyi digər şəxslərdən ibarət fəhlələrə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində yerləşən binanın padvalında olan hörgünün sökülməsi tapşırılmışdır. Onlara Qəhrəman adlı briqadir rəhbərlik etmiş və hansı işlərin görüləcəyinə dair göstərişlərini vermişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 08:00 radələrində kərpiclə tikilmiş barıya zərbələr endirib geriyə çəkildiyi zaman həmin barı yıxılaraq üstünə düşmüşdür. Kürəyinə düşən həmin kərpiclərin təsirindən o üzü üstə yerə yıxılmışdır. Aldığı xəsarətlərin başının sağ tərəfindən sağ almacığın əziyi, o cümlədən sol çiynində sümük qırılması olması barədə sonradan məlumatı vardır. Yerə yıxıldıqdan sonra Namiq, işlədiyi yerin sahə rəisi olan Çingiz və başqa tanımadığı bir nəfər şəxs tərəfindən Modern Hospitala aparılmışdır. Orada müayinə edildikdən sonra əməliyyat olunmuşdur. İlk vaxtlar gəzə bilməmiş və kürəyində ağrılar olmuşdur. Müalicə xərcləri işlədiyi müəssisə tərəfindən qarşılanmışdır. xx.xx.2022-ci il tarixdə səhər 09:00 radələrində Baku Home MMC yə məxsus binada söküntü işləri apararkən xəsarət aldığı zaman yanında və ətrafda Namiq, Ramin, Rauf, Rahib, Zöhrab, Qəhrəman adlı şəxslər olmuşdur. xx.xx.2022-ci il tarixdə Baku Home MMC-yə məxsus binada işlərin görülməsinə başlanmasından öncə əməyin mühafizəsi qaydaları, o cümlədən texniki təhlükəsizlik qaydaları izah olunmuş, bununla bağlı təlimat kitablarına imza çəkmişdir. Həmçinin ona işə başladığı zaman ehtiyatla işləmək barədə məsləhətlər verilmişdir. Ona və digər işçilərə "xxxx" MMC tərəfindən təhlükəsizlik ləvazimatları (jilet, kaska, batinka və əlcək) verilmişdir. İşlədiyi "xxxx" MMC-yə məxsus binada fəhlələrə və həmin fəhlələr tərəfindən görülən işləri briqadirə tabe olduqlarından həmin şəxsin nəzarəti altında işləri görmüşlər. xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almasına səbəb olan hörülmüş barının hündürlüyü təxminən 2,5-3 metr olmuşdur. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin tam olaraq ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən İşılak Fatih ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi ilə ailəsi ilə birlikdə yaşayır. Türkiyə Respublikasında anadan olmuş və oranın vətəndaşıdır. Lakin Azərbaycan Respublikasında 2007-ci ildən yaşayır. Azərbaycan Respublikasında “Azərbaycan Texniki Universiteti”-ndə 2012-2019-cu illərdə ali təhsil almışdır. Ona görə də Azərbaycan dilində sərbəst şəkildə yazıb-oxumağı bacarır. xx.xx.2020-ci il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışır. Şirkət tərəfindən ünvan 5 ünvanında özünə məxsus olan torpaq sahəsində «X17» yaşayış kompleksinin tikintisi həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20 aprel 2018-ci il tarixli 298 NQ-li Sərəncamı ilə yuxarıda qeyd olunan ünvanda yerləşən "xxxx" MMC-yə məxsus 0,8871 ha və ona bitişik 0,24322 ha (icarə əsasında) torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir. Tikinti layihəsinə dair qanunla müəyyən edilmiş qaydada müvafiq dövlət orqanlarından (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, Fövqəladə Hallar Nazirliyinin X15 Xidməti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi) müsbət rəylər alınmış, daha sonra layihə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X1 Ekspertiza Baş idarəsində ekspertizadan keçirilmiş və müvafiq ekspertiza rəyi alınmışdır. Tikinti işlərinin aparılması üçün zəruri olan «Obyektin tikintisinə icazə» sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İcarəsi tərəfindən xx.xx.2019-cu il tarixində verilmişdir. Tikinti işləri qanunvericiliklə müəyyən edilmiş qaydada, bütün lazımi icazələr və lisenziyalar alınmaqla, müvafiq dövlət qurumlarının nəzarəti altında aparılır. Hazırda yaşayış binasının istismara qəbul edilməsinə hazırlıq işləri həyata keçirilir. Tikinti-quraşdırma işlərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmaqla aparılmasına nəzarəti MMC-nin SƏTƏMM üzrə mühəndisi X3 həvalə etmişdir. Hadisə baş verən gün yəni, xx.xx.2022-ci il tarixində səhər saatlarında binanın zirzəmi mərtəbəsində divarın sökülməsi zamanı həmin divarın uçması və bunun nəticəsində fəhlə Zərərçəkmiş şəxs xəsarətin yetirilməsi barədə ona məlumat verilmişdir. Zərərçəkmiş şəxs dərhal lazımi tibbi yardımın göstərilməsi üçün müvafiq tədbirlərin görülməsini və tibb müəssisəsinə çatdırılmasının təmin edilməsini tabeliyində olan işçilərə tapşırmışdır. Eyni zamanda hadisə barədə müvafiq dövlət və hüquq-mühafizə orqanlarına (X11, polis, prokurorluq) məlumat verilməsini də aidiyyəti işçilərə təlimat vermişdir. Bədbəxt hadisə fəhlə Zərərçəkmiş şəxs öz ehtiyatsızlığı səbəbindən baş vermişdir. Belə ki, həmin fəhlə işini tez başa çatdırmaq məqsədilə söküntünü divarın yuxarı hissəsindən deyil, aşağıdan başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin iş icraçısı vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, vəzifə öhdəlikləri “Star Life” adlı binada görülən işlərə nəzarətin həyata keçirilməsi, "xxxx" MMC-nin direktoru və layihə rəhbəri tərəfindən verilmiş tapşırıq və göstərişlərinin icra edilməsindən ibarətdir. Mahiyyəti üzrə bildirmək istəyir ki, layihə rəhbəri İlker Solmaz tərəfindən 2022-ci ilin dekabr ayının əvvəllərində ona iş icraçısı olduğu həyətin altında olan birinci zirzəmisinin layihəsinin edilmiş dəyişikliklə bağlı həmin zirzəmidə kərpiclə tikilmiş bəzi divarların sökülməli olduğunu ona bildirilmişdir. Həmin söküntü işlərinin yerinə yetirilməsi MMC-nin fəhlələri tərəfindən həyata keçirilməli olmuşdur. O da təhlükəsizlik mühəndisi Cəmaləddin və briqadir Qəhrəmana bu barədə məlumat vermişdir. Qəhrəmana qarajda olacaq söküntü işlərini həyata keçirlməsini təşkil etməsini tapşırmışdır. Bununla bağlı müvafiq sənədləşmələr, yəni söküntü işinin icrasına dair texnoloji karta və sökülmə zamanı əlavə tədbirlərlə bağlı hazırlanmışdır. xx.xx.2022-ci il tarixdə söküntü işlərinin başlanması barədə məlumatlı olmuşdur. Həmin gün təxminən saat 09:00 radələrində binanın həyətində olan iş otağında olarkən briqadir Qəhrəman onun yanına gələrək hadisə baş verdiyini kərpic divarın fəhlənin üzərinə aşdığını bildirmişdir, o da dərhal Cəmaləddinə məlumat vermiş və aşağı düşmüşdür. Həmin vaxt xəsarət alan şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Qeyd etmişdir ki, MMC rəhbərliyə baş vermiş hadisə barədə məlumat verdikdə Modern hospitala aparılmağı bildirilmişdir. Bundan sonra gedib özüməməxsus maşını gətirmişdir ki, Famili xəstəxanaya aparsın. Maşını gətirdikdən sonra orada işləyən şəxslərin köməkliyi ilə Famili dikin üzərinə qoyub onun maşını ilə Modern hospitala aparmışlar. Daha sonra Famil həmin hospitalda müayinə və əməliyyat edilmişdir. Famil həmin hospitalda müalicə aldıqdan sonra evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi mühəndıs-texniki ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləyir. 08 may 2023-cü il tarixli 10/2995 saylı əmək təhlükəsizliyinin tədqiqi rəyi onun tərəfindən hazırlanmışdır. “İş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini təmin edilməməsi” dedikdə tikinti təhlükəsizliyi, yəni işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuş aparılan işin xarakterinə uyğun görülməli təhlükəsizlik tədbirləri toplusudur. Hazırki işə nəzərən götürüldükdə, işin təhlükəsiz aparılması üçün tətbiq olunası əsas təhlükəsizlik tədbiri kimi söküntü işlərinin aparılması üçün əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların tətbiqi və işçilərin söküntü işini həmin qurğuların üzərində dayanmaqla həyata keçirilməsi təmin edilməli idi. Lakin briqadir tərəfindən qeyd olunan təhlükəsizlik tədbirləri görülmədən işə başlanılmış və nəticədə hadisə baş vermişdir. İş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, "xxxx" MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən binada fəhlə işləyir. Həmin MMC-də xx.xx.2022-ci il tarixdən fəhlə işləməyə başlamışdır. Qeyd olunan MMC-də həmkəndliləri Ramin İsrafilov və Zərərçəkmiş şəxs ilə birlikdə işləməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə o, Ramin və Famil həmin MMC-yə müraciət edərək işləmək istədiklərini bildirdikdə sağlamlıq və məhkumluq haqqında arayış təqdim etməklə işə qəbul edilə biləcəkləri barədə məlumat verilmişdir. Daha sonra onlar həmin sənədləri topladıqdan sonra işə qəbul edilmişlər. Həmin MMC-də iş vaxtı saat 08:00-dan 18:00-dək, nahar vaxtı isə 13:00-14:00-dək olmuşdur. Gün ərzində iki dəfə hərəsi 15 dəqiqə olmaqla ümumilikdə 30 dəqiqə istirahət vaxtı verilir. Aylıq əmək haqqları isə işlədikləri bir gün üçün 22 manat olaraq şirkətlə aralarında razılıq olmuşdur. xx.xx.2022-ci il tarixdən “Baku Home" MMC-yə məxsus olan “Star Life” adlı binada işləməyə başlamışlar. Həmin gündən etibarən binada olan mənzillərin daxilində tullantıları həyətdə olan zibil yeşiklərinə daşımışıq, bəzi hallarda isə digər işlərə - su çəkilməsinə kömək və beton işləri zamanı olan təmizlik işlərini görmüşlər. xx.xx.2022-ci il tarixdə səhər saat 07:30 radələrində o, Ramin və Famil kirayədə yaşadıqları evdən çıxaraq işlədikləri ünvan 4 ünvanında yerləşən binaya getmişlər. Binanın yeməkxanasında olduqları vaxt 07:55 radələrində briqadir Qəhrəman və təhlükəsizlik mühəndisi Cəmaləddin adlı şəxs onlara yaxınlaşmışlar. Həmin vaxt Cəmaləddin onlara gün ərzində görüləcək işlər zamanı təhlükəsizlik qaydalarına riayət etmələrini, həmçinin «hansısa işin görülməsində təhlükə gördüyünüz halda işi dayandırın, bundan sonra mənə bu barədə məlumat verin ki, mən həmin işə baxım, əgər təhlükəsizlik qaydaları ilə görülə bilərsə işi icra edin yoxsa heç kim həmin işi sizi görməyə məcbur edə bilməz» demişdir. Bundan sonra Cəmaləddin getmiş və Qəhrəman hansı işlərin görüləcəyi barədə onlara məlumat vermişdir. Söküntü işində kimin bacarığı olması barədə sual etdikdə Famil bacarığının olması barədə demişdir. Qəhrəman iki nəfər lazım olduğunu dedikdə Famil onunla birlikdə işləyə biləcəyini demişdir. Qəhrəman razılıq vermiş və digər şəxslərə ehtiyatlı olmaları barədə tapşırıq verdikdən sonra gündəlik gördükləri işləri başa çatdırmaları üçün göndərmişdir. Bundan sonra saat təxminən 08 radələrində Qəhrəman, o və Famili binanın arxasında yerləşən maşınların daxil olub çıxması üçün nəzərdə tutulmuş girişdən qaraja aparmışdır. Daha sonra Qəhrəman binanın layihəsində dəyişiklik olduğunu və qarajda olan bəzi kərpic divarların sökülməli olduğunu bildirmişdir. Daha sonra hansı divarların söküləcəyi barədə məlumat vermişdir. Həmçinin, söküntünün təhlükəli olduğunu, bacarmadıqları halda icra etməmələrini bildirmişdir. Famil hər hansı problem olmadığını bildirmişdir. Qəhrəman əlavə olaraq bildirmiş ki, dördayaqlı nərdivan vasitəsilə söküntünü təhlükə olmadan həyata keçirməyi tövsiyyə etmiş və digər fəhlələrə nəzarət etməyə getmişdir. Həmin söküntünü həyata keçirmək üçün “kuvalt" və “lom” adlı alətləri götürüb gətirmişlər. Qəhrəman getdikdən sonra Famil ona sökməyə başlamağı dedikdə o bacarmadığını demişdir. Bundan sonra Famil onun əlində olan “kuvalfı götürmüş və kərpic divarı sökmək üçün kərpic divarın alt hissəsində olan kərpicləri və divarın sol kənarında olan kərpicləri zərbələr endirərək sındırmışdır. Qeyd etmişdir ki, ən aşağı sırada olan kərpiclərlə divarın sol hissəsində olan kərpiclərin birləşdiyi künc hissəni axırda “lom” vasitəsi ilə vurmaq üçün saxlamışdır. Famil alt və sol yan hissədə olan kərpicləri sındırdıqdan sonra “lom” vasitəsilə küncdə qaln hissədə olan kərpicləri sındırmışdır. Bu zaman kərpic divardan çat səsini eşidib kənara qaçmışdır. Geriyə baxdıqda isə kərpic divarın Familin üzərinə aşdığını görmüşdür. Familin səsini eşidib kömək üçün daxil olduqları qarajın girişindən həyətə qaçmışdır. Həmin vaxt Qəhrəmanı görüb Familin vəziyyətini bildirmişdir. Daha sonra iş icraçısı Çingiz, təhlükəsizlik mühəndisi Cəmaləddin və digər fəhlələrin köməkliyi ilə Famili dikin üzərinə qoyub Çingizin maşını ilə Modern hospitala aparmışlar. Daha sonra həmin hospitalda müayinə və əməliyyat edilmişdir. Famil həmin hospitalda müalicə aldıqdan sonra evə buraxılmışdır. İfadəsinə əlavə oaraq bildirmişdir ki, o, "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən fəaliyyətə başlamışdır. xx.xx.2022-ci il tarixdə isə əmək müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs üzərinə kərpiclə hörülmüş divar aşdığı zaman həmin mərtəbədə heç kim olmamışdır. İşlədikləri şirkət tərəfindən onlara təhlükəsizlik ləvazimatları (kurtka, kaska, əlcək və s. əşyalar) verilmişdir. Təhlükəsizlik qaydaları izah edilmiş, həmçinin tapşırılan işi görə bilməyəcəyi halda həmin iş barədə məlumat verməyi və s. bu kimi hallar da onlara izah edilmişdir. Bununla bağlı müvafiq imzalar çəkmişlər. Söküntü işinin həyata keçirildiyi yerdə ayaqaltı olmamışdır. Lakin söküntü işinə başlamazdan əvvəl briqadir tərəfindən onlara ayaqaltının zirzəminin girişindən götürüb işə başlamaları tapşırılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X9» X16 1726 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - alın və sağ almacıq sümüklərinin mürəkkəb, çoxsaylı sınıqları, onurğa sütununun boyun şöbəsinin Vİ.Vİİ fəqərələrinin, döş şöbəsinin l,ll fəqərələrinin arxa çıxıntılarının, döş şöbəsinin Vİ, X fəqərələrinin cisminin çoxsaylı sınıqları, ağciyərlərin əzilməsi, baş beyin silkələnməsi, sağ almacıq nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, sağ gicgah nahiyələrinin və sağ göz yuvası ətrafı yumşaq toxumaların dərialtı hematomaları, alın, sağ əl və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni söküntü işləri zamanı kərpic divarın üzərinə aşması nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs təhlükəsizlik qaydalarına uyğun hərəkət etməsi və ya təhlükəsizlik ləvazimatlarından istifadə edib-etməməsi məhkəmə-tibbi ekspertizasının səlahiyyətlərinə aid deyildir. Lakin Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin bədəninin müxtəlif nahiyələrində (baş, boyun, döş və s.) yerləşməsini, həmçinin başında və onurğa sütununda olan çoxsaylı, mürəkkəb sınıqlarını nəzərə alaraq demək olar ki, təhlükəsizlik ləvazimatlarından tam qaydasında və düzgün istifadə edilsəydi, həmin xəsarətlərin ağır nəticələrinin qarşısının alınması mümkün olardı. (cild İ, i/v 109-144). İş materiallarında olan əmək müqaviləsinə dair bildirişlərdən görünür ki, xx.xx.2022ci il tarixli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs "xxxx" MMC-də briqadir vəzifəsində, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs "xxxx" MMC-də fəhlə vəzifəsində işləyir. (cild İ, i/v 75-97). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsidir. Həmin hissə binadan kənarda yerləşir, düşmək üçün enişli yoldan istifadə olunur. Həmin hissədə düşdükdə geniş sahədir, ortada sütunlar mövcuddur, sütunlar arası bəzi hissələrdə boş, bəzi hissələrdə hörülmüş, bəzi hissələrdə isə hörülmüş hissələr sökülmüş vəziyyətdədir. Baxış iştirakçısı, Home Baku MMC-də iş icraçısı vəzifəsində işləyən Həsənov Böyükağa oğlu bildirdi ki, hazırki sahə gələcəkdə yaşayış binasının yeraltı hovuzu kimi nəzərdə tutulmuşdur, hal-hazırda həmin sahədə arakəsmələrin hörülməsi və sökülməsi işi aparılır. Sonuncu hadisə ərəfəsində söküntü işlərinin aparıldığı sahəni təqdim etdi. Həmin sahə zirzəmiyə daxil olduqda uzaq sağ küncdə, hovuz üçün qazılmış quyunun yuxarı hissəsində yerləşir. Həmin hissəyə yaxınlaşdıqda beton döşəmə üzərində kərpic qalıqları vardır. Kərpiclər nizamsız topa şəklində yığılmış vəziyyətdədir. Baxış iştirakçısı MMC-də fəhlə vəzifəsində işləyən Şahid2 bildirdi ki, faktiki olaraq döşəmə üzərində olan kərpiclərin söküntüsünün o və xəsarət almış Zərərçəkmiş şəxs tərəfindən həyata keçirildiyini bildirdi. Belə ki, onlara həmin kərpiclərin sökülməsi işi tapşırılmış və həmin işin icrası zamanı divar aşmışdır. Baxış zamanı divar və döşəmə üzərində həmin hissədə olan tikilinin hadisədən əvvəlki vəziyyətini özündə əks etdirən izlər vardır. Belə ki, divar üzərində kərpiclərin birləşmə yeri, döşəmə üzərində isə təxminən 2-3 kərpic hündürlükdə hissə yerində qalmışdır. Ölçdükdə həmin tikilinin eni və uzunluğunun 3 metr, hündürlüyünün 4.2 metr olması müəyyən edildi. Baxış iştirakçıları bildirdilər ki, hadisədən əvvəl tikilinin divarlarının yuxarı hissədən sökülməsi üçün hər hansı tədbir, o cümlədən ayaqaltının qurulması və s. tədbirlər görülməmiş, divarların sökülməsi aşağıda hissədən başlamış, belə olan halda divarın tarazlığı pozularaq aşmışdır. (cild İ, i/v 22-63). İş materiallarında olan Oğuz rayon İcra Hakimiyyəti Başçısının Oğuz şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs halhazırda Oğuz şəhəri, ünvan 6 ünvanında qeydiyyatdadır. Ailəlidir, iki övladı var. Təqsirləndirilən şəxs Oğuz şəhərində yaşadığı müddətdə onun hərəkətləri barədə Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət xarakterli heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. (cild 2, i/v 18). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/06 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydalarının 1.19, 1.20, 2.1, 2.49, 10, 12.23 və "xxxx" MMC-nin briqadirin vəzifə təlimatının 1.1 bəndinin tələbləri pozulmuşdur. Fəhlə peşəsində işə qəbul edilmiş Zərərçəkmiş şəxs peşə üzrə hazırlıq və təhlükəsizlik texnikası üzrə təlim keçmədən, komissiya tərəfindən bilikləri yoxlanılmadan müstəqil olaraq tikinti-quraşdırma (sökmə) işlərinin icrasına buraxıldığına görə, -«Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları»nın 1.19, 1.20 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulmuşdur. ünvan 3 ünvanında yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşən tikilinin sökülməsindən əvvəl, işlərin təhlükəsiz yerinə yetirilməsi haqda tədbirlərin işlənib-hazırlanmasını və işlərin müvafiq qaydada təsdiq edilmiş texnoloji kartalar və ya iş icra layihəsinə uyğun təşkil olunmasını təmin etmədiyinə görə, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları»nın 2.49, 10 bəndlərinin tələbləri "xxxx" MMC-də iş icraçısı işləyən Şahid3 tərəfindən pozulmuşdur. ünvan 3 ünvanında yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşən tikilinin sökülməsi işinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin görülməsini, konkret halda sökmə işinin aparılmasına cəlb edilmiş işçilərin həmin işi əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 1.1 bəndinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları»nın 2.1, 12.23 bəndlərinin tələbləri "xxxx" MMC-də briqadir işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. "xxxx" MMC-də fəhlə peşəsində işləyən Zərərçəkmiş şəxs peşə üzrə hazırlıq və təhlükəsizlik texnikası üzrə təlim keçmədən, komissiya tərəfindən bilikləri yoxlanılmadan müstəqil olaraq tikinti-quraşdırma (sökmə) işlərinin icrasına buraxıldığını və hadisənin müvafiq təşkilati və texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verməsini nəzərə aldıqda, onun tərəfindən texniki təhlükəsizlik qaydalarının və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. (cild 2, 150-154). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 10/2995 saylı rəyindən görünür ki, ilkin ekspertiza rəyi verildikdən sonra istintaq tərəfindən əldə edilmiş məlumatları nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları»nın 2.1, 12.23 bəndlərinin və "xxxx" MMCnin briqadirinin vəzifə təlimatının 1.1, 1.12 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 3 ünvanında yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşən divarın sökülməsi işinin aparılmasına cəlb edilmiş işçilərin həmin işi əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparmalarını təmin etmədiyinə görə, vəzifə təlimatının 1.1, 1.12 bəndlərinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydalarının» 2.1, 12.23 bəndlərinin tələbləri həmin işin görülməsinə məsul iş rəhbəri təyin edilmiş "xxxx" MMC-də briqadir işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İlkin ekspertiza rəyi alındıqdan sonra istintaq tərəfindən əldə edilmiş məlumatlara əsasən baş vermiş hadisə ilə bağlı "xxxx" MMC-nin direktoru və həmin MMC-nin iş icraçısı tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Hadisənin müvafiq texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verməsini nəzərə aldıqda, zərərçəkmiş şəxsin özü tərəfindən texniki təhlükəsizlik qaydalarının və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. (cild 2, i/v 5-9). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-5/2-13584/2023 saylı məktubdan görünür ki, Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol verilmiş şəxslər haqqında komissiyanın rəyi : Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən ("xxxx" MMC-nin rəhbərliyinin təsdiq etdiyi “Fəhlənin vəzifə təlimatrının”1. Vəzifələri” bölməsinin 1.8-ci bəndinin (İş görən zaman əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək), 1.9-cu bəndinin (Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacaq təqdirdə icra etmək) tələblərinə riayət edilməməsi.) "xxxx" MMC-nin fəhləsi Zərərçəkmiş şəxs cavabdehliyini, 4.2-ci bəndinə əsasən ("xxxx" MMC-nin rəhbərliyinin təsdiq etdiyi “Briqadirin vəzifə təlimatrı”nın “1. Vəzifələri" bölməsinin 1.12-ci bəndinin (İşçilərin iş zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edir) tələblərinə riayət edilməməsi.) "xxxx" MMC-nin briqadiri Təqsirləndirilən şəxs nəzarətsizliyini, 4.3-cü bəndinə əsasən ("xxxx" MMC-nin rəhbərliyinin təsdiq etdiyi “iş icraçısının vəzifə telimatının “2.İş icraçının vəzifə borcları” bölməsinin 2.18-ci bəndinin (İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edir və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına tədbir görür) tələblərinə riayət edilməməsi.) "xxxx" MMC-nin iş icraçısı Şahid3 nəzarətsizliyini müəyyən etmişdir. (cild 1, 195-267). İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 2, i/v 23). İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 042/23 saylı məktubdan görünür ki, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında tikintisi aparılan binada Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi MMCdə briqadir vəzifəsində işləyən Təqsirləndirilən şəxs üzərinə qoyulmamışdır. Qeyd olunan vəzifə MMC-nin SƏTƏMM üzrə mühəndisi Cəmaləddin Quliyevə həvalə olunmuşdur. (cild 2, i/v 25). İş materiallarına əlavə olunmuş “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 71-72). Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün qismən etiraf edici ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 -ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 -ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və onunla barışdığını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə cinayət qanunu sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 200 (yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 200 (iki) yüz manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-294/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-294/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver