Məhkəmə qərarları › İş №1(006)-294/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-294/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-294/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçilər Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşaymış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 01 mart 2024-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanın qarşısında olarkən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışları Zərərçəkmiş şəxs həmin yerdən piyada keçdiyini görüb sonuncuya yaxınlaşaraq Təqsirləndirilən şəxs2 olan 20 manat borcunu qaytarmamasını bəhanə gətirməklə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı uçün təhlükəli olmayan zor tətbiq edib birlikdə bədəninin müxtəlif nahiyələrinə əl-ayaq zərbələri vuraraq ona sol almacıq nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirdikdən sonra soruncunun cibində olan 16 manat pulunu, zərərçəkmiş şəxsin qiymətləndirməsinə gərə içərisində 2 manat dəyərində 055- 297-28- 26 saylı mobil nömrə olan 250 manat dəyərində “Oppo A17” markalı mobil telefonunu və 10 manat dəyərində gün eynəyini açıq talayıb hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 278 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bır qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 01 mart 2024-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanın qarşısında olarkən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışları Zərərçəkmiş şəxs həmin yerdən piyada keçdiyini görüb sonuncuya yaxınlaşaraq ona olan 20 manat borcunu qaytarmamasını bəhanə gətirməklə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib birlikdə bədəninin müxtəlif nahiyələrinə əl-ayaq zərbələri vuraraq ona sol almacıq nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirdikdən sonra sonuncunun cibində olan 16 manat pulunu, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 2 manat dəyərində 055-297-28- 26 saylı mobil nömrə olan 250 manat dəyərində “Oppo A17” markalı mobil telefonunu və 10 manat dəyərində gün eynəyini açıq talayıb hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 278 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 01 mart 2024cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir nəfər tanışları üçün kirayə ev axtarmağa gedərkən saat 17 radələrində avtomobili ünvan 4 ünvanın qarşısında svetoforun qırmızı işığında saxlayan zaman Eyvazın tanışı Kənan oradan keçərək onlarla salamlaşmış, Eyvaz bu zaman Kənanın ona 20 manat məbləğində borcu olduğunu bildirmiş və borcunu istəmək məqsədilə maşından düşüb Kənana yaxınlaşaraq ondan borcunu tələb etmiş, Eyvazın ardınca o da maşından düşərək onların yanına getmiş, Eyvaz həmin vaxt maşını kənara çəkmək üçün maşına əyləşmiş, o isə Kənana yaxınlaşaraq ondan nə üçün borcunu vermədiyini soruşmuş və söhbət etmək üçün onu maşına dəvət etmiş, lakin Kənan onun məsələyə qarışmamasını bildirərək onu itələmiş, o da buna görə Kənanı vurmuşdur. O, Kənanla dalaşmış və ətrafdakı camaat onları ayırmışlar. Mübahisə zamanı o, Kənanın telefonunu və pulunu götürməmiş, Eyvazın da Kənanın telefonunu və pulunu götürüb-götürmədiyini görməmişdir. İbtidai istintaq zamanı Eyvazın ona telefonun və pulun onda olduğunu deməsi ilə bağlı ifadə verməmiş, ifadəsini özü oxumamış, ifadəsi ona oxunmuş, o da qulaq asmışdır. Daha sonra cəza təyin edilərkən himayəsində iki azyaşlı uşağının, yaşlı atasının və anasının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 01 mart 2024cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir nəfər tanışları üçün kirayə ev axtarmağa gedərkən saat 17 radələrində avtomobili ünvan 4 ünvanın qarşısında svetoforun qırmızı işığında saxlayan zaman tanışı Kənanın oradan keçdiyini görmüş, Kənanın ona 20 manat borcu olduğu və iki ay idi ki, borcunu qaytarmadığı üçün borcunu istəmək məqsədilə maşından düşərək Kənana yaxınlaşmış və ondan borcunu istəmişdir. Bu zaman Zaur da onlara yaxınlaşmış və söhbət etmək üçün Kənana maşına minməyi təklif etmiş, həmin vaxt Kənan Zauru vurmuş, Zaur da buna görə Kənanı vurmuşdur. Bu zaman o, maşını yolun kənarına çəkmək üçün maşına əyləşmiş, maşını kənara çəkdikdən sonra onların yanına qayıdan zaman Kənanla Zaurun dalaşdığını, bir-birinə yumruq atdıqlarını və orada olan camaatın onları ayırdığını görmüşdür. O, Kənanın pulunu və telefonunu götürməmiş, müstəntiq onunla bağlı bir məsələ olmadığını və onun azadlığa buraxılacağını bildirdiyi üçün zərər çəkmiş şəxsə dəymiş zərər valideynləri tərəfindən ödənilmişdir. Daha sonra himayəsində azyaşlı uşağının olmasının, anasının xəstə olmasının, atasının və qardaşının qazi olmasının nəzərə alınmasını və ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanı 11 saylı cəza çəkmə müəssisəsində çəkmişdir. 2021-cı ıl tarixdən cəzanı çəkərkən Eyvaz adlı şəxsi tanımış, oradan onunla tanışlıqları yaranmışdır. 2023-cü ilin əvvəllərində cəzasını başa vuraraq azadlığa buraxılmışdır. 2024-cü ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Bizim məkan” adlı çay evində dostları ilə oturarkən Eyvazı görmüşdür. Orada onunla hal-əhval tutmuş, bir az söhbət etmiş və söhbət əsnasında pulunun olmadığını bildirərək Eyvazdan maddi yardım etməsini xahiş etmiş və borc olaraq 20 manat pul almış və qısa zamanda əlinə pul gələcəyi təqdirdə qaytaracağına söz vermişdir. İşləri qaydasında getmədiyindən mobil telefonla mesaj yazaraq Eyvazdan bir müddət də ona vaxt verməsini xahiş etmişdir. Daha sonra isə Eyvaz mesaj yazaraq ona pul lazım olduğunu bildirmişdir. Eyvaz ilə başqa danışıqları olmamışdır. 01 mart 2024-cü il tarixdə saat 17 radələrində fəhlə işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsində olan mebel sexinə gedərkən yolun kənarında Eyvaz adlı tanışı idarə etdiyi avtomobili saxlayaraq onunla hal-əhval etmişdir. Eyvaz adlı şəxs və onun yanında olarkən gördüyü Zaur adlı şəxs avtomobildən düşərək ona yaxınlaşmışlar. Eyvaz ondan aldığı pulu niyə qaytarmadığını soruşaraq üzərinə gəlmişdir. Zaur onun yaxasından tutduqda o, əli ilə Zauru itələmiş və bu zaman Zaur onu vurmuşdur. Ondan sonra əlini üzünə tutduğu üçün onu sonradan kimin vurduğunu görməmişdir. Hadisədən sonra telefonunun, pulunun və eynəyinin olmadığını aşkar etmiş, lakin əşyalarını kimin götürdüyünü görməmişdir. Bundan sonra baş verənlər barədə DİN-nin 102 zəng mərkəzinə müraciət edərək məlumat vermiş və polis bölməsinə gedib izahat vermişdir. Daha sonra zərər çəkmiş şəxs ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, sonunculardan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata götürmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.41); - “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v. 54-55); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-105/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.79-83); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.110- 111); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-146/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.157-161); - “Baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin ünvan 4 ünvanın qarşısında baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı hadisənin əks olunduğu görüntülər müəyyən edilmiş, həmin görüntülər 01 (bir) ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir (İ cild, i.v.8-11); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisənin ünvan 4 ünvanın qarşısında olduğunu sərbəst şəkildə göstərmişdir (İ cild, i.v.230-233); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisənin ünvan 4 ünvanın qarşısında olduğunu sərbəst şəkildə göstərmişdir (İİ cild, i.v.7-10); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs keçirilən istintaq hərəkti zamanı ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (İ cild, i.v.52-53); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs keçirilən istintaq hərəkti zamanı ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (İİ cild, i.v.17-19); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsırləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs məxsus olan 16 manat pulun, gün eynəyinin və mobil telefonun Təqsirləndirilən şəxs2 tərəfindən götürüldüyünü bildirmiş, Təqsirləndirilən şəxs2 isə 16 manat pulun və mobil telefonun Təqsirləndirilən şəxs1 tərəfindən götürüldüyünü bildirmişdir (İİ cild, i.v.13-16); - “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş 01 dəqiqə 01 saniyəlik video görüntüyə iş üzrə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X5 iştirakı ilə Nəsimi rayon polis idarəsinin istintaq şöbəsində yerləşən xidməti otaqda baxış keçirilmişdir. Baxış zamanı iki nəfər kişi cinsindən olan şəxsin bir nəfər şəxsə yaxınlaşaraq onunla söhbət etmələri və daha sonra isə iki şəxsin bir nəfər şəxsə qarşı zor tətiq etmələri, ardınca isə həmin bir nəfər şəxsin yerə yıxılması aşkar şəkildə görünür. Həmin görüntünü Təqsirləndirilən şəxs1 gördükdən sonra video görüntüdə olan şəxslərin özü, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs olduğunu təsdiq edib bildirdi ki, 01 mart 2024-cü ıl tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs ilə söhbət etmiş, həmin söhbət əsnasında aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib Təqsirləndirilən şəxs2 ilə birlikdə onun bədən və baş nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurmuş, ardınca isə oradan çıxıb getmişlər (İ cild, i.v.51); - “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd CD-R formatlı disk boz rəngdədir, üzərində “Verbatim CD-R, 700, 52 X, 80” yazıları və rəqəmləri vardır. Həmin disk Xətai RPİ-nin MSY-nin istintaq otağında “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X7 və Təqsirləndirilən şəxs2 iştirakı ilə «HP» markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə “VİD-202405-1- WA0017" adlı 1 (bir) ədəd videogörüntü vardır. “VİD-202405-1-WA0017'” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 01 dəqiqə 01 saniyə davam edir. Baxış zamanı iki nəfər kişi cinsindən olan şəxsin bir nəfər şəxsə yaxınlaşaraq onunla söhbət etmələri və daha sonra isə iki nəfər şəxsin bir nəfər şəxsə qarşı zor tətbiq etmələri, ardınca isə həmin bir nəfər şəxsin yerə yıxlması aşkar şəkildə görünür. Həmin görüntünü Təqsirləndirilən şəxs2 gördükdən sonra video görüntüdə olan şəxslərin özü, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs olduğunu təsdiq edib bildirdi ki, 01 mart 2024cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs ilə söhbət etmiş, həmin söhbət əsnasında Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib onun bədən və baş nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurmuş, daha sonra isə Zərərçəkmiş şəxs əlində olan mobil telefonu və 16 manat pulu götürmüşdür. O isə yaranmış müabahisəni sakitləşdirməyə çalışmış, ardınca isə oradan çıxıb getmişlər (İİ cild, i.v.11-12); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 xx.xx.2024-cü il tarixli 257 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol almacıq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur (İ cild, i.v.172-174); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (İİ cild, i.v.61-74); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qazax Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş N ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası N ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 11 ay 04 gün hissəsi CM-nin 52-1.5ci maddəsinə əsasən 05 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-də CPM-nin 40.3 (CM 73.2) maddəsinə əsasən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir (İİ cild, i.v.30-32); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1, 333.2, 333.4 və 335.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 11 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 09 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il N ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi N ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir (İİ cild, i.v.33-35); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adında iki azyaşlı övladı var; - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Belə ki, iki nəfər kişi cinsindən olan şəxsin bir nəfər şəxsə yaxınlaşaraq onunla söhbət etmələri və daha sonra isə iki nəfər şəxsin bir nəfər şəxsə qarşı zor tətbiq etmələri, ardınca isə həmin bir nəfər şəxsin yerə yıxlması aşkar şəkildə görünür. - İş materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Ə 006623 saylı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 atası X4 İİ qrup əlildir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş və ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş materialları, zərər çəkmiş şəxsin ifadəsi, həmçinin ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. ,qulruğO“ soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya, həmin Məcəllənin 180.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 180.2.4-cü maddəsi insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, atasının Qarabağ müharibəsi əlili olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, təqsirkarın şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 37 saata görə 222 (iki yüz iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 mart 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 01 aprel 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 37 saata görə 222 (iki yüz iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar