Məhkəmə qərarları › İş №1(006)-294/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-294/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-294/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:55 Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Namazov Fərəc Elman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1985-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti məşğul olan, Masallı rayonu Banbaşı Ə/D, Böyükxocavar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi nömrəsiz fərdi tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 16 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Honda insight” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ilə “Memar Əcəmi” metrostansiyası istiqamətində təxminən 60-65 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, həmin istiqamətin hərəkət hissəsindəki piyadalara yolu keçməyi başa çatdırmasına imkan verməli, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaq sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa nəqliyyat vasitəsini dayandıraraq piyadaya yol verməli olduğu və hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək həmin vaxt avtomobil yolunu piyada keçidindən istifadə etməklə sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vuraraq ehtiyatsızlıqdan sonuncunun sol qamış və sol incik sümüklərinin yuxarı 1/3-nin yerdəyişmiş, sağ incik sümüyünün yuxarı 1/3-nin yerdəyişməyən sınıqları, sağ diz oynağının ön çarpaz bağının cırılması-qopması, alın və sol dirsək oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı etibarnamə əsasında “Honda insight” markalı, **-VO-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 16 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yolla hərəkət edən zaman qarşıda olan piyada keçidində 1 nəfər orta yaşlı kişinin keçdiyini görmüş və həmin vaxtı onun piyada keçidi ilə məsafəsi təxminən 5-6 metr olmuşdur. O, həmin vaxtı “Əcəmi” metrostansiyası tərəfə saatda 60-65 kilometr sürətlə getmişdir. Bu zaman anidən piyada keçidinə bir qadın qaçaraq çıxmış və onu gördükdə geriyə qayıtmaq istəmişdir. Lakin o, əyləcdən istifadə edib maşını sağa çəkmək istədikdə hadisənin qarşısını ala bilməmiş və sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs avtomobillə vurmuşdur. Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin ön şüşəsinə dəyərək yuxarı hissədən yerə düşmüşdür. Həmin vaxtı o, maşını yolun kənarında saxlayıb yerə düşmüş və ərtafdakı şəxslərin köməkliyi ilə təcili yardım çağırmışlar. Daha sonra Aynurəni təcili yardıma mindirib xəstəxanaya yola salmışdır. Sonradan xəstəxanada zərərçəkmiş şəxsə 800 manat xərc çəkmişdir. Lakin sonradan barışıq üçün zərərçəkmiş şəxsin ailəsi ilə görüşdükdə ondan əlavə 7000 manat pul lazım olduğunu bildirmişlər. O isə həmin məbləğdə pulu ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir. Buna görə də zərərçəkmiş şəxslə onun arasında barışıq olmamışdır. Lakin o, zərərçəkmiş şəxslə barışmaq üçün bir neçə dəfə cəhd etsə də, nəticəsi olmamışdır. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu və himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 16 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında “Evromed” klinikasının yanında olarkən qarşıda yerləşən “Memar Əcəmi” metro stansiyası tərəfə piyada keçidindən avtomobil yolunu keçən zaman anidən piyada keçidinin üzərində olarkən onu “Honda İnsight” markalı, **-VO-*** qeydiyyat nişanlı avtomobil vurmuşdur. O, həmin maşını gördükdə geriyə hərəkət etmək istəsə də qaça bilməmiş və həmin maşın onu vuraraq üst dam hissəsinə tullayıb maşının üzərində 5-6 metr gedib qarşıda yerə düşmüşdür. Daha sonra ətrafdakı şəxslərin köməkliyi ilə o, təcili yardım maşınına mindirilərək xəstəxanaya göndərilmişdir. O, xəstəxanada olarkən onun hər iki ayağında və bədənində müxtəlif ağır xəsarətlər olduğunu görmüşdür. Hadisə zamanı onun hər iki ayağı qırılmış və əlavə olaraq da bədəninin müxtəlif yerləri xəsarət almışdır. Xəstəxanada olarkən Təqsirləndirilən şəxs tərəfindən onun müalicə xərcləri üçün nə qədər pul xərcləndiyini bilməmişdir. Lakin bir müddət sonra təqsirləndirilən şəxsdən dəymiş ziyanla bağlı 7000 manat pul tələb etsə də, sonuncu maddi imkanı olmadığını bildirərək pulu ödəməkdən imtina etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxslə ziyanın ödənilməməsinə görə barışmadığını bildirərək sonuncunun barəsində qanununa müvafiq cəzanın təyin edilməsini xahiş edir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə 16 sentyabr 2024-cü il tarixdə saat 11:10 dəqiqədə, günəşli və quru hava şəraitində ünvan 1 ünvanın qarşısında, nəqliyyatın hərəkət zolağında, asfalt yolun üzü “Memar Əcəmi” dairəsi istiqamətinə olan hissəsində, yolun hərəkət hissəsinin üçüncü zolağında baş vermiş, hadisə yerində yol iki tərəfli və asfaltbeton örtüklü olmuşdur. (i/v 6-15). İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş diskdə olan videogörüntü açıldıqda müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən “Evromed” klinikasının qarşısındakı piyada keçidində saat 11:10-da bir nəfər qadın piyada keçidi ilə yolu sağ istiqamətdən sol istiqamətinə qaçaraq keçən zaman piyada keçidində ağ rəngli kənarlarında qırmızı zolaqları olan avtomobil tərəfindən vurulur, həmin an avtomobilin qarşı hissəsi qadına dəydikdə qadın avtomobilin alın şüşəsinə dəyir və avtomobil təxminən 10 metr məsafədən sonra saxladıqda qadın yerə düşür. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə qadını vuran avtomobili o idarə etmiş, avtomobil “Honda İnsight" markalı olmuşdur. (i/v 41). Məhkəmə iclasında hadisənin videogörüntüsünü özündə əks etdirən DVD diskə baxılmış və “diskə baxış keçirilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli protokolda göstərilənlər öz əksini tapmışdır. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elçin Xasiyev tərəfindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış 14 fevral 2025-ci il tarixli, 3-13-16/2- 30321/2025 saylı məktubun surətindən görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1985ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BC 373932 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i/v 120). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X9 məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1718 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər - sol qamış və sol incik sümüklərinin yuxarı 1/3-nin yerdəyişmiş, sağ incik sümüyünün yuxarı 1/3-nin yerdəyişməyən sınıqları, sağ diz oynağının ön çarpaz bağının cırılması-qopması, alın və sol dirsək oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (i/v 63-66). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3053 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Honda” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i/v 49-51). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 61). İş materiallarında olan 14 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı etibarnamə əsasında idarə etdiyi “Honda İnsight” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır. “Honda İnsight” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs saxlanılması və diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i/v 121-128). İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 115-116). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 adlı üç yetkinlik yaşına çatmayan uşağı vardır. (i/v 114). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 100 (yüz) manat ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Honda İnsight” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-294/2025 saylı xx.xx.2025-ci il tarixli qərara əsasən 10 mart 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 237 (iki yüz otuz yeddi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Honda İnsight” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına 237 (iki yüz otuz yeddi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar