Məhkəmə qərarları › İş №1(006)-295/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-295/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-295/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 1(009)-26/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı”nda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 100 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.028 qram təşkil edən narkotik vasitə heroini, ayrı- ayrılıqda təmiz çəkiləri 0.172 qram, 0.260 qram, 1.380 qram olmaqla, ümumi təmiz çəkisi 1.812 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edərək özündə saxlamaqla daşımış, 27.01.2021-ci tarixdə, saat 00:40 radələrində Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli hərbi zolaqlı qolsuz gödəkcənin sol iç cibindən həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri bir ədəd siqaret qutusunun içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəlidir və himayəsində 2 azyaşlı övladı var, avtomaşın icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Bir neçə ildir ki, narkotik maddə istifadə edir, lakin narkotik maddə asılılığı yoxdur. 26.01.2021ci il tarixdə, saat 18 radələrində Nəsimi rayonunda yerləşən Qış parkının yanından piyada keçərkən 27-30 yaşlarında olan bir şəxsin orada yol kənarında dayandığını və narkomana bənzədiyini görüb ona yaxınlaşmışdır. Həmin şəxs orta bədən quruluşlu, az saqqallı və orta boylu olmuş, onunla bir qədər ordan-burdan söhbət etdikdən sonra şəxs ona üzərində heroin, metamfetamin və marixuana olduğunu və ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Həmin şəxs cibindən 1 balaca büküm heroin, 3 balaca bükümlərdə olan metamfetamin və 1 balaca büküm isə marixuana çıxararaq, ümumilikdə 150 manata satmaq istədiyini bildirmişdir. O, üzərində 100 manat olduğunu, əgər razı olsa onların hamısını ona satmasını demişdir. Həmin şəxs razılaşdığı üçün qeyd etdiyi narkotik maddələri ondan almışdır. Lakin bükümlərin içərisində çəkilərinin nə qədər olduğunu bilməmişdir. Aldığı həmin narkotik maddələri cibinə qoymuş və münasib bir yerdə istifadə edəcəyini düşünmüşdür. 27.01.2021-ci il tarixdə, saat 00:40 radələrində ünvan 4 ünvanın qarşısından keçərkən polis əməkdaşları onu saxlayaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. Orada təhqiqatçı ona üstündə istifadəsi və daşınması qadağan olan hər hansı bir əşya və maddə varsa təqdim etməsini demişdir. O, əynindəki tünd göy rəngli hərbi zolaqlı qolsuz gödəkçəsinin sol iç cibində gizlətdiyi, yəni tutulmazdan bir neçə saat öncə tanımadığı şəxsdən ümumilikdə 100 manata aldığı, 01 ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükülüdə təmiz çəkisi 1,028 qram çəkidə kustar usulu ilə hazırlanmış narkotik vasitə olan heroin, 3 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 0,172 qram, 0,260 qram, 1,380 qram, ümumi təmiz çəkisi 1,812 qram ağ rəngli kristallardan ibarət maddələrkustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd ağ rəngli kağıza bükülüdə təmiz çəkisi 0,218 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı polisə təqdim etmişdir. O, heç zaman narkotik vasitə satışı ilə məşğul olmamışdır. Əvvəllər narkotik vasitəni Kubinka adlanan yerdən adlarını və ünvanlarını xatırlamadığı şəxslərdən almış, həmin şəxslərin, həmçinin 26.01.2021-ci il tarixdə narkotik maddə aldığı şəxsin də adını və harada yaşadığını bilməmişdir. Daha sonra əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 27 yanvar 2021-ci il tarixdə, saat 00:40 radəsində iş yoldaşı Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1lə birlikdə təhkim olunmuş xidməti ərazidə xidmət aparan zaman ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsi görmüş və 22-ci PŞ-nin ərazisində baş vermiş oğurluq əməlləri ilə bağlı ondan şübhələnərək ona yaxınlaşıb özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsin ad və soyadını, eləcə də, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və narkotik maddə aludəçisi olduğu üçün üzərində narkotik maddələr olduğunu bildirmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış aparılması zərurəti olduğunu deyərək 22-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs də razılaşaraq onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gəlmişdir. 22-ci PŞ-də ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli kamuflyaj qolsuz gödəkçəsinin sol cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarmış və həmin siqaret qutusunun içərisində ümumilikdə 05 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, nə məqsədlə, hansı yolla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində heroin, metamfetamin və marixuana deyilən narkotik maddələr olduğunu, həmin narkotik maddələri saxlanılmamışdan bir qədər əvvəl, yəni 26.01.2021-ci il tarixdə, saat 18 radələrində adını Orxan kimi bildiyi şəxsdən 100 manata öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və hər hansı bir əşya vəya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər götürülərək zərfə qablaşdırılmış və üzəri möhürlənərək bütün iştirakçılar tərəfindən imza edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə bağlı protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir əlavə və ya qeyd daxil olmamış və protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Nəsimi RPİ-nin 22-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. 27 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.19-20). Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 yanvar 2021-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.89-92). İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.01.2021-ci il tarixli, 7/115 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs.. ” yazılar və imzalar olan zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi – 0,218 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 66,46 manat təşkil edir (İ cild, i.v.53-56). İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.01.2021-ci il tarixli, 6/368 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs.. ” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,028 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,172 qram, 0,260 qram və 1,380 qram, ümumi təmiz çəkisi 1,812 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.57-62). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 15.02.2021-ci il tarixli, 475 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.131-132). 31 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış 1,028 qram narkotik vasitə heroin, 1,812 qram psixotrop maddə metamfetamin və 0,218 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 0,978 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatına 0,15 qram sərf edildikdən sonra qalıq 1,662 qram psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatına 0,02 qram sərf edildikdən sonra qalıq 0,198 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qiymətləndirilmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana cinayət tərkibi yaratmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməmişdir (İ cild, i.v.147-154). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 1(009)-26/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ cild, i.v.115-121). Bakı şəhər Probasiya İdarəsinin 14 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin 1(009)-26/2021 saylı, 25.01.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm və onun icrası barədə göstəriş 02.03.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına qəbul edilmişdir. AZE seriyalı, 11944832 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 13.09.2013-cü il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Ağamalıyeva Xəyalədir (İ cild, i.v.92). AZE seriyalı, 11944831 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 13.09.2013-cü il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Ağamalıyeva Xəyalədir (İ cild, i.v.92). Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi etiraf etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 1(009)-26/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 03 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o, həmin cəzanı çəkməmişdir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə); cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulur (68.1-ci maddə). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 27.01.2021-ci il tarixdən həbsdə olduğu üçün o, ona Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 17 gün müddətin azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmasını və cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla ona qəti cəzanın təyin olunmasını məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs oğlu cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 27 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 15 fevral 2021-ci il tarixli, 475 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,978 qram narkotik vasitə heroin, 1,662 qram psixotrop maddə metamfetamin və 0,198 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 180,46 (yüz səksən manat, qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 07 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırki hökmlə təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,978 qram narkotik vasitə heroin, 1,662 qram psixotrop maddə metamfetamin və 0,198 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 180,46 (yüz səksən manat, qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar