Məhkəmə qərarları › İş №1(006)-295/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-295/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-295/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işnin ibtidai istintaq materallarna əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə ünvan 3 ünvanda yerləşən "xxxx" MTK-da komendant işləyən tanışı Zərərçəkmiş şəxs boş vaxtlarında istirahət etməsi adı ilə sonuncunun həmin ünvandakı iş otağının giriş qapısının açarını əvvəlcədən götürüb 25 man 2023-cü il tarixdə saat 09 radələrində qeyd olunan ünvanın qarşısına gəlib Zərərçəkmiş şəxs orada olmadığından istifadə edərək özündə olan açarla giriş qapısını açıb içəridə olan saxlanc yeri kimi istifadə olunan masanın siyirtməsindəki pul kisəsindən sonuncuya məxsus 2300 manat məbləğində pulu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maddi imkanı zəif olduğu üçün ailə həyatı qurmamışdır, müvəqqəti işsizdir. Hadisədən təxmini ay öncədən o, ünvan 4 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasında yaşayan Tahir şəxsin sürücüsü kimi işləyir. Həmçinin bildirmişdir ki, yuxarıda qeyd etdiyi ünvanda çalışdığı ərəfələrdə "xxxx" MTK-da komendant vəzifəsində çalışan Zərərçəkmiş şəxs ilə aralarında tanışlıq münasibəti vardır. Hafıs ona hənıin MTK-da yerləşən komendant otağında istirahət etməsi üçün otağın açarını verirmiş. Bir müddət sonra isə Zərərçəkmiş şəxs ona qeyd edilən otağın açarının digər nüsxəsini təqdim etmişdir ki, istirahət vaxtı onun otağında istirahət etsin. 25 mart 2023-cü il tarixdə səhər saat 09 radələrində o, “Monolit Ş’’ MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının həyətinə gəlmişdir. Həmin vaxtlar maddi sıxıntıları olduğu üçün təcili olaraq 1000 manat pul vəsaitini necə əldə edə biləcəyinə dair fikirləşirmiş. Hafisin əyləşdiyi komendat otağının açarı ilə qapısını açıb həmişəki kimi otağa daxil olmuşdur. Hafis otağın açarını ona verən zaman bildirmişdir ki, otaqda olanda diqqətli ol, çünki bina sakinlərinin pulunu otaqda saxlayır. O, Hafisin əyləşdiyi masanın siyirtməsini açıb 2 ədəd pul kisəsinin olduğunu görmüş. Hər iki pul kisəsinə baxış keçirmişdir, pul kisələrin birində 600 manat, digərində isə 18 ədəd 100 manatlıq, 10 ədəd isə 50 manatlıq əskinazlardan ibarət 2300 manat pul var idi. O, 2300 manat pulu götürmüş, digər 600 manatı isə olduğu kimi saxlamışdır. Daha sonra otağın qapısını açıq qoyaraq oradan çıxıb getmişdir. Oğurladığı pulun bir hissəsini borclarına vermişdir digər hissəsini isə xərcləməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, komendant otağına həmişə Zərərçəkmiş şəxs istəyi və icazəsi ilə daxil olmuşdur. Zərərçəkmiş şəxs özü könüllü qaydada otağın açarını ona təqdim etmişdir. Otaqda olan iş masasının siyirməsi isə bağlı olmamış, həmişə açıq olmuşdur. Zərərçəkmiş şəxs ona inandığı və güvəndiyi üçün siyirmədəki pul vəsaitlərini ondan gizləməmiş, onun yanında həmin açıq siyirməyə qoymuşdur. Daha sonra təqsirini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qismən təqsirli olması onun özünün etirafı ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uzun zamandır ki, ünvan 5 ünvanda yerləşən "xxxx" MTK-da komendant vəzifəsində işləyir. O.M. Eynullazadəni təxminən 1 ay müddətdir ki, tanıyır. Sonuncu bu l ay ərzində onun etibarını qazanmış və onların arasında yoldaşlıq münasibəti yaranmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs işlədiyi binanın qarşısında binanın komendantı üçün quraşdırılmış otağın açarını etibar etmişdir, həmçinin qeyd etmişdir ki. Təqsirləndirilən şəxs ilə həmin otaqda günün bir hissəsinin birlikdə istirahət edirmişlər. O, Orucəlinin yanında bir neçə dəfə binada yaşayan sakinlər tərəfindən binanın komunal xərclərinin qarşılanması üçün yığılan pul vəsaitini hesabat aparmaq üçün saymışdır, həmçinin masaya quraşdırılmış dolabçada yerləşən iki ədəd qara rəngli pul kisələri var imiş, pulları məhz həmin pul kisələrinin içərisinə qoyurmuş. Həmin pul kisələrinin içərisində onun özünə məxsus müəyyən miqdarda şəxsi vəsaitləri də olurmuş, lakin dəqiq hesabını hər zaman aparırmış. 25 mart 2023-cü il tarixdə həmişə olduğu kimi işə gələrkən o, komendant üçün nəzərdə tutulmuş otağın qapısının açıq olmasını, otağa daxil olduqda masaya quraşdırılmış dolabçanın içərisinə baxış keçirdiyi zaman orada olmalı olan iki ədəd qara rəngli pul kisələrinə baxış keçirmək qərarına gəlmişdir. Baxış keçirərkən qara rəngli pul kisələrinin birinin içərisində 600 manat pulun olduğu kimi qaldığını müəyyən etmiş, daha sonra digər pul kisəsinə baxış keçirmişdir, lakin orada olan 2300 manat pulu aşkar etməmişdir və həmin pul vəsaitinin naməlum şəxs tərəfindən oğurlanmasını anlamışdır, bir qədər düşündükdən sonra o, bunu məhz Orucəlinin edə biləcəyini düşünmüşdür. O, sakinlərdən yığılan pulları öz vəsaiti hesabına yerinə qoyduğu üçün ona 2300 manat maddi ziyan dəymişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs komendant otağına həmişə onun istəyi və icazəsi ilə daxil olmuşdur. O, özü könüllü qaydada otağın açarını Təqsirləndirilən şəxs təqdim etmişdir. Otaqda olan iş masasının siyirməsi isə bağlı olmamış, həmişə açıq olmuşdur. O, Təqsirləndirilən şəxs inandığı və güvəndiyi üçün siyirmədəki pul vəsaitlərini ondan gizləməmiş, sonuncunun yanında dəfələrlə həmin açıq siyirməyə qoymuşdur. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, mülki iddiasının, maddi tələbinin olmamasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 63-66-cı vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 74-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və mülki iddiası yoxdur, barəsində yüngül cəza tədbiq edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətməsi, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Müəyyən edilmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs bu əməlinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanaraq sonuncuya həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, istintaqın yekun mərhələsində, iş üzrə qəbul edilmiş 24 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Əməlin tövsif edilməsində istintaq orqanının mövqeyi ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən "xxxx" MTK-ya aid komendantın otağına daxil olmağa icazəsi olsa da, həmin otaqda olan masanın siyirməsindən hər hansı əşyanı götürməyə icazəsi olmamış, masanın siyirməsi saxlanc yeri hesab edilir (iş vərəqi 84, 7-ci abzas). Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələrinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs komendant otağına icazəli daxil olmuş və orada olan iş masasındakı siyirmə onun yanında həmişə açıq olmuş, siyirmədə hər hansı kilid olmamış və siyirmədə olan əşyalar ondan saxlanılmamışdır. Bu baxımdan da məhkəmə hesab edir ki, həmin otaqda olan iş masasındakı siyirmə Təqsirləndirilən şəxs münasibətdə saxlanc yeri hesab edilə bilməz. Belə ki, oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Görünüdüyü kimi, işin hallarından və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu Qərarında olan hüquqi mövqelərdən də göründüyü kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlində «daxil olma» əlaməti yoxdur. Təqsirləndirilən şəxs tərəfindən 2.300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin deyil, həmin Məcəllənin 177.1-ci maddəsinin tərkibini yaradır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirini etiraf etməsini, əməlindən səmimi peşimançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunin iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Ekol Vəkil Bürosunun vəkili R.B.Atakişiyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356- 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar