Məhkəmə qərarları › İş №1(006)-295/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-295/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-295/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,288 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4ləşən Nəsimi rayon Polis İdarəsinin 19cu Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,288 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, istifadə etdiyi narkotik vasitə və psixotrop maddələri mütəmadi olaraq müxtəlif yerlərdən alır. O, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri “Xutor” adlanan ərazidən tanımadığı şəxsdən 01 bükümdə psixotrop maddə olan metamfetamini 10 manata alaraq üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etdikdən sonra, ondan özünü təqdim etməsini bildirmişlər. O, özü haqda məlumatları şifahi dedikdən sonra psixotrop maddəni üzərində gəzdirməkdə şübhəli olduğuna görə barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edildikdən sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə getmiş, Nəsimi RPİ-nin 19-cu PŞ-də olan zaman onu inzibati binanın otaqlardan birinə dəvət edərək, üzərinə şəxsi axtarış və baxış keçiriləcəyini bildirərək, onun istəyi ilə hüquqlarının müdafiə olunmasından ötrü dövlət hesabına vəkillə təmin edilərək, baxışda iştirak etmək üçün video çəkiliş aparan mütəxəssis dəvət olunmuşdur. Ondan müdafiəçinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmişdir. O, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd ağ kağız bükümü masanın üzərinə qoymuş və təqdim etdiyi 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onun üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirdikdən sonra onun üzərində axtarış aparılmış, hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd ağ kağız bükümün içərisində ağ rəngli spesifik iyi olan maddənin psixotrop maddənin metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri “Xutor” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə alaraq üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Daha sonra həmin maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra əməlini səmimi etiraf etməsini, peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞnin sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Xəlil” adlı şəxsin Nəsimi rayonu ərazisində üzərində qanunsuz olaraq psixotrop maddə saxlaması və daşıması ilə bağlı polis şöbəsinə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etmiş və həmin qərarın icra olunması ilə bağlı o və Nəsimi RPİ-nin 19-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə əldə etdikləri məlumat əsasında ünvan 6 ünvanına yollanmışlar. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanın qarşısında olarkən “Xəlil” adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmiş, “Xəlil” adlı şəxsi Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. Sonuncu onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən “Xəlil” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması X3a həvalə olunmuşdur. X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılmış, hər hansı bir qanunsuz əyşa və ya predmet aşkar olunmamışdır. Şalvarının cibindən çıxartdığı 01 ədəd ağ kağıza bükülmüş bükümə baxış keçirilərək həmin bükümün içərisində olan maddənin nə olduğu soruşulduqda o, 01 ədəd ağ kağıza bükülmüş bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri “Xutor” adlanan ərazidə adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddəyə bənzər 01 ədəd ağ kağıza bükülmüş bükümün içərisində ağ rəngli kristal halında spesifik iyi olan maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 187 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.27-28); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.88-89); “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.90-91); - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (i.v.52-54); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/791 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 187” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,288 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (i.v.59-62); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2568 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.120-121); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,288 qram olan psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,238 qram psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.131-136); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti qurtardığı üçün şöbənin qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.117-118); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-267/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.123-128); - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyatda alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə ona təyin edilmiş cəzanın 01 il 05 ay 25 gün hissəsini çəkmiş, 01 il 06 ay 03 gün hissəsi çəkilməmiş qalmışdır; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Bakı şəhəri “Xutor” kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirir. - İş materiallarına əlavə edilmiş doğum haqqında tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs bir azyaşlı övladı var; - İş materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin MV 017252 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs atası X2 müharibə veteranıdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını olmasını və atasının Qarabağ müharibəsi veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda və onun çəkilməmiş cəza müddəti 01 il 06 ay 03 gün təşkil edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını və himayəsində bir azyaşlı övladının olmasını, habelə təqsirləndirilən şəxsin əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, cəza çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə, yəni hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 267/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 (bir) il 06 (altı) ay 03 (üç) müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 09 (doqquz) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2568 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi RPİnin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,238 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 (bir) il 06 (altı) ay 03 (üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 09 (doqquz) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,238 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar