Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-295/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin Əmlakını gizli olaraq talama məqsədi ilə 10 noyabr 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 10 saylı ünvanda olarkən tanışı Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy S10” markalı mobil telefonu danışmaq bəhanəsi ilə götürüb, sonuncunun hiss etmədiyi şəraitdə mobil telefonda olan “Birbank” mobil tətbiqinə qanunsuz daxil olaraq həmin tətbiqdə olan Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-7303-6531 nömrəli bank kartının hesabından həmin gün saat 18:14-də 1800 manat (22 manat 02 qəpik komissiya haqqı) məbləğində pulu cinayətkar əməlindən məlumatsız olan tanışı Şahid istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7388-5388-3431 nömrəli bank kartının hesabına köçürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1822 manat 02 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qohumu Binyamin adlı şəxs vasitəsilə tanımışdır. Belə ki, ona pul lazım olduğu üçün kreditə götürdüyü, “Moonzx50” markalı mopedi girov qoymaqla borca pul götürmək istəmişdir. Binyamin ona demişdir ki, qohumu Ağabəydən xahiş etsə, sonuncu kömək edər. O, razılaşmış və öz mopedini girov qoymaqla Ağabəydən noyabr ayının sonunda qaytarmaq şərtilə 550 manat borc pul götürmüşdür. Ağabəy 550 manat pulun 150 manatını ona nağd vermiş, qalan 400 manatını isə onun istifadəsində olan “Unibank”a aid nömrəsini xatırlamadığı plastik karta göndərmiş, lakin onun banka borcu olduğu üçün bank dərhal həmin məbləği borcdan silmişdir. O, 150 manat pulu öz şəxsi ehtiyacları üçün, eləcə də borclarının qaytarılmasına sərf etmişdir. Lakin həmin pul borclarını tam bağlamağa kifayət etməmişdir. O, pul əldə etmək barədə düşünmüş və sonradan ağlına gəlmişdir ki, Ağabəyin kartında pul vardır, telefonunu hər hansı bəhanə ilə ələ keçirsə həmin pulu hər hansı karta köçürüb əldə edə bilər. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, Ağabəyin işlədiyi yerə getmiş və Ağabəyə yalandan demişdir ki, mobil telefonunda balans olmadığı üçün telefonla danışa bilmir, telefonu versin, vacib zəng etməlidir. Ağabəy həmin vaxt velosiped düzəltmiş və yanında tanımadığı şəxs olmuşdur. Ağabəy mobil telefonunu ona vermiş və o telefonu götürüb təxminən 2-3 aydır ki, tanıdığı Ümid adlı şəxsin xatırlamadığı GSM nömrəsinə zəng edib ona borcu olan şəxsin borcunu qaytarmaq üçün pul göndərmək istədiyini, istifadəsində bank kart olmadığını və əgər varsa ona plastik bank kartı nömrəsini deməyini bildirmişdir. Ümid ona kart nömrəsi demiş və o da Ağabəyin telefonunda “Birbank” mobil tətbiqinə daxil olmuşdur. Plastik kartın balansında 1822 manat pul olmuş və o həmin məbləği Ümidin dediyi plastik kart nömrəsinə göndərmişdir. Köçürmə əməliyyatının təsdiqi üçün OTP kodu da məhz həmin telefona mesajla gəldiyindən o asanlıqla həmin OTP kodunu daxil edib köçürmə əməliyyatını başa çatdırmışdır. 22 manat pul köçürmə üzrə komissiya tutulmaqla 1800 manat pul göndərilmişdir. Həmin vaxt o, yenidən Ümidə zəng etmiş və Ümid təsdiq etmişdir ki, kartının balansına 1800 manat pul köçmüşdür. O, Ümidə demişdir ki, ona kart nömrəsi verər, pulun 1200 manatını həmin kart nömrəsinə göndərər, qalan 600 manat pul isə onundur. Ümid bunun səbəbini soruşduqda demişdir ki, pulu olmayanda kömək etmiş, indi də o, kömək edir, pulu olanda verər. Ümid razılaşmış və o telefon danışığını başa çaldırıb mobil telefonu Ağabəyə qaytarmışdır, vaxt itirmədən oradan uzaqlaşmışdır. Velosipedini düzəltdirən tanımadığı şəxs isə hələ də Ağabəyin yanında dayanmışdır. Təxminən 1 saat sonra Ümidlə telefonla danışmış və Ümid 1200 manat pulu bankomatda nağdlaşdırdığını bildirmişdir. O, Ümidə tanışının bank kartını göndərmiş və Ümid 1200 manat pulu həmin karta göndərmişdir. Nə Ümid, nə də kartın sahibi pulun oğurluq yolu ilə əldə edidiyini bilməmiş. Ağabəyin kartından oğurladığı və Ümidin ona göndərdiyi pulu öz şəxsi ehtiyacları və borcları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödədiyini qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Binyamin adlı tanışı ona zəng edərək tanışı Bahəddin adlı şəxsin pul ehtiyacı olduğunu və Bahəddinə borca pul verməyini bildirmişdir. O, Binyaminə görə razılaşmış və Bahəddin adlı şəxs özünə məxsus “Moonzx50” markalı mopedi onun yanına gətirmiş, o da Bahəddinə 550 manat borc pul vermişdir. Şərtləri bu olmuşdur ki, ayın sonunda Bahəddin 550 manat pulu qaytarar. Bahəddinə 150 manat nağd, 400 manat da kartına köçürməklə vermişdir. Bahəddin çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, işlədiyi yerdə olan zaman yanında Adil adlı müştəri olmuşdur. Bu vaxt Bahəddin ona yaxınlaşıb mobil telefonunda balans olmadığını bildirib onun mobil telefonunu danışmaq üçün istəmişdir. O, öz telefonunu Bahəddinə vermişdir. Həmin vaxt başı işə qarışdığı üçün Bahəddinin kimə zəng etdiyini, telefonla nə etdiyinə nəzarət edə bilməmişdir. Təxminən 8-10 dəqiqə sonra Bahəddin telefonu ona qaytarmış və çıxıb getmişdir. Təxminən 35-40 dəqiqə sonra o, evə getmiş və telefonda birbank tətbiqinə daxil olub, alış-veriş çekini qeydiyyata almaq istəyən zaman görmüşdür ki, kartın balansında olan 1832 manat 25 qəpik məbləğdən 10 manat 23 qəpik qalmışdır. Bu vaxt dərhal ağlına gəlmişdir ki, onun telefonu Bahəddində olmuşdur. Bahəddinə zəng edib pul barədə soruşduqda Bahəddin demişdir ki, onun puldan xəbəri yoxdur. Bundan sonra o, məcbur qalıb 102 xidmətinə şikayət etmişdir. Baş vermiş hadisə nəticəsində ona 1822,02 manat ziyan dəymişdir. Bahəddin mobil telefonu ondan danışmaq üçün almışdır. O, Bahəddinə “Birbank” tətbiqinə daxil olmağına icazə verməmişdir. Hətta sonradan Bahəddin ona pulu oğurladığını gizlətmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın qismən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, sonuncunun işləyərək ona vurulmuş ziyanın qalıq hissəsinin ödəməsini, buna görə də təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza seçilməsini xahiş etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvandır (i.v. 12-13); “Tutma haqqında” 12 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdə, saat 20:50-də Azərbaycan Respublikası CM-in 177.2.3- 1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 12 noyabr 2024-cü il tarixdən, saat 20:40-dan hesablanmışdır (i.v. 32); “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 42); “təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında” 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 50-51); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2024-cü il tarixli, 4(006)- 632/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) həddində müəyyən edilməsi, həbsdə saxlanılma müddətinin əvvəlinin 12 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 66-69); Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 90- 91); “Baxış keçirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd ödəmə qəbzinə baxış keçirilən zaman 10 noyabr 2024-cü il tarixdə saat 18:14-də Zərərçəkmiş şəxs məxsus 4169-73**-****-6531 nömrəli bank kartından 4169-73**-****-3431 nömrəli bank kartına komissiya haqqı ilə birlikdə 1822 manat 02 qəpik pul köçürülməi müəyyən olunmuşdur (i.v. 92); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 4(006)-57/2025 nömrəli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad olunması qərara alınmışdır (i.v. 94-98); “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 99); “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə müvafiq istintaq hərkətlərinin keçirilməsi məqsədi ilə icraat təzələnmişdir (i.v. 102); “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 105-106); “Sübutların qiymətləndirilməsi haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi ödəmə qəbzinin iş üzrə maddi sübut qismində tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması qərara alınmışdır (i.v. 109-114); Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini və vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 2 (iki) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır (CPM-198.1). İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs təqdim etdiyi ödəmə qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 19 mart 2025-ci il – 16 aprel 2025ci il tarixlərdə keçirilmiş 03 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 30 aprel 2025-ci il – 20 avqust 2025-ci il tarixlərdə keçirilmiş 06 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 09 saata görə 54 (əlli dörd) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat olmaqla, cəmi 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 2 (iki) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 5 (beş) ay 10 (on) gün çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs təqdim etdiyi ödəmə qəbzi cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 27 (iyirmi yeddi) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-295/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-295/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver