Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-296/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi, ev 5/9-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 101-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən “Javaline Studio” adlı gözəllik və sağlamlıq mərkəzində iş yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə şillə və təpik zərbələri vuraraq sonuncuya başın sağ təpə nahiyəsinin qançır-şişkinliyi, üst dodağın sağ yarısının selikli qişasının əzilmiş-cızılmış yarası, sağ bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu və bazu oynağı nahiyələrinin geniş həcmli hematoması, döş qəfəsinin arxa səthinin və sol bazunun qançırları, boyunun sağ yarısının sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, iki aydan çoxdur ki, ünvan 1-də yerləşən “Javaline Studio” adlı gözəllik və sağlamlıq mərkəzində administrator vəzifəsində çalışır. İş prinsipi, müdiriyyətin ona verdiyi göstərişə və səlahiyyətlərə əsaslanaraq salonda işləyən şəxslərin işə gecikmələrinə görə cərimə yazmaq, hər hansı xətaya görə onlara irad tutmaqdır. Zərərçəkmiş şəxs qarşı əvvəlcədən şəxsi qərəzliliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs işə gecikdiyinə görə ona öz iradını bildirmiş və müdiriyyətin tapşırığına əsasən 10 manat məbləğində cərimə yazmışdır. Bundan sonra Leyla ona qarşı ədavətli davranmağa başlamış və hər dəfə onu gördükdə qıcıqlandırıcı sözlər deyərək əsəbləşdirmişdir. Lakin, buna baxmayaraq o, Leylanın dediyi sözlərə əhəmiyyət verməməyə çalışmışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində salonun masaj otağına daxil olarkən təsadüfən Leyla da orada olmuş, bu zaman Leylaya hansı səbəblə onunla belə rəftar etdiyini, müştərinin yanında ona qarşı hörmətsizlik etdiyini soruşmuş, cavabında Leyla onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Ö da əsəbləşərək Leylanın sinəsindən itələmiş, boğazından tutaraq onu təhqir etməməsini tələb etsə də, Leyla sərt şəkildə onu təhqir etməyə davam etmişdir. Bundan sonra o, daha da əsəbləşərək sonuncunun saçından tutub yolmuş, bu zaman Leyla onu bir daha təhqir edərək otağı tərk edib getmişdir. Hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermiş, həmin vaxt ikisindən başqa orada heç kəs olmamışdır. Bir qədər sonra Leylanın “102” xidmətinə zəng edərək onun tərəfindən döyülməsi barədə məlumat verdiyi ona məlum olmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1də yerləşən “Javaline Studio” adlı gözəllik və sağlamlıq mərkəzində usta kimi fəaliyyət göstərirdi. Təxminən 2 gündür işlədiyi salonda administrator vəzifəsində çalışan Təqsirləndirilən şəxs onunla şəxsi qərəzli və ədavətli münasibətdə olmuş, mütəmadi olaraq onun işinə irad tutmuş, ona təzyiq göstərərək ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində salonun masaj otağında olarkən Aydan da həmin otağa daxil olmuş, sonuncu ilə həmsöhbət olmamaq üçün otaqdan çıxmaq istəyərkən Aydan onun ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra onu arxaya itələmiş, saçından tutaraq yolmuş, boğazından sərt şəkildə yapışaraq boğmuş və əl-qol hərəkətləri ilə bədəninin müxtəlif hissələrinə xəsarət yetirmişdir. Bundan sonra o, Aydanın əlindən qaçaraq otaqdan çıxmağı bacarmış və dərhal “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 658 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – başın sağ təpə nahiyəsinin qançır-şişkinliyi, üst dodağın sağ yarısının selikli qişasının əzilmişcızılmış yarası, sağ bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu və bazu oynağı nahiyələrinin geniş həcmli hematoması, döş qəfəsinin arxa səthinin və sol bazunun qançırları, boyunun sağ yarısının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (baş, əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild İ, i.v.24-25); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild İ, i.v.22); • “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü bir övladı var (cild İİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-296/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-296/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver