Məhkəmə qərarları › İş №1(006)-297/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-297/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-297/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax şəhəri, Nəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Yevlax şəhəri, Qaramanlı ərazi dairəsi, Nəmərli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, döngə 5 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun Goranboy rayonu, Ağcakənd ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olan oğlu Rauf Dünyamalıyevi Bakı şəhərində yerləşən hərbi hissələrin birinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin iyul ayının ortalarında ünvan 3 ünvanda yerləşən “Kontakt Home” mağazasının qarşısında 1000 manat, 2020-ci ilin iyul ayının sonlarında isə həmin ünvanın qarşısında 1110 manat pulunu ələ keçirməklə verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 2110 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun qızı Aysəma Tağıyevanın qəbul imtahanında topladığı keçid balını artıraraq ali məktəbə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin sentyabr ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən “Kontakt Home” mağazasının qarşısında 1500 manat, 2020-ci ilin sentyabr ayının əvvəllərincə həmin ünvanın qarşısında 200 manat pulunu ələ keçirməklə verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 1700 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya qəbul imtahanında topladığı keçid balını artıraraq ali məktəbə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin sentyabr ayının sonlarında ünvan 3 ünvanda yerləşən “Kontakt Home” mağazasının qarşısında 1000 manat, 2020-ci ilin sentyabr ayının sonlarında 500 manat pulunu ələ keçirməklə verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Toğrul adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, o, Toğrul adlı şəxslə keçən ilin təxminən iyun ayında Xırdalan şəhərində yerləşən bankların birinin qarşısında tanış olmuşdur. Aralarında normal münasibət yaranmışdır. 2020-ci ilin iyul ayında Toğrul ona mobil telefon aparatı ilə zəng vuraraq bildirmişdir ki, bir nəfər tanıdığı şəxs var, onun oğlunu xidmət etdiyi Goranboy rayonundan yaxın bir yerə gətirmək istəyir. O da Toğrula problem olmadığını, tanışlarının olduğunu, görüşüb söhbət edib danışmalarını demişdir. Təxminən 3-4 gün sonra Toğrul onunla 20 yanvar metrosu tərəfdə yerləşən “Kontakt Home” mağazasının qarşısına gəlmiş, orada o, Zərərçəkmiş şəxs1lə tanış olmuşdur. Söhbət zamanı o, Ramizə demişdir ki, oğlunu yaxın bir yerə hərbi xidmətə gətirmək istəyirsə, 2110 manat pul müqabilində oğlunu Bakı şəhərinə gətizdirə bilər. Ramiz ona problem olmadığını bildirmişdir. O, ilkin olaraq 1000 manat pulu Ramizdən Toğrulun yanında ilk dəfə görüşdükəri yerdə almış və bildirmişdir ki, növbəti 1000 manat pulu deyəndə gətirər. Növbəti dəfə o, Ramizə zəng vurub bildirmişdir ki, “1110 manatı da gətir ver”. Ramiz də yenidən iyul ayının axırlarında növbəti 1110 manat pulu ona həmin yerdə vermişdir. Beləliklə o, Ramizdən 2110 manat pulu alsa da, Ramizin oğlunu Bakı şəhərinə gətizdirməmiş, aldığı pulu da ona geri qaytarmamış, özünə xərcləmişdir. Növbəti dəfə o, 2020-ci ilin sentyabr ayında 20 yanvar metrosunun yaxınlığında yerləşən “Kontakt Home” mağazasının qarşısında Toğrul və onun qardaşı Mütəlliblə görüşüb söhbət etmişdir. Həmin söhbət zamanı o, Mütəllibə demişdir ki, “mən sənin balını aıtıra bilərəm tanışlarımın vasitəsi ilə, ancaq gərək pul verəsən”. Mütəllib də ona borc pul tapıb verəcəyini demişdir. O, Mütəllibə bu işin həli üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Mütəllib həmin pulu düzəldib gətirəcəyini demişdir. Həmin görüşdən təxminən 1 həftə sonra o, Mütəlliblə tək görüşüb 1000 manat pulu birinci görüşdükləri yerdə ondan almış, həmin vaxt Toğrul iştirak etməmişdir. O, həmin pulu alıb Mütəllibə məlumat verəcəyini bildirmişdir. Bundan təxminən 4 gün sonra o, Mütəllibi yığıb 500 manat pul əlavə vermək lazım olduğunu bildirmiş, o da o qədər pulu olmadığını demişdir. O, Mütəllibə işinin düzəlməsini istəyirsə, Bakıda yerləşən pedaqoji universitetə girmək istəyirsə bunu verməli olduğunu bildirmiş, Mütəllib də həmin 500 manat pulu sentyabr ayında onunla həmin yerdə tək görüşüb ona vermişdir. O, Mütəllibə narahat olmamasını, ona zəng vuracaqlarını demiş, sonra Mütəllibin qardaşı Toğrul onunla mobil telefon aparatı vasitəsi ilə əlaqə saxlayıb danışmış, o Toğrula da narahat olmamasını, pulu verdiyini demişdir. Lakin o, həmin pulu da alıb özünə xərcləmiş, Mütəllibi universitetə düzəltməmişdir. Növbəti dəfə Toğrulun vasitəsi ilə tanıdığı Araz onu həmin ilin sentyabr ayında Zərərçəkmiş şəxs3lə tanış etmiş, o, Vüqarla Arazın vasitəsi ilə tanış olub yenidən eyni yerdə yəni “Kontakt Home” mağazasının qarşısında görüşmüşlər, Vüqar ona demişdir ki, “qızı ali məktəbə bu il imtahan verib, lakin az bal yığıb, ali məktəbə girə bilməyib”. O Vüqara tanış adam olduğunu, qızını ali məktəbə düzəldə biləcəyini demişdir. Vüqar bunun necə mümkün ola biləcəyini soruşduqda, o, 1700 manat pul müqabilində ona köməklik edə biləcəyini bildirmişdir. Vüqar da buna etiraz etməmiş və 1700 manat pulu Arazın iştirakı ilə eyni yerdə ona vermişdir. Lakin o, həmin pulu da öz ehtiyaclarına xərcləmiş, heç bir iş görməmişdir. O, Arazın özündən də ona əlilliklə bağlı təqaüd pulu düzəldəcəyinə dair yalan söz verib ondan 400 manat pul almışdır. Nəticədə o, aldığı pulları özünə xərcləmiş, heç bir iş görməmişdir. Daha sonra əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, ailəsinin maddi təminatının onun üzərində olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin avqust ayında 4-cü ixtisas qrupu üzrə imtahan vermiş, lakin balı az olduğundan istədiyi fakültəyə daxil ola bilməmişdir. Bu barədə qardaşı Toğrula məlumat verdikdə sonuncu ona demişdir ki, “bir nəfər tanış var, adı Eldənizdir, o, sənin balını 20-30 arası artırıb səni universitetə qəbul etdirə bilər”. O da qardaşı Toğrula əgər inandığı adamdırsa, görüşüb danışmalarını demişdir. Onlar 2020-ci ilin sentyabr ayında 20 yanvar metrosunun yaxınlığında yerləşən “Kontakt Home” mağazasının qarşısında görüşüb söhbət etmişlər. Həmin söhbət zamanı Eldəniz ona balını tanışları vasitəsi ilə artıra biləcəyini, lakin pul verməli olduğunu bildirmişdir. O da Eldənizə borc pul tapıb verəcəyini demiş, Eldənizdən bu işin həli üçün nə qədər pul lazım olmasını soruşduqda sonuncu ona 1000 manat pul lazım olduğunu demişdir. O həmin pulu düzəldib gətirəcəyini bildirmişdir. Həmin görüşdən təxminən 1 həftə sonra o, Eldənizlə tək görüşüb 1000 manat pulu birinci görüşdüyü yerdə Eldənizə vermiş, həmin vaxt Toğrul iştirak etməmişdir. Eldəniz həmin pulu alıb ona məlumat verəcəyini demişdir. Bundan təxminən 4 gün sonra Eldəniz ona yığıb 500 manat pul əlavə vermək lazım olduğunu demişdir. O, o qədər pulunun olmadığını bildirsə də, Eldəniz ona işinin düzəlməsini istəyirsənsə, Bakıda yerləşən pedaqoji universitetə girmək istəyirsə bunu verməli olduğunu bildirmişdir. O da həmin 500 manat pulu sentyabr ayında Eldənizlə həmin yerdə tək görüşüb pulu ona vermişdir. Eldəniz ona gözləməsini, narahat olmamasını, ona zəng vuracaqlarını demiş, lakin nə qədər gözləsə də, ona yığan olmamışdır. O, sonra qardaşı Toğrula bu barədə dedikdə qardaşı Eldənizlə mobil telefon aparatı vasitəsi ilə əlaqə saxlayıb danışmış, Eldəniz qardaşı Toğrula da narahat olmamasını, gözləmələrini, pulu verdiyini bildirmiş, lakin sonra da Eldənizdən xəbər çıxmamışdır. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, o, Arazla söhbət zamanı Araza bildirmişdir ki, qızı X5 2020-ci il tarixdə orta məktəbi bitirdikdən sonra ali məktəbə, yəni Bakı Dövlət Universitetinə imtahan vermiş, lakin keçid balını az topladığına görə qəbul ola bilməmişdir. Araz da ona Eldəniz adlı tanışı olduğunu, Eldənizin təhsil sahəsincə tanışlarının çox olduğunu, Eldənizin əgər bacarsa köməklik edə biləcəyini demişdir. O da buna etiraz etməmişdir. Daha sonra Araz ona Eldənizin onunla görüşmək istədiyini demiş, o, buna etiraz etməmiş və Arazın iştirakı ilə Təqsirləndirilən şəxslə ilk dəfə 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazasının qarşısında görüşmüşdür. Həmin görüş zamanı o, Eldənizə qızı Aysəma Tağıyevanın ali məktəbə daxil olmaq üçün imtahan verdiyini, lakin keçid balını az yığdığına görə ali məktəbə daxil ola bilmədiyini bildirmişdir. Eldəniz də ona demişdir ki, “mənim təhsil sahəsində işləyən tanışlarım çoxdur, onların vasitəsi iə sənin qızının imtahanda yığdığı keçid balını artıra bilərəm, qızın da nəticədə ali məktəbə qəbul ola biləcək”. O, bunun üçün nə lazım olmasını soruşduqda Eldəniz ona 4000 manat pul verməli olduğunu demişdir. O, cavabında ilkin olaraq 1500 manat pul verə biləcəyini, qızı ali məktəbə qəbul olunduqda isə qalan pulu da verəcəyini demiş, Təqsirləndirilən şəxs də buna etiraz etməmiş və 2020ci ilin sentyabr ayında Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. Həmin görüşdən təxminən 2 gün sonra Təqsirləndirilən şəxs ondan əlavə olaraq 200 manat pul istəmişdir. O da buna etiraz etməyərək onunla yenidən Arazın iştirakı ilə görüşüb 200 manat pulu Eldənizə vermişdir. Lakin Təqsirləndirilən şəxs onu aldadaraq 1700 manat pul müqabilində qızı Aysəmanın ali məktəbə daxil olmasına köməklik etməmiş və aldığı pulu da geri qaytarmamışdır. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun oğlu X1 Bakı Dövlət Universitetinin “Sosial iş” fakültəsini 2016-2020-ci illər ərzində oxuyub bitirdikdən sonra keçən ilin iyul ayının 8-də Goranboy rayonu, Ağcakənd ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətə yollanmışdır. O, iyul ayının təxminən 15-dən sonra oğlu Raufa hərbi xidmətdə olduğu üçün ehtiyacı olan bəzi məişət əşyalarını, yəni üzqırxan, sabun, diş məcunu, daraq, ətir kimi əşyaları alıb onları oğluna göndərmək üçün 20 yanvar metrosu tərəfə gəlmişdir. O, orada taksi axtarırmış ki, qeyd etdiyi əşyaları oğluna göndərsin. Həmin vaxt ona əvvəllər görmədiyi və tanımadığı bir nəfər adını sonradan bildiyi “Toğrul” adlı şəxs yaxınlaşmış və ona demişdir ki, "deyəsən taksi axtarırsız”, o da ona demişdir ki, “bəli, oğlum Rauf Goranboyda hərbi xidmətdədir, ona aldığım əşyaları göndərmək istəyirəm”. Toğrul ona tanışı olduğunu, əgər istəsə oğlunu yaxın bir yerə gətirə biləcəyini demişdir. O da sonuncudan bunun üçün nə lazım olmasını soruşduqda Toğrul ondan mobil telefon nömrəsini götürmüş və əlaqə saxlayacağını bildirmişdir. O, Toğrula təşəkkürünü bildirib onunla sağollaşmışdır. Təxminən 3-4 gün sonra ona istifadəsində olan hazırda xatırlamadığı ***-***-**-** və ya ***-***-**-** saylı nömrəsinə bir nəfər zəng vurub 20 yanvar metrosu tərəf gəlməsini bildirmişdir. O da iyul ayının axırlarında 20 yanvar metrosu tərəfdə yerləşən “Kontakt Home” mağazasının qarşısına gəlib orada Toğrul və adını sonradan bildiyi Eldəniz adlı şəxslə tanış olmuşdur. Həmin söhbət zamanı Eldəniz ona 2110 manat pul versə, oğlunu Bakı şəhərinə gətizdirə biləcəyini demişdir. O, Eldənizə həmin pulu verəcəyini demiş, ilkin olaraq 1000 manat pulu həmin yerdə Eldənizə şəxsən vermiş, Eldəniz isə ona növbəti 1110 manat pulu deyəndə gətirməsini bildirmişdir. Növbəti dəfə Eldəniz ona zəng edib 1110 manatı da gətirib verməsini demiş, o da yenidən iyul ayının axırlarında növbəti 1110 manat pulu Eldənizə həmin yerdə vermişdir. O, hər iki pulu Eldənizə verərkən Toğrul da iştirak etmişdir. Beləliklə, Eldəniz ondan 2110 manat pulu alsa da, oğlunu Bakı şəhərinə gətizdirməmişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayından tanıyır. O, Eldənizi tanışı Toğrulun vasitəsi ilə tanımışdır. Münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs söhbət əsnasında ona əlilliklə bağlı təqaüd pulu düzəldə biləcəyini, bunun üçün 400 manat pul verməli olduğunu bildirmişdir. O, buna etiaz etməmiş və Eldənizə 400 manat pulu 2020-ci ilin iyun ayında Xırdalan şəhərində köhnə bazarın qarşısında vermişdir. Bundan başqa, tanışı Vüqar ona söhbət əsnasında qızının universitetə daxil ola bilmədiyini, az bal yığdığını, tanışı varsa onu universitetə düzəltməyə köməklik etməsini xahiş etmiş, o da bu barədə Eldənizlə danışmış, sonuncu ona Vüqarın qızının balını artıra biləcəyini, bunun üçün 1700 manat pul lazım olacağını demişdir. O, Vüqara bu barədə dedikdə Vüqar bununla razılaşmışdır. O, Vüqarla 20 yanvar metrosu tərəfdə “Kontakt Home” mağazasının qarşısında görüşmüşdür. Həmin görüş zamanı Vüqar onun yanında Eldənizə 1700 manat pul vermişdir. Eldəniz həmin pulu alıb ona narahat olmamalarını, məsələnin düzələcəyini demiş, lakin buna baxmayaraq Eldəniz həmin 1700 manat pul müqabilində Vüqarın qızını universitetə düzəltməmiş və aldığı pulları da geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə keçən ilin təxminən iyun ayında Xırdalan şəhərində yerləşən bankların birinin qarşısında tanış olmuş, aralarında normal münasibət yaranmışdır. O, keçən ilin iyul ayının 15-də 20 yanvar metrosu tərəfdə olarkən görmüşdür ki, bir nəfər orta yaşlı adam orada taksi axtarır. O, həmin şəxsə yaxınlaşıb demişdir ki, “deyəsən taksi axtarırsız”, həmin şəxs də ona demişdir ki, “bəli, oğlum var adı Raufdur, Goranboyda hərbi xidmətdədir, ona aldığım əşyaları göndərmək istəyirəm”. O da həmin şəxsə tanışı olduğunu, əgər istəsə oğlunu yaxın bir yerə gətirə biləcəyini demişdir. O, bunu həmin şəxsə ona görə demişdir ki, Eldəniz söhbət əsnasında ona hərbi sahədə çoxlu tanışları olduğunu, əgər istəsə, tanışı olsa, onunla tanış etməsini bildirmişdir. O da Eldənizin həmin sözünə inanıb həmin şəxsə bunu dedikdə həmin şəxs bunun üçün nə lazım olduğunu soruşmuş, o, həmin şəxsdən mobil telefon nömrəsini alıb xəbər edəcəyini demişdir. O, əvvəlcə bu barədə Eldənizlə danışmış, Eldəniz onu həmin şəxslə görüşdürməsini və köməklik edəcəyini demişdir. Təxminən 3-4 gün sonra o, həmin şəxsin, yəni Zərərçəkmiş şəxs1 istifadəsində olan hazırda xatırlamadığı nömrəsinə zəng vurub 20 yanvar metrosu tərəf gəlməsini bildirmiş, o da iyul ayının axırlarında 20 yanvar metrosu tərəfdə yerləşən “Kontakt Home” mağazasının qarşısında gəlib Eldənizlə tanış olmuşdur. Söhbət zamanı Eldəniz Ramizə demişdir ki, oğlunu yaxın bir yerə hərbi xidmətə gətirmək istəyirsə 2110 manat pul verməklə, oğlunu Bakı şəhərinə gətizdirə bilər. Ramiz problem olmadığını bildirərək ilkin olaraq 1000 manat pulu Eldənizə onun yanında ilk dəfə görüşdükləri yerdə vermiş və Eldəniz həmin pulu alıb növbəti 1110 manat pulu deyəndə gətirməsini bildirmişdir. Növbəti dəfə onlar yenə iyul ayının axırlarında birinci görüşdükləri yerdə görüşmüş, Ramiz 1110 manat pulu Eldənizə vermişdir. Daha sonra o, Eldənizin həm hərbi, həm də təhsil sahəsində tanışlarının olmasını deməsinə inandığına görə qardaşı Zərərçəkmiş şəxs2 köməklik etməsini istəmişdir. Belə ki, 2020-ci ilin sentyabr ayında 20 yanvar metrosunun yaxınlığında yerləşən “Kontakt Home” mağazasının qarşısında o və qardaşı Mütəllib Eldənizlə görüşüb söhbət etmişlər. Həmin söhbət zamanı Eldəniz qardaşı Mütəllibə demişdir ki, “mən sənin balını tanışlarımın vasitəsi ilə artıra bilərəm, ancaq gərək pul verəsən”. Mütəllib də Eldənizə borc pul tapıb verəcəyini demişdir. Eldəniz qardaşı Mütəllibə bu işin həlli üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Qardaşı ali məktəbə imtahan vermiş, lakin keçid balı az olduğuna görə ali məktəbə daxil ola bilməmişdir. O da buna görə Eldənizə həmin pulu düzəldib gətirəcəyini demiş, həmin görüşdən təxminən 1 həftə sonra qardaşı Mütəllib onun iştirakı olmadan Eldənizlə tək görüşüb 1000 manat pulu birinci görüşdükləri yerdə Eldənizə vermişdir. Eldəniz qardaşının deməsinə görə həmin pulu alıb ona məlumat verəcəyini bildirmiş, bundan təxminən 4 gün sonra Eldəniz Mütəllibi yığıb 500 manat pul əlavə vermək lazım olduğunu bildirmişdir. Qardaşı da o qədər pulu olmadığını demiş, Eldəniz də qardaşına işinin düzəlməsini istəyirsə, Bakıda yerləşən pedaqoji universitetə girmək istəyirsə bunu verməli olduğunu bildirmişdir. Qardaşı həmin 500 manat pulu sentyabr ayında Eldənizlə həmin yerdə tək görüşüb ona vermişdir. Eldəniz də qardaşına gözləməsini, narahat olmamasını, ona zəng vuracaqlarını bildirmiş, sonra Mütəllib ona məsələnin uzanmasını bildirdiyində, o Eldənizlə mobil telefon aparatı vasitəsi ilə əlaqə saxlayıb danışmış, sonuncu ona narahat olmamalarını, gözləmələrini və pulu verdiyini bildirmişdir. Lakin Eldəniz həmin pulları alıb heç bir iş görməmişdir. İş materiallarında olan: - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.101-102); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 16 (on altı) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.142-144); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 23.02.2015-ci il tarixdə Mingəçevir Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 05 mart 2018-ci il tarixdə cəzası azaldılaraq 03 il 02 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəza müddəti qurtardığına görə azad edilmişdir. (İ cild, i.v.33-34). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. - AZ-İV seriyalı, 448651 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 21.04.2013-cü il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. - AZ-İV seriyalı, 448651 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01.03.2014-cü il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2-ci və 3-cü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı halda təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlandığı ərizələrə əsasən onlara dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsini, onlara dəymiş ziyanın tamamilə ödənilməsini, habelə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsini, onlara dəymiş ziyanın tamamilə ödənilməsini, habelə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 19 fevral 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək, yəni 04 (dörd) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlama müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək, yəni 04 (dörd) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlama müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar