Məhkəmə qərarları › İş №1(006)-297/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-297/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-297/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 30 avqust 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu ərazisində gündəlik kirayə evlərdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,766 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 31 yanvar 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq 19-cu polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 01 bükümdə təmiz çəkisi 0,766 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,182 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və 03 aprel 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 12:30-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,182 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Papanin kimi adlanan ərazidə tanımadığı şəxsdən 20 manata siqaretin qızılı rəngli kağız bükümündə psixotrop maddə metamfetamin almış və üzərində saxlamışdır. Həmin gün saat 14:00 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi 1k saylı ünvanın qarşısında psixotrop maddənin təsiri altında olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına dəvət etmişdirlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə 19-cu PŞ-yə gəlmişdir. İnzibatii binada şəxsi axtarış zamanı o, əynində olan gümüşü rəngli gödəkcənin sol yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. O həmin psixotrop maddəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra təqdim etdiyi büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Xutor” adlanan ərazidə siqaretin qızılı kağızına bükülmüş narkotik maddəni tapmış və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Həmin tarixdə, saat təxminən 12:30 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 10 ünvanının qarşısında olarkən 2 nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmiş və onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişdirlər. Şöbənin xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının yan tərəf cibində olan “kakos” adlanan narkotik vasitəni təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə zərfə qoyularaq üzəri o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndəriləcəyi ona bildirilmiş və üzəri möhürlənmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu bildirərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 31 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Xədicə» adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə saat 14 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 1k ünvanın qarşısında olarkən «Xədicə» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində narkotik vasitələrin üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, «Xədicə» adlı şəxsi Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə dəvət etmişdirlər. Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gümüşü rəngli gödəkcənin sol yan cibindən bir ədəd büküm təqdim etmiş və təqdim etdiyi bükümdəki maddənin psixotrop maddə metafetamin olduğunu, həmin maddəni “Papanin” adlı ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd büküm ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 03 aprel 2023-cü il tarixdə «Xədicə» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin 19-cu PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİnin 19-cu PŞ-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 03 aprel 2023-cü il tarixdə ünvan 4 ünvanın qarşısında saat 12:30-da “Xədicə” adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini təqdim etmişdirlər. Daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİnin 19-cu PŞ-yə dəvət etmişdirlər. Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı şəxsi axtarış başlanılmış və Təqsirləndirilən şəxs oturduğu yerdən duraraq əynindəki qara rəngli şalvarının yan cibindən 1 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 1 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində «kakos» deyilən narkotik vasitə olduğunu bildirmiş və həmin kütləni “Xutor” adlanan ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər, 1 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş olan büküm zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı zaman ona hər hansı fiziki və psixoloji təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 da Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i/v 106). İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i/v 106). İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir (i/v 102-103). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı X8 tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3, mütəxəssis X5, Nəsimi RPİ-nin İTŞ-nin YYÇ-la PİTB-nin inspektoru Şahid5, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının yan cibindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş olan büküm aşkar olunaraq götürülmüşdür. (i/v 49-54). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, mütəxəssis X9, Nəsimi RPİ-nin İTŞ-nin YYÇ-la PİTB-nin inspektoru Şahid5, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan gümüşü rəngli gödəkcəsinin sol yan cibindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş olan büküm aşkar olunaraq götürülmüşdür. (i/v 148-153). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6\1946 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №187” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,182 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i/v 61-63). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6\597 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №187” dairəvi möhür əksi, “1. Təqsirləndirilən şəxs q... “ və s. Sözlər, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,766 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i/v 160-162). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümdəki maddə, təmiz çəkisi 0,766 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalan – 0,716 qramının saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilməsi, bundan əlavə, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümdəki maddə, təmiz çəkisi 1,182 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalan – 1,082 qramının saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilməsi qərara alınmışdır (i/v 241- 250). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 3355 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 225-226). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i/v 213-215, 217-224). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 26). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 125). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 05 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 94-95). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 184-185). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 96). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 186-187). Məhkəmənin şifahi sorğusu nəticəsində əldə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən Bakı şəhər Probasiya İdarəsində qeydiyyatdadır və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkum cəzasını çəkməkdən boyun qaçırdığı üçün onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı çıxarılmış və cəza müddətinin axımı dayandırılmışdır. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasının 02 ay 10 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 01 il 03 ay 18 gün qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, yəni “cinayətlərin təkrar törədilməsi” Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(006)-384/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və onun çəkilməmiş cəzası 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 1(006)- 384/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təqdim edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 224 (iki yüz iyirmi dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Nəsimi RPİnin Növbətçi Hissəsində saxlanılan, təmiz çəkisi 1,182 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,082 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,766 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,716 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-297/2023 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-384/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, təmiz çəkisi 1,182 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,082 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,766 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,716 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 224 (iki yüz iyirmi dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar