Məhkəmə qərarları › İş №1(006)-298/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-298/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-298/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1997-ci ildə Sabirabad rayonu, Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi ev 02, mənzil 42-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 1-ci küçə, ev 33B-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 25.01.2021-ci il tarixdə, saat 20:30-da Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26, mənzil 18-in qarşısında olarkən aralarındakı razılığa əsasən Təqsirləndirilən şəxs2 ətrafı müşahidə etmiş, o isə binanın birinci mərtəbəsinin hasarına çıxıb oradakı açıq pəncərədən içəriyə qanunsuz daxil olub mənzilin yataq və qonaq otaqlarından 2.300 manat nağd pul, 1.600 manat dəyərində bir ədəd “Apple” markalı, “A1932” modelli noutbuk, 30 manat dəyərində bir ədəd “Kodak” markalı, “C140” modelli fotoaparat, 7 manat dəyərində üzərində müxtəlif rəngli muncuqlar olan bir ədəd boyunbağı, 4 manat dəyərində üzərində ağ rəngli muncuqlar olan bir ədəd boyunbağı, 5 manat dəyərində gümüşü rəngli, ürək formalı kulonu olan bir ədəd boyunbağı, 3 manat dəyərində üzərində ağ rəngli, kürə formalı muncuqlar və rəngsiz, şəffaf qaşlar olan bir ədəd boyunbağı, 2 manat dəyərində sarı rəngli, halqa formalı bir ədəd qolbaq, 2 manat dəyərində üzərində ağ rəngli muncuqlar olan bir ədəd qolbaq, 5 manat dəyərində üzərində müxtəlif rəngli muncuqlar və qaşlar olan bir ədəd rezin qolbaq, 5 manat dəyərində üzərində müxtəlif rəngli daşlar və sarı rəngli metaldan hazırlanmış dairə formalı elementi olan bir ədəd rezin qolbaq, 4 manat dəyərində üzərində müxtəlif rəngli muncuqlar və sarı rəngli metaldan hazırlanmış “VİKİNGS” yazılı elementi olan bir ədəd rezin qolbaq, 4 manat dəyərində üzərində müxtəlif rəngli muncuqlar və sarı rəngli metaldan hazırlanmış kub formalı elementlər olan rezin qolbaq, 2 manat dəyərində qırmızımtıl sarı rəngli elementlərin üzərinə bərkidilmiş çəhrayı rəngli muncuqlar olan bir ədəd rezin qolbaq, 6 manat dəyərində üzərində müxtəlif rəngli və formalı daşlar olan bir ədəd qolbaq, 5 manat dəyərində üzərində ağ rəngli və şəffaf daşlar olan gümüşü rəngli bir ədəd qolbaq, 2 manat dəyərində üzərində sarı rəngli, kub formalı elementlər olan bir ədəd rezin qolbaq, 3 manat dəyərində sarı rəngli, halqa formalı bir ədəd qolbaq, 4 manat dəyərində üzərində göy rəngli və rəngsiz, şəffaf qaşları olan bir ədəd üzük, 5 manat dəyərində sarı rəngli yeddi ədəd yarpaq formalı elementi olan bir ədəd üzük, 3 manat dəyərində üzərində çəhrayı rəngli və rəngsiz, şəffaf qaşları olan gümüşü rəngli bir ədəd üzük, 2 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşları olan bir ədəd üzük, 2 manat dəyərində gümüşü rəngli ürək formalı elementi olan bir ədəd üzük, 17 manat dəyərində üzərində bir ədəd rəngsiz şəffaf qaş olan, halqasının iç tərəfində “Müşviq Nahidə və TİFFANY CO 925” yazılmış gümüşü rəngli bir ədəd üzük, 13 manat dəyərində “N” hərfi elementli, üzərində rəngsiz şəffaf qaşlar və halqasının içəri tərəfində “S925” damğası olan bir ədəd üzük, 3 manat dəyərində üzərində xaç işarəsi olan qırmızımtıl sarı rəngli bir ədəd üzük, 6 manat dəyərində üzərində bir ədəd göy rəngli və rəngsiz, şəffaf qaşları olan bir ədəd üzük, 4 manat dəyərində gümüşü rəngli, yarpaq formalı elementləri olan bir ədəd üzük, 2 manat dəyərində üzərində muncuq və rəngsiz şəffaf qaşları olan bir ədəd üzük, 6 manat dəyərində üzərində açıq göy rəngli qaş olan bir ədəd üzük, 2 manat dəyərində üzərində iki ədəd qara rəngli və rəngsiz şəffaf qaşları olan sarı rəngli bir ədəd üzük, 7 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan, gül formalı, gümüşü rəngli bir ədəd üzük, 2 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan bir ədəd üzük, 4 manat dəyərində sarı rəngli bir cüt sırğa, 4 manat dəyərində üzərində qaşlar olan, sarı rəngli bir cüt sırğa, 5 manat dəyərində yarpaq formalı elementlərdən ibarət bir cüt sırğa, 3 manat dəyərində romb formalı, içərisində parçayabənzər hissə olan sarı rəngli bir cüt sırğa, 3 manat dəyərində sarı rəngli bir cüt sırğa, 6 manat dəyərində sarı rəngli nazik metal təbəqənin içərisində olan, açıq göy və açıq sarı rəngli qeyri metal elementlərdən ibarət bir cüt sırğa, 5 manat dəyərində üzərində müxtəlif rəngli qaşlar olan bir cüt sırğa, 11 manat dəyərində qırmızı rəngli, kürə formalı muncuqlardan ibarət gümüşü rəngli bir cüt sırğa, 8 manat dəyərində üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan bir cüt sırğa, 6 manat dəyərində üzərində göy rəngli və rəngsiz, şəffaf qaşlar olan bir cüt sırğa, 6 manat dəyərində sarı rəngli bir ədəd qol saatı, 12 manat dəyərində gümüşü rəngli bir ədəd qol saatı, 5 manat dəyərində sarı rəngli qol saatı, 8 manat dəyərində qırmızımtıl sarı rəngli bir ədəd qol saatı, 10 manat dəyərində sferblatının içəri tərəfində “OMAX” yazısı olan gümüşü rəngli qol saatı, 14 manat dəyərində gümüşü rəngli, ağ rezin qolbağı olan bir ədəd qol saatı, 13 manat dəyərində boz rəngli dəriyəbənzər qolbağı olan qırmızımtıl sarı rəngli bir ədəd qol saatı, 15 manat dəyərində açıq bənövşəyi rəngli, dəriyəbənzər qolbağı olan bir ədəd qol saatı, 9 manat dəyərində sarı rəngli, parça materialından qolbağı olan qol saatı, 1.127 manat dəyərində 12 ədəd brilyant qaşları olan bir cüt qızıl cüt sırğa və üzük dəsti, 671 manat dəyərində qızıl boyunbağı, 246 manat dəyərində qızıl qolbaq, 94 manat dəyərində qızıl qolbaq, 50 manat dəyərində bir ədəd “Samsung” markalı və 200 manat dəyərində bir ədəd “iPhone” markalı mobil telefonları oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 6.602 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 25.01.2021-ci il tarixdə, saat 18 radələrində Turanə adlı tanışı ilə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən üzü Bakıxanov küçəsi istiqamətində piyada gedərkən pul əldə etmək məqsədilə oğurluq etmək qərarına gəlmiş və mənzil axtarmağa başlamışlar. Lakin ətrafdakı mənzillərin bəzilərində kimsə olmuş, bəziləri isə təhlükəsizlik siqnalı ilə təchiz edildiyindən oraya yaxınlaşa bilməmişlər. Saat 20:30-da Nəsimi rayonu, ünvan 1 ünvana gəldikdə 2-ci mərtəbədəki mənzilin işıqlarının yanmadığını və çöl tərəfdəki nəfəsliyin açıq olduğunu görmüşlər. O, Turanədən yuxarıya qalxaraq evdə adam olub-olmadığını yoxlamasını xahiş etmiş, sonuncu da bloka girib bir neçə dəqiqə sonra geri qayıdıb qapını döydüyünü və heç kəsin açmadığını söyləmişdir. Turanə ilə aşağıda olanda evdən nə oğurlasalar aralarında bölməyə razılaşmışlar. Bundan sonra Turanə həyətdə ətrafı müşahidə etmək üçün onu gözləməyə başlamış, o isə blokun üstünə qalxıb dəmir barmaqlığa yaxınlaşıb pəncərəni açıb mənzilə daxil olub axtarış aparmağa başlamışdır. Qonaq otağından tapdığı bir ədəd idman çantasından müxtəlif bijüteriya mallarını götürüb onun içinə yığmış, daha sonra o, yataq otağındakı şkafın içərisindən 2.300 manat pulu və bir ədəd yaşıl qaşlı brilyant dəsti, iki ədəd qolbağı, bir ədəd qızıl boyunbağını və əlavə bir neçə qızıl əşyaları, girişdən sağ tərəfdəki otaqdan isə bir ədəd noutbuk, bir ədəd fotoaparat, iki ədəd mobil telefonu da götürüb hamısını qara rəngli idman çantasına yığaraq pəncərədən mənzili tərk etmişdir. Oğurladığı qızıl əşyalarını “Moskva” univermağında Turanənin şəxsiyyət vəsiqəsi ilə 1.520 manata, “Samsung” markalı mobil telefonu tanımadığı şəxsə 50 manata, “Apple” markalı noutbuku metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı mağazada “Rəvan” adlı şəxsə 220 manata satmış, “iPhone 7” markalı mobil telefonu isə həmin günü itirmişdir. Evdən oğurladığı 2.300 manatı pulu öz ehtiyaclarına xərcləmiş, bijüteriya və fotoaparatı isə yaşadığı ünvanda saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanıldıqda bu əşyaları təhvil vermiş, qızılları və noutbuku satdığı mağazaları da göstərmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Elfanla Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə yerləşən günlük kirayə qaldığı mənzildə tanış olmuşdur. 25.01.2021-ci il tarixdə, axşam vaxtı Elfanla “Papanin” adlanan ərazidə gəzərkən sonuncu xalasıgildən pul götürməli olduğunu söyləmiş və bu məqsədlə onunla birlikdə Nəsimi rayonu, ünvan 1 ünvana gəlmişlər. Elfan ondan 2-ci mərtəbədəki mənzilə qalxıb qapını döyərək orada kiminsə olub-olmadığını maraqlanmağı xahiş etmişdir. O da yuxarı qalxıb qapını döymüş və evdə heç kimin olmadığını bilib aşağı düşüb bu barədə Elfana məlumat vermişdir. Elfan isə ona aşağıda gözləməyi bildirib mənzilə qalxmış, bir müddət sonra geri qayıtmış və onlar həmin yerdən uzaqlaşmışlar. Elfan gətirdiyi puldan ona 400 manat vermiş, o da 300 manatı ehtiyaclarına xərcləmiş, qalan 100 manatı isə geri qaytarmışdır. Səhəri günü Elfan ona xalasından aldığı qızılları satmaq istədiyini söyləmiş və onlar birlikdə “Moskva” univermağına getmişlər. Orada Elfan öz şəxsiyyət vəsiqəsi üzərində olmadığından ondan xahiş etmişdir ki, qızılları satmaq üçün onun vəsiqəsi təqdim etsinlər, o da buna etiraz etməmişdir. Onun Elfanın oğurluq etdiyini bilməmiş, mənzilə oğurluq məqsədilə girdiyindən xəbəri olmamışdır. Bu işdə heç bir təqsiri yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25.01.2021-ci il tarixdə, saat 22:30 radələrində o, arvadı Nahidə Əliyevanı və qızı Nərgiz Əliyeva ilə birlikdə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26, mənzil 18-ə gəldikdə qapının içəridən bağlı olduğunu görmüşlər. Onlar dərhal evin arxa tərəfinə keçib pəncərəni açıq və şkafı dağınıq vəziyyətdə gördükdə içəriyə başqa şəxlərin daxil olduğunu bilmişlər. Dərhal bu barədə “102” xidmətinə zəng edib məlumat vermişdir. Polislər gəldikdən sonra onlar mənzilə açıq pəncərədən daxil olmuş, ətrafa nəzər saldıqda oradan 2.300 manat məbləğində pulun, 50 manat dəyərində bir ədəd “Samsung” markalı və 200 manat dəyərində bir ədəd “iPhone” markalı mobil telefonların, bir ədəd “Apple” markalı “A1932” modelli noutbukun, “Kodak” markalı, “C140” modelli fotoaparatın, yaşıl brilyant qaşlı, 585 əyarlı bir cüt sırğa və üzükdən ibarət qızıl dəstin, iki ədəd 585 əyarlı qızıl qolbağın, bir ədəd 585 əyarlı qızıl boyunbağın, bir ədəd “CURREN” markalı qol saatının, iki ədəd “H&M” markalı qol saatının, bir ədəd “AVON” markalı qol saatının, bir ədəd “SPARK" markalı qol saatının, bir ədəd “CALVİN KLEİN” markalı qol saatının, bir ədəd “GUCCİ” markalı qol saatının, bir ədəd şüşəsinin daxilində fil təsviri olan, markasız qol saatının, bir ədəd “OMAX” markalı qol saatının, bir ədəd ürək formasında kulonu olan boyunbağın, bir ədəd ağ qaşlardan ibarət boyunbağın, bir ədəd müxtəlif rəngli daşlardan ibarət boyunbağın, bir ədəd üzərində “VİKİNGS” yazısı olan qolbağın, bir ədəd ağ qaşlardan ibarət qolbağın, bir ədəd üzərində mirvari qaşlar olan qolbağın, bir ədəd sarı metaldan ibarət üzərində yazısı olmayan qolbağın, yeddi ədəd metal, çəhrayı, ağ, maviağ, girdə və dördbucaqlı formasında daşlardan ibarət, müxtəlif rəngli girdə daşlardan ibarət və çay daşına bənzər qolbaqların, bir ədəd üzərində iki qara rəngli daş, bir şəffaf qaşı olan üzüyün, bir ədəd üzərində yeddi ədəd yarpaq formalı elementi olan üzüyün, bir ədəd üzərində dörd ədəd ağ rəngli qaş olan üzüyün, bir ədəd üzərində ürək forması olan üzüyün, bir ədəd üzərində on iki ədəd şəffaf qaş olan üzüyün, iki ədəd üzərində göy rəngli daş olan üzüyün, bir ədəd üzərində on səkkiz ədəd yarpaq formalı elementi olan üzüyün, bir ədəd üzərində “N” hərfi olan üzüyün, bir ədəd üzərində iki ədəd qırmızı rəngli gül formalı elementi olan üzüyün, bir ədəd üzərində ağ, şəffaf qaşlar olan üzüyün, bir ədəd üzərində xaç formalı elementi olan üzüyün, bir ədəd üzərində göy rəngli qaşı olan üzüyün, bir ədəd çəhrayı rəngli üzüyün, bir ədəd içərisində “Nahidə” yazısı olan üzüyün, bir ədəd üzərində kulonu olan qolbağın, mavi və şəffaf qaşlardan ibarət bir cüt sırğanın, göy və şəffaf qaşlardan ibarət bir cüt sırğanın, kvadrat formalı, sarı rəngli bir cüt sırğanın, aypara formalı bir cüt sırğanın, yaşıl qaşlı bir cüt sırğanın, şam ağacı formalı bir cüt sırğanın, buta formalı bir cüt sırğanın, müxtəlif qaşlardan ibarət bir cüt sırğanın, hər birində üç ədəd yarpaq formalı elementi olan bir cüt sırğanın, üzərində böyük mirvari formalı sadə qaş olan bir cüt sırğanın və bir cüt qırmızı rəngli, girdə formalı sırğanın oğurlandığını aşkar etmişlər. Oğurlanmış əşyaların əksəriyyəti tapılsa da, 2.300 manat pul, üzərində qaşı olmayan halqa formasında bir ədəd qızıl sırğa dəsti, gül formasında bir ədəd qızıl üzük və telefonlar ona qaytarılmamışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, “Moskva” univermağında yerləşən qızıl satışı ilə məşğul olan “Yaqut” adlı mağazada satıcı işləyir. 26.01.2021-ci il tarixdə, saat 18 radələrində mağazaya bir kişi və bir qadın birlikdə yaxınlaşıb özlərinə məxsus qızıl əşyalarını satmaq istədiklərini bildirmişlər. O da qızıllara baxıb onların qiyməti ilə maraqlanmış, həmin şəxslər də bu əşyaları ümumillikdə 1.520 manata satacaqlarını söyləmişlər. O da müdiriyyətlə məsləhətləşib təqdim olunmuş malları almış, eyni zamanda Turanə adlı qadına məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxardıb, habelə bir ədəd yaşıl qaşlı üzük, bir cüt yaşıl qaşlı sırğaları, bir ədəd qızıl boyunbağını, iki ədəd qolbağı və bir cüt sırğanın şəklini çəkərək alqı-satqı qəbzi vermişdir. Aldığı qızılların oğurluq olduğunu bilməmişdir. Turanə qızılların ona məxsus olduğunu, sadəcə imkansızlıqdan satdığını söyləmişdir. İş materiallarında olan:  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 02.03.2021-ci il tarixli, 6/595-9/613 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, dəmir əsaslı ərintidən hazırlanmış, üzərində müxtəlif rəngli muncuqlar olan bir ədəd boyunbağının qiyməti 7 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində ağ rəngli muncuqlar olan bir ədəd boyunbağının qiyməti 4 manat, dəmir əsaslı ərintidən hazırlanmış, gümüşü rəngli, üzərk formalı kulonu olan bir ədəd boyunbağının qiyməti 5 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində ağ rəngli, kürə formalı muncuqlar və rəngsiz, şəffaf qaşlar olan, halqa formalı bir ədəd qolbağın qiyməti 3 manat, mis əsaslı ərintidən hazırlanmış, sarı rəngli, halqa formalı, üzərində rəngsiz, şəffaf qaşlar olan bir ədəd qolbağın qiyməti 2 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində ağ rəngli muncuqlar olan bir ədəd qolbağın qiyməti 2 manat, qiymətsiz metal ərintidən hazırlanmış, üzərində müxtəlif rəngli muncuqlar və qaşlar olan bir ədəd rezin qolbağın qiyməti 5 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində müxtəlif rəngli daşlar və sarı rəngli metaldan dairə formalı elementi olan bir ədəd rezin qolbağın qiyməti 5 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində müxtəlif rəngli muncuqlar və sarı rəngli metaldan hazırlanmış “VİKİNGS” yazılı elementi olan bir ədəd rezin qolbaq qiyməti 4 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində müxtəlif rəngli muncuqlar və sarı rəngli metaldan hazırlanmış kub formalı elementlər olan rezin qolbağın qiyməti 4 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində qırmızımtıl sarı rəngli elemenlərin üzərinə bərkidilmiş çəhrayı rəngli muncuqlar olan bir ədəd rezin qolbağın qiyməti 2 manat, dəmir əsaslı ərintidən hazırlanmış,üzərində müxtəlif rəngli və formalı daşlar olan bir ədəd qolbağın qiyməti 6 manat, dəmir əsaslı ərintidən hazırlanmış, üzərində ağ rəngli və şəffaf daşlar olan gümüşü rəngli bir ədəd qolbağın qiyməti 5 manat, qiymətsiz metal ərintidən hazırlanmış, üzərində sarı rəngli kub formalı elementlər olan bir ədəd rezin qolbağın qiyməti 2 manat, mis əsaslı ərintidən hazırlanmış, sarı rəngli, halqa formalı bir ədəd qolbağın qiyməti 3 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində bir ədəd göy rəngli və rəngsiz şəffaf qaşlar olan, sarı rəngli bir ədəd üzüyün qiyməti 4 manat, mis əsaslı ərintidən hazırlanmış, sarı rəngli, üzərində yeddi ədəd yarpaq formalı elemeti olan bir ədəd üzüyün qiyməti 5 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində bir ədəd çəhrayı rəngli və rəngsiz şəffaf qaşlar olan, gümüşü rəngli bir ədəd üzüyün qiyməti 3 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan bir ədəd üzüyün qiyməti 2 manat, dəmir əsaslı ərintidən hazırlanmış, gümüşü rəngli, ürək formalı elementi olan bir ədəd üzüyün qiyməti 2 manat, gümüş 925 əyarlı, üzərində bir ədəd rəngsiz şəffaf qaş olan, halqasının iç tərəfində “Müşviq Nahidə” və “TİFFANY CO 925” yazısı olan, gümüşü rəngli bir ədəd üzüyün qiyməti 17 manat, gümüş 925 əyarlı, “N” hərfi elementli, üzərində rəngsiz şəffaf qaşlar olan və halqasının iç tərəfində “S925” damğası olan bir ədəd üzüyün qiyməti 13 manat, dəmir əsaslı ərintidən hazırlanmış, üzərində xaç işarəsi olan, qırmızımtıl sarı rəngli bir ədəd üzüyün qiyməti 3 manat, dəmir əsaslı ərintidən hazırlanmış, üzərində bir ədəd göy rəngli və rəngsiz şəffaf qaşlar olan bir ədəd üzüyün qiyməti 6 manat, mis əsaslı ərintidən hazırlanmış, gümüşü rəngli, yarpaq formalı elementləri olan bir ədəd üzüyün qiyməti 4 manat, dəmir əsaslı ərintidən hazırlanmış, üzərində bir ədəd muncuq və rəngsiz şəffaf qaşlar olan, gümüşü rəngli bir ədəd üzüyün qiyməti 2 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində bir ədəd açıq göy rəngli qaş olan bir ədəd üzüyün qiyməti 6 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində iki ədəd qara rəngli və rəngsiz şəffaf qaşlar olan sarı rəngli bir ədəd üzüyün qiyməti 2 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində rəngsiz şəffaf qaşlar olan gül formalı, gümüşü rəngli, bir ədəd üzüyün qiyməti 7 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində rəngsiz şəffaf qaşlar və yarpaq formalı elemntlər olan bir ədəd üzüyün qiyməti 2 manat, mis əsaslı ərintidən hazırlanmış, sarı rəngli bir cüt sırğanın qiyməti 4 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində qaşlar olan, sarı rəngli bir cüt sırğanın qiyməti 4 manat, mis əsaslı ərintidən hazırlanmış, yarpaq formalı elementlərdən ibarət bir cüt sırğanın qiyməti 5 manat, qiymətsiz metal ərintisindən hazırlanmış romb formalı, içərisində parçayabənzər hissə olan sarı rəngli bir cüt sırğanın qiyməti 3 manat, mis əsaslı ərintidən hazırlanmış, sarı rəngli bir cüt sırğanın qiyməti 3 manat, mis əsaslı ərintidən hazırlanmış, sarı rəngli, metal təbəqənin içərisində olan açıq göy və açıq sarı rəngli qeyri-metal elementlərdən ibarət bir cüt sırğanın qiyməti 6 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində müxtəlif rəngli qaşlar olan bir cüt sırğanın qiyməti 5 manat, gümüş 925 əyarlı, qırmızı rəngli, kürə formalı muncuqlardan ibarət gümüşü rəngli bir cüt sırğanın qiyməti 11 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində yaşıl rəngli və rəngsiz şəffaf qaşlar olan bir cüt sırğanın qiyməti 8 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində göy rəngli və rəngsiz şəffaf qaşlar olan bir cüt sırğanın qiyməti 6 manat, mis əsaslı ərintidən hazırlanmış, ağ rəngli kürə formalı, muncuğu olan sarı rəngli bir ədəd sırğa tayının qiyməti 0 manat, mis əsaslı ərintidən hazırlanmış, üzərində rəngsiz şəffaf qaşlar və ağ rəngli,kürə formalı muncuğu olan sarı rəngli bir ədəd məmulat hissəsinin qiyməti 0 manat, qiymətsiz metal ərintisindən hazırlanmış, sarı rəngli, sferblatının iç tərəfində “ck Calvin Klein” bir ədəd qol saatının qiyməti 6 manat, dəmir əsaslı ərintidən hazırlanmış, gümüşü rəngli, sferblatının iç tərəfində “Spark” yazısı olan bir ədəd qol saatının qiyməti 12 manat, qiymətsiz metal ərintisindən hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan bir ədəd sarı rəngli qol saatının qiyməti 5 manat, qiymətsiz metal ərintisindən hazırlanmış, qırmızımtıl sarı rəngli, sferblatının iç tərəfində “CURREN” yazısı olan bir ədəd qol saatının qiyməti 8 manat, qiymətsiz metal ərintisindən hazırlanmış, gümüşü rəngli, sferblatının iç tərəfində “QMAX” yazısı, üzərində gül formalı elementlər olan bir ədəd qol saatının qiyməti 10 manat, dəmir əsaslı ərintidən hazırlanmış, gümüşü rəngli, ağ rezin qolbağı olan bir ədəd qol saatının qiyməti 14 manat, qiymətsiz metal ərintisindən hazırlanmış, boz rəngli dəriyəbənzər qolbağı olan qırmızımtıl sarı rəngli bir ədəd qol saatının qiyməti 13 manat, qiymətsiz metal ərintisindən hazırlanmış, açıq bənövşəyi rəngli dəriyəbənzər qolbağı olan, qırmızımtıl sarı rəngli bir ədəd qol saatının qiyməti 15 manat, mis əsaslı ərintidən hazırlanmış, sarı rəngli parça materialından qolbağı olan bir ədəd qol saatının qiyməti 9 manat, qızıl 583/585 əyarlı, elementlərinin hər birinin üzərində bir ədəd yaşıl rəngli və dörd ədəd rəngsiz şəffaf qaş olan (ümumilikdə üç ədəd yaşıl, on iki ədəd rəngsiz, şəffaf brilyant qaş) sarı rəngli bir cüt sırğa və üzük dəstinin qiyməti 1.127 manat, qızıl 583/585 əyarlı, qırmızımtıl sarı rəngli bir ədəd boyunbağının qiyməti 671 manat, qızıl 583/585 əyarlı, qırmızımtıl sarı rəngli bir ədəd qolbağın qiyməti 246 manat, qızıl 583/585 əyarlı, sarı rəngli bir ədəd qolbağın qiyməti 94 manat olmaqla yuxarıda qeyd edilən malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4.052,0 manat müəyyən edilir. Onlardan bir ədəd istifadədə olmuş “Apple” markalı, “A1932” modelli noutbukun dəyəri 1.600 manat, bir ədəd istifadədə olmuş “Kodak” markalı, “C140” modelli fotoaparatın dəyəri 30,0 manat, aparılmış tədqiqatın dəyəri isə 90 manat təşkil edir (İ cild, i.v.186-194);  “Sübutların qiymətləndirilməsi haqqında” 27.03.2021-ci il tarixli qərara əsasən maddi sübut kimi tanınmış bir ədəd “Apple” markalı, “A1932” modelli noutbuk, bir ədəd “Kodak” markalı, “C140” modelli fotoaparat, bir ədəd yaşıl qaşlı brilyant üzük, bir cüt yaşıl qaşlı brilyant sırğa, iki ədəd qızıl qolbaq, bir ədəd qızıl boyunbağı, müxtəlif materiallardan hazırlanmış on beş ədəd üzük, on iki ədəd qolbaq, doqquz ədəd qol saatı, üç ədəd boyunbağı və on bir cüt sırğa sahibi Zərərçəkmiş şəxs qaytarılmış, görüntüləri əks etdirən bir ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Eyni zamanda bu qərara görə zərər çəkmiş şəxsin hadisə zamanı mənzilindən oğurlanan, üzərində qaşı olmayan halqa formasında bir dəst 150 manat dəyərində qızıl sırğa və gül formasında olan bir ədəd 1.000 manat dəyərində qızıl üzük tapılıb ekspertizaya təqdim olunmadığından, həmin əşyaların dəyəri zərər çəkmiş şəxsin ifadəsində göstərilən qiymətə uyğun götürülmüşdür (İ cild, i.v.226-234);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.01.2021-ci il tarixli, 4(006)-61/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 yanvar 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.112- 115);  “Şübhəli şəxsin tutulması haqqında” 15.03.2021-ci il tarixli prokoldan aydın olur ki, Təqsirləndirilən şəxs2 həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 16.03.2021-ci il tarixdə imtina edilmişdir (İ cild, i.v.147- 148, 174-176);  Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, 13 avqust 2021-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.02.2021-ci il tarixli arayışları və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarı ilə o, bu cəzasının çəkilməmiş 10 ay 21 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında isə heç bir məlumat yoxdur (İ cild, i.v.128-130, 195-224, İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş əməlin törədilməsində özünü təqsirli bilməsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz digər dəlillərlə təqsirləndirilən şəxslərin hər ikisinə qarşı irəli sürülmüş ittiham tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hallar Təqsirləndirilən şəxs2 özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Bununla belə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda vurulmuş zərərin həcmi azaldılmalıdır. Belə ki, ittiham aktında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 25.01.2021-ci il tarixdə, saat 20:30-da Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26, mənzil 18-dən ümumilikdə oğurlayaraq taladığı əşyaların dəyəri 7.752 manat göstərilmişdir. Bu əşyalara 2.300 manat, ekspertiza tərəfindən qiyməti müəyyən edilmiş dəmir, mis, gümüş və dəmir ərintilərindən olan müxtəlif bijuteriya, habelə 1.127 manat dəyərində 12 ədəd brilyant qaşları olan bir cüt qızıl cüt sırğa və üzük dəsti, 671 manat dəyərində qızıl boyunbağı, 246 manat dəyərində qızıl qolbaq, 94 manat dəyərində qızıl qolbaq, eyni zamanda zərər çəkmiş şəxsin sözləri əsasında götürülən, qiyməti 50 manat dəyərində olan bir ədəd “Samsung” markalı və 200 manat dəyərində bir ədəd “iPhone” markalı mobil telefonlar daxildir. Həmin əşyaların da ümumi dəyəri riyazi hesablanma yolu ilə 6.602 manat təşkil edir. Fərq təşkil edən 1.150 manat isə “Sübutların qiymətləndirilməsi haqqında” 27.03.2021-ci il tarixli qərara əsasən zərər çəkmiş şəxsə məxsus olaraq tapılmayan, üzərində qaşı olmayan halqa formasında bir dəst 150 manat dəyərində qızıl sırğa və gül formasında olan bir ədəd 1.000 manat dəyərində qızıl üzükdür. Lakin bununla bağlı müddəalar təqsirləndirilən şəxslərə verilmiş ittihama daxil edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda oğurluq nəticəsində zərər çəkmiş şəxsə vurulmuş zərərin həcmi azaldılaraq 6.602 manat müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticcəsində əldə edilmiş əmlakın tapılmasında köməklik etməsini Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Təqsirləndirilən şəxs1 isə əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin qeyd olunan maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 76.6-cı maddəsinə müvafiq olaraq cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 7(003)-539/2020 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli, 1(005)-191/2019 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 21 gün hissəsi hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 01 ay 10 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 29 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri isə dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Apple” markalı, “A1932” modelli noutbuk, bir ədəd “Kodak” markalı, “C140” modelli fotoaparat, bir ədəd yaşıl qaşlı brilyant üzük, bir cüt yaşıl qaşlı brilyant sırğa, iki ədəd qızıl qolbaq, bir ədəd qızıl boyunbağı, müxtəlif materiallardan hazırlanmış on beş ədəd üzük, on iki ədəd qolbaq, doqquz ədəd qol saatı, üç ədəd boyunbağı və on bir cüt sırğa sahibi Zərərçəkmiş şəxs istifadəsində, bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri 90 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü“maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə“(vəkilə)“ödənilən haqq hər iş saatı üçün“6“manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 7(003)-539/2020 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli, 1(005)-191/2019 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi – 10 (on) ay 21 (iyirmi bir) gün müddət Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 29 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 01 (bir) ay 10 (on) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 1-ci küçə, ev 33B-ni hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Apple” markalı, “A1932” modelli noutbuk, bir ədəd “Kodak” markalı, “C140” modelli fotoaparat, bir ədəd yaşıl qaşlı brilyant üzük, bir cüt yaşıl qaşlı brilyant sırğa, iki ədəd qızıl qolbaq, bir ədəd qızıl boyunbağı, müxtəlif materiallardan hazırlanmış on beş ədəd üzük, on iki ədəd qolbaq, doqquz ədəd qol saatı, üç ədəd boyunbağı və on bir cüt sırğa sahibi Zərərçəkmiş şəxs istifadəsində, bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar