Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-299/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, N.Qəhrəmanov küçəsi, ev 02-də qeydiyyatda olan, azadlıqdan məhrum etmə cəzasını çəkən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2020-ci il tarixdə, saat 15 radələrində qayınanası Zərərçəkmiş şəxs və arvadı Şahid1 ilə birlikdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., 20 Yanvar küçəsi, ev 23A, mənzil 39-da yataq otağına qoyulmuş şkafın içərisindən Zərərçəkmiş şəxs məxsus 1.425 manat dəyərində bir ədəd 15 qram çəkidə 750 əyarlı qızıl boyunbağını, 950 manat dəyərində bir ədəd 10 qram çəkidə 750 əyarlı qızıl qolbağı və 475 manat dəyərində bir ədəd 5 qram çəkidə 750 əyarlı brilyant qaşlı qızıl üzüyü gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 2.850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddət arvadı Şahid1 qizi ilə qayınanası Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., 20 Yanvar küçəsi, ev 23A, mənzil 39-da yaşamışdır. 2020-ci ilin yanvar ayının əvvəllərində maddi durumu yaxşı olmadığından toy mərasimində arvadına hədiyyə verdiyi 3.000 manat dəyərində 585 əyarlı qızıl dəstini, qayınanası Zərərçəkmiş şəxs məxsus 15 qram çəkidə 750 əyarlı qızıl boyunbağını, 10 qram çəkidə qızıl qolbağı və 5 qram çəkidə 750 əyarlı brilyant qaşlı qızıl üzüyü icazəsiz götürüb lombarda qoyaraq oradan 4.000 manat pul əldə etmişdir. Lakin lombarddan aldığı pulu ödəyə bilmədiyindən bu əşyaları geri götürə bilməmişdir. Sonradan arvadı ilə aralarında problemi yarandığından o, atasının yanında yaşamağa davam etmişdir. 27.12.2020-ci il tarixdə, saat 10 radələrində əşyalarını qayınanasıgildən götürmək üçün onların evinə getdikdə Qəmər və Aygül binanın qabağında olmuşlar. Onlara əşyalarını götürməyə gəldiyini söylədikdə, Aygül buna etiraz etsə də, Qəmər razılaşıb sonuncuya onunla birlikdə evə qalxmağını bildirmişdir. O, Aygüllə bərabər evə qalxıb əşyalarını götürdükdən sonra qayınanası Qəmərin götürdüyü qızıllarının əvəzində verdiyi qızılları ondan tələb etməyə başlamışdır. Bu vaxt onların arasında mübahisə yaranmışdır. Qayınanası Qəmər evə qalxdıqda onun Aygüllə dalaşdığını görüb sonuncuya götürdüyü qızılların əvəzində verdiyi qızılları ona qaytarmağını demişdir. Aygül də qızılları gətirib ona geri qaytarmışdır. Onun Qəmərə məxsus qızılları oğurladığı barədə arvadı Aygülün əvvəlcədən xəbəri olmamışdır. Həmin qızılları Nəsimi rayonu ərazisində Murad adlı şəxsə lombarda vermişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi rayonu, 4 mikrorayon, 20 Yanvar küçəsi, ev 23A, mənzil 39-da qızı Şahid1 ilə birlikdə yaşayır. Kürəkəni Təqsirləndirilən şəxs də bir müddət onlarla bərabər yaşamış, sonradan qızı Aygüllə münasibətləri yaxşı olmadığından atasının yanında qalmağa başlamışdır. 2020-ci ilin yanvar ayının 31-də işdən qayıtdıqda evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş, dərhal Aygülə zəng edib nə baş verdiyini soruşmuş, qızı da evə gələndə vəziyyəti izah edəcəyini demişdir. Aygül evə gəldikdən sonra ona hər şeyi danışıb bir həftə əvvəl Əlinin onun yataq otağındakı paltar dolabınının aşağı hissəsindən ona məxsus olan 15 qram çəkidə 750 əyarlı qızıl boyunbağını, 10 qram çəkidə 750 əyarlı qızıl qolbağı və 5 qram çəkidə 750 əyarlı brilyant qaşlı qızıl üzüyü, qızına toy mərasimində toy hədiyyəsi kimi verdiyi 585 əyarlı qızıl dəstini icazəsiz götürüb lombarda qoyaraq oradan əvəzində 4.000 manat pul əldə etdiyini söyləmişdir. Bir neçə gündən sonra Aygül Əlinin ona bir ədəd 585 əyarlı incə qızıl boyunbağı, bir ədəd 585 əyarlı qızıl qolbaq və bir ədəd 585 əyarlı incə qızıl beşlik gətirib verdiyini və Əlini evdən qovduğunu demişdir. Lakin onlar bu barədə polisə müraciət etməmiş, sadəcə mənzilin əsas giriş qapısının qıfılını dəyişmişlər. 27.12.2020-ci il tarixdə, saat 10 radələrində o, Aygüllə birlikdə marketə getmək üçün aşağı düşdükdə Əlinin qapının ağzında dayanıb onları gözlədiyini görmüşdür. Əli onlara paltarlarını götürməyə gəldiyini demiş və nə vaxt evə qayıdacaqları ilə maraqlanmışdır. O, Aygülə açarı verərək Əli ilə birgə paltarların götürməsi üçün evə qalxmasını demiş, özü də aşağıda gözləmişdir. Bir müddət sonra Əli ilə Aygülün geri qayıtmadığını görüb dərhal özü evə qalxmışdır. Yuxarı qalxdıqda Əlinin paltarlarını qapının ağzına yığdığını və Aygülə yüksək səslə qışqıraraq icazəsiz olaraq götürdüyü, ona məxsus bir ədəd boyunbağı, qolbaq və üzüyün əvəzində gətirib verdiyi boyunbağı və qızılı geri istədiyini görmüşdür. O, Əlinin hərəkətlərindən qorxub Aygülə boyunbağı və qolbağı gətirməyi söyləmişdir. Aygül də həmin əçyaları gətirib qapının ağzına atmışdır. Əli qızılı götürüb evdən çıxan kimi Aygül dərhal qapını bağlayıb qıfılını açarla kilidləmiş, o isə “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 04.03.2021-ci il tarixli, 9/1151 saylı rəyinə görə 15 qram çəkidə 750 əyarlı qızıl qadın boyunbağının dəyəri 1.425 manat; 10 qram çəkidə 750 əyarlı qızıl qadın qolbağının dəyəri 950 manat; 5 qram çəkidə 750 əyarlı brilyant qaşlı qızıl qadın üzüyünün dəyəri 475 manat olmaqla, qeyd edilən qızıl-zinət əşyalarının hal-hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri 2.850,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.122-124); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.03.2021-ci il tarixli arayışı, məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinib qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə bu hökm dəyişdirilərək ona qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 20.03.2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.104-106, 131-137, İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və onun hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin onun cəzasının əvvəli 20 mart 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 mart 2021-ci il tarixdən hesablansın və onun hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-299/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-299/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver