Məhkəmə qərarları › İş №1(006)-299/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-299/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-299/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi, ev 24, mənzil 02-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza çəkən, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən mobil telefon və aksesuarların satışı mağazasının qarşısına gəlib kənar şəxslərin onu görmədiyi şəraitdə mağazanın giriş qapısının kilidini fiziki güc tətbiq edib sındırdıqdan sonra oraya qanunsuz daxil olub mağazanın içərisindən bir ədədinin qiyməti 180 manat olmaqla ümumilikdə 540 manat dəyərində 03 ədəd “Honor X7A” markalı, 120 manat dəyərində 01 ədəd “Poco M3” markalı, 280 manat dəyərində 01 ədəd “X3 10S” markalı, 250 manat dəyərində 01 ədəd “X3 8S” markalı, bir ədədinin qiyməti 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd “Samsung A11” markalı, 180 manat dəyərində 01 ədəd “Samsung A10s” markalı, 150 manat dəyərində 01 ədəd “Samsung A10” markalı, bir ədədinin qiyməti 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd “Samsung A12” markalı, 100 manat dəyərində 01 ədəd “Samsung Note 3” markalı, bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində 02 ədəd “Samsung J2 Prime” markalı, 200 manat dəyərində 01 ədəd “Huawei P30 Lite” markalı, bir ədədinin qiyməti 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində 03 ədəd “Samsung 5610” markalı mobil telefonları və bir ədədinin qiyməti 05 manat olmaqla ümumilikdə 30 manat dəyərində 06 ədəd mobil telefon aksesuarı olan cərəyan qidalandırıcı naqilləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 noyabr 2023-cü il tarixdə, axşam saat 23 radələrində 3-cü mikrorayon dairəsi yaxınlığında olan zaman orada yerləşən telefon mağazasının qapısının kilidinin yarı açıq olduğunu görmüşdür. Həmin vaxt mağazaya daxil olaraq oradan oğurluq etmək qərarına gəlmiş və əli ilə plastik qapını bərk itələmiş, qapının kilidi qırılaraq açılmışdır. İçəri daxil olduqdan sonra orada stolun üzərində müxtəlif modelli mobil telefonlar və onların aksessuarları olduğunu görmüşdür. Həmin telefon və aksessuarları götürüb mağazanı tərk edib yaşadığı ünvana getmişdir. Daha sonra bu əşyalara baxdıqda 19 ədəd müxtəlif markalı mobil telefon və altı ədəd ağ rəngli telefon cərəyan naqillərinin olduğunu görmüş və onları evinin yaxınlığında olan yarımtikilidə gizlətmişdir. 21 noyabr 2024-cü il tarixdə həmin mobil telefonları və cərəyan naqillərini özü ilə götürüb metronun “İnşaatçılar” stansiyası yaxınlığına getmişdir. Orada telefonlardan 09nu müxtəlif qiymətlərə tanımadığı şəxslərə satmış, qalan əşyaları isə yaşadığı mənzilə aparmışdır. 22 noyabr 2023-cü il tarixdə qalan əşyaları da satmaq üçün evdən çıxıb metronun “20 Yanvar” stansiyası yaxınlığına getmişdir. Orada mobil telefonları satmaq istədiyi zaman polis əməkdaşı tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Şöbədə üzərində olan 10 ədəd mobil telefon aparatını və cərəyan naqillərini təqdim etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yerləşən mobil telefon mağazasını icarə əsasında işlədir. 21 noyabr 2023-cü il tarixdə, saat 09 radələrində mağazaya gələndə onun qapısının kilidinin sındırıldığını və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olub ətrafa nəzər saldıqda mağazadakı dolabın içərisində saxladığı bir ədədinin qiyməti 180 manat olmaqla ümumilikdə 540 manat dəyərində 03 ədəd “Honor X7A“ markalı, 120 manat dəyərində 01 ədəd “Poco M3” markalı, 280 manat dəyərində 01 ədəd “X3 10S” markalı, 250 manat dəyərində 01 ədəd “X3 8S” markalı, bir ədədinin qiyməti 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd “Samsung A11” markalı, 180 manat dəyərində 01 ədəd “Samsung A10s” markalı, 150 manat dəyərində 01 ədəd “Samsung A10” markalı, bir ədədinin qiyməti 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd “Samsung A12” markalı, 100 manat dəyərində 01 ədəd “Samsung Note 3” markalı, bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində 02 ədəd “Samsung J2 Prime” markalı, 200 manat dəyərində 01 ədəd “Huawei P30 Lite” markalı, bir ədədinin qiyməti 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində 03 ədəd “Samsung 5610” markalı mobil telefonların və bir ədədinin qiyməti 05 manat olmaqla ümumilikdə 30 manat dəyərində 06 ədəd mobil telefon aksesuarı olan cərəyan qidalandırıcı naqillərin oğurlandığını aşkar etmişdir. Həmin əşyalar işlənmiş vəziyyətdə olmuşdur. Bundan sonra o, 20-ci polis şöbəsinə gedib ərizə yazaraq hadisə barədə məlumat vermişdir. Hazırda 10 ədəd mobil telefon aparatı və 06 ədəd cərəyan naqilləri ona qaytarılmış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Könüllü təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs oğurladığı əşyalardan 01 ədəd “Honor X7A” markalı, 01 ədəd “Samsung A10s” markalı, 01 ədəd “Samsung J2 Prime” markalı, 01 ədəd “Samsung Note 3” markalı, 01 ədəd “X3 8S” markalı, 01 ədəd “X3 10S” markalı, 04 ədəd “Samsung 5610” markalı mobil telefon aparatlarını və 06 ədəd mobil telefon aksessuarı olan ağ rəngli cərəyan naqilini könüllü olaraq təqdim etmişdir (İ cild, i.v.16); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/1444 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların və aksesuarların orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.822,00 müəyyən edilir (01 ədədinin qiyməti 150 manat olmaqla ümumilikdə 450 manat dəyərində 03 ədəd “Honor X7A” markalı, 01 ədəd 100 manat dəyərində “Poco M3” markalı, 01 ədəd 180 manat dəyərində “X3 10S” markalı, 01 ədəd 120 manat dəyərində “X3 8S” markalı, 01 ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində 02 ədəd “Samsung A11” markalı, 01 ədəd 80 manat dəyərində “Samsung A10s” markalı, 01 ədəd 80 manat dəyərində “Samsung A10” markalı, 01 ədədinin qiyməti 130 manat olmaqla ümumilikdə 260 manat dəyərində 02 ədəd “Samsung A12” markalı, 01 ədəd 70 manat dəyərində “Samsung Note 3” markalı, 01 ədədinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd “Samsung J2 Prime” markalı, 01 ədəd 80 manat dəyərində “Huawei P30 Lite” markalı, 01 ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 03 ədəd “Samsung 5610” markalı mobil telefon və 01 ədədinin qiyməti 02 manat olmaqla ümumilikdə 12 manat dəyərində 06 ədəd mobil telefon aksesuarı olan cərəyan qidalandırıcı naqil). Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.92-96); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləğinin 3.000 manat olması nəzərə alınmış, 01 ədəd “Honor X7A” markalı, 01 ədəd “Samsung A10s” markalı, 01 ədəd “Samsung J2 Prime” markalı, 01 ədəd “Samsung Note 3” markalı, 01 ədəd “X3 8S” markalı, 01 ədəd “X3 10S” markalı, 04 ədəd “Samsung 5610” markalı mobil telefon aparatlarını və 06 ədəd mobil telefon aksessuarı olan ağ rəngli cərəyan naqilləri iş üzrə maddi sübut kimi tanınaraq zərər çəkmiş şəxsə qaytarılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2024-cü il tarixli, 9/1444 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilməmişdir (İ cild, 98-102); • “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.40-41, 62-67); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəli ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 05 fevral 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.83-85, İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə hazırda da azadlıqdan məhrum etmə cəzasının çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona qəti cəza müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək bu dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 05 fevral 2024-cü il tarixdən hesablanmalı və onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Honor X7A” markalı, 01 ədəd “Samsung A10s” markalı, 01 ədəd “Samsung J2 Prime” markalı, 01 ədəd “Samsung Note 3” markalı, 01 ədəd “X3 8S” markalı, 01 ədəd “X3 10S” markalı, 04 ədəd “Samsung 5610” markalı mobil telefon aparatları və 06 ədəd mobil telefon aksessuarı olan ağ rəngli cərəyan naqilləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Honor X7A” markalı, 01 ədəd “Samsung A10s” markalı, 01 ədəd “Samsung J2 Prime” markalı, 01 ədəd “Samsung Note 3” markalı, 01 ədəd “X3 8S” markalı, 01 ədəd “X3 10S” markalı, 04 ədəd “Samsung 5610” markalı mobil telefon aparatları və 06 ədəd mobil telefon aksessuarı olan ağ rəngli cərəyan naqilləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar