Məhkəmə qərarları › İş №1(006)-299/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-299/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-299/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu 2-ci Nügədi kəndində qeydiyyatda olan və Bakı şəhər, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi yeni tikilidə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdə, saat 12 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 50 ünvanında yerləşən “X2” kafesinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan sonuncuya zor tətbiq edib ayaq zərbəsi ilə qəsdən bədən nahiyəsinə vurmaqla ona sol diz oynağı nahiyəsinin və sol budun həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü hematoma halında əzilməsi kimi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15 ildir ki, o özünə məxsus “Mercedes Benz” markalı ** NX *** d.q.nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, Zərərçəkmiş şəxs 4-5 aydır ki, işlədiyi ərazidən tanıyır və onunla arasında normal münasibətləri olmuşdur. Belə ki, onların arasında heç vaxt nə dava-dalaş, nə də sözsöhbətləri olmamışdır. 12 fevral 2025-ci il tarixdə təxminən saat 12 radələrində o taksi fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 50 ünvanında yerləşən «X3» evinin qarşısında olan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ədəbsiz zarafatlar elməyə başlamışdır. Bu zaman o Şaməliyə yaşına hörmət etməsini və bu cür zarafatlar etməməsini ondan tələb etmişdir. Lakin Şaməli onun bu sözlərinə məhəl qoymayıb bu cür zarafatlarını davam etdirərək söyüşlə onunla danışmağa başlamışdır. Bu zaman o Şaməlinin bu hərəkətlərindən əsəbləşərək sağ ayağının diz nahiyyəsi ilə onun sol ayağının bud nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Bu vaxt orada olan tanımadığı şəxslər araya girib onları dava-dalaş etməyə qoymamışlar. Bundan sonra o Şaməlinin bu hərəkətlərindən bərk əsəbləşdiyi üçün avtomobilinə əyləşib çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Şaməli onu vurmağı ilə bağlı polisə şikayət etmişdir. Hadisə Bakı şəhəri, Nəsimi rayonu. Moskva prospekti 50 ünvanında yerləşən «X3» evinin qarşısında insanların toplaşdığı ictimai yerdə baş vermişdir və həmin vaxt orada tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı o, Zərərçəkmiş şəxs sol ayağının bud nahiyyəsinə sağ ayağının diz nahiyyəsi ilə bir dəfə zərbə vuraraq onu döymüşdür. O törətdiyi əməli ilə ictimai qaydanı kobud sürətdə pozduğunu cəmiyyətə açıqca hörmətsizlik eldiyini dərk edir və əməlindən peşman olmuşdur. Hadisənin təxminən 5-10 dəqiqə davam etmiş və hadisə zamanı Zərərçəkmiş şəxs ona bədən xəsarəti yetirməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o təxminən 4 aydır ki, Bakı şəhəri Nəsimi rayonu Moskva prospektində yerləşən “X2” kafesinin qarşısında parkinq xidməti ilə məşğul olur. O, Təqsirləndirilən şəxs 4 ildir ki, tanıyır. Onunla normal münasibətləri olmuşdur və heç vaxt aralarında nə dava dalaş, nə də söz-söhbətləri olmamışdır. 12 fevral 2025-ci il tarixdə təxminən saat 12 radələrində o, Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 50 ünvanında yerləşən “X2” kafesinin qarşısında parkinq xidməti ilə məşğul olan zaman Təqsirləndirilən şəxs görərək ona yxınlaşıb zarafat etməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs ona zarafat etməməsini deyərək kobud danışaraq təhqir etməyə başlamışdır. Bu vaxt o, Təqsirləndirilən şəxs danışığına fikir verməsini və onu təhqir etməməsini tələb etmişdir. Bu səbəbdən də onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs təpiyi ilə onun sol ayağının bud nahiyyəsindən möhkəm zərbə vurmuşdur. Bu vaxt zərbənin təsirindən o tarazılığını saxlaya bilməyərə yerə yıxılmış və Anar onu yenə söyərək oradan uzaqlaşıb çıxıb getmişdir. O Anarı bir gün gözləmişdir ki, səhvini başa düşüb yanına gəlib ondan üzr istəyər, lakin Anar ona yaxınlaşıb etdiyi hərəkətə görə üzr istəmədiyindən bu barədə polisə şikayət etmək qərarına gəlmişdir. Hadisə Nəsimi rayonu Moskva prospekti 50 ünvanında yerləşən “X2” kafesinin qarşısında baş vermişdir və həmin vaxtı orada tanımadığı şəxslər də olmuşdur. Belə ki, həmin tanımadığı şəxslər Anarın onu vuraraq yerə yıxdığını görüb Anara iradlarını bildirmişlər. Təqsirləndirilən şəxs onun sol ayağına təpik zərbəsi ilə möhkəm vuraraq onu döymüş və o, sol ayağının bud nahiyəsindən xəsarət almışdır. Hadisə zamanı o Təqsirləndirilən şəxs xəsarət yetirməmiş və onu vuramamışdır. Hadisə ümumilikdə təxminən 5-10 dəqiqə davam etmiş və hadisə zamanı ona heç bir maddi ziyan dəyməmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. 12 fevral 2025-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “X2” kafesinin qarşısında dayanıb dönər yeyən zaman adlarını Polis Şöbəsində bildiyi şəxslərin yəni Şaməli ilə Anarın uca-səslə bir birləri ilə mübahisə etdiyini, daha sonra anidən Anarın əsəbləşərək Şaməlinin sol ayaq nahiyyəsinə ayaq zərbəsi ilə vurmasını görmüşdür. Bundan sonra Şaməli almış olduğu zərbənin təsirindən yerə yıxılmışdır. Anar adlı şəxsin bu hərəkətləri ətrafda olan insanların, eləcədə onun diqqətini cəlb etmişdir. Bu vaxt o və ətrafda olan bir neçə nəfər tanımadığı şəxslər həmin Anar adlı şəxsə yaxınlaşaraq ona irad tutmağa başlamışlar. Lakin, Anar adlı şəxs öz hərəkətlərinə davam edərək ətrafdakı insanlara məhəl qoymayaraq yerə yıxılmış vəziyyətdə olan Şaməli adlı şəxsi nalayiq sözlər təhqir etmiş və ona əl qol atmışdır. Anar adlı şəxs bu qərəzli hərəkətləri ilə ictimai qaydanı kobud sürəıdə pozduqdan sonra həmin yerdən uzaqlaşaraq çıxıb getmişdir. O, hadisəni törədən Təqsirləndirilən şəxs və zərərçəkən Zərərçəkmiş şəxs əvvəldən tanımamışdır. Belə ki, polis şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Hadisə təxminən 5-10 dəqiqə davam elmişdir. Hadisənin baş verdiyi Nəsimi rayonu, Moskva prospektində yerləşən «X4» kafesinin qarşısında təxminən 5-6 nəfər şəxs toplaşmışdır və həmin şəxslərlə heç bir münasibəti və tanışlığı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. 12 fevral 2025-ci il tarixdə, saat təxminən 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “X2” kafesinin qarşısında dayanıb dönər yeyən zaman adlarını Polis Şöbəsində bildiyi şəxslərin yəni Şaməli ilə Anarın uca-səslə bir birləri ilə mübahisə etdiyini, daha sonra anidən Anarın əsəbləşərək Şaməlinin sol ayaq nahiyyəsinə ayaq zərbəsi ilə vurmasını görmüşdür. Bundan sonra Şaməli almış olduğu zərbənin təsirindən yerə yıxılmışdır. Anar adlı şəxsin bu hərəkətləri ətrafda olan insanların, eləcə də onun diqqətini cəlb elmişdi. Bu vaxt o və əirafda olan bir neçə nəfər tanımadığı şəxslər Anar adlı şəxsə yaxınlaşaraq ona irad tutmağa başlamışlar. Lakin, Anar adlı şəxs öz hərəkətlərinə davam edərək ətrafdakı insanlara məhəl qoymayaraq yerə yıxılmış vəziyyətdə olan Şaməli adlı şəxsi nalayiq sözlərlə təhqir edib ona əl qol atmışdır. Anar adlı şəxs bu qərəzli hərəkətləri ilə ictimai qaydanı kobud sürətdə pozduqdan sonra həmin yerdən uzaqlaşaraq çıxıb getmişdir. O, hadisəni törədən Təqsirləndirilən şəxs və zərərçəkən Zərərçəkmiş şəxs əvvəldən tanımamışdır. Belə ki, polis şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisənin baş verdiyi Nəsimi rayonu, Moskva prospektində yerləşən «X4» kafesinin qarşısında təxminən 5-6 nəfər şəxs toplaşmış və həmin şəxslərlə heç bir münasibəti və tanışlığı olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 1-ci vərəqində olan “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və icraata qəbul edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 21-25-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, hadisə yeri Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 50 ünvanında yerləşən «X3» evinin qarşısıdır və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 29-31-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 14 fevral 2025-ci il tarixli, 230 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sol diz oynağı nahiyəsinin və sol budun həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü hematoma halında əzilməsi bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bildərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən törənə bilərdi, səxsin özü tərəfindən yetirilməsi və yıxılma nəticəsində alınması az inandırıcıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 59-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azemis Elektron Məhkəmə İnformasiya Ssitemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materialına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd edilən cinayətin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, İ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai münasibətlər olduğu üçün əlavə obyekt olan fiziki şəxsin təqsirləndirilən şəxslə barışması CM-nin 73-cü maddəsinin təsiri altına düşmür və həmin əsasla iş üzrə icraata xitam verilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə. həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar