Məhkəmə qərarları › İş №1(006)-30/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-30/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-30/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1,Müdafiəçi2 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs (mülki iddiaçı): Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, (mülki cavabdehlər): Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1985-cü ildə Füzuli rayonu, Alıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 14, mənzil 03-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1979-cu ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 08, mənzil 13-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 81, mənzil 215-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verərək 2017-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 saylı ünvanda yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısında olan kafedə 4.000 manat, daha sonra həmin vaxtdan 2018-ci ilin mart ayınadək olan müddət ərzində isə bir neçə dəfə olmaqla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 01 saylı ünvanda yerləşən “Şəki” restoranının qarşısında cəmi 8.100 manat, vahid niyyətlə ümumilikdə 12.100 manat məbləğində pulu alıb verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2017-ci il tarixdə çoxdan tanıdığı Təqsirləndirilən şəxs2 ona zəng vuraraq Orucəli adlı qohumunun oğlu Seymuru Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə düzəltmək lazım olduğunu söyləmiş və buna görə nə qədər pulun lazım olduğunu soruşmuşdur. O da Humaya bu işin 1.000- 1.500 manata həll olunacağını desə də, Humay bu pulun çox az olduğunu, buna işin düzələcəyinə Orucəlinin inanmayacağını vurğulayaraq ona məbləğin 4.000 manat olacağının deməsini bildirmişdir. Eyni zamanda pula ehtiyacı olduğu üçün ona həmin vəsaitdən 2.500 manatın verilməsini mistəmişdir. Həmçinin, Humay ona demişdir ki, o, özünü Orucəliyə Dövlət Neft Şirkətinin Mühafizə xidmətinin rəisi kimi təqdim etsin və onun oğlunu ora mühafizəçi işinə qəbul edəcəyini söyləsin. Onlar xx xxxxxx 2017-ci il tarixdə “xxxx” ASC-nin yaxınlığında olan kafedə görüşməyi razılaşmışlar. Qeyd olunan vaxtda kafeyə gələrkən yolda Humay ona “WhatsApp” proqramı vasitəsilə yazmışdır ki, Orucəlinin əlində 4.000 manat pul var, buna görə də Orucəli ona 3.500 manat pul verə biləcəyini desə də, o, işin 4.000 manata həll olacağına dair təkid etsin. Görüş zamanı o, Orucəliyə özünü Dövlət Neft Şirkətinin Mühafizə xidmətinin Mərdəkanda yerləşən istirahət mərkəzinin növbə rəisi vəzifəsində işlədiyini demiş və işə düzəlmək üçün zəruri sənədlərin siyahısını sadalamışdır. Orucəli də bu işə görə 3.500 manat pul düzəldə bildiyini desə də, o, işi ancaq 4.000 manata həll edə biləcəyini söyləmişdir. Bundan sonra Orucəli 4.000 manat pulu sayıb ona vermişdir. Daha sonra o, Humaya “WhatsApp” proqramı vasitəsilə yazaraq oradan tez getməyin lazım olduğunu bildirmiş, Humay da yalandan Təhsil Nazirliyində işlədiyini deyərək hazırda görüşünün olduğunu bildirib ayağa qalxmışdır. Bundan sonra o, Humayla birlikdə metronun “20 Yanvar” stansiyasına düşən pilləkənlərə gəlmiş, orada o, ona heç bir yerdə işləmədiyini və Seymuru işə düzəldə bilməyəcəyini demişdir. Humay isə bunun ona maraqlı olmadığını, onun üçün əsas adının bu işdə hallanmamasının olduğunu söyləmişdir. Aralarındakı razılaşmaya əsasən o, Humaya 2.500 manat pul vermiş, sonuncu da bu puldan ona 100 manat xərclik kimi qaytarmışdır. Bir neçə gündən sonra o, Orucəliyə zəng vuraraq bildirmişdir ki, işə düzəlmək üçün oğlunun təhsil məsələsi həll olunmalı, buna görə də bəzi sənədlər və əlavə olaraq 5.700 manat pul lazımdır. Orucəli də bununla razılaşmış, oğlu Seymur vasitəsilə xx xxxxxx 2020ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 01 saylı ünvanda yerləşən “Şəki” restoranının qarşısında ona həmin vəsaiti və sənədləri çatdırmışdır. Aldığı pulun bir qismini mərc oyununda uduzmuş, qalanını isə öz ehtiyacları üçün xərcləmişdir. xx xxxxxx 2017-ci il tarixdə Orucəliyə yenidən zəng edib guya Dövlət Neft Şirkətinin Təlim-Tədriz Mərkəzinin dekanına verilməsi üçün əlavə olaraq 1.250 manat pul lazım olduğunu demiş, sonuncu da Seymur vasitəsilə ona 1.200 manat pul göndərmişdir. Həmin pulu da öz ehtiyacları üçün istifadə etmişdir. Bundan sonra müxtəlif vaxtlarda Orucəlidən hissə-hissə olmaqla 1.200 manat pul almış, bu pulları Seymur çatdırmışdır. Ümumilikdə Orucəlidən 12.100 manat pul alınmış, onun 4.000 manatını Humayla birlikdə ələ keçirib öz aralarında bölərək özünə 1.500 manat pul qalmış, qalan 8.100 manatı isə Humayın iştirakı və məlumatı olmadan Orucəlidən təkcə alıb xərcləmişdir. Zərərçəkmiş şəxs özünün vurduğu 9.600 manat zərərdən 1.500 manat pul qaytarmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Keşlə qəsəbəsində kirayə qalarkən Zamidlə qonşu olmuşdur. Zamid özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühafizə xidmətində işlədiyini bildirmiş və hər-hansı bir şəxsi ora işə düzəldə biləcəyini demişdir. Rayonda qohumunun yas məclisində olarkən xalası qızının əri Zərərçəkmiş şəxs oğlu Seymurun işsiz olduğunu deyəndə, o, Zamidlə danışıb məsələdə köməklik etməsini ondan xahiş etmişdir. Zamid də 4.000 manat pulun müqabilində işi həll edə biləcəyini demişdir. O isə Zamidə Orucun imkansız olduğunu və heç olmasa işi 3.500 manata həll etməyi söyləsə də, Zamir 4.000 manatın üzərində durmuşdur. Orucəli də buna etiraz etməyib Zamidlə görüşmək istəmişdir. xx.xx.2017-ci il tarixdə o, Zamidlə Orucəlini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 saylı ünvanda yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısında olan kafedə görüşdürmüşdür. Orucəli onun yanında Zamidə 4.000 manat pul vermiş, sonuncu da işi qısa zamanda həll edəcəyinə söz verib çıxıb getmişdir. Bundan sonra onun baş verən digər hadisələrdən xəbəri olmamış, həmçinin Zamiddən 2.500 manat pul almamışdır. Sonradan Orucəlidən eşitmişdir ki, Zamid hissə-hissə olmaqla müxtəlif vaxtlarda işə düzəltmək adı ilə ondan pullar almışdır. Hətta bir dəfə Orucəlinin evində Zamidlə telefonla danışanda, sonuncu bu məsələnin ona aid olmadığını söyləmişdir. Özünü sadəcə olaraq onları tanış etdiyi üçün günahkar hesab edir və ona görə də Orucəliyə ilkin olaraq dəymiş 4.000 manat məbləğində zərərin 2.500 manatın ödənilməsində köməklik göstərir, hazırda da həmin puldan ona 1.600 manat vermişdir. Başqa heç bir halda onun təqsiri yoxdur. Orucəliyə qarşı edilmiş dələduzluqda iştirak etməyib. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2017-ci il noyabr ayının əvvəllərində rayonda qohumlarının yas məclisində olarkən arvadının xalası qızı Təqsirləndirilən şəxs2 oğlu Seymurun işsiz olduğunu danışmış, Humay da ərinin Zamid adlı xalası oğlunun Dövlət Neft Şirkətində Mühafizə xidmətinin rəisi işlədiyini və oğlunu da ora işə düzəldə biləcəyini demişdir. O, Humaydan məsələ barədə maraqlanmasını xahiş etmiş, sonuncu da Zamidlə danışıb ona məlumat verəcəyini söyləmişdir. Bundan sonra Humay kiminləsə danışmış və işin 4.000 manata düzələcəyini demişdir. xx xxxxxx 2017-ci il tarixdə o, Humay və oğlu Seymurla birlikdə rayondan taksi ilə Bakıya gəlmiş, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “xxxx” ASCnin binasının qarşısında olan kafedə Zamidlə görüşmüşlər. Zamid də orada bir daha Humayın ona dediklərini təsdiq etmişdir. Humay da orada Zamidə demişdir ki, “onları aldatsan, qarşında məni görərsən” və 4.000 manata zamin durduğunu söyləmişdir. Bundan sonra o, 4.000 manat pulu sayıb Zamidə vermişdir. Zamid isə Seymura işin düzəldilməsi üçün lazım olan sənədlərin siyahısını yazdırmış və bir ay ərzində xəbər verəcəyini demiş, sonra Humayla birlikdə oradan getmişdir. xx xxxxxx 2017-ci il tarixdə Zamid ona zəng edib demişdir ki, oğlunun təhsil ilə bağlı məsələsi də həll olunmalıdır, buna görə də ona əlavə sənədlər və 5.700 manat pul verilməlidir. O da bununla razılaşmış və oğlu Seymurla həmin pulu rayondan Bakıya göndərmişdir. Zamid pulu aldıqdan sonra ona bu məsələdən Humayın da məlumatlı olduğunu demiş, o da ona inanaraq Humaydan bunu dəqiqləşdirməmişdir. xx xxxxxx 2017-ci il tarixdə Zamid ona yenidən zəng vuraraq təhsil zamanı Seymurun geyinəcəyi forma ilə bağlı ondan 1.200 manat pul istəmiş, o da eyni qaydada Seymurun vasitəsilə Zamidə bu pulu göndərmişdir. Bundan sonra o, Zamidə həmin məsələrlə bağlı 2018-ci ilin mart ayınadək bir neçə dəfəyə ümumilikdə 1.200 manat pul göndərmişdir. Lakin onun oğlunun işi də düzəlməmiş, bir müddət sonra Zamid də yoxa çıxmışdır. Bundan sonra o, müxtəlif yerlərə şikayət etməyə başlamış, çünki artıq aldadıldığını başa düşmüşdür. Ona vurulmuş ziyandan cəmi 1.600 manatı Humay, 1.500 manatı isə Zamid qaytarmış, qalan məbləğ isə ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir, onlara qarşı verilmiş mülki iddianın da təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.202-204); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli arayışları, məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər də dələduzluğa görə, sonuncu dəfə isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 10 ay 24 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüş, bu cəzanı çəkməkdən boyun qaçırdığı üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinni xx.xx.2019-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona qəti olaraq hökmlərin məcmusu üzrə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə o, cəzanın çəkilməmiş 05 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs2 isə əvvəllər məhkum olunmamışıdır (İ cild, i.v.104-105, 108- 119, 121-128, 222-224); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, xx xxxxxxxx 2020-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild); - Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il, xx.xx.2012-cı il və xx.xx.2017-ci il təvəllüdlü üç, Təqsirləndirilən şəxs1 isə xx.xx.2008-ci il təvəlldülü bir övladı var (İ cild, i.v.217, İİ cild); - Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ona vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehlər Təqsirləndirilən şəxs1 8.100 manat, Təqsirləndirilən şəxs2 isə 900 manat, mənəvi zərərə görə isə onlardan müştərək qaydada 1.000 manat pulun tutularaq ona ödənilməsini xahiş edir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi) hesab edilir (34-cü bənd). Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin müddəalarından belə aydın olur ki, dələduzluq və mülkiyyət əleyhinə olan sair cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcmi və xarakteri müəyyən olunmalıdır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, törədilmiş əməl nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş zərərin ümumi məbləği 12.100 manat olsa da, etiraf etməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsdən dələduzluq yolu ilə ilk dəfə alınan 4.000 manat pulun ələ keçirilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında digər Təqsirləndirilən şəxs1lə birlikdə iştirak etmiş və özünə 2.500 manat pul götürmüş, qalan 9.600 manat pulu isə Təqsirləndirilən şəxs1 özü təkbaşına olaraq, Təqsirləndirilən şəxs2 məlumatı və xəbər olmadan müxtəlif vaxtlarda hissə-hissə olmaqla Zərərçəkmiş şəxs almışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etsə də, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yoxdur və ona görə də Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan həmin maddə xaric olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətlərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi ilə bağlı gördüyü tədbirləri, habelə himayələrində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Eyni zamanda Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə münasibətdə) yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 178.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs, Təqsirləndirilən şəxs2 barəsində isə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlarla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs2 900 manat, Təqsirləndirilən şəxs1 isə 8.100 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi xaric edilsin, o, həmin Məcəllənin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 81, mənzil 215-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 cəzasının icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs2 900 (doqquz yüz) manat, Təqsirləndirilən şəxs1 isə 8.100 (səkkiz min yüz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin, iddia digər hissədə təmin olunmasın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar