Məhkəmə qərarları › İş №1(006)-30/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-30/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-30/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, xüsusi ittihamçı X9 və onun nümayəndəsi və vəkili Bakı şəhəri “Mərkəz ”Vəkil Bürosunun vəkili X5, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X15, təqsirləndirilən şəxs X18 iştirakları ilə, 21 sentyabr 1974-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, X27 X4 Diaqnostik Laboratiyanın həkim-laborantı vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs A.A.Əsədli xüsusi ittihamçı A.N.Səlimova tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, A.A.Əsədli kütləvi informasiya vasitəsi olan "xxxx" internet saytında 18 may 2021-ci il tarixdə yayımlanmış “Ağciyər İnstitutunda maliyyə Fırıldağı-COVİD xəstələri ilə işləməyən həkimlərə maaş yazılır” başlıqlı məqəladə A.N.Səlimova barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs A.A.Əsədli 18 may 2021-ci il tarixdə ünvan 3 ünvanda fəaliyyət göstərən "xxxx" İnternet Saytında “Ağciyər İnstitutunda maliyyə Fırıldağı-COVİD xəstələri ilə işləməyən həkimlərə maaş yazılır” başlıqlı məqalədə onun barəsində şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılıb. Belə ki, məqalənin mətnində göstərilib: “Labaratoriyada çalışan 20 nəfər işçinin 90 faizi Nuriyyə xanımdan narazıdır. Razı olanlar onun qeyri-qanuni əmək haqqı yazdırdığı, tərəfinə çəkdiyi insanlardır. Nuriyyə Səlimova institutun koronavirus xəstələri ilə çalışmayan həkimlərinə qeyri-qanuni əmək haqqı yazaraq hesabat şəklində rəhbərliyə təqdim edib: “Onun belə bir əmək haqqı verməyə ixtiyarı yoxdur. Amma ötən ay rəhbərliyi aldadaraq iki nəfər bülletendə, bir nəfər məzuniyyətdə olana və bir nəfər kompüter işçisinə maaş yazmışdı. Bundan da rəhbərlik xəbər tutmuşdu və xəbərdarlıq şəklində onu cəzalandırmışdır. Bu adam iki dəfə cəzalansa da, elədiklərindən qalmır. Ümid edirəm tam cəzasını alar”. Qeyd olunan mətndə A.A.Əsədli onun dövlət əmlakını israf etmə cinayətini törətməsi barədə yalan və böhtan xarakterli məlumatlar yayıb. A.A.Əsədli yalan olduğunu bilə-bilə barəsində böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatları yaymaqla onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldıb. Göstərilənləri nəzərə alaraq, A.A.Əsədlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı N.A.Səlimova şikayəti müdafiə edərək A.A.Əsədlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı N.A.Səlimovanın vəkili A.N.Şahverdi şikayəti müdafiə edərək təqsirləndirilən şəxs A.A.Əsədli barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs A.A.Əsədli xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət tamamilə əsassızdır. Belə ki, o həqiqətəndə "xxxx" İnternet Saytında “Ağciyər İnstitutunda maliyyə Fırıldağı-COVİD xəstələri ilə işləməyən həkimlərə maaş yazılır” başlıqlı məqaləni müraciət formasında vermişdir. Lakin o, həmin məqaləni jurnalist emplemantasiya edərək dərc etmişdir. O müsahibəni verərkən çox əsəbi olmuş və həmin müsahibəni qərəzli olaraq verməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs A.A.Əsədlinin vəkili S.A.Nuriyev xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu və həmin ittihamının sübut edilməməsini nəzərə alaraq sonuncu barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Beləliklə, təqsirləndirilən şəxs A.A.Əsədli törətdiyi əməli qismən etiraf etsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, iş materiallarına əlavə edilmiş "xxxx" internet saytından çıxarışla yanaşı, sorğulara verilmiş cavablarla və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş “Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi” X31 X27 Xəstəliklər İnstitutunun lobarantı Şahid ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən Nuriyə xanımın şöbəsinə aid labarotoriyada işləyir, həmçinin o, əvvəllər Nuriyə xanımın təhkimliyi ilə baş laborant vəzifəsini əvəz etmişdir. Sonradan o, iyul ayında məzuniyyətdə olarkən Nuriyə xanım ona həmin vəzifəni söz verdiyi halda baş labarant vəzifəsinə Şamxalovanı təyin etmişdir. O, isə məzuniyyətdən işə qayıtdıqda Nuriyə xanıma niyə belə etdiyini soruşmuş və nəticədə aralarında olan münasibətlər pozulmiuşdur. 2021-ci ilin aprel və may aylarının maaş qrafikinin tərtib olunması ona həvalə olunmuşdur. Həmin qrafik düzgün hesablanmadığından gedib qayıdırdı. Onlar ayın 21 gününü «Covid»lə işləyib sonra da özləri hesabat tərtib edərək verirdilər. O, Nuriyə xanımın nəyi təsdiqlədiyini bilmirdi. Sonra işçilər gedib maraqlanırdılar və görürdülər ki, işləməyənə 15 gün, işləyənə isə 21 gün yazılıb. Həmin qrafiklərin aprel - may aylarını o çıxartmış və həmin qrafiklərə irad olduğundan sonradan həmin qrafiklərdə düzəlişlər olunubdur. Belə ki, artıq pulun yazılması ilə bağlı şikayətlər olmayıbdır. Əksinə əskik pulun yazılması ilə bağlı şikayətlər olmuşdur. Siyahılar səhv tərtib olunduqda geri qaytarılıb düzəlişlər edilirdi. İş materiallarında əlavə edilmiş "xxxx" MMC-nin 11 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, MMC Bakı şəhəri, Nəsimi rayonu, S Rəhimov və S.Vurğun küçəsinin kəsişməsində yerləşən “X29” – in 17-ci mərtəbəsində fəaliyyət göstərir. İş materiallarında əlavə edilmiş və Nəsimi Rayon Məhkəməsinin sorğusuna əsasən "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 18 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, 18.05.2021-ci il tarixdə “Bizim.Media” informasiya agentliyinin saytında “Ağciyər İnstitutunda maliyyə fırıldağı - COVİD xəstələri ilə işləməyən həkimlərə MAAŞ yazılır” başlıqlı məqalə dərc edilib. X3 X1 həkimi Aynur Əsədlinin “Bizim.Media”-ya müraciəti və həmin labaratoriyanm şöbə müdiri Nuriyyə Səlimovadan şikayəti dinlənilib. Şikayətçinin iddialarına əsasən yazıda qarşı tərəf Nuriyyə Səlimovanın, hadisənin baş verdiyi X3 direktoru Həqiqət Qədirovanın və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mövqeyi dərc edilib. Bildiririk ki, yazının müəllifi “Bizim.Media” informasiya agentliyinin müxbiri X13. 18.05.2021-ci il tarixində “Bizim.Media” informasiya agentliyinin saytında dərc olunan “Ağciyər İnstitutunda maliyyə fırıldağı - COVİD xəstələri ilə işləməyən həkimlərə MAAŞ yazılır” başlıqlı məqalənin linkini sizə təqdim edirik: “ HYPERLİNK "https://bizim.media/az/cemiyyet/21484/aciver-institutunda-maliyye-firildaicovid-xesteleri-ile-islemeven-hekimlere-maas-yazilir/" “https://bizim.media/az/cemiyyet/21484/aciver-institutunda-maliyye- firildai-covid-xesteleriile-islemeven-hekimlere-maas-yazilir/“ İş materiallarında əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi” X31 X27 Xəstəliklər İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış 28 yanvar 2022-ci il tarixli 181/01 saylı məktubundan görünür ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “ Elmi -X7 İnstitutu” X31in Kliniki Diaqnostik laboratoriyasında işləyən əməkdaşlarına 2021-ci ilin mart-aprel aylarında COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri iş günlərinin sayına görə əmək haqlarına müddətli əlavələr hesablanaraq ödənilmişdir. 2021-ci ilin mart-aprel ayları ərzində xəstəlik vərəqələrində və ya məzuniyyətdə olan işçilərə COVİD -19 infeksiyası ilə bağlı tədbirlərdə iştirak etmədiklərinə görə, əmək haqqına müddətli əlavələr hesablanmamış, həmçinin şöbə əməkdaşlarının COVİD -19 infeksiyası ilə işlədiyi iş günlərinin sayı barədə məlumat cədvəli, həmçinin həmin dövr ərzində məzuniyyətdə və xəstəlik vərəqəsində olan işçilər barədə əmrlərin və xəstəlik vərəqələrinin surətləri təqdim edilir. İş materiallarında olan və müdafiə tərəfin təqdim etdiyi 17.09.2021-ci il tarixli İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, İnsan Hüquqları üzrə müvəkkil-Ombudsman xanım Səbinə Əliyevaya ünvanlanmış “Şöbə müdiri Nuriyyə Arif qızının qanunsuz hərəkətlərinə dair” başlıqlı şikayət ərizəsindən görünür ki, 8 nəfərdən ibarət olan həkimlər A.A.Əsədli, X16, Alxasova AygünVaqif qızı, baş laborant Şahid Əlamdar qızı, laborantlar X14, X6, X10 və xadimə X2 N.A.Səlimovanın qanunsuz hərəkətlərinə dair şikayət ərizəsi ilə müraciət etmişlər. İş materiallarında əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 12.11.2021-ci il tarixli, PHŞ/1-2-2021-28785 saylı məktubuna əsasən ETAXİ-nin Kliniki diaqnostik laboratoriyasının müdiri X9 “qanunsuz hərəkətlərinə dair” KDL-in bir qrup əməkdaşının 17.09.2021-ci il tarixli kollektiv müraciəti ilə bağlı 12.11.2021-ci il tarixli, 215 nömrəli əmrlə yaradılmış araşdırma komissiyasının 15.11.2021-ci il tarixli Rəyindən görünür ki, aparılmış araşdırmanın nəticələrinə əsasən komissiya aşağıdakıları müəyyən edir: - şikayət ərizəsində imza etmiş 8 nəfər KDL əməkdaşları izahatlarında ərizənin məzmunu ilə tam tanış olmadan imza etdiklərini etiraf etmişlər, institutun rəhbərliyi haqqında və COVİD-19 xəstələri ilə işlədikləri müddətdə əmək haqqına əlavələrin düzgün verilməməsi haqqında irəli sürülən iddialarla razı olmadıqlarıni bildirərək, onları təkzib etmişlər; - həkim-laborantlar Aynur Əsədli və Aygün Alxasova, eləcə də laborant Şahid KDL müdiri N.Səlimovanın əmək münasibətləri ilə bağlı olmayan hərəkətlərindən narazılıq edərək, onun barəsində yazılanları təsdiq etmişlər, - araşdırmanın nəticələrinə görə komissiya qeyd edib ki, 17.09.2021-ci il tarixli şikayət ərizəsində göstərilən məlumatlar təsdiqini tapmadığına görə, A.A.Əsədli tərəfindən qərəzli şəkildə həyata keçirilən təxribat xarakterli əməl kimi qiymətləndirməlidir. A.A.Əsədlinin əvvəllər də müxtəlif instansiyalara və media vasitələrinə İnstitutun işgüzar nüfuzuna xələl gətirən bu cür əsassız iddialarla müraciət etməsi İnstitutun kollektivi tərəfindən pislənilir; KDL-in müdiri N.A.Səlimovaya şöbədə işgüzar əmək şəraitin bərpası və etik-davranış normalarına riayyət edilməsi tapşırılmışdır. İş materiallarında əlavə edilmiş 07 may 2021-ci il tarixli 229 nömrəli Əmrin surətindən görünür ki, KDL-in müdiri N.A.Səlimovaya İnstitutun rəhbəri və kollektivə qarşı subordinasiya qaydalarını pozduğuna görə Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən Xəbərdarlıq elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 10.01.2022-ci il tarixli arayışdan görünür ki, A.A.Əsədlinin məhkumluğu qeydə alınmamışdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, A.A.Əsədlinin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, xüsusi ittihamçının, məhkəmə iclasında verdikləri ifadələri, məhkəmənin sorğularına müvafiq idarələrdən verilmiş cavablardan və digər iş materialları ilə sonuncunun yalan olduğunu bilə-bilə N.A.Səlimovanın şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla böhtan cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Ona görə də A.A.Əsədlinin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 18 may 2021-ci il tarixdə A.A.Əsədli tərəfindən "xxxx" İnternet Saytında “Ağciyər İnstitutunda maliyyə Fırıldağı- COVİD xəstələri ilə işləməyən həkimlərə maaş yazılır” başlıqlı məqalə vermişdir. Bundan başqa məhkəmə iclasinda A.A.Əsədli ifadə verərək və törətdiyi əməli qismən etiraf edərək bildirmişdir ki, həqiqətəndə "xxxx" İnternet Saytında “Ağciyər İnstitutunda maliyyə Fırıldağı-COVİD xəstələri ilə işləməyən həkimlərə maaş yazılır” başlıqlı məqaləni müraciət formasında o vermiş, müsahibəni verərkən çox əsəbi olmuş və həmin müsahibəni qərəzli olaraq verməmişdir. Bundan başqa müdafiə tərəfindən məqalədə yazılan faktları təsdiq edən sübut kimi məhkəməyə təqdim edilən və 17.09.2021-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, İnsan Hüquqları üzrə müvəkkil-Ombudsman xanım Səbinə Əliyevaya ünvanlanmış “Şöbə müdiri Nuriyyə Arif qızının qanunsuz hərəkətlərinə dair ” başlıqlı şikayət ərizəsi məhkəmə iclasında tədqiq edildi və müəyyən olundu ki, 8 nəfərdən ibarət olan həkimlər A.A.Əsədli, X16, Alxasova AygünVaqif qızı, baş laborant Şahid Əlamdar qızı, laborantlar X14, X6, X10 və xadimə X2 N.A.Səlimovanın qanunsuz hərəkətlərinə dair şikayət ərizəsi ilə müraciət etmişlər. Şikayət ərizəsində qeyd edilnən halların araşdırılması məqsədilə məhkəmə tərəfindən müfvafiq sorğu verilmiş və alınmış cavabla müəyyən edilmişdir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində 12.11.2021-ci il tarixli, PHŞ/1-2-2021-28785 saylı məktuba əsasən ETAXİ-nin Kliniki diaqnostik laboratoriyasının müdiri X9 “qanunsuz hərəkətlərinə dair” KDL-in bir qrup əməkdaşının 17.09.2021-ci il tarixli kollektiv müraciəti ilə bağlı 12.11.2021-ci il tarixdə, 215 nömrəli əmrlə yaradılmış araşdırma komissiyası 15.11.2021-ci il tarixdə Rəy vermişdir. Həmin rəyə əsasən şikayət ərizəsində imza etmiş 8 nəfər KDL əməkdaşları izahatlarında ərizənin məzmunu ilə tam tanış olmadan imza etdiklərini etiraf etmişlər, institutun rəhbərliyi haqqında və COVİD-19 xəstələri ilə işlədikləri müddətdə əmək haqqına əlavələrin düzgün verilməməsi haqqında irəli sürülən iddialarla razı olmadıqlarıni bildirərək, onları təkzib etmiş, həkim-laborantlar Aynur Əsədli və Aygün Alxasova, eləcə də laborant Şahid KDL müdiri N.Səlimovanın əmək münasibətləri ilə bağlı olmayan hərəkətlərindən narazılıq edərək, onun barəsində yazılanları təsdiq etmişlər. Araşdırmanın nəticələrinə görə komissiya belə qərara gəlib ki, 17.09.2021-ci il tarixli şikayət ərizəsində göstərilən məlumatlar təsdiqini tapmadığına görə, A.A.Əsədli tərəfindən qərəzli şəkildə həyata keçirilən təxribat xarakterli əməl kimi qiymətləndirməlidir. A.A.Əsədlinin əvvəllər də müxtəlif instansiyalara və media vasitələrinə İnstitutun işgüzar nüfuzuna xələl gətirən bu cür əsassız iddialarla müraciət etməsi İnstitutun kollektivi tərəfindən pislənilmiş həmçinin KDL-in müdiri N.A.Səlimovaya şöbədə işgüzar əmək şəraitin bərpası və etik-davranış normalarına riayyət edilməsi tapşırılmışdır. Bundan başqa məkəmə iclasında 18 may 2021-ci il tarixli "xxxx" İnternet Saytında “Ağciyər İnstitutunda maliyyə Fırıldağı-COVİD xəstələri ilə işləməyən həkimlərə maaş yazılır” başlıqlı məqalə araşdırılarkən müəyyən edilmişdir ki, həmin məqalədə təqsirləndirilən şəxs A.A.Əsədli tərəfindən “Nuriyyə Səlimova institutun koronavirus xəstələri ilə çalışmayan həkimlərinə qeyri-qanuni əmək haqqı yazaraq hesabat şəklində rəhbərliyə təqdim edib: “Onun belə bir əmək haqqı verməyə ixtiyarı yoxdur. Amma ötən ay rəhbərliyi aldadaraq iki nəfər bülletendə, bir nəfər məzuniyyətdə olana və bir nəfər kompüter işçisinə maaş yazmışdı. Bundan da rəhbərlik xəbər tutmuşdu və xəbərdarlıq şəklində onu cəzalandırmışdır. Bu adam iki dəfə cəzalansa da, elədiklərindən qalmır” göstərilmişdir. Həmin halların araşdırılması məqsədi ilə məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi” X31 X27 Xəstəliklər İnstitutun 28 yanvar 2022-ci il tarixli 181/01 saylı cavab məktubunda göstərilmişdir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “ Elmi -X7 İnstitutu” X31in Kliniki Diaqnostik laboratoriyasında işləyən əməkdaşlarına 2021-ci ilin mart-aprel aylarında COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri iş günlərinin sayına görə əmək haqlarına müddətli əlavələr hesablanaraq ödənilmişdir. 2021-ci ilin mart-aprel ayları ərzində xəstəlik vərəqələrində və ya məzuniyyətdə olan işçilərə COVİD -19 infeksiyası ilə bağlı tədbirlərdə iştirak etmədiklərinə görə, əmək haqqına müddətli əlavələr hesablanmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, məqalədə göstərilən xüsusatlarla bağlı güya N.A.Səlimova İnstitutun rəhbəri tərəfindən xəbərdarlıq şəklində cəzalandırmışdır. Lakin iş materiallarında əlavə edilmiş 229 nömrəli Əmrdən də görünür ki, KDL-in müdiri N.A.Səlimovaya 07 may 2021-ci il tarixdə məqalədə göstərilən qeyri-qanuni hərəkətləri ilə bağlı deyil İnstitutun rəhbəri və kollektivə qarşı subordinasiya qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən Xəbərdarlıq edilmişdir. Bütün bu göstərilənlərə əsasən məhkəmə hesab edir ki, A.A.Əsədlinin kütləvi informasiya vasitəsi olan "xxxx" İnternet saytında 18 may 2021-ci il tarixdə yayınlanmış “Ağciyər İnstitutunda maliyyə Fırıldağı-COVİD xəstələri ilə işləməyən həkimklərə maaş yazılır” başlıqlı məqalədə - “Labaratoriyada çalışan 20 nəfər işçinin 90 faizi Nuriyyə xanımdan narazıdır. Razı olanlar onun qeyri-qanuni əmək haqqı yazdırdığı, tərəfinə çəkdiyi insanlardır. Nuriyyə Səlimova institutun koronavirus xəstələri ilə çalışmayan həkimlərinə qeyri-qanuni əmək haqqı yazaraq hesabat şəklində rəhbərliyə təqdim edib: “Onun belə bir əmək haqqı verməyə ixtiyarı yoxdur. Amma ötən ay rəhbərliyi aldadaraq iki nəfər bülletendə, bir nəfər məzuniyyətdə olana və bir nəfər kompüter işçisinə maaş yazmışdı. Bundan da rəhbərlik xəbər tutmuşdu və xəbərdarlıq şəklində onu cəzalandırmışdır. Bu adam iki dəfə cəzalansa da, elədiklərindən qalmır. Ümid edirəm tam cəzasını alar” göstərilənlərinin doğru olmasını sübut edə bilməməsi onun N.A.Səlimovaya şərəf və ləyaqəti ləkələyən, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülməli və qiymətləndirilməlidir. Bu səbəbdən də A.A.Əsədlinin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, A.A.Əsədli xüsusi ittihamçı N.A.Səlimovanın şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığını dərk etmiş və bunu arzu etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli, xüsusi ittihamçı N.A.Səlimovanın şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların yayıldığı andan başa çatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1-ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « …mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,…qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Məlumatda mövcud fakt kimi göstərilmiş hallar hər hansı mötəbər sübuta deyil (ümumiyyətlə müəllif belə bir araşdırma da aparmamışdır), əsası müəyyənləşdirilə bilməyən şayələrə əsaslanmışdır.(müqayisə et, məsələn, Lingens qərarı, p. 28/46). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs A.A.Əsədli tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla A.A.Əsədliyə cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən A.A.Əsədlinin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə A.A.Əsədliyə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs A.A.Əsədliyə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs A.A.Əsədlinin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X11 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, A.A.Əsədliyə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədovun məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X25 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. X21 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar