Məhkəmə qərarları › İş №1(006)-30/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-30/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-30/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1987-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşgul olmuş, Masallı rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdə saat 03:34-də ünvan 1 ünvanında yerləşən “Səməd Vurğun” adına istirahət parkında olarkən həmin parkın yaşıllıq sahəsində uzanaraq istirahət edən İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs yatmış vəziyyətdə olduğunu görüb özgənin əmlakını talama məqsədilə sonuncuya yaxınlaşaraq Zərərçəkmiş şəxs başının altına qoyduğu əl çantasından pul kisəsini və mobil telefonunu götürmək istəyən zaman sonuncunun yuxudan oyanaraq onun hərəkətlərini görməsinə əhəmiyyət vermədən əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək əl çantasından 180 manat dəyərində bir ədəd “İphone” markalı “A 1687“ modelli mobil telefon aparatını, içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə həmin günün məzənnəsi ilə 150 ABŞ dolları təşkil edən 255 manat dəyərində qızıl üzük və hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 55 manat dəyərində 11 ədəd müxtəlif bank kartları olan 40 manat dəyərində pul kisəsini açıq talayıb əmlaka əlçatanlığını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib itələməklə yerə yıxaraq ona sağ dirsək oynağı nahiyəsinin, sağ əlin İİİ və İV barmaqlarının sıyrıqlar, sol əlin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 530 manat məbləğində maddi ziyan vurub soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə gecə saatlarında taksi ilə yaşadığı ünvana getmək istəyərkən sərxoş halda Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun adına parka gəlib çatmış, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs parkda oturacağın arxa hissəsində otluq sahə üzərində uzandığını görmüşdür. O, ilk öncə oturacaqda əyləşmiş, sonra həmin şəxsin yanına gəlib yaxınlığında uzanmış, daha sonra yaxınlaşıb zərərçəkmiş şəxsin sinəsi üzərində olan pul qabını və içərisində olan telefonu götürüb qaçmaq istəyərkən Zərərçəkmiş şəxs gözlərini açaraq onu saxlamaq istəmiş, o isə əli ilə sonuncunu itələyərək ərazidən uzaqlaşmışdır. O ərazidən uzaqlaşarkən Zərərçəkmiş şəxs onun arxasınca qaçmış, lakin sonradan izini itirmişdir. O sonradan götürdüyü pul qabına baxdıqda içərisində şəxsiyyət vəsiqəsi, 4 ədəd metro kartı və 4 ədəd bank kartı və “İphone” markalı telefon olduğunu görmüş, lakin ittiham üzrə qeyd edilən qadın üzüyü orada olmamışdır. Sonradan ələ keçirdiyi telefonu daşların arasında gizlətmiş, digər əşyaları isə xatırlamadığı əraziyə tullamışdır. Zərərçəkmiş şəxsin şikayətindən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və könüllü olaraq gizlətmiş olduğu telefonu istintaq orqanına təqdim etmişdir. İfadəsinin sonunda hal-hazırda zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənildiyini və əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, İran İslam Respublikası vətəndaşıdır, Azərbaycan Respublikasının Bakı şəhərinə turist kimi gəzməyə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Like hotel”də yaşamışdır. Həmin Hoteldə bir müddət yaşamış, həmin hotelin kafesində də yeyib içmiş, hotelin və restoranın bir müddət pulunu vermiş, lakin sonradan pulu qurtardığı üçün qalmaq pulunu və restoranda yeyib içdiyi hesabı tam olaraq verə bilməmiş və təxminən 2000 manata yaxın borcu yaranmışdır. Borcu çoxalandan sonra həmin hotelin resepşini (administratoru) onu hoteldən çıxartmış, o da sonra İran İslam Respublikasının səfirliyinə müraciət etmiş, səfirlikdən ona iki günlük “Premium" hoteldə yer ayrılmış, orada iki gün qalmış, sonra oradanda çıxmışdır. Sonra bir gecə aeroportda gecələmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə, təxminən saat 03:20 radələrində, Baki şəhərində gəzmiş, sonra başı boğazı ağrıdığı üçün Bakı şəhər, Nəsimi rayonu, S.Vurğun parkında yerləşən oturacağın arxasında oturmuş və yerdə otluğa uzanmış, gec olduğundan və yorğun olduğu üçün yuxuya getmiş, az sonra əl çantasının içərisində olan, İran İslam Respublikasına aid bank kartları, bir ədəd 150 ABŞ dolları dəyərində qadın üzüyü olan pul kisəsinin və bir ədəd dəyəri 150 manat olan “iPhone” markalı “M687” modelli mobil telefon aparatının tanımadığı şəxs tərəfindən oğurlandığını görmüş, həmin tanımadığı şəxs həmin əşyaları oğurlayarkən onu tutmaq istəmiş, lakin həmin şəxs onu itələmiş, həmin vaxt o, yerə yıxılmış və əli yerə dəymişdir. O, tez yerdən qalxaraq həmin şəxsin dalınca qaçmışdır. O, həmin şəxsin arxasınca qaçsa da, çata bilməmiş və həmin şəxs uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra o, polis şöbəsinə getmiş və baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazıb izahat yazmışdır. Zərər çəkmiş şəx Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, parkda oturacağın arxasında otluğun üzərində uzanmış və əl çantasını başının altına qoymuş, sonra yuxuya getmiş, sonra hiss etmişdir ki, çantasını kimsə açır, baxan zaman tanımadığı şəxsin çantasının içərisindən oğurluq etdiyini görmüş, həmin şəxsin əlindən tutub itələmiş, lakin həmin şəxs də onu itələmiş və çantasının içərisindən pul qabını və telefonunu oğurlayıb qaçmış, o da həmin şəxsin arxasınca qaçmış, lakin çata bilməmişdir. Tanımadığı şəxs onun əl çantasından içərisində bank kartları, bir ədəd 150 ABŞ dolları olan qadın üzüyü, bir ədəd dəyəri 150 manat olan “iPhone” markalı “A1687” modelli mobil telefon aparatı və 11 ədəd debet bank kartları oğurlamışdır. Bundan başqa həmin üzük və bank kartları onun pul qabısının içərisində olmuşdur. Pul qabının qiyməti təxminən 40 manat olmuşdur. Ümumilikdə ona təxminən 450 manat maddi ziyan dəymişdir. Ona məxsus qızıl üzüyün əyyarı və çəkisini xatırlamır. O, həmin qızıl üzüyü Türkiyədə olarkən 150 ABŞ dollarına almışdır. Xatırladığı qədər hadisə zamanı ətrafda kənar şəxs olmamış, baş vermiş hadisə nəticəsində xəsarət almamışdır. Zərərçəkmiş şəxs əlavə ifadəsində, onun pul qabında olan debet kartlarının hər birinin dəyərinin 5 manat olduğunu, kartların balansında isə pulun olmadığını göstərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sahə inspektoru Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı X1 RPİ-nin 22-ci polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Səməd Vurğun parkında olan zaman mobil telefon və digər əşyalarının oğurlanmasını bildirmiş, bundan sonra baş vermiş cinayətin açılması və cinayəti törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili ilə müvafiq tədbirlər görmüşlər və hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini aşkar etmişlər. Təqsirləndirilən şəxs Dərnəgül prospekti adlanan ərazidə əməliyyat tədbiri nəticəsində saxlanılmış və sonuncu həmin vaxt törətdiyi cinayət əməlini etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara oğurladığı telefonu təqdim etmək istədiyini bildirmiş, birlikdə Sabunçu rayonu ərazisində yarı tikili vəziyyət olan yaşayış binasının yanına getmişlər və orada sonuncu mobil telefonu daşların arasından götürərək təqdim etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən yalnız telefon oğurladığını bildirmişdir. Zərərçəkmiş şəxs özü tüfeyli həyat tərzi keçirmiş və bir çox borcları olmuşdur. Ona görə də, zərərçəkmiş şəxsin 700 ABŞ dolları oğurlanması barədə dedikləri inandırıcı olmamış, həmçinin həmin şəxsin hadisənin baş verdiyi ərəfələrdə, ümumiyyətlə, daimi yaşayış yeri olmamışdır. Zərəçəkmiş şəxsə qarşı Faud Abuşovun itələməsi nəticəsində hər hansı xəsarətin yetirilməsi onun şəxsi mövqeyinə əsasən az inandırıcıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı X1 RPİ-nin 22-ci polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Səməd Vurğun parkında olan zaman özünəməxsus 01 ədəd qızıl üzüyünün, 01 ədəd “İphone 6s” markalı mobil telefonunun və İran İslam Respublikasına aid bank kartlarının oğurlanmasını bildirmiş, qeyd olunan ərizə əsasında Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru Şahid1 ilə müvafiq tədbirlər görmüşlər, cinayətin açılması üçün Bakı şəhəri ərazisində nəzarət müşahidə kameraları vasitəsilə görüntülərə baxaraq, 05 iyul 2022-ci il tarixdə lran İslam Respublikası vətəndaşı Ramin Tarinin əşyalarını talayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onlara oğurladığı telefonu təqdim etmək istədiyini bildirmiş, birlikdə Sabunçu rayonu ərazisində yarı tikili vəziyyət olan yaşayış binasının yanına getmişlər və orada sonuncu mobil telefonu daşların arasından götürərək təqdim etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən Səməd Vurğun adına istirahət parkıdır (i/v 15-18). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Taryel Mahmudov tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs, hal şahidləri X5 və X3 iştirakı ilə keçirilmiş “Təqdim edilmiş əşyaların götürülməsi haqqında” 05 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli “İpone” S markalı mobil telefon istintaq zərurəti ilə əlaqədar olaraq götürülmüşdür (i/v 23-24). İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavad Həsənov tərəfindən tərtib edilmiş “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 06 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi fotoşəkillərin birində bir ədəd qara rəngli pul qabı, digər fotoşəkildə isə bir ədəd qadın qızıl üzüyü müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs fotoşəkillərdə olan üzük və pul qabının özünə məxsus oğurlanmış pul qabı və üzük olduğunu bildirmişdir (i/v 42- 43). İş materiallarında olan 06 iyul 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin parkda otluq ərazidə uzandığını və onun yatıb-yatmamasından xəbəri olmadan, zərərçəkmiş şəxsin başının sağ tərəfində yerdə otluğun üzərində qara rəngli çantanı əlini uzadaraq götürmək istədiyini, lakin həmin şəxsin əli ilə onu tutmaq istəyərkən sonuncunu əli ilə itələyərək çantanın içərisindən pul qabını və bir ədəd “İphone” markalı telefonu götürüb qaçdığını bildirmişdir (i/v 67-69). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 06 iyul 2022-ci il tarixli protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 iyul 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 05 oktyabr 2022-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 oktyabr 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 21 oktyabr 2022-ci il tarixli Qərarına əsasən onun həbsdə saxlanılma müddəti 06 dekabr 2022-ci il tarixədək uzadılmışdır dır (i/v 57, 112-115, 197-199, 217-220). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 19 iyul 2022-ci il tarixli, 880 saylı rəyindən görünür ki, X4 bədənində aşkar olunmuş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin, sağ əlin İİİ və İV barmaqlarının sıyrıqları, sol əlin qançırı bərk küt əşyanın (əşyaların) təsitindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmur (i/v 139-140). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2022-ci il tarixli, 9/5062 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İpone” markalı, “A1687” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilməyən aksessuarların olmaması və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 180,00 manat müəyyən edilmişdir. 01 ədəd Türkiyyə itehsalı olan, 150 ABŞ dollarına Türkiyyə Cümhuriyyətindən alınmış qadın üzüyü, 01 ədəd qara rəngli pul kisəsi, 11 ədəd bank debet kartı tədqiqata təqdim edilmədiyi üçün və ətraflı məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır (i/v 142-143). İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 15 avqust 2022-ci il tarixli, 2181 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i/v 144-146). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 129). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət iş materiallarına əlavə olunmuş bir ədəd diskə baxış zamanı müəyyən olunmuşdur ki, diskdə TŞ-142-2 saylı təhlükəsizlik şəhər kamerasında qeydə alınmış videofayl vardır. Videofayl 10 dəqiqə 01 saniyə müddətindədir. Videofayl açıldıqda müəyyən olunmuşdur ki, videofaylda 03 iyul 2022-ci il tarixdə saat 03:30-dan saat 03:40-a kimi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun parkının yanındakı avtomobil yolunda quraşdırılmış TŞ-142-2 saylı kamerada qeydə alınmış görüntüdür. Həmin videogörüntüdə saat 03:34:47-də Səməd Vurğan parkında bir nəfər ağ köynəkli şəxsin bir nəfər qara geyimdə olan şəxsin arxası ilə qaçması və saat 03:34:58-də kameranın müşahidəsindən itməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntünü izləyib bildirmişdir ki, videogörüntüdə olan ağ köynəkli oğlan İran İslam Respublikası vətəndaşıdır və həmin şəxsin arxası ilə qaçdığı şəxs, yəni qara geyimdə olan şəxs o, özüdür, həmin vaxt o, İran İslam Respublikası vətəndaşının pul qabını ələ keçirib qaçmışdır (i/v 147). Məhkəmə baxışı zamanı qeyd olunan diskə baxış keçirilmiş və baxış zamanı 26 sentyabr 2022-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, bir ədəd “İphone” markalı “A1687” modelli mobil telefon aparatının maddi sübut kimi tanınması və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır (i/v 148-155). İş materiallarında olan qəbzdən görünür ki, bir ədəd “İphone” markalı “A1687” modelli mobil telefon zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə təhvil verilmişdir (i/v 252). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “İphone” markalı “A1687” modelli mobil telefon aparatının zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-497/2022 saylı 21 noyabr 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 25 noyabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 26 (iyrimi altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 156 (yüz əlli altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “İphone” markalı “A1687” modelli mobil telefon aparatının zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 156 (yüz əlli altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar