Məhkəmə qərarları › İş №1(006)-30/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-30/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-30/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – “Ekol” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Masallı rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olan, Masallı rayonu, Miyanku ərazi dairəsi, Kubin kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırkı iş üzrə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə isə Abşeron Rayon Məhkəməsinin 4(012)-714/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,290 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımış, 12 aprel 2024-cü il tarixdə, saat 20:45-də ünvan 2 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığı üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən 22-ci Polis Şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən bir bükümdə təmiz çəkisi 0,290 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 aprel 2024-cü il tarixdə saat 20:45 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və özlərinin polis əməkdaşı olduqlarını bildirib onun narkotik vasitələrdən istifadə etməyində şübhələndiklərini bildirərək onu 22-ci polis şöbəsinə dəvət etmişlər. O da onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-də xidməti otağa getmişdir. Orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra müdafiəçinin iştirakı ilə və mütəxəssis videoçəkiliş edərək üzərinə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə ona üstündə, paltarının ciblərində, əşyalarda və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif etmişlər. O da əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümü, sağ yan cibindən «Samsung A12» markalı mobil telefonu və «Birkart» plastik pul kartını çıxararaq masanın üzərinə qoymuşdur. Sonra üzərinə baxış keçirilmiş heç bir əşya aşkar edilməmişdir. Onda aşkar edilən bir ədəd bükümün içərisində nə olduğunu və haradan əldə etdiyi ona sual edən zaman cavab olaraq bildirmişdir ki, 01 ədəd bükümü həmin gun, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Nəsimi rayonu, S.Vurğun bağının yanında özünü Əli kimi təqdim edən şəxsdən 20 manata öz istifadə üçün aldığını və bükümün içərisində narkotik maddə “patı” olduğunu bildirmişdir. Ondan sonra onun üstündə aşkar edilən 01 ədəd bükümün ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştrakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edildiyi üçün ondan aşkar edilən 01 ədəd büküm zərfə qoyularaq bağlanmış və zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər uçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir. Sonra zərfin üzəri iştrakçılar tərəfindən imzalanmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Hər bir hərəkət qanun çərçivəsində aparılmışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni və ya psixotrop maddəni öz istifadəsi üçün əldə edir, çünki 3-4 ay olar narkotik maddə qəbul edir. Üzərində aşkar edilmiş bir büküm psixotrop maddədən aldıqdan sonra istifadə etməmişdir. Ancaq özü istifadə üçun üstündə saxlamışdır. Həmin psixotrop maddədən başqa digər yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 12 aprel 2024-cü il tarixdə saat 20:45 radələrində o, Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ilə birlikdə şöbənin inzibatı ərazisində xidmət apardıqaları zaman ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsin qeyri-adekvat davranışları diqqətlərini cəlb etdiyi uçün ona yaxınlaşmışlar və özlərini təqdim edərək onunla söhbət aparan zaman onun qeyri-səlist danışığı və davranışları onun narkotik vasitə təsiri altında olması onlarda şübhə yaratdığı üçün həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə 22-ci PŞ-nə getmişdir. Həmin şəxs PŞ-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış, məlum olmuşdur ki, o, xx.xx.1993-cü il təvəllüdlü Masallı rayonu, Kubin kəndində doğulmuş, Masallı rayonu, Miyanku G/D, Kubin kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qaziyeva küçəsi, ev 1-də yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı polis mayoru Valeh Abdullayevə həvalə edilmişdir. Ona görə Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarışda vəkil və mütəxəssis kimi dəvət olunmuş Nəsimi RPİ-nin KTQ-nın inspektor kriminalisti vəzifəsində çalışan X11, o özü və baş əməliyyat müvəkkili Şahid1 iştirak etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əvvəlcə üzərində, paltarında, paltarların ciblərində, əşyalarda və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd büküm, sağ yan cibindən 01 ədəd «Samsung A12» markalı mobil telefon və «Kapital Bank»-a məxsus «Birkart» pul kartını çıxaradaraq masanın üzərinə qoymuşdur. Sonra onun üzərində hər hansı əşya olub-olmadığı sual edilmiş, o heç nə olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümlə əlaqədar sual edilərkən o, cavab olaraq həmin bir ədəd bükümün içərisində «patı» adlanan narkotik maddə olduğunu, onu 12 aprel 2024cu il tarixdə saat 20:30 radələrində S.Vurğun bağında “Əli” adlı şəxsdən özü istifadə üçun 20 manata aldığını demişdir. Daha X2 təqdim etdiyi bir büküm açılaraq içərisinə baxış keçirilərkən ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd «Samsung A12» markalı mobil telefon olduğu «Kapital Bank»-a məxsus «Birkart» pul kartının şifrəsinın pozulmuş vəziyyətdə olması məlum olmuşdur. X2 təqdim etdiyi və içərisində ağ rəngli kristallik maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış və şöbənin zərflər üçün nəzərdə tutulmuş «190» nömrəli möhür ilə möhürlənmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş bir ədəd mobil telefon qablaşdırılarq götürülmüşdür. Bundan sonra zərflərin üzəri iştrakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aparılan axtarış mütəxəssis tərəfindən videoçəkliş edilərək diskdə qeydə alınmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya PŞ-də olarkən ona qarşı hər hansı zor tətbiq edilməmişdir hər bir hərəkət qanun çərçivəsində aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşqul olması barədə sual edilərkən, o narkotik satışı ilə məşqul olmadığını, ancaq özü istifadə üçün əldə etdiyini bildirmişdir. Əli adlı şəxsi də birinci dəfə gördüyünü, onun ünvanını və ya telefon nömrəsini bilmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məqul olması ilə əlaqədar onlara hər hansı bir məlumat daxil olmamışdır, bu istiqamətdə tərəflərindən tədbirlər davam etdilir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:45-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21-22); şəxsi axtarış və götürmə aparılması haqqında 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 42-43); şəxsi axtarış və götürmə aparılması haqqında 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1993-cü il tarixdə Masallı rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olan, Masallı rayonu, Mıyanku Ə/D, Kubin kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X5, mütəxəssis (ekspert) X6 iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (i.v. 46-48); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1993 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...(imza) Nəzərov Cavıdan...» sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,290 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetaminin təmiz çəkisi – 0,290 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,240 qram (i.v. 57-58); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 71-72); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 14 aprel 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiq Kənan Əhədzadənin 14 aprel 2024-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X7 azad olunmuşdur (i.v. 87-88); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Kənan Əhədzadənin 14 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-429/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəcasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 il 03 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur (i.v. 106-109); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Kənan Əhədzadənin 06 iyun 2024-cü il tarixli məcburi gətirmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə məcburi gətirilməsi qərara alınmışdır (i.v. 110-111); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Kənan Əhədzadənin 11 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan olunmuşdur (i.v. 113-114); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Elşən Nuriyevin 24 iyun 2024-cü il tarixli protokolundan görünür ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir (i.v. 120); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4400 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 131- 132); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Kənan Əhədzadənin 26 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və barəsində daha ağır olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 134-135); sübutların qiymətləndirilməsi haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilmiş, iş üzrə psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmış və müvafiq əməliyyat tədbirləri keçirilməsi üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nə göndərilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,290 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,240 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır (i.v. 138-143). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,290 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: Abşeron Rayon Məhkəməsinin 7(012)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt Şəhər Probasiya Şöbəsinin icra məmuru Fəqan Murtuzayevin məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edilməsi barədə təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs həbsdə olduğu 1 ay 15 gün müddəti bir gün tutmanın 02 gün azadlığın məhdudlaşdırılması ilə əvəz edilməklə, ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-429/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsindən 02 ay 10 gün çıxılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 7(012)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 7(012)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında olan anlaşılmazlıq aradan qaldırılmış, Abşeron Rayon Məhkəməsinin 7(012)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı və qərara aldı hissələrində “Təqsirləndirilən şəxs həbsdə olduğu 1 ay 15 gün” ifadəsi “Təqsirləndirilən şəxs həbsdə olduğu 1 ay 05 gün” ifadəsi kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tapılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən təqsirləndirilən şəxs Nəzərov X9 rayonu, Saray qəsəbəsində saxlanılaraq Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməsi və onun tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən yoxlama zamanı Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli axtarış elan edilmə barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-381/2024 saylı qərar icra olunmadan geri qaytarılmışdır. 240271231 saylı cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 4(012)-714/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 ay müddətinə müəyyən edilmiş və həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan 09 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-381/2024 saylı cinayət işin məhkəmə baxışına təyin edilməsinə dair qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri axtarış qərarı icra olunmadan geri qaytarıldığı səbəbindən dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-429/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək cəzasının 01 il 08 ay 26 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 08 ay 10 gün təşkil edir. Bununla da hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 01 il 02 ay 7 gün olduğundan, çəkilməmiş həmin cəza hazırkı iş üzrə əhəmiyyət kəsb edir. Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-429/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırki hökmə təyin edilən cəza ilə qismən birləşdirilərək ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 05 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hazırda Bakı İstintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Ekol” vəkil bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-429/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 10 (on) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən 04 (dörd) ay 05 (beş) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırki hökmə təyin edilən cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı (xx.xx.2024-xx.xx.2024 şübhəli şəxs qismində, xx.xx.2024-xx.xx.2024 axtarış və xx.xx.2024 axtarışla tutulduğu) tutma altında saxlanıldığı 05 (beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin (240271231 saylı cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 4(012)-714/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə hazırda Bakı İstintaq təcridxanasında saxlanılması nəzərə alınsın), “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,240 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. “Ekol” vəkil bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Ekol” vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar