Məhkəmə qərarları › İş №1(006)-300/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-300/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-300/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Tərcüməçi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Rusiya Federasiyası, Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Rusiya Federasiyası, Şimali Osetiya-Alaniya Respublikası, Vladiqafqaz şəhəri, İristonskaya küçəsi, ev 29, mənzil 27-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxx 2020-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 46, 03 saylı mənzilin həyətində olan dolabın qapısının üzərindəki qıfılı qırmaqla orada saxlanılan, hər birinin qiyməti 25 manat olan 75 manat dəyərində 03 ədəd balıq tutmaq üçün istifadə edilən qırmağı, bir ədədinin qiyməti 25 manat olan 50 manat dəyərində 02 ədəd “Bosch” markalı kəsici alət olan “lobziki”, 25 manat dəyərində 01 ədəd xüsusi hazırlanmış vintaçan dəsti olan qabı, 10 manat dəyərində 01 ədəd deşici alət olan drel dəstini, 15 manat dəyərində 01 ədəd “İnterskol” markalı deşici alət olan dreli, 03 manat dəyərində 01 ədəd kəlbətini, 03 manat dəyərində 01 ədəd çəkici, 03 manat dəyərində 01 ədəd əl mişarını, 50 manat dəyərində 01 ədəd bilyard kiyini çantası ilə birlikdə, 40 manat dəyərində bir ədəd “Braun” markalı blenderi gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 274 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 64, 8A saylı mənzilin çöl hissəsindəki olan kiçik həcmli otağın taxta pəncərəsini açıb saxlanc yerinə qanunsuz olaraq oradan 150 manat dəyərində bir ədəd qaynaq aparatını, 80 manat dəyərində bir ədəd su qızdırıcı aparatını, hər birinin qiyməti 02 manat 50 qəpik olan 10 ədəd 25 manat dəyərində elektrik taxıc yuvasını, hər birinin qiyməti 02 manat 50 qəpik olan 10 ədəd 25 manat dəyərində elektrik açarını, hər birinin dəyəri 300 manat olan 02 ədəd 2x3 metr ölçülü, ümumi dəyəri 600 manat olan xalçaları və bir ədəd 1,5x2 metr ölçülü, 250 manat dəyərində xalçanı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1.130 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Rusiya Federasiyasının vətəndaşıdır, bir müddət əvvəl işləmək üçün Bakıya gəlmiş, müxtəlif yerlərdə işləsə də, sonradan işsiz qalmış və öz ölkəsinə qayıda bilməmişdir. Maddi vəziyyəti ağır olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxx 2020-ci il tarixdə, saat 05 radələrində metronun “Nizami” stansiyası yaxınlığında kirayədə yaşadığı evdən çıxıb piyada S.Vurğun küçəsi ilə hərəkət etdiyi vaxt tanımadığı bir məhəllə arası yola dönmüş və bir həyətə daxil olmuşdur. Həyətdə olarkən ətrafa baxmış, orada heç kimin olmamasından əmin olduqdan sonra həyətdə gəzməyə başlamış, lakin dəyərli bir əşya tapa bilməmişdir. Lakin sonra bir mənzilin divarının yanında taxtadan düzəldilmiş, üzərində qapısı olan şkaf görmüşdür. Yerdən dəmir parçası tapıb şkafın qapısının üzərində olan asma qıfılı qırıb qapını açmış və orada müxtəlif təmir alətlərin, balıq tutmaq üçün qırmaqların, bilyard kiyi və digər əşyaların olduğunu görmüşdür. Şkafda olan çantanı götürüb iki ədəd elektrik mişarını, dreli, drelin deşici alətləri, kəlbətini, vintaçan dəstini qutusu ilə birlikdə, çəkic, blender, əl mişarı və sair əşyaları onun içərisinə yığmış, kiyi və üç ədəd balıq qıpmaqlarını isə onun üçün nəzərdə tutulmuş uzun çantanın içərisinə salıb həmin yerdən uzaqlaşmışdır. Oğurladığı əşyaların bir hissəsini tanımadığı şəxslərə, qırmaqların ikisini Səbail rayonu ərazisində olan və adını bilmədiyi kafenin sahibinə 25 manata, digər bir qırmağı isə tanımadığı şəxsə, blenderi də tanıdığı Elmir adlı şəxsə satmışdır. Eyni zamanda onu qeyd edir ki, Zərərçəkmiş şəxs1 məxsus saxlanc yerindən heç bir oğurluq etməmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, tikintidə ustalıqla məşğul olduğu üçün onun təmir alətləri var və bu əşyaları o, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 46, 03 saylı mənzilin ümumi istifadədə olan həyətində yerləşən, taxtadan düzəldilmiş dolabda saxlayır. Dolabın qapısı taxtadandır və üzərinə asma qıfıl vurulmuşdur. Dolabda drel, vintaçan, kəsici alət olan “lobzik”, balıq tutmaq üçün istifadə edilən qırmaqlar, bilyard kiyi, çəkic, kəlbətin, mişar və sair alətlər var idi. xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində işdən evə qayıdarkən dolaba yaxınlaşanda görmüşdür ki, dolabın üzərində olan asma qıfıl qırılıb. Dolabı açanda müəyyən etmişdir ki, oradan hər birinin qiyməti 25 manat olan 03 ədəd balıq tutmaq üçün istifadə edilən qırmaq, ümumi dəyəri 50 manat olan 02 ədəd “Bosch” markalı kəsici alət olan “lobzik”, 25 manat dəyərində 01 ədəd xüsusi hazırlanmış vintaçan dəsti olan qab, 10 manat dəyərində 01 ədəd deşici alət olan drel dəsti, 15 manat dəyərində 01 ədəd “İnterskol” markalı deşici alət olan drel, 03 manat dəyərində 01 ədəd kəlbətin, 03 manat dəyərində 01 ədəd çəkic, 03 manat dəyərində 01 ədəd əl mişarı, çantası ilə birlikdə 50 manat dəyərində 01 ədəd bilyard kiyi, 40 manat dəyərində bir ədəd “Braun” markalı blender oğurlanıb. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, evində istifadə etmədiyi əşyaları yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 64, 8A saylı mənzilin çöl hissəsindəki olan kiçik həcmli otağa qoyur. Pandemiya ilə əlaqədar bir müddət həmin evdə yaşamamışdır. xx.xx.2020-ci il tarixdə evə gələrkən ona su qızdırıcısı lazım olduğundan o, həmin saxlanc yerinə baxmış və su qızdırıcısının yerində olmadığını aşkar etmişdir. 80 manat dəyərində su qızdırıcı aparatının oğurlandığını düşünüb dərhal orada olan digər əşyaların yerində olub-olmadığını yoxlamışdır. Bu zaman 150 manat dəyərində bir ədəd qaynaq aparatının, hər birinin qiyməti 02 manat 50 qəpik olan 10 ədəd elektrik taxıc yuvasının, hər birinin qiyməti 02 manat 50 qəpik olan 10 ədəd elektrik açarının, hər birinin dəyəri 300 manat olan 02 ədəd 2x3 metr ölçülü xalçaların və 01 ədəd 1,5x2 metr ölçülü 250 manat dəyərində xalçanın oğurlandığını müəyyən etmişdir. Dərhal bu barədə “102” xidmətinə zəng vurub məlumat vermişdir. Ona vurulmuş zərər ödənilməyib. İş materiallarında olan: Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir: “ ............. Bundan sonra mən həmin ümumi istifadə olunan məhəllədə birinci olaraq gördüm ki, bir anbar kimi, yəni saxlanc yeri kimi yer var və həmin yerin pəncərəsi itələməklə açılır. Mən həmin yerin pəncərəsini açdım və içəri daxil oldum. Mən içəri daxil olduqdan sonra içəridən 01 ədəd qaynaq aparatını, 20 ədəd elektrik taxıc yuvasını, 01 ədəd su qızdırıcısım və 3 ədəd xalçanı oğurladım. Bundan sonra mən oğurladığım əşyalarla birlikdə oradan uzaqlaşdım. Su qızdırıcı işlək vəziyyətdə olmadığından mən onu yoldan keçən metal qəbul edən şəxsə 10 manata satdım. .........Elə qaynaq aparatını da həmin metal qəbul edən şəxsə 10 manata satdım. Mən həmin metal qəbul edən şəxsə 3 ədəd xalçaların da olduğunu bildirdim və həmin xalçaları da ona hərəsini təxminən 10-15 manatdan satdım. Taladığım elektrik taxıc yuvası isə istifadə edilib sonra sökülmüş olduğundan mən onları sata bilmədim və xatırlamadığım yerdə zibilliyə tulladım.........” (İ cild, i.v.203-205); Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin xx xxxx 2020-ci il tarixli, ***-**** saylı məktubuna əsasən Təqsirləndirilən şəxs saxlanılaraq istintaq orqanına təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə onun barəsində tutma haqqında protokol tərtib olunmuş, Bakı şəhəri Nəsimi Rayon prokurorunun xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (İ cild, i.v.32, 53- 54, 100-103); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx xxxx 2020-ci il tarixli, 9/2043 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd qara rəngli qırmağın istifadədə olması nəzərə alınmaqla hər birinin orta bazar qiyməti ilə 25 manat, tədqiqata təqdim edilməyən 2018-ci ilin yay aylarında hissələri ilə birlikdə alınmış 01 ədəd qara rəngli qırmaq - 25 manat, 2018-ci ildə alınmış, 01 ədədinin qiyməti 25 manat olan 02 ədəd “Bosch” markalı lobzik - 50 manat, 2019-cu ildə alınmış, 01 dəst vintaçan - 25 manat, 2019-cu ildə alınmış 01 ədəd drel - 25 manat, 2018-ci ildə alınmış 01 ədəd “İnterskol” markalı drel - 15 manat, 2019-cu ildə alınmış 01 ədəd kəlbətin - 03 manat, 2019-cu ildə alınmış 01 ədəd çəkic - 03 manat, 2019cu ildə alınmış 01 ədəd mişar - 03 manat, 2018-ci ildə alınmış 01 ədəd bilyard kiyi çantası ilə birlikdə - 50 manat, 2018-ci ildə alınmış 01 ədəd “Braun” markalı blender - 40 manat dəyərində qiymətləndirilir. Tədqiqata təqdim edilməyən malların istifadədə olması nəzərə alınmaqla nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 224,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.113-115); - xx xxxxxx 2020-ci il tarixli, 9/2532 saylı rəyinə əsasən istifadədə olmuş 01 ədəd qaynaq aparatı - 150 manat, markası bilinməyən istifadə olunmuş 01 ədəd su qızdırıcı aparatı - 80 manat, istehsal və markası bilinməyən, təzə vəziyyətdə olduğu halda 01 ədədinin qiyməti 2,5 manat olan 10 ədəd elektrik taxıc yuvası - 25 manat, istehsal və markası bilinməyən, təzə vəziyyətdə olduğu halda 01 ədədinin qiyməti 2,5 manat olan 10 ədəd elektrik açarı - 25 manat, ölçüsü 2x3 metr olan, 20 ilin Suriya istehsalı olan xalça - 300 manat, ölçüsü 1,5x2 metr olan, 20 ilin Rusiya istehsalı olan yun xalça - 250 manat dəyərində qiymətləndirilir. Bu malların 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 830,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.169-170); 1.1. - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla 02 ədəd balıq tutmaq üçün nəzərdə tutulmuş qırmaq maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır (İ cild, i.v.175-181); 1.2. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxsAzərbaycan Respublikasında məhkum olunmamışdır (İ cild, i.v.174); 1.3. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(009)- 426/2020 saylı qərarı ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxsbarəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin əməllərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs2 vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə saxlanıldığı 03 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd balıq tutmaq üçün qırmaq sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılmalı, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 100 manat pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində həbs qətimkan tədbiri seçilsin və onun hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd balıq tutmaq üçün qırmaq sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılsın. Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar