Məhkəmə qərarları › İş №1(006)-301/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-301/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-301/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2mış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 noyabr 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov 15 ünvanında yerləşən ünvan 5usunda olan zaman həmin avtobusun sərnişini Zərərçəkmiş şəxs çiynindən asılı olan açıq mavi rəngli qadın əl çantasının zəncirbəndinin açıq olmasından istifadə edərək çantada olan sonuncuya məxsus içərisində 4 (dörd) manat dəyərində 051 *** ** ** saylı gsm nömrəsi olan 300 (üç yüz) manat dəyərində bir ədəd “X16 8 pro” markalı **********20203 və **********20200 imei kodlu mobil telefon aparatını gizli olaraq çıxarıb talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 304 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan “metamfetamin”i 20 manata əldə edib, özündə saxlayaraq daşımış, oğurluq cinayəti törətməkdə və narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşımasında şübhəli bilindiyinə görə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 fevral 2021-ci il tarixdə, saat 16:15-də ünvan 6 ünvanının qarşısında saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli uzunqol gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə, təmiz çəkisi 0,196 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun illərdir, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmiş, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyinə görə 2 dəfə daha əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 22.02.2021ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan əraziyə şəxsi işləri ilə bağlı getdiyi zaman daha əvvəllər tanımadığı kişi cinsindən olan şəxs ilə aralarında söhbət yaranmış, söhbət əsasında həmin şəxsin də narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi məlum olmuşdur. Həmin şəxs ona 20 manata metamfetamin, yəni şüşə sata biləcəyini təklif etmiş, o, həmin şəxslə razılaşmış, tanımadığı şəxsə 20 manat verərək, bir ədəd gümüşü bükümdə olan metamfetamini almışdır. Aldığı bir ədəd gümüşü bükümdə olan metamfetamini əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibinə qoymuş, bundan sonra şəxsi işləri ilə məşğul olmuşdur. 23.02.2021-ci il tarixdə, saat 16:15-də ünvan 6 ünvanının qarşısında olduğu zaman ona polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim etmiş, oğurluq cinayəti törətməkdə şübhəli olmasını ona izah etmişlər. Həmin vaxt onun psixotrop maddə və narkotik vasitə istifadə etməsi xarici görünüşündə aşkar göründüyündən polis əməkdaşları ona narkotik vasitə əldə etməkdə, özündə saxlamaqla daşımaqda da şübhəli olmasını qeyd etmiş, daha sonra o, etiraz etmədən polislərlə avtomobilə minmiş, polis bölməsinə gətirilmişdir. Orada onu təhqiqatçının xidməti otağına aparmış, müdafiəçi seçmək hüququnun olmasını ona izah etmiş, vəkillərin siyahısını vermiş, daha sonra ona dövlət hesabına vəkil təyin etmişlər. Vəkil polis bölməsinə gəldikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı könüllü olaraq əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibində saxladığı bir ədəd gümüşü bükümdə olan metamfetamini masanın üzərinə qoymuş, həmin bükümdə olan maddənin metamfetamin olmasını və 22.02.2021-ci il tarixdə “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən aldığını etiraf etmişdir. Lakin telefonu o oğurlamamışdır. Orxan adlı tanışı telefonu gətirmiş və ona anasının telefonu olduğunu, satmaq lazım olduğunu bildirmişdir. Orxanın üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün telefonu öz şəxsiyyət vəsiqəsi ilə satmış, pulunu da aralarında bölmüşlər. O, telefonun oğurluq mal olduğunu bilməmişdir. Daha sonra özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək əməlindən peşman olmasını, telefonu götürməsə də, dəymiş ziyanı ödədiyini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 06.11.2020-ci il tarixdə, təxminən saat 20 radələrində tanışı X5 ilə birlikdə M.Əcəmi metrostansiyasının yaxınlığından yaşadığı ünvan 8 ünvanına getmək üçün ümumi istifadədə olan 65 saylı sərnişin avtobusuna minmişdir. Avtobusa minən zaman əlində saxladığı və içərisində 10 manat dəyərində 051 *** ** ** GSM kartı olan 500 manat dəyərində bir ədəd “X16 8 pro” markalı **********20203 və **********20200 imei kodlu mobil telefonu əl çantasına qoymuş, əl çantasının zəncirbəndini bağlamamışdır. Əl çantası çiynindən asılı vəziyyətdə olmuş, həmin vaxt avtobusda sıxlıq olduğundan ayaq üstə dayanmışdır. Yolda sıxlıq olduğundan 65 saylı sərnişin avtobus gedəcəyi istiqaməti dəyişmiş, M.Əcəmi metrostansiyası istiqamətindən 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətini davam etdirmişdir. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qarşısında olan sərnişin dayanacağında avtobus dayanmış, həmin vaxt çantasının içərisinə baxmış, özünə məxsus içərisində 10 manat dəyərində 051 *** ** ** GSM kartı olan 500 manat dəyərində bir ədəd “X16 8 pro” markalı **********20203 və **********20200 imei kodlu mobil telefonun oğurlandığını aşkar etmişdir. Avtobusun içərisində olan zaman sıxlıq olduğundan mobil telefonunun oğurlanacağından şübhə etmiş, lakin sıxlıq olduğuna görə yolda olan zaman çantasının içərisinə baxa bilməmişdir. Mobil telefonunun çantada olmadığını görən zaman dərhal rəfiqəsi Aygünün mobil telefonundan öz nömrəsinə zəng etmiş, lakin artıq mobil telefonu söndürülmüş vəziyyətdə olmuşdur. Hadisədən sonra həyacanlı olduğuna görə yaşadığı evə getmiş, heç kəsə bu barədə məlumat verməmiş, növbəti gün, yəni 07.11.2020-ci il tarixdə hadisə barədə polisə məlumat vermişdir. Daha sonra oğurlanmış mobil telefonunun 500 manat dəyərində olduğunu, həmin məbləğdən sadəcə 300 manatın təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, A.Ə.Məmmədova ifadəsində göstərmişdir ki, o, 06.11.2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə alış-veriş etmək məqsədilə M.Əcəmi metrostansiyasının yaxınlığına getmişdir. Həmin gün təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə M.Əcəmi metrostansiyasının yaxınlığından onun yaşadığı ünvan 8 yanına getmək üçün ümumi istifadədə olan 65 saylı sərnişin avtobusuna minmişlər. Avtobusa minən zaman Zərərçəkmiş şəxs əlində saxladığı bir ədəd “X16 8 pro” markalı mobil telefonu əl çantasına qoymuş və əl çantasının zəncirbəndini bağlamamışdır. Zərərçəkmiş şəxs əl çantası çiynindən asılı vəziyyətdə idi. Həmin vaxt avtobusda sıxlıq olduğundan onlar ayaq üstə dayanmışlar və hər tərəflərində sərnişinlər olmuşdur. Yolda sıxlıq olduğundan 65 saylı sərnişin avtobusu gedəcəyi istiqamətini dəyişmiş və M.Əcəmi stansiyası istiqamətindən 3cü mikrorayon dairəsi istiqamətində hərəkətini davam etdirmişdir. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qarşısında sərnişin dayanacağında avtobus dayanmış və həmin vaxt Zərərçəkmiş şəxs çantasının içərisinə baxmış və müəyyən etmişdir ki, özünə məxsus bir ədəd “X16 8 pro” markalı mobil telefon oğurlanmışdır. Mobil telefonun çantasında olmadığını görən zaman Zərərçəkmiş şəxs dərhal onun mobil telefonundan öz nömrəsinə zəng etmiş, lakin artıq mobil telefonu söndürülmüşdür. Həmin gün Zərərçəkmiş şəxs hadisə barədə polisə müraciət etməsə də, növbəti gün, yəni 07.11.2020-ci il tarixdə hadisə barədə polisə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən “El telekom” mobil telefonların alqı-satqısı mağazasında işləyir. 10.11.2020-ci il tarixdə işlədiyi mağazaya daha əvvəllər tanımadığı və daha sonra şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs gəlmiş, həmin şəxs ona “Redmi not 8 pro” markalı **********20203/01 imei kodlu mobil telefonu təqdim etmiş, yeni mobil telefon aldığı üçün həmin mobil telefonu satmaq istədiyini söyləmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olmasını qeyd etmişdir. Mobil telefona baxış keçirdikdən sonra həmin mobil telefon aparatını Bəxtiyardan 130 manata ala biləcəyini söyləmiş, Təqsirləndirilən şəxs onunla razılaşdığı üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişdir. İşlədiyi mağazada istifadə olunmuş mobil telefon alan zaman mobil telefonu satan şəxslərin şəxsiyyət vəsiqələrinin nüsxəsini çıxararaq alış aktı tərtib edilir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onun satdığı mobil telefonla bağlı alış aktı tərtib edilmişdir. Alış aktında şəxsin şəxsiyyət vəsiqəsinin nüsxəsi də mövcuddur. Həmin telefonu aldıqdan bir neçə gün sonra tanımadığı müştəriyə satmışdır. Cinayət törədilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs mobil telefonu satmağa gələn zaman tək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən ərəfədə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə istintaq xətti ilə cinayət əməlini törətməkdə şübhəli olan şəxsin xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxs istintaq şöbəsindən çağırış vərəqəsi göndərilərək və mobil telefon vasitəsi ilə zənglər edilərək, ifadə verməsi üçün dəvət edilmiş, lakin üzürlü səbəblər olmadan çağırışlardan yayındığından Nəsimi RPİ-nin İstintaq şöbəsi tərəfindən Təqsirləndirilən şəxs məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın icrası ona və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 həvalə edilmiş, qərarın icrası ilə əlaqədar əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər. 23.02.2021-ci il tarixdə, saat 16:15-də ünvan 6 ünvanının qarşısında Şahid1 ilə birlikdə orada olan Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etmiş, oğurluq törətməkdə şübhəli olduğunu söyləyib, ifadə verməli olduğunu qeyd etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özünü aparması və danışığı narkotik vasitə, psixotrop maddə təsiri altında olmasında və narkotik vasitələri, psixotrop maddələri üzərində daşımasında şübhə yaratdığından ilkin olaraq Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparmış, bu barədə raportla rəhbərliyə həmin şübhənin yoxlanılmasına göstəriş verməsini xahiş etmişlər. Rəhbərlik tərəfindən həmin raportun icrası Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru Rasim Əliyevə həvalə edilmiş, Rasim Əliyev vətəndaş Təqsirləndirilən şəxs müdafiə hüququnu izah etmiş və üzərində şəxsi axtarış keçirilməsindən öncə vəkillərin siyahısı ona təqdim edilmişdir. Müdafiəçi seçmək hüququ izah olunduqdan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, dövlət hesabına müdafiəçi seçilməsini istədiyini qeyd etmiş, dövlət hesabına təyin edilmiş müdafiəçi X7 polis bölməsinə gəlib Təqsirləndirilən şəxs təqdim edildikdən sonra sonuncu tutularaq, üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah etdikdən sonra üzərində olan əşyaları çıxararaq masanın üzərinə qoymasını təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibinə əlini salaraq oradan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının ona verdiyi suallar zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin metamfetamin olmasını, həmin maddəni şəxsi istifadəsi üçün 22.03.2021-ci il tarixdə “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilkin olaraq oğurluq cinayəti törətməkdə şübhəli olduğu üçün Nəsimi RPİ-nin İstintaq şöbəsi tərəfindən barəsində məcburi gətirmə qərarı qəbul edildiyi və həmin cinayəti törədib-törətməməsi sual edildiyi zaman Təqsirləndirilən şəxs həqiqətən 06.11.2020-ci il tarixdə avtobusda olan zaman tanımadığı qadının çantasından sonuncunun “Xiaomi Redmi 8 Pro” markalı mobil telefonunu oğurladığını, daha sonra həmin mobil telefonu 20 yanvar dairəsinin yaxınlığında yerləşən mobil telefon mağazalarının birində işləyən Vüsalim adlı şəxsə 130 manata satdığını bildirmişdir. Daha sonra şəxsi axtarışda iştirak edənlərin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırılmış, şəxsi axtarışda iştirak edən şəxslər həmin qablaşdırmanın üzərini imzalamış, bu barədə protokol tərtib edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid1 ifadəsində Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respubliksı CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.21-22); - “Ayrı-ayrı cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işi sonuncunun barəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilmişdir (İ cild, i.v.74-75); - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 4(006)-92/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 fevral 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.219-222); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.02.2021-ci il tarixli, 6/796 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,196 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.55-60); - “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” 27 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,196 qram metamfetamin maddi sübut kimi tanınmış və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,146 qram çəkidə psixotrop maddə metamfetamin Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir (İ cild, i.v.225-226); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 15.03.2021-ci il tarixli, 780 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.5-6). - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.03.2021-ci il tarixli, 9/1179 saylı ekspert rəyindən görünür ki, 01 ədəd “X16 8 Pro” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 300 manat, 051 *** ** ** saylı gsm nömrə 4,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.1-3); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 13 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum edilmiş və 12.02.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İİ cild, i.v.4). “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 15.02.2019-cu il təvəllüdlü və 29.04.2020-ci il təvəllüdlü iki övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi isə zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs 01 ədəd “X16 8 Pro” markalı mobil telefonu öz şəxsiyyət vəsiqəsini təqdim etməklə satmış, həmçinin telefonu Orxan adlı tanışından aldığını və oğurluq mal olmasından xəbəri olmadığını bildirsə də, Orxan adlı şəxsin kim olması barədə məlumat verməmişdir. Ona görə də məhkəmə bu ifadəyə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini səmimi olaraq etiraf etməsini, dəymiş ziyanı ödədiyini və himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 23 fevral 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 15 mart 2021-ci il tarixli, 780 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,146 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci olaraq 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.5-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 23 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,146 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar