Məhkəmə qərarları › İş №1(006)-301/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-301/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-301/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X10 küçəsi, İ/B, ev 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,327 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 fevral 2025-ci il tarixdə saat 11:47-də ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,327 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, yəni 2023-cü ildən mütəmadi olaraq psixotrop maddə olan "patı", yəni metamfetamin istifadə edir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat qarşılığında 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə “patı”, yəni metamfetamini şəxsi istifadəsi üçün alıb əynindəki qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, təklikdə şərait yarandıqda onu təkbaşına istifadə etsin. Metamfetamini aldıqdan sonra həmin ərazidən uzaqlaşmış və təkbaşına bir az gəzişdikdən sonra yaşadığı ünvana piyada və təkbaşına qayıdan zaman həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 11:40 radələrində 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və əllərində mobil telefonla çəkiliş apararaq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Bundan sonra özü də ad, soyad, ata adı və digər məlumatlarını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narktoik vasitə və yaxud psixotrop maddə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Bu barədə sorğu edilmiş və bildirmişdir ki, həmin maddə metamfetamindir, şəxsi istifadəsi üçün almışdır. Daha sonra üzərində olan sürücülük vəsiqəsini təqdim etmişdir. Sonra üstü yoxlanılmış, yoxlama zamanı başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi metamfetamin zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Üzərindən başqa hər hansı qanunsuz əşya, predmet və yaxud maddə aşkar edilməmişdir. Bundan sonra çəkilişin başa çatdığı bildirilmiş və birlikdə Nəsimi Rayon Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi və tərcümçi təyin edilmiş və hüquq və vəzifələri izah olunmuşdur. Verilən suallara cavab olaraq, üzərindən aşkar olunuş kütlənin psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi məqsədi ilə Yasamal rayonu ərazisində İnşaatçılar metrostansiyası yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat qarşılığında əldə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hərhansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Heç bir xəsarəi almamış və döyülməmişdir. Nə evində, nə də başqa yerdə narkotik vasitə və psixotrop maddə gizlədib saxlamamışdır. Daha sonra əməlini səmimi etiraf etməsini, peşman olmasını, himayəsində üç uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD disklərdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvləri isə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı X7 olmuşdur. Bununla əlaqədar 10 fevral 2025-ci il tarixdə saat 11:47-də Sübhi Salayev küçəsi 54 ünvanının qarşısında onu görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tərəflərindən saxlandığını ona elan etmişlər. Daha sonra NBM-nin əməliyyat müvəkkili X4 videoçəkiliş aparması və NMB-nin digər əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünü yoxlamaq zərurətini bildirmişdir. Bununla əlaqədar ona üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub- olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə bu təklifi ilə əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra üstünü şəxsən yoxlamış və əlavə hər hansı əşya, predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs cibindən çıxardığı bükümün nə olduğunu soruşduqda o, bükümün içərisində “patı” adlandırılan psixotrop maddə olduğunu, onu tanımadığı şəxsdən öz istifadəsi məqsədi ilə aldığını etiraf etmişdir. Həmin büküm tərəfindən qablaşdırılaraq götürüldükdən sonra çəkiliş yekunlaşmış və birlikdə Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına getmişlər. Orada müvafiq qaydada tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X1 tapşırılmış və təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi, tərəfindən götürülərək qablaşdırılmış bükümə onun, əməliyyat müvəkkilləri Bilal Bilalov, Şahid2 və Təqsirləndirilən şəxs özünün iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. X5 həmin bükümün içərisində ağ rəngli kristallik psixotop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindən sonra sözügedən bükümü ekpertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür. Özü də daxil olmaqla iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində şübhəli olduğundan Bakı şəhəri “Xəzər Konsaltinq” vəkil bürosundan müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmin psixotrop maddəni xx.xx.2025ci il tarixdə Yasamal rayonu ərazisində İnşaatçılar metrostansiyasının yanında, tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamışdır, bu sahədə hər hansı bir sübut və ya dəlil mövcud olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən, eləcə də şöbəyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 oğu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.41); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.74); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.101-104); - "Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materiallı şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə maddəni, həmçinin özünə məxsus olan sürücülük vəsiqəsini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan heç bir əşya, predmet aşkar edilməmişdir. Ardınca təqdim edilmiş kütləyə baxış zamanı Təqsirləndirilən şəxs bükümdəki maddənin nə olması soruşulmuş, saxlanılan şəxs cavab olaraq özü psixotrop maddə olan metamfetamin istofadəçisi olduğunu, təqdim etdiyi bükümdəki maddənin də psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Aşkar olunan psixotrop maddə metamfetaminə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Həmin şəxsin üstünü yoxlama Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev 54 ünvanının yanında keçirilmişdir (i.v.8-10); - "Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlə möhürlənmişdir. Bir ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır (i.v.16-18); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/595 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN Zərflər üçün №186 dairəvi möhür əksi olan, “Saxlanılan şəxs....Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,327 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (i.v.58-62); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X2 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 748 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində “F 19.2" diaqnozu ilə dispanser qeydiyyatındadır (i.v.87-88); - “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,327 qram çəkidə psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,227 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-də olan maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (i.v.106-107); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,327 qram çəkidə psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması və qalıq çəkisi 0,227 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-də olan maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk sübut növü hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.137-144); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Rusiya Federasiyası Kalininqrad vilayəti Svetloqorsk Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 126-cı maddəsinin 1-ci hissəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası CM-nin 73-cü maddəsinə əsasən 01 il 06 ay şərti sınaq müddəti tətbiq edilmişdir. Rusiya Federasiyası Kalininqrad vilayəti Svetloqorsk Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 1-ci hissəsi ilə 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.132-134); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-140/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v.124-131); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşağı vardır. Məhkəmə iclasında üstünə baxış keçirilməsinə dair əməliyyat axtarış tədbirinin qeydə alındığı DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə 05 dəqiqə, 26 saniyədən ibarət 01 ədəd videogörüntü faylı mövcuddur. Videogürüntünün əvvəlindən Nəsimi RPİ-nin NBM-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 özünü və Nəsini RPİnin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, həmçinin çəkiliş aparan Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Bilal Bilalovu təqdim edərək 10 fevral 2025-ci il tarixdə saat 11:47-də Təqsirləndirilən şəxs əvvəldən daxil olmuş məlumat əsasında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlandığını bildirir. Əməliyyat müvəkkili Şahid1 saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Repsublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulan hüquq və azadlıqlara malik olduğunu bildirməklə, ondan saxlanılarkən ona qarşı hər hansı zorakılıq tətbiq olunubolunmadığını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı hər hansı zor tətbiq olunmadığını bildirir. Daha sonra əməliyyat müvəkkili şübhəli şəxsə üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Əməliyyatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb göstərməklə təqdim edir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən şəxsin üzəri yoxlanılır və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Əməliyyat müvəkkili şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və hansı məqsədlə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün “patı” adlandırılan maddə olduğunu, şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən sözüzgedən büküm bir ədəd zərfə qoyularaq qablaşdırılır və üzərində şübhəli şəxslə birlikdə müvafiq imzalar imzalar çəkilir. Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən araşdırmanın davam etdirilməsi üçün şübhəli şəxs Təqsirləndirilən şəxs polis idarəsinə aparılacağını bildirməsindən sonra çəkiliş yekunlaşır. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə bir ədəd 09 dəqiqə 56 saniyədən ibarət videogörüntü faylı vardır. Videogörüntüdə Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik leytenantı Taryel Qaffarov özünü təqdim etməklə Nəsimi RPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 fevral 2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısında AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin yerdə yoxlanış keçirilərkən içərisində metamfetaminə bənzər maddə olan bir ədəd bükümün götürülüb qablaşdırıldığını bildirir. Həmin büküm olan zərfin açılaraq içərisinə özü tərəfindən baxış keçirildiyi elan edilir və həmin zərfi açmaqla qeyd olunan şəffaf bükümün içərisinə baxır və psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən edir. Təhqiqatçı ilkin videogörüntüdən həmin bükümün Təqsirləndirilən şəxs götürüldüyünün aydın olduğunu bildirir, həmçinin Təqsirləndirilən şəxs da bunu təsdiq edir. Ardınca isə təhqiqatçı tərəfindən həmin büküm yenidən başqa boş zərfə qoyularaq, “186" nömrəli möhürlə möhürlənib qabşaldırılır. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş bitir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini etiraf etməsini və səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 748 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində “F 19.2" diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,227 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat olmaqla, ümumi 24 saata görə cəmi 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində “F 19.2" diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,227 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə cəmi 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar