Məhkəmə qərarları › İş №1(006)-302/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-302/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-302/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 1(006)-44/2021 saylı hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını açıq talama məqsədi ilə 28.11.2020-ci il tarixdə, saat 11 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Nərgiz" aptekə zəng vuraraq ünvan 4 ünvanın qarşısına ümumilikdə 37 manat dəyərində 1 ədəd uşaq yeməyi və 1 paket uşaq bezi sifariş edib, sifarişi qəbul edən şəxsə üzərində 200 manatlıq əskinaz olduğunu bildirib sifarişi gətirən şəxsə qalıq 163 manat pul verilməsini xahiş etmiş, həmin gün saat 11 radələrində qeyri-rəsmi olaraq kuryer fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs sifariş olunan uşaq yeməyi və uşaq bezini aptekdən götürərkən sifarişi qəbul edən Şahid3 Zərərçəkmiş şəxs 200 manatlıq əskinaza 163 manat qalıq pulu müştəriyə özündən ödədikdən sonra qayıdıb aptekdən götürməsini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs sifariş olunan uşaq yeməyi və uşaq bezini aptekdən götürərək qeyd olunan ünvanın qarşısında onunla görüşüb sifariş etdiyi uşaq yeməyi, uşaq bezi və özünə məxsus 163 manat pulu təqdim etdikdə o, içərisində uşaq yeməyi və uşaq bezi olan sellofan torbanı yerə atıb 163 manat pulu Zərərçəkmiş şəxs gözü qarşısında əmlaka əlçatanlığını təmin etmək məqsədilə ələ keçirib hadisə yerindən qaçaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 163 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti yaxşı olmamış və o, soyğunçuluq edərək pul əldə etmək fikrinə düşmüşdür. Buna görə də 28 noyabr 2020-ci il tarixdə özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən “Nərgiz” aptekdən 01 ədəd uşaq yeməyi və 01 paket uşaq bezi sifariş vermiş, sifarişi qəbul edən şəxsə sifarişin ümumilikdə nə qədər təşkil etdiyini soruşduqda, ona 37 manat təşkil etdiyi bildirilmişdir. O, sifarişi qəbul edən şəxsə onda tam şəkildə 200 manat pul olduğu üçün sifarişi gətirən kuryerə 163 manat qalıq pul göndərməyini və sifarişi Nəsimi rayonunda "Papanin” adlanan ərazidəki “Olimpik Star"ın qarşısına gətirməyini demiş, sifarişi qəbul edən şəxs onunla razılaşmışdır. O, sifarişi verdikdən sonra C.Məmmədquluzadə küçəsi 186 saylı ünvanın qarşısına getmişdir. Saat təxminən 11 radələrində ***-***-**-** saylı nömrədən ona zəng gəlmişdir. Zəng edən şəxs adı sonradan ona məlum olan, aptekin kuryeri Zərərçəkmiş şəxs ona “Olimpik Star"ın qarşısında olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs “Papanin”in içərisində yerləşən Qırmızı marketin qarşısına gəlməyini demişdir. Adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs qarşılayıb C.Məmmədquluzadə küçəsi 186 saylı ünvanın qarşısına aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs qara rəngli motosiklla idi. O, Zərərçəkmiş şəxs pulu və sifarişi ona verməyini demişdir. Zərərçəkmiş şəxs 163 manat pulu və sifarişi ona vermişdir. O, sifarişi dayandığı qapının qarşısına qoyaraq Zərərçəkmiş şəxs pəncərədən çağırıb 200 manatı götürəcəyini deyib, oradan qaçaraq uzaqlaşmağa başlamışdır. O, hadisə yerindən qaçan zaman Zərərçəkmiş şəxs onun arxasınca dayanmağını və pulu geri qaytarmağını dediyini eşitmişdir. O, hadisə yerindən qaçaraq dayısı oğlu Şahid2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 151 saylı evə tərəf qaçaraq, həmin evə girmiş, evə girən zaman Şahid2 evdə olmuşdur. O, Rəşada bir nəfər kuryerin əlindən 163 manat pulu alaraq qaçdığını demişdir. Şahid2 paltarını geyindikdən sonra onlar birlikdə qapıdan küçəyə çıxmaq istəmişlər. Həmin vaxt qonşuları Şahid1 onları saxlayaraq, ona hər şeydən məlumatının olduğunu deyib kuryerdən alıb qaçdığı 163 manat pulu istəyərək onun üstbaşını yoxlamağa başlamışdır. Şahid1 onun əynində olan cins şalvarın sol yan cibindən az öncə kuryerin əlindən alıb qaçdığı 163 manat pulu çıxarmışdır. Həmin vaxtı onunla Səyyafın arasında mübahisə yaranmış, mübahisə əsnasında onun əlindəki 163 manat pul yerə düşmüşdür. Rəşad onu Səyyafdan aralaşdırmışdır. Rəşad yerdəki 163 manat pulu ona vermişdir. Pulu götürdükdən sonra o, qaçaraq “Papanin”də bazarın içərisindəki kafeyə getmişdir. Çünki əvvəlcədən Rəşada həmin kafeyə gedəcəyini demişdir. O, orada Rəşadın gəlməyini gözləmişdir. Daha sonra Rəşad kafeyə gəlmişdir. Onlar orada oturub çay içmişlər. Sonra yaşadıqları evə qayıdan zaman adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs hadisə barədə polisə müraciət etdiyini və polislərin onu axtardığını eşitmişdir. O, qorxduğu üçün qaçıb gizlənmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün 163 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, vurulmuş zərərin ödənildiyini, himayəsində körpə uşağının olmasını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin noyabr ayının əvvəllərindən Bakı şəhəri, X3 küçəsində yerləşən "Nərgiz” aptekdə kuryer işləyir, şifariş edilən dərman və digər ləvazimatları özünə məxsus olan motosikl ilə sifariş olunan ünvanlara çatdırır. 28 noyabr 2020-ci il tarixdə o, aptekdə olan zaman müdir Şahid3 ona “Papanin” adlanan yerdə “Olimpik Star"ın yanına 01 paket uşaq bezi və 01 ədəd uşaq yeməyi sifariş verildiyini və şifarişi qeyd olunan ünvana çatdırmağını ondan xahiş etmişdir. Həmçinin Şahid3 sifarişin 37 manat təşkil etdiyini, şifarişçidə nağd 200 manat pul olduğu üçün sifarişçiyə 163 manat qalıq pul verəcəyini demişdir. Şahid3 əlaqə saxlamaq üçün sifarişçinin ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. O da 163 manat pulu və sifarişi götürüb motosikla əyləşərək "Papanin” adlanan ərazidə “Olimpik Star"ın qarşısına getmişdir. Orada dayanaraq şifarişçinin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək şifarişi gətirdiyini demişdir. Sifarişçi onu telefonla başa salaraq "Papanin”in içərisinə Cəlil Məmmədquluzadə küçəsinə gətirtmişdir. O, əvvəllər tanımadığı 25-30 yaşlı cavan bir oğlan ilə görüşmüşdür. O, motosikldan düşüb sifarişi götürüb həmin şəxsə tərəf getmişdir. Sifarişçi onu tanımadığı bir mənzilin giriş qapısının qarşısına aparmışdır. Orada ondan az öncə sifariş etdiyi 01 paket uşaq bezini və 01 ədəd uşaq yeməyini götürərək ondan qalıq 163 manat pulu istəyib ona evdən pulu götürüb gələcəyini demişdir. Həmin vaxt sifarişçi əlindəki sifarişi yerə atıb qaçaraq oradan uzaqlaşmışdır. O, sifarişçinin qaçmağını görüb arxasınca qaçaraq pulu geri qaytarmağı və dayanmağı üçün qışqırmışdır. Lakin sifarişçi buna məhəl qoymayaraq qaçıb getmişdir. O, qaçaraq o biri küçəyə tərəf getmişdir. Küçədə təsadüfən adı sonradan ona məlum olan Şahid1 ilə rastlaşmışdır. O, Səyyaf İsrafilovdan küçədə əlində pul ilə qaçan 25-30 yaşlı oğlanı görüb-görməməsi ilə bağlı soruşduqda, ona görmədiyini demişdir. O, həmin kişiyə motosiklını götürüb yenidən oraya qayıdacağını demişdir. O, hadisə baş verən yerə gedib motosiklını götürüb o biri küçəyə yenidən qayıtmışdır. Oraya qayıdan zaman Səyyaf İsrafilov ona motosiklını götürməyə getdiyi vaxt həmin şəxsi saxladığını, ondan alıb qaçdığı 163 manat pulu geri istədiyini, lakin həmin şəxsin buna məhəl qoymayaraq götürüb qaçdığını ona demişdir. O da belə olan halda DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, hadisə yerinə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Daha sonra ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 3 ildir ki, ünvan 5 ünvanında yerləşən “Nərgiz” aptekdə kassir işləyir. Aptekdə 2020-ci ilin noyabr ayının əvvəllərindən Zərərçəkmiş şəxs özünə məxsus olan motosikl ilə fərdi kuryerlik ilə məşğul olur. Ölkə ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edildiyi üçün aptek sifarişlə işləyir. 28 noyabr 2020-ci il tarixdə, saat 13 radələrində ***-***-**-** saylı mobil nömrədən zəng gələrək 01 paket uşaq bezi və 01 ədəd uşaq yeməyi sifariş verilmiş və sifarişçi özündə 200 manatlığın olduğunu, bunun üçün qalıq pul göndərilməsini demişdir. Sifariş edilənlər 37 manat təşkil etdiyi üçün o, kassadan 163 manat pul çıxarıb sifarişlə birlikdə Zərərçəkmiş şəxs vermişdir. Sifarişi və pulu Zərərçəkmiş şəxs verdikdən sonra “Papanin” adlanan ərazidə “Olimpik Star"ın qarşısına getməyini və ora çatdıqda sifarişçiyə zəng etməyini demişdir. Sifarişçinin nömrəsini də Rəhimə vermişdir. Sonra Rəhim aptekdən çıxaraq getmişdir. Təxminən 1 saat keçdikdən sonra Rəhim ona zəng edərək şifarişçinin 163 manat pulu götürüb qaçdığını və DİN-in 102 xidmətinə zəng etdiyini ona demişdir. Həmin gün axşam Rəhim aptekə gələrək 163 manat pulu ona qaytarmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, 28 noyabr 2020-ci il tarixdə, saat təxminən 11 radələrində siqareti bitdiyi üçün qonşusu Şahid2 siqaret götürmək üçün Rəşadın kirayə yaşadığı evə getmişdir. Lakin həmin vaxt Şahid2 evində heç kim olmamış, o, yenidən öz yaşadığı evə qayıtmışdır. Çay içdikdən sonra yenidən küçəyə çıxmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs uzaqdan asta addımlarla ona tərəf gəldiyini görmüşdür. Sonra Təqsirləndirilən şəxs Şahid2 kirayə yaşadığı evə gedib girmişdir. Həmin vaxt o, öz qapılarının qarşısında dayanmışdır. Təxminən 5 dəqiqə sonra adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs ona tərəf gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq tanımadığı bir şəxsin 163 manat pulunu əlindən alaraq qaçdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs tanımadığı şəxsi təxminən ona izah etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona tanımadığı şəxsi izah edəndə, o təxminən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs narahat olmamağını, pulu alıb qaytarcağını demişdir. Zərərçəkmiş şəxs ona idarə etdiyi motosiklın hadisənin baş verdiyi küçədə qaldığını, gedib motosiklını götürüb yenidən onun yanına qayıdacağını deyib uzaqlaşaraq çıxıb getmişdir. Sonra o, Şahid2 kirayədə yaşadığı həyətə girmiş, həyətə girən zaman Təqsirləndirilən şəxs ilə üzbəüz gəlmişdir. O, Orxanı saxlayaraq uşağın əlindən alıb qaçdığı 163 manat pulu geri istəmişdir. Orxan onun qoluna girərək üzü yuxarı çıxış qapısına tərəf hərəkət etməyə başlamışdır. Anidən Orxan qaçıb qapıdan çıxaraq ondan uzaqlaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs motosiklı ilə onun yanına gəlmişdir. O, Rəhimə həmin şəxsi, yəni Təqsirləndirilən şəxs saxladığını, alıb qaçdığı 163 manat pulu geri istədiyini, lakin Təqsirləndirilən şəxs anidən qaçıb getdiyini bildirmişdir. Belə olan halda Zərərçəkmiş şəxs DİN-nin 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə yerinə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 2009-cu ildən ünvan 6 ünvanda ailəsi ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Onun Təqsirləndirilən şəxs ilə münasibəti etdiyi xoşagəlməz əməllərə görə yaxşı olmamışdır. Həmçinin Şahid1 onların qonşularıdır. Şahid1 ilə münasibəti qonşu kimi həmişə yaxşı olmuşdur. Həmçinin o, dəmirmetal yığım işi ilə məşğul olduğu üçün 28.11.2020-ci il tarixdə evdə olmamışdır. Həmin gün işləriylə bağlı olaraq evə axşam saat 22 radələrində gəlib çıxmışdır. Evə gəldiyi vaxt qonşuları Səyyaf İsrafilov ona bibisi oğlu Təqsirləndirilən şəxs aptekin kuryerinin əlindən 163 manat pulu alaraq qaçdığını, gəlib onun kirayədə yaşadığı evə girdiyini, kuryerin ağlayaraq Səyyafa yaxınlaşıb tanımadığı bir şəxsin əlindən 163 manat pulunu alaraq qaçdığını, sonra onun yaşadığı evin həyətində Orxanla üzbəüz gəldiyini, həmin vaxt Orxanın qaçaraq ondan uzaqlaşdığını demişdir. Həmçinin Şahid1 ona kuryerin bu barədə polisə müraciət etdiyini və polislərin də bibisi oğlu Təqsirləndirilən şəxs axtardığını demişdir. İş materiallarında olan: - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2021-ci il tarixli, 1(006)-109/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 mart 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 02 (iki) gün müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 16.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 1(006)-44/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - AZE seriyalı, 11364240 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X1 22 mart 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Ramidə Vəlizadədir. - Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama — üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talayaraq soyğunçuluq cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, həmçinin zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən səmimi peşmançılıq çəkməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, həmçinin himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 1(006)-44/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o, həmin cəzanı çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 1(006)-44/2021 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(006)-44/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 04 mart 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(006)-44/2021 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar