Məhkəmə qərarları › İş №1(006)-303/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-303/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-303/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs (mülki iddiaçı): Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (mülki cavabdeh): iştirakları ilə xx.xx.1986-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, işləməyən, evli, məhkum olunmamış, Füzuli şəhəri, Ə.Əhmədov küçəsi, ev 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibarından sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs İsmayıllı rayonu, Keyvəndi kəndində yerləşən 4 hektar torpaq sahəsinin statusunu məhkəmə yolu ilə dəyişdirmək, həmçinin bu kənddə olan 2 hektar torpaq sahəsindəki binaların texniki pasportunda dəyişiklik etmək adı ilə ondan 30.09.2017-ci il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanda 30.000 və 21.10.2017-ci il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanda yerləşən “xxxx” şirniyyat mağazasının qarşısında 10.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 40.000 manat pulu alıb verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qohumu Şahid vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs “xxxx” QSC-nin İsmayıllı rayonunda yerləşən iribuynuzlu heyvandarlıq kompleksinin direktoru vəzifəsində işləyir. Nərimanın gördüyü işin əsas təyinatı İsmayıllı rayonu, Keyvəndi kəndində iribuynuzlu heyvanlardan alınmış süd məhsullarının istehsal edilməsidir. “xxxx” QSC-nin təsisçisi X3 mülkiyyətindəki İsmayıllı rayonu, Keyvəndi kəndi ərazisində yerləşən 6 hektar torpaq sahəsinin 2 hektar sahəsində fermer təsərrüfatı aparılır və bu layihənin də rəhbəri Nərimandır. Qalan 4 hektar torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlıdır və tam boşdur. 2 hektar sahədə fermalar, yaşayış binası və inzibati binalar var. Torpaq sahəsindəki fermer təsərrüfatı üçün bu ərazi kifayət etmədiyindən Nəriman qalan 4 hektar torpaq sahəsinə tikinti aparılmasına dair icazə almaqla orada əlavə olaraq kənd təsərrüfatı texnikası üçün qaraj, mal-qara saxlamaq üçün tövlə və bir sıra başqa binalar tikmək istəyirdi. Bunun üçün isə əvvəlcə torpağın təyinatı dəyişdirilməli idi. Bununla bağlı Nəriman öz iş yoldaşı və onun qohumu olan “xxxx” QSCnin direktoru Şahidla məsləhətləşəndə sonuncu onun adını verərək demişdir ki, o, belə işləri həll edə bilir. O özü də Nərimana guya əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində işlədiyini və torpaqla bağlı işləri yaxşı bildiyini söyləmişdir. Aralarında razılaşdıqdan sonra o, Rəhman və Nərimanla 2017-ci ilin avqustsentyabr aylarında görüşüb söhbət edib bu işi məhkəmə yolu ilə qanuni surətdə həll edəcəyini deyəndə, onlar bu kimi işləri görməkdə onun imkanı olduğuna inanmışlar. Həmçinin Nərimana bu işi 30.000 manata həll edə biləcəyini, pulu həm özünə, həm də tutacağı vəkillər, rüsumlarla bağlı istədiyini bildirmiş, sonuncu da artıq ona tam olaraq inanmışdır. 30.09.2017-ci il tarixdə, saat 19 radəsində ünvan 1 ünvanda Nərimanla görüşərək 30.000 manat pulu və torpaqla bağlı bəzi sənədləri ondan almışdır. Bir müddət sonra o, 2 hektar torpaqyanı sahədəki tikililərin onun texniki pasportuna əlavə edilməsi üçün layihə hazırlanması adı ilə Nərimandan 21.10.2017-ci il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanda yerləşən “xxxx” şirniyyat mağazasının qarşısında 10.000 manat pul da almış və məsələnin 6 ay müddətinə həll olunacağını demişdir. Hər dəfə Nəriman və Rəhmanla görüşdükdə onları işin artıq həll olunduğuna, yaxın vaxtlarda bununla bağlı məhkəmə və digər orqanlardan onlara cavab gələcəyinə inandırsa da, Nərimandan aldığı pulu öz ehtiyacları üçün xərcləmiş, real olaraq heç bir iş görməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “xxxx” QSC-nin İsmayıllı rayonunda yerləşən iribuynuzlu heyvandarlıq kompleksinin direktoru vəzifəsində işləyir və işinin əsas təyinatı İsmayıllı rayonu, Keyvəndi kəndində iribuynuzlulardan alınmış süd məhsullarının istehsal olunmasıdır. Bu şirkətin təsisçisi X3 mülkiyyətində olan İsmayıllı rayonu, Keyvəndi kəndi ərazisində yerləşən 6 hektar torpaq sahəsinin 2 hektar sahəsində fermer təsərrüfatı aparılır, həmin layihənin rəhbəri də o özüdür. Qalan 4 hektar torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlıdır və tam boşdur. 2 hektar sahədə fermalar, yaşayış binası və inzibati binalar var, lakin torpaq sahəsində mövcud olan fermer təsərrüfatı üçün bu ərazi kifayət etmədiyindən 4 hektar sahədə müvafiq icazəni almaqla tikinti işləri aparmaq istəmişlər. Bunun üçün əvvəlcə torpağın təyinatı dəyişdirilməli idi. Bu barədə iş yoldaşı, “xxxx” QSC-nin direktoru Şahidla danışdıqda sonucu ona Təqsirləndirilən şəxs adlı qohumunun belə işlərdə yaxşı olduğunu demişdir. Aralarında razılaşdıqdan sonra o, Rəhman və Fəxri ilə 2017-ci ilin avqustsentyabr aylarında görüşüb söhbət etmişlər. Fəxri bu məsələni məhkəmə yolu ilə qanuni surətdə həll edəcəyini deyib onları buna imkanı olmasına inandırmış və onlardan işin müqabilində həm özünə, gələcəkdə tutulacaq vəkillərə, həm də rüsumlara görə 30.000 manat pul istəmişdir. 30.09.2017-ci il tarixdə, saat 19 radələrində o, Fəxri ilə ünvan 1 ünvanda görüşərək əlbəəl olaraq pulu və torpaqla bağlı bəzi sənədləri ona vermişdir. Bundan sonra 21.10.2017-ci il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanda yerləşən “xxxx” şirniyyat mağazasının qarşısında o, Fəxriyə 2 hektar torpaq sahəsində olan tikililərin də torpağın texniki pasportunda göstərilməsi üçün yeni layihə hazırlanması adı ilə 10.000 manat pul vermişdir. Fəxri, həmçinin bu məsələnin məhkəmə yolu ilə düzələcəyini deyib guya nümayəndə kimi çıxış etmək üçün X3 adından etibarnamə də almışdır. Fəxri 6 ay müddətində işin düzələcəyini bildirsə də, hər dəfə müxtəlif bəhanələrlə onları aldadıb vaxtı uzatmışdır. Hətta yaxında guya məhkəmə və digər orqanlardan onlara işin həlli barədə cavab gələcəyini söyləmiş, lakin heç bir nəticə olmamışdır. Vaxt keçdikcə artıq Fəxrinin onu aldatdığını başa düşüb polisə şikayət etmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərdi ki, o, “xxxx” QSC-də satış müdiri vəzifəsində işləyir, Zərərçəkmiş şəxs onun tanışı və iş yoldaşıdır. Nəriman “xxxx” QSC-nin İsmayıllı rayonunda yerləşən iribuynuzlu heyvandarlıq kompleksinin direktoru vəzifəsində işləyir, onun işi əsasən İsmayıllı rayonu, Keyvəndi kəndində iribuynuzlu heyvanlardan alınmış süd məhsullarının istehsal olunmasıdır. Nərimanın işlədiyi bu şirkətin təsisçisi X3 mülkiyyətində olan, İsmayıllı rayonu, Keyvəndi kəndi ərazisində yerləşən 6 hektar torpaq sahəsinin 2 hektar sahəsində fermer təsərrüfatı aparılır. Həmin layihənin rəhbəri elə Nəriman özüdür, qalan 4 hektar torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlıdır, tamamilə boşdur. Torpağın 2 hektar sahəsində fermalar, yaşayış binası və inzibati binalar var, lakin orada olan fermer təsərrüfatı üçün bu ərazi kifayət etmədiyindən Nəriman qalan 4 hektar torpaq sahəsinə müvafiq icazəni almaqla tikinti işləri aparmaq istəmişdir. Bunun üçün əvvəlcə torpağın təyinatı dəyişdirilməli idi. Məsələ barəsində Nəriman ona danışanda o, ona qohumu Təqsirləndirilən şəxs əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində işlədiyindən onun torpaqla bağlı işləri yaxşı bildiyini söyləmişdir. Aralarında razılığa gəldikdən sonra o, Nəriman və Fəxri ilə 2017-ci ilin avqust-sentyabr aylarında görüşüb söhbət etmişlər. Fəxri bu məsələni məhkəmə yolu ilə həll edəcəyini deyib onları özünə tam inandırmış, işin müqabilində onlardan həm özünə, tutacağı vəkillərə, həm də rüsumlara görə 30.000 manat pul istəmişdir. Sonradan Nərimandan eşitdiyinə görə sonuncu 30.09.2017-ci il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanda Fəxri ilə görüşüb ona 30.000 manat pulu və torpaqla bağlı bəzi sənədləri əlbəəl vermişdir. Nəriman 21.10.2017-ci il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanda yerləşən “xxxx” şirniyyat mağazasının qarşısında Fəxri ilə görüşüb ona 2 hektar torpaqyanı sahədəki tikililərin də torpağın texniki pasportunda göstərilməsi üçün yeni layihə hazırlanması adı ilə 10.000 manat pul vermişdir. Fəxri 6 ay müddətində işin düzələcəyini bildirsə də, hər dəfə müxtəlif bəhanələrlə onları aldatmışdır. İş materiallarında olan:  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 1(006)- 303/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində olan digər cinayət işi ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 1(005)-21/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (İİ cild);  Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 40.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş edir (İ cild, i.v.191-193);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.196-197);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 08.06.2015-ci il və 27.01.2017-ci il təvəllüdlü iki azyaşlı övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli hazırkı iş üzrə həbsə alındığı andan – 05 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş zərərə görə 40.000 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 40.000 (qırx min) manat pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar