Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-303/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 mart 2024-cü il tarixdə saat 17:55 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “28 May” stansiyasında dayanmasından və sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən Zərərçəkmiş şəxs əynində olan paltosunun sol yan cibindən sonuncuya məxsus üzərində 8 (səkkiz) manat dəyərində ekran qoruyucusu, 8 (səkkiz) manat dəyərində qoruyucu örtük və 5 (beş) manat dəyərində “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 599 (beş yüz doxsan doqquz) manat dəyərində “Samsung Galaxy” markalı, SM-A235F/DSN modelli (Samsung Galaxy A23) mobil telefonu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 620 (altı yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 02 mart 2024-cü il tarixdə saat təxminən 17:55 radələrində metronun platformasında olan sərnişinlərin cibindən mobil telefonlarını oğurlamaq niyyəti ilə "xxxx" QSC-nin “28 May” stansiyasına gəlmiş, həmin stansiyanın platformasında dayanıb qatar gözləyərkən sərnişinlərə baxmışdır. Həmin vaxt platformada dayanmış adını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs əynində olan paltonun sol yan cibində olan mobil telefon diqqətini cəlb etmişdir. Həmin vaxt o mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə platformada dayanan qatara minmək istəyən sərnişinlərə yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs arxa tərəfinə keçmiş və digər sərnişinlər qatarın vaqonuna minməyə başlamışlar. O, Zərərçəkmiş şəxs arxasınca gedib təqib etməyə başlamış, platformada olan sərnişin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs əynində olan paltosunun sol yan cibində olan mobil telefonu oğurlamışdır. O, qatarın vaqonuna minmədən digər vaqona keçmiş, lakin yer olmadığından vaqondan düşmüş və bir qədər gözlədikdən sonra növbəti “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minib getmişdir. O “20 Yanvar” stansiyasından çıxdıqdan sonra oğurladığı mobil telefonun “Samsung A23” markalı olduğunu bilmiş və eyni zamanda telefonu söndürməklə yanaşı üzərində olan mobil nömrəni, ekran qoruyucusunu və qoruyucu örtüyü çıxarıb zibil qutusuna atmışdır. Sonra telefonu satmaq üçün “20 Yanvar” adlanan ərazidə yerləşən bir neçə mobil telefonların alışı və satışı ilə məşğul olan mağazalara yaxınlaşmışdır. Həmin şəxslər ondan şəxsiyyət vəsiqəsini istədikdə, o vəsiqəsinin olmadığını bildirmişdir. Mağaza sahibləri də ona telefonun oğurluq olduğunu güman etdiklərini bildirib satın almaqdan imtina etmiş və ona belə deyilməsi onda həbs ediləcəyi qorxusu yaratmışdır. Bundan sonra o, dərhal ərazidən uzaqlaşmış və həmin telefonu aparıb yaşadığı evdə gizlətmişdir. 17 mart 2024-cü il tarixdə Bakı-Moskva reysi ilə ölkəni tərk etmək istədikdə polis əməkdaşları onu Heydər Əliyev adına X1 saxlamış və Polis İdarəsinə dəvət etmişlər. O, da Polis idarəsinə gəlib törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Oğurladığı mobil telefonu isə istintaqa təqdim etmişdir. Oğurluq cinayətini törədərkən ətrafda onun hərəkətlərini müşahidə edən hər hansı bir şəxs olmamışdır və o, oğurluq cinayətini törədərkən sərnişinlərin nəzərinin onda olub-olmamasına diqqət etmişdir. Mobil telefonu ələ keçirən zaman törətdiyi oğurluq cinayətini zərərçəkən şəxs görməmişdir və hiss etməmişdir. O, qeyd etdiyi oğurluq cinayətini tək törətmiş və heç bir şəxsin də bu barədə məlumatı olmamışdır. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü istifadə etməkdən ötrü 599 (beş yüz doxsan doqquz) manat pul müqabilində “Samsung"'markalı “A23” modelli mobil telefon almış və 5 (beş) manata aldığı ***-***-**-** saylı mobil nömrəni üzərinə yerləşdirmişdir. Həmçinin, o adını xatırlamadığı digər telefon aksessuarları satılan mağazadan 8 (səkkiz) manat dəyərində ekran qoruyucusu və 8 (səkkiz) manat dəyərində telefon qoruyucu örtüyü satın alıb telefonuna quraşdırmışdır ki, gələcəkdə hər hansı qəza baş verdiyi anda telefonuna ziyan dəyməsin. 02 mart 2024-cü il tarixdə saat 17:55 radələrində“ “Memar Əcəmi” metrostansiyasına getməkdən ötrü metronun “28 May” stansiyasına daxil olmuş, həmin vaxt stansiyanın platformasında çoxlu sayda sərnişin olduğundan sıxlıq olmuşdur. Həmin vaxt o, yuxarıda qeyd etdiyi mobil telefonunu əlində saxlamış, bu zaman qatar dayanmış və o, vaqona daxil olarkən mobil telefonunu əynində olan paltosunun sol yan cibinə qoymuşdur. Vaqonda öz yerini tutduqdan sonra telefonunu çıxarmaq istədikdə görmüşdür ki, telefonu cibində yoxdur. O çantasını və digər ciblərini də axtarmışdır, lakin mobil telefonunu tapa bilməmişdir. Bu zaman başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər metroda sərnişin sıxlığından istifadə edərək onun əyinində olan paltosunun sol yan cibindən mobil telefonunu oğurlamışdır. Sonradan polis idarəsinə yaxınlaşıb bu barədə ərizə ilə müraciət etmişdir. Oğurlanmış mobil telefonun üzərində yuxarıda qeyd etdiyi aksessuarlardan (ekran qoruyucu və telefon örtüyü) başqa heç bir aksessuar olmamışdır. Hadisə zamanı telefonunun oğurlanmasını və baş vermiş hadisəni görməmişdir. Oğurlanmış mobil telefonunun üzərindəki mobil nömrənin balansında pul olmamışdır. Həmin gün planlaşdırmışdır ki, işlərini yekunlaşdırdıqdan sonra mobil nömrəsinin balansını artırsın. Baş vermiş hadisə nəticəsində, yəni telefonunun oğurlanması nəticəsində ona ümumlikdə 620 (altı yüz iyirmi) manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış telefonu 599 (beş yüz doxsan doqquz) manat, üzərində olan mobil nömrə 5 (beş) manat, ekran qoruyucu 8 (səkkiz) manat və telefon örtüyü 8 (səkkiz) manat dəyərində olmuşdur. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin təsərrüfat qrupunun polis nəfəri, polis serjantı Şahid ifadəsində göstərmişdir ki, 16 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək Polis İdarəsində xidmətdə olmuş, 17 mart 2024-cü il tarixdə saat 04:10 radələrində şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlum daxil olduqdan sonra o gedib təhvil almış və bu barədə raportla müraciət etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.50); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs "xxxx" QSC-nin “Dərnəgül” istiqamətində hərəkətdə olan qatarın “28 May” stansiyasında dayanması zamanı vaqona minik zamanı əynində olan paltosunun sol yan cibindən özünə məxsus “Samsung Galaxy A23” markalı mobil telefonun oğurlanmasını və qatarda olarkən aşkar etməsi müəyyən olunmuşdur (i.v.8-11); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 20/2-5100 №-li məktubundan görünür ki, “Üztanıma” sistemi vasitəsilə aparılan araşdırmalar nəticəsində hadisəni törətmiş naməlum şəxsin xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur (i.v.19); - “Əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan və “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxsdən cinayət hadisəsi zamanı ələ keçirilmiş və sonra Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd “Samsung Galaxy A23” markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaq orqanına təqdim edilmişdir (i.v.26- 28); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, video görüntüdə hadisənin baş verdiyi zaman, yəni 02 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs metroda insanların çox olmasından və sərnişinlərin sıxlığından istifadə edərək zərərçəkmiş şəxsə arxa tərəfdən yaxınlaşması, qatarın dayanması, sərnişinlərin çoxlu şəkildə vaqona minməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmişə arxadan yaxınlaşaraq vaqona onunla birlikdə minməsi zamanı cibindən telefonu çəkib götürməsi və qatarın qapıların bağlanmamışdan əvvəl düşərək əlindəki mobil telefonunu cibinə qoyması və oradan uzaqlaşması müşahidə olunmuş və Təqsirləndirilən şəxs həmin görüntüdə olan mobil telefonu oğurlayan şəxsin özü olduğunu qeyd etmişdir (i.v.52); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs "xxxx" QSC-nin “28 May” stansiyasında hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir (i.v.53-54); - “Əşyanın tanınmaya təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxsin paltosunun sol yan cibindən götürdüyü və sonradan könüllü olaraq istintaq orqanına təqdim edilmiş bir ədəd “Samsung Galaxy A23” markalı mobil telefon ilə bağlı zərərçəkmiş şəxsin vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə ona tanınmaya həmin mobil telefon təqdim edilmiş və Zərərçəkmiş şəxs həmin mobil telefonu tanımışdır (i.v.79-80); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/2432 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vyetnam istehsalı olan, “Samsung markalı, “SM- A235F/DSN” (Galaxy A23) model, 3500xx/xx/037115/9 İMEİ kodlu, qara rəngli mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.75-78); - “Sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Samsung markalı, “SM-A235” modelli (Galaxy A23) mobil telefon və hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk iş üzrə sübut kimi tanınmışdır (i.v.84-89); - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus olan “Samsung markalı, “SM-A235” modelli (Galaxy A23) mobil telefonu saxlamaq üçün qəbul etmişdir (i.v.95); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 144-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1987-ci il tarixdə Qaradağ Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan SSR CM-nin 50-2 maddəsinə əsasən 03 il ay 09 ay 27 gün müddətə şərti azad olunmuşdur, Xarkov Şəhəri Çervonozavod Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Ukrayna CM-nin 309-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası yarıyadək azaldılmış, qəti olaraq 06 ay 11 gün, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən azad edilmişdir. (i.v.68-69); - 01 ədəd DVD-R diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskin içərisində olan 03 ədəd videofayla baxış keçirilən zaman həmin videofayllarda bir nəfər əynində qara şalvar, göy rəngli gödəkcə və başında qara rəngli papaq olan şəxsin 02 mart 2024-cü il tarixdə metroda insanların çox olmasından və sərnişinlərin sıxlığından istifadə edərək zərərçəkmiş şəxsə arxa tərəfdən yaxınlaşması, qatarın dayanması, sərnişinlərin çoxlu şəkildə vaqona minməsi zamanı zərər çəkmiş şəxsə arxadan yaxınlaşaraq vaqona onunla birlikdə minməsi zamanı cibindən telefonu çəkib götürməsi və qatarın qapıların bağlanmamasından əvvəl düşərək əlindəki mobil telefonunu cibinə qoyması və oradan uzaqlaşması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Samsung markalı, “SM-A235” modelli (Galaxy A23) mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Universal Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Universal Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Universal Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung markalı, “SM-A235” modelli (Galaxy A23) mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Universal Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Universal Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-303/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-303/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver