Məhkəmə qərarları › İş №1(006)-304/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-304/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-304/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1955-ci ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 16:45 radələrində Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 6 saylı ünvanda Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruqla zərbələr endirərək başın sol təpə-gicgah nahiyyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi (dərialtı hematoması) ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, təxminən 7-8 ildir rəsmi heç bir yerdə işləmədiyi üçün özünü dolandırmaq məqsədilə ünvan 5 saylı ünvanda yerləşən “Manqal Dönər" restoranının qarşında avtomobillərin saxlanılması üçün ayrılmış yerdə avtomobil nəzarətçisi kimi fəaliyyət göstərir. İşlədiyi yerin yaxınlığında avtomobil nəzarətçisi işləyən Zərərçəkmiş şəxs ilə uzun müddətdir tanış olmuş və onunla dostluq münasibətləri mövcud olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam saatlarında o, kirayə yaşadığı ünvana getmək üçün üzərində pul vəsaiti olmadığı üçün əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs bir günlük onun yaşadığı ünvanda qalmaq istədiyini bildirmiş və zərərçəkmiş şəxs onunla razılaşaraq, kirayə yaşadığı ünvanda onun qalmasına icazə vermişdir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 16:45 radələrində o, Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 6 ünvanında olan zaman zərərçəkmiş şəxsin yüksək səslə televizora qulaq asdığını və ona hörmətsizlik edərək alt paltarı ilə gəzdiyini gördükdə, bununla bağlı ona irad bildirmişdir. Zərərçəkmiş şəxs onun iradından nəticə çıxarmadığını gördükdə onunla mübahisə etməyə başlamışdır. Həmin mübahisə zamanı o əsəbləşərək Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruq zərbələri ilə vuraraq, ona xəsarət yetirmiş və mənzili tərk edərək getmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman onların yanında başqa heç kim olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmamış və baş vermiş hadisənin təxminən 2-3 dəqiqə davam etməsini bildirmişdir. Daha sonra onun barəsində polisə şikayət edildiyini bilmiş və polis bölməsinə çağırılaraq izahatı alınmışdır. O, baş vermiş hadisəni polis bölməsində etiraf etmiş və səmimi peşmanlıq hissləri keçirdiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 7 saylı ünvanda yerləşən “Bazar Store” supermarketin qarşısında avtomobillərin saxlanılması üçün ayrılmış yerdə avtomobil nəzarətçisi işləmişdir. Onun işlədiyi yerin yaxınlığında “Manqal Dönər” adlı restoranının qarşısında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs avtomobil nəzarətçisi işləmiş və onunla dostluq münasibətləri mövcud olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Pirallahı rayonunda yaşadığı üçün yolunun uzaq olduğunu və bir gecəlik onun kirayə yaşadığı mənzildə qalmaq istədiyini ona bildirmişdir. O, həmin zaman Təqsirləndirilən şəxs yaşlı və kasıb olmasını nəzərə alaraq, onu kirayə yaşadığı mənzilə dəvət edərək, evdə qalmasına icazə vermişdir. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 16:45 radələrində o, kirayə yaşadığı ünvanda olan zaman televizora yüksək səs verərək baxarkən əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ona televizorun səsini azaltmağını və evdə alt paltarında gəzməyi barədə irad bildirərək, onunla kobud danışmağa başlamışdır. Həmin zaman o, Təqsirləndirilən şəxs “yaxşı eləyirəm, öz evimdə özüm bilərəm necə gəzirəm” sözlərini deyən zaman aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı Təqsirləndirilən şəxs üzərinə gələrək baş nahiyyəsindən yumruq zərbələri ilə vuraraq, ona xəsarət yetirmişdir. Bundan sonra, o, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə zamanı onların yanında başqa heç kim olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmamış və baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Sonradan polis əməkdaşları onun və Təqsirləndirilən şəxs izahatını almış, onun tibbi ekspertizadan keçməsi təmin edilmiş və iş materialları məhkəməyə göndərilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 sağlamlığa zərər vurmanın təyininə dair xx xxxxxx 2020-ci il tarixli, 624 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər -başın sol təpə-gicgah nahiyyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi (dərialtı hematoması) küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ qələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (i/v 30-31). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilmişdir. (i/v 27-28). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəməyə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan tələbnamədən görünür ki,cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsTəqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət tərtmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqlacinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayət əməlini etiraf etməsini və zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, hökmün icrasına nəzarət cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməlidir. Məhkəmə, həmçinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı heç bir qətimkan tədbiri seçilmədiyini nəzərə alaraq hesab edir ki, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-304/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar