Məhkəmə qərarları › İş №1(006)-304/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-304/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-304/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat 21 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanın yaxınlığında küçədə Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə Zərərçəkmiş şəxsla küçədə mübahisə edib, ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi istintaq zamanı yerini müəyyən etmək mümkün olmayan bıçaqla qarın nahiyyəsindən bir dəfə vuraraq, sonuncuya qarın nahiyyəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyasının çıxışında pilləkənlərlə qalxarkən ayağında problem olduğu üçün ayağı büdrəmiş və həmin vaxt orada limon satışı ilə məşğul olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs satdığı limonların üstünə yıxılmışdır. Bu zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona diqqətli olmasını bildirmiş, o isə bilə-bilə etmədiyini demişdir. Sonra aralarında buna görə mübahisə yaranmış, zərər çəkmiş şəxs onu kənara çağırmış, onu vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, kənara çəkilən zaman zərər çəkmiş şəxs onun üstünə gəlmiş, o da yerdə olan taxtanın üstündəki mismarı çıxardıb bir dəfə zərər çəkmiş şəxsin qarnına soxmuşdur. Hadisə vaxtı onun əlində bıçaq olmamış, zərər çəkmiş şəxsə bıçaqla xəsarət yetirməmişdir. Eyni zamanda o, zərər çəkmiş şəxsə mismarla xəsarət yetirən zaman yanlarında başqa şəxs olmamışdır. 22 fevral 2024-cü il tarixində polis əməkdaşları tərəfindən tutularaq 19-cu polis şöbəsinə gətirilmiş, ondan zərər çəkmiş şəxsə bıçaqla xəsarət yetirdiyini bildirməsi tələb edilmiş, əks təqdirdə onu narkotikə görə ittiham edəcəkləri bildirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyası yaxınlığında, metronun çıxışından bir qədər aralıda limon satıb pul qazanır. Onun limon satdığı yer metronun çıxışı olduğu üçün insanların daima hərəkətdə olduğu yerdir və orada ondan əlavə başqa şəxslər də səyyar ticarətlə məşğul olurlar. 14 fevral 2024-cü il tarixdə saat 21 radələrində “20 Yanvar” metrostansiyasının “Kontakt Home” mağazasına çıxış hissəsində limon ticarəti ilə məşğul olan zaman Təqsirləndirilən şəxs metrodan qalxan zaman ayağı ilişmiş və onun satdığı limonların üstünə yıxılmışdır. Təqsirləndirilən şəxs ayağa qalxıb üzrxahlıq etmiş, o da cavabında problem olmadığını bildirmişdir. O, yerə tökülən limonları yığıb öz ticarətinə davam etmiş, Təqsirləndirilən şəxs da orada olan zibil qabının yanında dayanmışdır. Bir qədər sonra bir xanım ona yaxınlaşmış, ondan limon almış və üstündə pulu az olduğu üçün limonun pulunu sabah verəcəyini demişdir. O da buna etiraz etməmişdir. Həmin xanım limon aldıqdan sonra onun yanında olan ağacın altında dayanmış, Təqsirləndirilən şəxs da bir qədər aralıda onlarla üzbəüz dayanmışdır. Təqsirləndirilən şəxs xanıma əl eləmiş, o, xanımdan həmin şəxsi tanıyıb tanıyıb-tanımadığını soruşmuş, sonuncu da onu tanımadığını bildirmişdir. O da xanıma həmin şəxsin içkili ola biləcəyini deyərək yanında durmağını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs xanıma əl atanda o, Təqsirləndirilən şəxs iradını bildirmiş və aralarında mübahisə yaranmışdır. Ətrafda olan şəxslər onları aralamış və mübahisəni sakitləşdirmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs onu arxa tərəfə çağırmış, o da arxaya keçmişdir. Arxa tərəfdə yenə aralarında mübahisə düşmüş və Təqsirləndirilən şəxs onu vurmuşdur. Lakin Təqsirləndirilən şəxs onu bıçaq, yoxsa mismar ilə vurduğunu görməmiş, sadəcə sol yan tərəfindən qan axdığını görmüşdür. O, özünü itirmiş, polisə məlumat vermədən xəstəxanaya getmişdir. Xəstəxanada polis əməkdaşları ona yaxınlaşmış və o, polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirərək ona cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında, metronun «Şamaxinka çıxışı» deyilən yerdə "xxxx" ASC-yə məxsus mərc biletlərinin satışı ilə məşğül olur. Zərərçəkmiş şəxs təxminən 3 aydır ki, tanıyır, Zərərçəkmiş şəxs özü əslən Şəki rayonundandır və onun mərc biletləri satdığı piştaxtanın qarşısında limon satışı ilə məşğul olur. Onun və Röyalın alver etdikləri yer metro çıxışının qarşısı olduğundan orada daima çoxlu insanlar gedir-gəlir və həmin yer insanların sıx hərəkətdə olduğu yer kimi tanınır. 14 fevral 2024-cü il tarixdə o, həmişə olduğu kimi yuxarıda qeyd etdiyi yerdə mərc oyunları biletlərinin satışı ilə məşğul olmuşdur. Həmin gün saat 21 radələrində Röyalın limon satdığı yerin yanında bir nəfər cavan oğlan və bir nəfər cavan qız dayanmış, bir neçə dəqiqə sonra isə qızın yanında olan oğlan harasa getmiş və qız dayanıb oğlanı gözləmişdir. Həmin ərəfədə bir nəfər tanımadığı, lakin sonradan adının Eşqin olduğunu öyrəndikləri şəxs sərxoş vəziyyətdə qızın yanına yaxınlaşıb, arxadan həmin qıza dirənmiş kimi olmuş və bu zaman qız narahat olmuşdur. Həmin vaxt o, Eşqinin sərxoş olduğunu görüb, qıza kənara onun yanına çəkilməsini demişdir. Həmçinin həmin vaxt Röyal həmin Eşqin adlı şəxsə irad bildirmişdir ki, qıza qarşı nə üçün bu cür hərəkət edir. Bu zaman həmin Eşqin adlı şəxs Röyal ilə sözlə mübahisə etməyə başlamış və Röyalın üstünə gedib mübahisə yaratmağa çalışmışdır. Bu zaman Röyalın yanında olan bir nəfər oğlan həmin Eşqin adlı şəxsi kənara aparmaq istəyən zaman o, Eşqinin cibindən bıçaq çıxardığını görmüş və Eşqin Röyala «nə deyirsən sən» deyə qışqırmışdır. Həmin vaxt o, Eşqini aralayan şəxsə yaxınlaşıb demişdir ki, ehtiyatlı olsun, sərxoş vəziyyətdə olan şəxsin əlində bıçaq vardır. Sonra Eşqin bir qədər həmin yerdən aralaşmış və qəfildən geri qayıdaraq yenidən Röyalla sözlə mübahisə edib, Röyalı kənara çağırmış və Röyal da həmin Eşqin adlı şəxsin arxası ilə getdikdə, o, piştaxtaya nəzarət etmək üçün adam tapa bilmədiyindən onların arxası ilə gedə bilməmişdir. Qəfildən təxminən 20 metr onun piştaxtasından aralıda səs-küy və qışqırıq səsi eşitmiş, bir neçə dəqiqə sonra həmin Eşqin adlı şəxs əlində bıçaqla piştaxta tərəfə gəlmiş və o, orada olan şəxslərdən Röyalın harada olmasını soruşmuş, həmin an yanlarında mərc oyunları biletlərini satan Əli Eşqin adlı şəxsin Röyalı bıçaqla vurduğunu, Röyalın qaçıb xəstəxanaya getdiyini, özünün də Röyalın arxası ilə xəstəxanaya getdiyini demişdir. Eşqin adlı şəxs isə təxminən 20 dəqiqə orada dayanıb çıxıb getmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə vaxtı ətrafda kənar şəxslər olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında, metronun «Şamaxinka çıxışı» deyilən yerdə "xxxx" ASC-yə məxsus mərc biletlərinin satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır, Zərərçəkmiş şəxs özü əslən Şəki rayonundandır və onun mərc biletləri satdığı piştaxtanın qarşısında limon satışı ilə məşğul olur. Onun və Röyalın alver etdikləri yer metro çıxışının qarşısı olduğundan orada daima çoxlu insanlar gedir-gəlir və həmin yer insanların sıx hərəkətdə olduğu yer kimi tanınır. 14 fevral 2024-cü il tarixdə o, həmişə olduğu kimi yuxarıda qeyd etdiyi yerdə mərc oyunları biletlərinin satışı ilə məşğul olmuşdur. Həmin gün saat 21 radələrində Röyalın limon satdığı yerin yanından səs-küy gəldiyini və Röyalı bir nəfər adını sonradan Eşqin olduğunu öyrəndiyi şəxsin limon satdığı yerdən kənara dartışdıra-dartışdıra apardığını və aparan zaman Röyala əl-qol atdığını görmüşdür. Həmin vaxt onların yanında başqa şəxslər də olmuş və onları aralaşdırmağa çalışmışlar. O, hələ nə baş verdiyini tam başa düşə bilməmişdir. Röyal və həmin Eşqin adlı şəxs 20 metr sonra döngədə gözdən itdikdən bir neçə dəqiqə sonra o, Röyalın qaçaraq onun piştaxtasının yanından keçdiyini və ona «Əli, məni bıçaqladı, dalımca gəl» demişdir. O, həmin vaxt ondan bir qədər aralıda mərc oyunları bileti satan Rəşada Röyalın bıçaqlandığını və Röyalın arxası ilə getdiyini demiş və Röyalın qaçdığı istiqamətə getmişdir. O, Röyalın arxası ilə getdikdə Respublika xəstəxanasına tərəf qaçdığını görmüş və ardı ilə həmin xəstəxanaya getmişdir. Oraya çatdıqda isə Röyal artıq içəridə olmuş, onu isə içəri buraxmamışlar. O, hadisənin konkret olaraq nə qədər davam etdiyini bilmir. Hadisə vaxtı ətrafda kənar şəxslər olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.29); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.70-73); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Nəsimi rayonu ərazisində yerləşən 20 Yanvar metrostansiyası yaxınlığıdır (i.v.6-8); - “Baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin məktubuna əlavə olunmuş bir ədəd diskdə 02 ədəd videofayl vardır. Həmin videofayllardan birincisi açıldıqda, həmin videofaylın 49 saniyə müddətində olması, videofayldakı videogörüntüdə Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar metrosu yaxınlığında küçədə əynində qara rəngli gödəkçə, qara rəngli şalvar olan şəxsin bir nəfər başında qara rəngli papaq olan şəxslə nəsə söhbət etməsi, həmin vaxt ətrafda çoxlu sayda insanların olması, sonra həmin iki nəfər şəxsin ayrılması və bir neçə saniyə sonra qara rəngli papaqda olan şəxsin gələrək qara rəngli geyimdə olan şəxsin qolundan tutub çağırması və onların kamera görüntüsündən çıxması müşahidə olunur. Diskdə olan ikinci videofayl açıldıqda, həmin videofaylın 25 saniyə müddətində olması, videofayldakı videogörüntüdə başında qara rəngli papaq olan şəxslə əynində qara geyim olan şəxsin obyektin qarşısına gələrək orada əlbəyaxa olmaları, həmin vaxt qara rəngli papaqda olan şəxsin əlində nəsə tutması və qəfildən qara geyimdə olan şəxsin qarın nahiyəsinə tərəf əlində olan əşya ilə zərbə endirməsi və qara geyimdə olan şəxsin qaçıb getməsi, ətrafda çoxlu sayda insanın toplaşmaqla hadisəyə baxması və başında qara rəngli papaq olan şəxsi tutması müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs videogörüntüdə qara rəngli geyimdə olan şəxsin özünün, başında qara rəngli papaq olan şəxsin isə Eşqin adlı şəxs olduğunu bildirmişdir (i.v.93); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 01 aprel 2024-cü il tarixli, 264 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – qarın nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Akad. M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür (i.v.84-86); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır (i.v.130-139); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur (i.v.95-97). - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskdə 02 ədəd videofayl vardır. Həmin videofayllardan birincisi açıldıqda, həmin videofaylın 49 saniyə müddətində olması, videofayldakı videogörüntüdə Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar metrosu yaxınlığında küçədə əynində qara rəngli gödəkçə, qara rəngli şalvar olan şəxsin bir nəfər başında qara rəngli papaq olan şəxslə nəsə söhbət etməsi, həmin vaxt ətrafda çoxlu sayda insanların olması, sonra həmin iki nəfər şəxsin ayrılması və bir neçə saniyə sonra qara rəngli papaqda olan şəxsin gələrək qara rəngli geyimdə olan şəxsin qolundan tutub çağırması və onların kamera görüntüsündən çıxması müşahidə olunur. Diskdə olan ikinci videofay açıldıqda, həmin videofaylın 25 saniyə müddətində olması, videofayldakı videogörüntüdə başında qara rəngli papaq olan şəxslə əynində qara geyim olan şəxsin obyektin qarşısına gələrək orada əlbəyaxa olmaları, həmin vaxt qara rənglim papaqda olan şəxsin əlində nəsə tutması və qəfildən qara geyimdə olan şəxsin qarın nahiyəsinə tərəf əlində olan əşya ilə zərbə endirməsi və qara geyimdə olan şəxsin qaçıb getməsi, ətrafda çoxlu sayda insanın toplaşmaqla hadisəyə baxması və başında qara rəngli papaq olan şəxsi tutması müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs videogörüntüdə qara rəngli geyimdə olan şəxsin özünün, başında qara rəngli papaq olan şəxsin isə Eşqin adlı şəxsin olduğunu bildirmişdir (i.v.94); - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsin qohumu tərəfindən ona dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona cəza verilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin ekspert rəyi və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar