Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-304/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Namazov Fərəc Elman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2002-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi motosikletlə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan 04 iyul 2024-cü il tarixdə saat 19:24-də texniki cəhətdən saz vəziyyətdə «Tufan S-150» markalı, 99-F-131 dövlət qeydiyyat nişanlı motosikletlə yaşayış məntəqəsi hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən «Courtyard» otelin qarşısı ilə Füzuli və Şıxəli Qurbanov küçələrinin kəsişməsi istiqamətində icazə verilən maksimum sürətdən artıq, yəni 63 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt avtomobil yolunu keçən piyada Zərərçəkmiş şəxs motosikletin ön tərəfi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağ baldır sümüklərinin yuxarı-orta 1/3-nin açıq-qəlpəli, yerdəyişən sınığı, alın nahiyəsinin dərialtı hematoması ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, sürücülük məktəbini oxumadığına görə sürücülük vəsiqəsi yoxdur. «Tufan S-150» markalı, 99-H-131 dövlət qeydiyyat nişanlı ikitəkərli motosiklet tanışı Əfrayimindir. O, motosiklet idarə etməyi bacardığına görə arabir Əfrayimdən «Tufan S-150» markalı, 99-H-131 dövlət qeydiyyat nişanlı motosikleti alaraq idarə edir və kuryer işləyir. Lakin «Tufan S-150» markalı, 99-H-131 dövlət qeydiyyat nişanlı ikitəkərli motosikleti idarə etməsi ilə bağlı etibarnaməsi də yoxdur. 04 iyul 2024-cü il tarixdə saat 19:20 radələrində «Tufan S-150» markalı, 99-H-131 dövlət qeydiyyat nişanlı motosikleti Nəsimi rayonu, Füzuli küçəsi ilə Qış parkından Mərkəzi Parka tərəf istiqamətdə təxminən 55 km/saat sürətlə idarə etməklə Nərimanov heykəlinin yanında yerləşən suşi mağazasından sifarişi götürüb ünvana çatdırmaq üçün getmişdir. O, motosikleti yolun 4-cü hərəkət zolağı ilə idarə edərkən sağ tərəfdə yerləşən «Courtyard» otelinə çatmağa təxminən 20 metr kimi qalmış yolun 2-ci hərəkət zolağında olan piyada qadının üzü əks tərəfə baxmaqla və telefonu qulağına tutub danışa-danışa qaçaraq yolu keçdiyini görmüşdür. Buna görə də motosikletin səs siqnalını basıb piyadaya xəbərdarlıq etmişdir. O, zənn etmişdir ki, qadın piyada ya dayanacaq ya da piyadaya çatana kimi keçib gedəcəkdir. Lakin piyada qadın motosikletin səs siqnalına məhəl qoymayıb yoluna davam etmiş və ani bir vaxtda motosiklet ona çatmış, piyada motosikletin qabaq tərəfinə dəyərək asfalta yıxılmışdır. Bu zaman zərbədən motosikletin sükanını əlində saxlaya bilməmiş və motosikletlə birlikdə asfalta yıxılmışdır. Bunun nəticəsində o, qollarından, diz və bel nahiyələrindən xəsarət almışdır. Az sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri gəlmişlər. Xəsarət almış piyada qadını və onu təcili yardım maşını ilə X8 gətirmişlər. İfadəsinin sonunda təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödəməsini bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 il olar ki, tanıyır. Rövşənlə birlikdə kuryer işi ilə məşğul olmuşdur. «Tufan S-150» markalı, 99-H-131 dövlət qeydiyyat nişanlı ikitəkərli motosiklet dayısı X3 adına olsa da həmin motosikletin faktiki sahibi özüdür. Belə ki, 2024cü ilin mart ayında Bakı şəhəri, Babək prospektində yerləşən «Motoplaza» mağazasından «Tufan S-150» markalı ikitəkərli motosikleti 2950 manata almış, lakin sürücülük vəsiqəsi olmadığı üçün motosikletə dövlət nömrə nişanı almaq mümkün olmamışdır. Dayısı Elmirin sürücülük vəsiqəsi olduğuna görə ondan xahiş etmişdir ki, aldığı «Tufan S-150» markalı ikitəkərli motosikleti onun adına sənədləşdirsin. Elmir buna etiraz etməmiş, bu səbəbdən ona məxsus olan «Tufan S-150» markalı ikitəkərli motosiklet dayısı X3 adına sənədləşdirilərək 99-H-131 dövlət qeydiyyat nişanı verilmişdir. 2024-cü ilin iyun ayının sonlarında şəxsi işləri ilə bağlı Cəlilabad rayonuna getdiyinə görə «Tufan S-150» markalı, 99-H-131 dövlət qeydiyyat nişanlı motosikleti işləməsi üçün dostu Rövşənə vermişdir. 04 iyul 2024-cü il tarixdə saat 19:30 radələrində Rövşən ona zəng vuraraq idarə etdiyi «Tufan S-150» markalı, 99-H-131 dövlət qeydiyyat nişanlı motosikletlə Nəsimi rayonu, Füzuli küçəsi ilə Qış parkının yanında avtoqəzaya düşdüyünü demişdir. Həmin xəbəri eşidən kimi yaşadığı Xırdalan şəhərindən hadisə yerinə gəlmişdir. Orada məlum olmuşdur ki, Rövşən idarə etdiyi «Tufan S-150» markalı, 99-H-131 dövlət qeydiyyat nişanlı motosikletlə yolu keçən piyadanı vurmuşdur. O, hadisə yerinə çatanda artıq piyadanı xəstəxanaya aparmışdılar. Sonradan təcili tibbi yardım həkimləri Rövşəni də xəstəxanaya aparmışlar. Sonra o, xəstəxanaya gedərək orada Rövşənin müalicəsi ilə maraqlanmışdır. Yol-nəqliyyat hadisəsi zamanı motosikletinə dəymiş maddi ziyanla bağlı Rövşən barəsində şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 04 iyul 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin gün saat 19:24-də Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən «Courtyard» otelin qarşısından keçən asfalt örtüklü yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Tufan S- 150» markalı 99-H-131 dövlət qeydiyyat nişanlı motosikletlə piyada Zərərçəkmiş şəxs vurulması faktı təsdiq olunmuşdur (i/v 5-9). İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan TŞ3-163 4 adlı videofaylda olan videogörüntülərin müddəti 10,1 saniyədir və 04 iyul 2024-cü il saat 19:19:59-dan 19:30:00-a kimi olan müddəti əhatə edir. 04 iyul 2024-cü il saat 19:24, 31-ci saniyəsindəki görüntülərdən görünür ki, əynində yaşıl rəngli üst geyim olan qadın cinsli piyada mobil telefonla danışdığı vəziyyətdə yolun avtobus zolağını digər hərəkət hissələri ilə ayıran xəttin üzəri ilə üzü hadisə yerinə doğru adi yerişlə gəlməklə saat 19:24, 40-cı saniyədə avtobus zolağında dayanmış gümüşü rəngli avtobusun bərabərliyində yolun hərəkət hissəsinin kənarında dayanıb ətrafa baxır, saat 19:24. 42-ci saniəyə iti qaçışla hərəkətə başlayaraq yolu hadisəni törətmiş motosikletin hərəkətdə olduğu istiqamətdə sağdan sola doğru keçməyə başlayır, saat 19:24. 47-ci saniyədə piyada 4-cü hərəkət zolağı ilə gələn motosikletlə vurulmaqla yol-nəqliyyat hadisəsi baş verir (i/v 37-38). İş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 iyul 2024-cü il tarixli 3-13-16/2-108760/2024 nömrəli məktubu ilə müəyyən olmuşdur ki, Qeydiyyat İmtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib (i/v 35). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X6 məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2025-ci il tarixli 1716 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ baldır sümüklərinin yuxarı-orta 1/3-nin açıq-qəlpəli, yerdəyişən sınığı, alın nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün «X10» PHŞ-ə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 04 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i/v 53-55). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş «Məhkəmə Tibbi Ekspertizası və X4» X11 2275/K nömrəli, 08 iyul 2024-cü il tarixli maddi sübutların ekspertizası aktından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir (i/v 47-48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 31 yanvar 2025-ci il tarixli 8/2321-4/1379 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş «TŞ3-163 4 (Nəsimi və Yasamal ərazisi) -2024-07-04 19h20min00s000ms» adlı videoyazıya görə «Tufan S-150» markalı motosikletin piyadanı vurmazdan əvvəlki orta surəti Vor=63 km/saat olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş və videogörüntü ekspertizası yolu ilə müəyyən edilmiş məlumatlara əsasən «Tufan S-150» markalı 99-H-131 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü X1 hərəkətlərində «Yol hərəkti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.T.İsmayılov nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqnıda» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i/v 58-63). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 76). İş materiallarında olan 22 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, «Tufan S-150» markalı 99-H-131 dövlət qeydiyyat nişanlı motosiklet iş üzrə maddi sübut kimi tanınmış və qanuni sahibində olması nəzərə alınmışdır (i/v 85-90). İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 124). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadəsi və həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 200 (iki yüz) manat ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Tufan S-150” markalı 99-H-131 dövlət qeydiyyat nişanlı motosikletin qanuni sahibində olması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-304/2025 saylı xx.xx.2025-ci il tarixli qərara əsasən 01 aprel 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 23 (iyirmi üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 213 (iki yüz on üç) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Tufan S-150” markalı, 99-H-131 dövlət qeydiyyat nişanlı motosikletin qanuni sahibində olması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 23 (iyirmi üç) iş saatına görə 213 (iki yüz on üç) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-304/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-304/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver