Məhkəmə qərarları › İş №1(006)-305/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-305/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-305/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1977-ci ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 08 mart 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 6 saylı binanın blokunun girişində qeyri-rəsmi ər-arvad münasibətində olduğu və 2018-ci ildən ayrıldığı Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncuya barışmağı təklif etmiş, Zərərçəkmiş şəxs isə onun bu təklifini rədd etdikdən sonra aralarında baş vermiş mübahisə zamanı əli ilə sonuncunun sol qol nahiyəsini sıxıb burmaqla ona sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və bazu nahiyələrinin iri ölçülü hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Belə ki, 2008-ci ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi formada ailə həyatı qurmuş və həmin evlilikdən Altun adlı övladları dünyaya gəlmişdir. Ailədə olan münaqişələr səbəbindən 2018-ci ildə Zərərçəkmiş şəxs istəyi ilə ayrılmışlar, həmin vaxtdan Ülkər ilə barışmaq və yenidən birlikdə yaşamaq istəyi ilə barışıq üçün cəhdlər etmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində “8 Mart Qadınlar günü” münasibətilə Ülkərin yaşadığı ünvana getmişdir. Həmin vaxt Ülkərə zəng etsə də, onunla danışa bilməmişdir. Bir müddət sonra oğlu Altun ilə telefon vasitəsilə əlaqə saxlayıb görüşmüş və həmin yeri tərk etmişdir. Ülkərin rəfiqəsi Təranə adlı şəxsin həmin yerə yaxın ünvanda yaşadığı üçün sonuncuya da gül alaraq bayramını təbrik etmək istəmişdir. Həmin gün saat 19:45 radələrində qeyd etdiyi Təranə adlı şəxsin yaşadığı ünvanına getmişdir. Həmin vaxt Təranə evdə olmadığı üçün sonuncunun yaşadığı küçəyə düşüb gözləmişdir. O, 30 dəqiqə gözlədikdən sonra Təranə adlı şəxsin yaşadığı binadan Ülkər ilə oğlu Altunun düşdüyünü görmüşdür. O Ülkərə yaxınlaşaraq orada nə səbəbə olduğunu soruşmuşdur. Bundan sonra onlar arasında mübahisə yaranmışdır. Mübahisə böyüdükdən bir müddət sonra Təranə adlı şəxs də gəlmişdir. Həmin vaxt mübahisə zamanı o Ülkərə heç bir fiziki təsir göstərməmişdir. Bundan sonra Ülkər yaşadığı ünvana oğlu Altun ilə birlikdə getmiş, onların ardınca gedərkən yol boyu aralarında olan mübahisə davam etmişdir. Ülkərin yaşadığı binanın arxasında olarkən Ülkərin qolundan tutaraq, tez-tez gəlməsini bildirmişdir. Həmin vaxt Ülkər qışqırmış və o da Ülkərin qolunu buraxmışdır. Bundan sonra Ülkər yaşadığı binaya daxil olduqda blokun girişində olarkən o, Ülkərin sol qolundan tutaraq öz iradlarını, yəni ki, barışmaq təkliflərini bildirmişdir. Həmin vaxt oğlu Altun aralarına girmiş və ağlamağa başlamışdır. Bundan sonra o həmin yeri tərk etmişdir. O, Ülkərin qolundan tutsa da, burmamış və ya hər hansı digər fiziki təsir etməmişdir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər sonuncunun sol qolundan tutduqda Ülkər qolunu çəkmək istəyərkən qolunun hər hansı yerə dəyməsi nəticəsində ola bilər. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş qeyri-rəsmi həyat yoldaşıdır. Belə ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi şəkildə ailə həyatı qurmuşlar və həmin evlilikdən 1 övladları dünyaya gəlmişdir. Ailəli olduqları müddət ərzində Təqsirləndirilən şəxs ilə dəfələrlə aralarında mübahisələr olmuş və 2018-ci ildə Faiq Dünyamalıyev ilə ayrılmaq qərarına gəlmişdir. Həmin vaxtdan Faiq Dünyamalıyev ilə ayrı yaşayır, 12 yaşlı övladları Altun Dünyamalıyev isə onunla birlikdə yaşamaqdadır. Faiq ilə ayrılmaqlarına baxmayaraq, sonuncu onunla barışmaq üçün cəhdlər etmiş, belə ki, dəfələrlə yaşadığı küçəyə gələrək mübahisə yaratmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvana övladı Altun ilə birlikdə qayıdarkən, yaşadığı küçənin yaxınlığındakı məhəllədə Təqsirləndirilən şəxs görmüşdür. Həmin vaxt o qeyd etdiyi məhəllədə yaşayan tanışı Təranə adlı şəxsin yaşadığı mənzilə bayram olduğu üçün qalxaraq hədiyyə vermək istəmişdir. O Faiqi gördükdə həmin binaya daxil olmuş, lakin, Təranənin yaşadığı mənzilə getməməklə sonuncuya hər hansı problem yaratmamaq niyyətində olmuşdur. O, binanın 2-ci mərtəbəsinin pilləkənlərində təxminən 10 dəqiqə gözləməklə Faiqin həmin məhəllədən getməsini istəmiş, lakin, binadan çıxdıqda Faiq ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş vəziyyətdə olduğundan onun üstünə gələrək ucadan qışqırmaqla ona mahiyyətsiz iradlar bildirməyə başlamışdır. O isə cavabında Faiqə ona irad bildirməyə heç bir haqqının olmadığını söyləyərək ondan uzaqlaşmağını istəmişdir. Səs-küyə Təranə adlı şəxs öz mənzilindən məhəlləyə çıxaraq onların yanına gəlmişdir. Rəfiqəsi Təranə mübahisə yaratdığına görə Faiqə öz iradlarını bildirmişdir. Faiq Təranə ilə də sözlə mübahisə etməyə başlamışdır. Daha sonra o oğlu Altun ilə yaşadığı evləri istiqamətində hərəkət etmişdir və Faiq də onların arxasınca gəlmişdir. Yaşadığı binanın arxasındakı küçəyə çatdıqda Faiq onunla mübahisəni davam etdirərək, ona əl-qol atmağa başlamış və sol qolundan tutaraq ona fiziki ağrı yetirmişdir. O bu səbəblə qışqırmağa başlamışdır və bundan sonra Faiq onun qolunu buraxmışdır. Bundan sonra, o övladı Altunu götürərək yaşadığı binanın blokuna daxil olmaq istəmişdir. Bloka daxil olan zaman Faiq qəfildən arxa tərəfdən onun sol qolunu buraraq ona fiziki ağrı yetirmiş və çiyinlərinə vurmuşdur. Həmçinin, onu sağa-sola itələdikdə bədəninin müxtəlif nahiyyələri də ətrafda olan maneələrə dəydiyindən ağrı hiss etmişdir. Həmin vaxt oğlu Altun aralarına girərək mübahisənin daha da böyüməsinin qarşısını almışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı binanın 1-ci və 2-ci mərtəbənin arasında olan pilləkənlərdə dayanaraq onu evə çıxmağa buraxmayacağını söyləmiş və buna görə də Buna oğlu Altun ağlamağa başlamış, bundan sonra Faiq binanı tərk etmiş və o oğlu Altun ilə birlikdə yaşadığı mənzilə qalxmışdır. Növbəti gün o Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirmişdir. Şahid2 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs barəsində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahid X5 məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən şahid X1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahid X1 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən şahid X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, ünvan 1 ünvanında anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə anasıdır. Belə ki, 2008-ci ildə atası Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs ailə həyatı qurmuşdurlar. Ailəli olduqları müddət ərzində atası Təqsirləndirilən şəxs ilə anası Ülkər arasında dəfələrlə mübahisələr olmuş, belə ki, atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyindən mübahisələrə zəmin yaratmış və mübahisələr zamanı mütəmadi olaraq anası Ülkəri döymüşdür. 2018-ci ildə atası Təqsirləndirilən şəxs ilə anası Ülkər arasında yenidən ciddi mübahisə yaranmışdır və atası Təqsirləndirilən şəxs anası Ülkəri döymüşdür. Həmin vaxtdan sonra anası və atası ayrılmışdır. Belə ki, atası Faiq anası Ülkəri döydüyü üçün ayrılmışdırlar, həmin vaxtdan sonra da anası ilə birlikdə yaşayır, atası isə ayrı yaşayır. Atası Faiq ilə anası Ülkər ayrıldıqdan sonra da aralarında bəzi münaqişələr olmuşdur, belə ki, atası Faiq yenə də anası Ülkəri mütəmadi olaraq narahat etməkdədir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları ünvana anası Ülkər ilə birlikdə qayıdarkən, yaşadıqları küçənin yaxınlığındakı məhəllədə atası Təqsirləndirilən şəxs görmüşdürlər. Həmin vaxt o, anası ilə birlikdə qeyd etdiyi məhəllədə yaşayan anasının rəfiqəsi Təranənin yaşadığı mənzilə Qadınlar bayramı olduğu üçün qalxaraq hədiyyə vermək istəmişlər. O anası Ülkər ilə binaya daxil olmuş, binanın 2-ci mərtəbəsinin pilləkənlərində təxminən 10 dəqiqə gözləmişlər ki, atası Faiq həmin məhəllədən getsin, lakin, binadan çıxdıqda istəmədən atası Faiq ilə qarşılaşmışlar. Atası Təqsirləndirilən şəxs həmin vaxt sərxoş vəziyyətdə olduğundan anası Ülkərin üstünə gələrək ucadan qışqırmaqla danışmağa başlamışdır. Anası Ülkər də Faiqə öz cavabını vermişdir. Səs-küyə Təranə öz mənzilindən məhəlləyə çıxaraq onların yanına gəlmişdir. Təranə mübahisə yaratdığına görə atası Faiqə öz iradlarını bildirmişdir. X12 ilə də sözlə mübahisə etməyə başlamışdır. Daha sonra o anası Ülkər ilə yaşadıqları ünvan istiqamətində hərəkət etmişdirlər və atası Faiq də əl çəkməyərək onların arxasınca gəlmişdir. Yaşadıqları binanın arxasındakı küçəyə çatdıqda atası Faiq anası Ülkər ilə mübahisəni davam etdirərək, əl-qol atmağa başlamış və anası Ülkərin sol qolundan tutaraq dartmağa başlamışdır. Anası bu səbəblə qışqırmağa başlamış və bundan sonra atası Faiq anası Ülkərin qolunu buraxmışdır. Bundan sonra o anası Ülkər ilə yaşadıqları binanın blokuna daxil olmaq istəmişdirlər. Bloka daxil olan zaman atası Faiq qəfildən arxa tərəfdən anası Ülkərin sol qolunu buraraq fiziki ağrı yetirmişdir və anası Ülkəri sağ-sola dartışdırmağa başlamışdır. Həmçinin, anası Ülkəri sağa-sola itələyərək bədənini binanın divarlarına vurmuşdur. Həmin vaxt o atası Faiq ilə anası Ülkərin arasına girərək atasına mane olmağa çalışmışdır. Bundan sonra isə atası Təqsirləndirilən şəxs yaşadıqları binanın 1-ci və 2-ci mərtəbəsinin arasında olan pilləkənlərdə dayanaraq onu və anası Ülkəri evə çıxmağa buraxmayacağını söyləmişdir. Bundan sonra o ağlamağa başlamışdır, atası Faiq bundan sonra binanı tərk etmiş və o anası Ülkər ilə birlikdə mənzilə qalxmışdırlar. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan hadisə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında başlamış və yaşadığı ünvan 3, hadisə təxminən 1 saat davam etmişdir, qeyd olunan hadisə zamanı atası Təqsirləndirilən şəxs onun yaşadığı binanın arxsındakı küçədə anası Ülkərə əl-qol atmağa başlamış və sol qolundan tutaraq dartışdırmış, anası Ülkər bu səbəblə qışqırmağa başlamış və bundan sonra atası Faiq anası Ülkərin qolunu buraxmış, bundan sonra o anası Ülkərlə yaşadıqları binanın blokuna daxil olan zaman atası Faiq qəfildən arxa tərəfdən anası Ülkərin sol qolunu buraraq sağ-sola itələmiş, həmçinin, anası Ülkəri sağa-sola itələdikdə bədəni də divarlara dəymişdir, qeyd olunan hadisə zamanı anası Ülkər atası Faiqi vurmamış və ya hər hansı fiziki ağrı yetirməmişdir (i/v 74-76). İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 4. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 canlı şəxsin ekspertizasına dair 30 mart 2022-ci il tarixli, 312 saylı məhkəmə-tibbi ekspertizasının sağlamlığa zərər vurmanın təyininə dair rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və bazu nahiyyələrini əhatə edən iri ölçülü hematoması xəsarətləri aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın təsirindən müayinədən 5-6 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 08 mart 2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (i/v 14-15). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluq vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası DİN BƏSİİ X2 heç bir məlumat yoxdur (i/v 49). İş materiallarına əlavə olunmuş 05 oktyabr 2019-cu il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs bir daha Zərərçəkmiş şəxs yaşadığı mənzilə gedərək narahat etməyəcəyinə dair öhdəlik götürmüşdür (i/v 56). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyun 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 108-109). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən qismən etiraf edilsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar