Məhkəmə qərarları › İş №1(006)-306/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-306/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-306/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, ev 10-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə, saat 05:30 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 04 saylı ünvanda yerləşən 194 nömrəli evin hasarından həyətyanı sahəyə, sonra isə evə qanunsuz daxil olub oradan hər birinin qiyməti 37 manat 40 qəpik olan bir ədədinin uzunluğu 2,2 metr, eni 17 sm ölçülü, ümumi dəyəri 224 manat 40 qəpik təşkil edən 06 ədəd şvelleri, hər birinin qiyməti 08 manat 80 qəpik olan bir ədədinin uzunluğu 2,2 metr, diametri 25 mm ölçülü, ümumi dəyəri 52 manat 80 qəpik təşkil edən 06 ədəd armaturu, içərisində işlənmiş mismarlar olan 45 manat dəyərində bir ədəd çəlləyi, hər birinin qiyməti 25 manat olan, üzərində “VC-2040, TOP-Quality” markalanma yazısı yazılmış, ümumi dəyəri 50 manat təşkil edən 02 ədəd dəbilqəni və 400 manat dəyərində bir ədəd qaynaq aparatını, ümumilikdə 772 manat 20 qəpik dəyərində əmlakı oğurlamaq istəyərkən ərazidə gözətçi işləyən Şahid onları gördükdən sonra bu əşyaları orada qoyaraq hadisə yerindən uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişlər. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, cəzaçəkmə müəssisindən buraxıldıqdan sonra Bakı şəhərində fəhləlik etmiş, “Papanin” adlanan yerdə gecəsi 01 manat olan otaqda gecələmiş, küçələrdən dəmir və digər əşyalar toplayıb satmışdır. Həmin ərəfələrdə o, Qurbanov Hafiz adlı şəxslə tanış olmuş və onunla dost münasibəti qurmuşdur. Hafiz də onun kimi küçələrdən dəmir məmulatları yığıb satırdı. xx.xx.2020-ci il tarixdə Hafiz ona Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 04 saylı ünvanda yerləşən 03 mərtəbəli tikintisi tamamlanmış, lakin təmir olunmamış bir evin olduğunu bildirmiş, xx.xx.2020-ci il tarixdə oradan oğurluq etdiyi üçün təzə vəziyyətdə olan və işlənməmiş çoxlu inşaat mallarının olduğunu demişdir. Hafiz ona həmin malları oğurlamağı təklif etmiş, o da bununla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə, saat 05:30 radələrində onlar əl arabasını və əl fənərini götürüb həmin evin qarşısına gəlmişlər. Evin ətrafına və içərisinə baxıb orada heç kimin olmadığa əmin olduqdan sonra hasardan evin həyətinə keçib evə daxil olmuş və 06 ədəd şvelleri, 06 ədəd armaturu, içərisində işlənmiş mismarlar olan bir çəlləyi, iki ədəd dəbilqə və bir ədəd qaynaq aparatını giriş qapısının yanınadək, yəni taxta hasarın dibinə daşıyıb yığmışlar. Bu zaman qəflətən bir kişinin səs-küy saldığını və qışqırdığını eşitmişlər. Həmin şəxs gözətçi olduğunu və burdan çıxıb getmələrini istəmiş, əks təqdirdə polisə xəbər verəcəyini bildirmiş və mobil telefon ilə onun şəklini çəkmişdir. Onlar da bundan qorxaraq əşyaları orada atıb hadisə yerindən qaçmışlar. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 04 saylı ünvanda yerləşən 194 nömrəli ev ona məxsusdur. Həmin evin tikintisi başa çatdırılsa da, hələ təmir olunmamışdır. Ev zirzəmidən və üç mərtəbədən ibarət olub 04 sot torpağın içərisində yerləşir. Evin içərisində inşaat malları yığılıb. Mütəmadi olaraq o bu evə gedib həmin inşaat mallarının yerində olub-olmadığını yoxlayır. xx.xx.2020-ci il tarixdə, səhər təxminən saat 06:30 radələrində evin yaxınlığında yerləşən obyektdə gözətçi işləyən Rəsul adlı şəxs onun mobil nömrəsinə zəng edərək naməlum iki nəfər şəxsin həyətə daxil olub evdə olan bəzi tikinti materiallarının oğurlamaq istədiklərini, lakin o buna mane olduğu üçün oradan qaçıb getdiklərini bildirmişdir. Eyni zamanda Rəsul demişdir ki, bu şəxslərdən birinin telefona şəklini çəkib. O da dərhal ora gəlmiş və görmüşdür ki, giriş qapısının yanında bir ədədinin uzunluğu 2,2 metr, eni 17 sm ölçülü olan 06 ədəd şveller, bir ədədinin uzunluğu 2,2 metr, diametri 25 mm ölçülü olan 06 ədəd armatur, içərisində işlənmiş mismarlar olan bir ədəd çəllək, üzərində “VC-2040, TOP-Quality” markalanma yazısı yazılmış iki ədəd dəbilqə və 400 manat dəyərində bir ədəd qaynaq aparatı var. Bundan sonra hadisə barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ən ağır cəzanın verilməsini istəyir. Onu da qeyd edir ki, həmin evdən bu hadisədən 2-3 gün əvvəl də oğurluq edilmişdir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 04 saylı ünvanın yaxınlığında yerləşən obyektdə mühafizəçi işləyir. İşlədiyi obyektin yanında Zərərçəkmiş şəxs məxsus həyətyanı sahənin içərisində olan ev var. Həmin evin həyəti taxtadan hasarlanmış və taxta qapı qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə, təxminən saat 05:30 radələrində bayırda olarkən Zərərçəkmiş şəxs məxsus həyətdə iki nəfər şəxsin evin içərisindən giriş qapısının yanına tərəf inşaat mallarının daşıdığını görmüşdür. O da onlara qışqıraraq götürdükəri əşyaları orada qoyub çıxıb getmələrini tələb etmiş, bu şəxslərdən əllərində olan malları yerə qoyub qaçmışlar. Bu zaman o, mobil telefonuna həmin şəxslərdən birinin şəklini çəkmişdir. Onlar getdikdən sonra o, hasarın yanından həyətə doğru baxmış və onların oğurlamaq istədikləri inşaat mallarının 06 ədəd şveller, təxminən 02 metrlik 06 ədəd armatur, içərisində işlənmiş vəziyyətdə mismar olan bir çəllək, 02 ədəd dəbilqə və 01 ədəd qaynaq aparatının olduğunu görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib hadisə barədə məlumat vermiş, sonuncu da bir müddət sonra ora gələrək polisə zəng etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3113 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş bir ədəd uzunluğu 2,2 metr, eni 17 sm təzə şveller 37,40 manat olmaqla 06 ədədi 224,40 manat, bir ədəd uzunluğu 2,2 metr, diametri 25 mm təzə armatur 8,80 manat olmaqla 06 ədədi 52,80 manat, 50 kq-lıq bir çəlləyin içərisində uzunluğu 100 mm, müxtəlif yerlərdən əyilmiş vəziyyətdə, üzərində pas ləkələri olan işlənmiş mismar 45,00 manat, iki ədəd üzərində “VC-2040, TOP-Quality” markalanma yazıları olan təzə kaska 50,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 75 manatdır (İ cild, i.v.207-211); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla baş vermiş oğurluq zamanı çəkilmiş Təqsirləndirilən şəxs məxsus fotoşəkil, 06 ədəd yeni vəziyyətdə şveller, yeni vəziyyətdə olan 2,2 metrlik 06 ədəd armatur, içərisində işlənmiş 50 kq-lıq mismar olan 01 çəllək, yeni vəziyyətdə olan 02 ədəd dəbilqə və yeni vəziyyətdə olan 01 ədəd qaynaq aparatı iş üzrə maddi sübut kimi tanınmış və bu əşyaların sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. X7 barəsində Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır (İ cild, i.v.218-226); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)- 313/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.136-138); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli arayış və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.171-190). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3cümaddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini və bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cümaddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərini də nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış 06 ədəd şveller, 2,2 metrlik 06 ədəd armatur, içərisində işlənmiş vəziyyətdə mismar olan bir çəllək, 02 ədəd dəbilqə və 01 ədəd qaynaq aparatı sahibi Zərərçəkmiş şəxs istifadəsində, 01 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 75 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X6 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 06 ədəd şveller, 2,2 metrlik 06 ədəd armatur, içərisində işlənmiş vəziyyətdə mismar olan bir çəllək, 02 ədəd dəbilqə və 01 ədəd qaynaq aparatı sahibi Zərərçəkmiş şəxs istifadəsində, 01 ədəd fotoşəkil isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X6 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar