Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-306/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də 1978-ci ildə istehsal olunmuş BA-4521 №-li 9 mm kalibrli Makarov konstruksiyalı texniki cəhətdən saz vəziyyətdə olan və atəşə yararlı yivli odlu döyüş silahını, 02 ədəd zavod üsulu ilə istehsal olunmuş istifadəyə və atəş üçün yararlı olan döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə olan bircərgəli Makarov konstruksiyalı silahın komplekt hissəsi olan darağı əldə edərək, üzərində qanunsuz saxlamaqla daşıyaraq gəzdirmiş və 09 fevral 2021-ci il tarixdə, saat 16:50-də Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın bel hissəsindən həmin Makarov konstruksiyalı yivli odlu döyüş silahı və əynində olan şalvarın sağ yan cibindən həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 02 ədəd patron və Makarov konstruksiyalı silahın komplekt hissəsi olan daraq aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ay bundan əvvəl Bakı şəhərində Kubinka deyilən ərazidə zibil qutularının yanından keçərkən bükülmüş vəziyyətdə sellofan torba görmüşdür. Həmin torba onun diqqətini cəlb etdiyi üçün onu götürmüş və içərisinə baxdıqda orada bir ədəd «Makarov» tipli tapançanın olduğunu görmüşdür. Tapançanın darağına baxdıqda orada 2 ədəd patron da olmuşdur. O, həmin tapançanı üzərində saxlayaraq həmin yerdən uzaqlaşmışdır. Daimi yaşayış ünvanı olmadığı üçün tapançanı daima üzərində gəzdirmişdir. 09 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə piyada hərəkət edən zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq odlu silah saxlanılmasında şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O, üzərində tapança olduğu üçün əvvəlcə getmək istəməmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahı ilə tanış olaraq siyahıdakı vəkil X1 hüquqlarını müdafiə etməsini istəmişdir. Buna görə vəkil Aqil Nuriyev polis şöbəsinə dəvət olunmuş və polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa, onları könüllü təqdim etməyini təklif etmişlər. Bu zaman o, əynində olan şalvarın bel hissəsindən «Makarov» tipli tapança, şalvarın sağ cibindən isə içərisində 2 ədəd patron olan tapança darağını çıxarıb təqdim etmişdir. Sorğulara cavab olaraq həmin tapança və güllələri Bakı şəhəri Kubinka deyilən ərazidən zibil qutularının yanından tapdığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o, həmin protokol ilə tanış olaraq orada imza etmişdir. «Makarov» tipli tapançanı üzərində gəzdirməkdə heç bir məqsədi olmamışdır. Həmin tapançadan heç vaxt istifadə etməmiş, ondan heç vaxt atəş açmamışdır. O, Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1h oğlu ifadəsində göstərmişdir ki, o, 09 fevral 2021-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Əli» adlı şəxs üzərində qanunsuz olaraq silah gəzdirir və hazırda Nəsimi rayonu, D.Əliyeva küçəsindədir. Bu səbəbdən tərəfindən Əli adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirləri keçirilməsi ilə bağlı qərar qəbul olunmuş və həmin qərarın icra olunması ilə bağlı əməliyyat qrupu təşkil olunmuşdur. 09 fevral 2021-ci il tarixdə, saat 16 radələrində Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2la birlikdə Nəsimi rayonu, D.Əliyeva küçəsinə getmişlər. Həmin küçədə «Əli» adlı şəxsi müəyyən edib sonuncuya yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və «Əli» adlı şəxsə üzərində qanunsuz əşya gəzdirməsi ilə bağlı məlumat daxil olduğu üçün polis şöbəsinə dəvət etmişlər. Həmin «Əli» adlı şəxs etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin «Əli» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və sonuncunun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli şalvarının arxa tərəfindən qara rəngli, qəhvəyi rəngli tutacağı olan silaha bənzər predmet, şalvarının yan cibindən içərisində 2 ədəd gülləyə bənzər predmet olan tapança darağını çıxarıb təqdim etmişdir. Həmin silaha baxıldıqda daraq hissəsində 2 ədəd güllə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi odlu silahı Bakı şəhərində Kubinka deyilən ərazidə zibil qutularının yanında keçərkən bükülmüş vəziyyətdə sellofan torbanın içərisindən tapmış və üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd odlu silah, 2 ədəd güllə və daraq qablaşdırılmışdır. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu silahdan istifadə etmədiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Şahid1h oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması” haqqında 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respubliksı CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.26-27); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 4(006)-78/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 09 fevral 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.91-93); - 09 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdə saat 16:50 radələrində ünvan 3 ünvanda saxlanılaraq Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarının arxa tərəfindən qara rəngli, qəhvəyi rəngli tutacağı olan silaha bənzər predmet, şalvarının yan cibindən içərisində 2 ədəd gülləyə bənzər predmet olan tapança darağı aşkar olunaraq götürülmüşdür (İ cild, i.v.47-52); - Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar İdarəsinin ballistik ekspertizasının 09 fevral 2021-ci il tarixli, 21/117R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd BA-4521 nömrəli silah, keçmiş SSRİ-də zavod üsulu ilə 1978-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir (İ cild, i.v.56-62); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11 fevral 2021-ci il tarixli 011-1276-1221 saylı məktubundan görünür ki, təqdim olunan 9 mm kalibrli, BA-4521 nömrəli Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (İ cild, i.v.107); - Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin 19 mart 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Makarov” tipli odlu silahı haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı qeyd edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu silahdan istifadə etməmişdir (İ cild, i.v.106); - “Sübutların qiymətləndirilməsi haqqında” 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Makarov” konstruksiyalı tapança, 02 ədəd 9 mm kalibrli patronla və bir ədəd silahın komplekt hissəsi olan daraq xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmiş və Təqsirləndirilən şəxs və müdafiəçisi maddi sübutla tanış edildikdən sonra “Makarov” konstruksiyalı tapança, 02 ədəd 9 mm kalibrli patronların ekspertiza tədqiqatından sonrakı 01 ədəd qalığı və bir ədəd silahın komplekt hissəsi olan daraq saxlanması üçün Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmişdir (İ cild, i.v.114-120, 124); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.03.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Ağayev X2 Rayon Xalq Məhkəməsinin 27.04.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 01.02.2002-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 03.02.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 15.12.2004-cü il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə 01 il 10 ay 11 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 23.05.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 15.07.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12.05.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 08.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən hazırda onun məhkumluğu ödənilməmiş və üzərindən götürülməmişdir (İ cild, i.v.109-111). Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın bel hissəsindən 1 ədəd Makarov tipli tapança, əynində olan şalvarın sağ yan cibindən 02 ədəd patron və 1 ədəd darağın aşkar edilərək götürülməsi müəyyən olundu (İ cild, i.v.57). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “ “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılığını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 09 fevral 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan “Makarov” konstruksiyalı tapança, 02 ədəd 9 mm kalibrli patronların ekspertiza tədqiqatından sonra qalmış 01 (bir) ədəd qalığı və bir ədəd silahın komplekt hissəsi olan daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan “Makarov” konstruksiyalı tapança, 02 ədəd 9 mm kalibrli patronların ekspertiza tədqiqatından sonra qalmış 01 (bir) ədəd qalığı və bir ədəd silahın komplekt hissəsi olan daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun (Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-306/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-306/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver