Məhkəmə qərarları › İş №1(006)-307/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-307/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-307/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında motorçu vəzifəsində işləyən, Ağdaş şəhəri, Sabir küçəsi, ev 31-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarının tələblərini pozaraq koronavirus (Covid-19) infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, 27 dekabr 2020-ci il tarixdə, saat 16 radalərində yaşadığı Ağsu rayonuna getmək məqsədi ilə metronun “Gənclik” stansiyasının yaxınlığından idarə etdiyi “Mercedes-Benz” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanışı Şahid4 götürüb həmin günü saat 16:30 radǝlərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 02 saylı stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Ağdaş rayonunda yaşayır, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında növbəli iş rejimində işləyir. 18.12.2020-ci il tarixdə öskürək əlaməti ilə bağlı Covid-19 analizi vermək üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına getmiş, orada analizdən sonra iki-üç gün ərzində cavabının çıxacağını bildirmişlər. Daha sonra ona xəstəlik vərəqəsi açılaraq orada yaxma analizinin verdiyi qeyd olunmuşdur. Lakin həmin ərəfədə analizin cavabı çıxmadığı üçün o, tez-tez xəstəxana ilə əlaqə saxlayıb onunla maraqlanmış, həmçinin 7-8 gün sonra qardaşı analizlə bağlı məlumat almaq üçün xəstəxanaya getmişdir. Amma bu müddət ərzində analizin cavabının hələ də çıxmadığını bildirmişlər. O, bununla bağlı tanışlarından soruşanda ona bildirmişlər ki, adətən koronavirusla bağlı analiz verən şəxslərin nəticələri iki-üç gün ərzində məlum olur və əgər bu vaxta qədər cavab çıxmayıbsa, deməli bundan sonra da gəlməyəcək. O, 27 dekabr 2020-ci il tarixdə öz işləri ilə bağlı Bakıya gəlmiş, həmin günü səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən Bakı İstintaq Tecridxanasında saxlanılan qonşusu İlhama içərisində ərzaq və paltar olan bağlamanı aparmaq üçün oraya getmişdir. Daha sonra idarə etdiyi “Mercedes-Benz” markalı, **-GE- *** dövlət qeydiyyat nişanlı avtomobillə təcridxanadan çıxıb rayona geri qayıdarkən yolda dostu ona zəng edib Ağdaşa getmək istəyən Cavid adlı tanışını da özü ilə gətirməsini xahiş etmişdir. O da bununla əlaqədar metronun “Gənclik” stansiyasının yaxınlığında Cavidi götürmüş və saat 16 radələrində üzü “Semaşko” xəstəxanası istiqamətinə gedərkən postda yoxlanış məqsədi ilə polis əməkdaşları tərəfindən saxlanılmış, karantinlə bağlı icazəsinin olub-olmamasını soruşmuş və ondan şəxsiyyət vəsiqəsini istəmişlər. Polislər onun şəxsiyyət vəsiqəsi ilə adını portalda yoxladıqdan sonra ona hazırda sistemdə aktiv koronavirus xəstəsi kimi qeydiyyata alındığını bildirmişlər. O da onlara bu barədə məlumatının olmadığını söyləmişdir. Həmçinin onun mobil nömrəsinə 27.12.2020-ci il tarixdə, saat 10 radələrində koronavirusla bağlı verdiyi analizin nəticəsinin pozitiv olduğu, onun va ailə üzvlərinin yaşayış yerini tərk etməməsinə dair gələn “SMS” məlumatını da elə həmin vaxtı polislərin yanında oxumuşdur. Bu vaxta kimi o, yolda olub maşın sürdüyündən telefonuna gələn “SMS”i görməmişdir. Bundan sonra polislər onun avtomobilində əyləşən Cavidi maşından düşürüb yola salmış, onu isə 1 saylı X4 göndərib ondan yenidən Covid- 19 yaxma analizi götürülmüşdür. Həmin gündən sonra rayona qayıdıb 11.01.2021-ci il tarixədək yaşadığı ünvanı tərk etmədən ev şəraitində müalicə almışdır. Onun heç bir təqsiri yoxdur. Rayondan Bakıya gələrkən ona koronavirus xəstəliyinə yoluxması barədə heç bir məlumat gəlməmiş, yollarda quraşdırılmış karantin-stasionar postlarında da dəfələrlə yoxlanılmış və bununla bağlı ona bir söz deyilməmişdir. İstintaq dövründə olan ifadələri doğru deyil, müstəntiqin yazdıqlarını oxumadan qol çəkmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Ağdaşdan Bakıya öz işləri ilə bağlı gəlmiş, Təqsirləndirilən şəxs də taksi sürücüsü kimi tanımamışdır. Sadəcə olaraq bibisi oğlu ona Bakıdan Ağdaşa qayıdan bir nəfər tanışı ilə qayıda biləcəyini söyləmişdir. O da Ağdaşa qayıtmaq məqsədi ilə metronun “Gənclik” stansiyasının yaxınlığından adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən bir neçə dəqiqə sonra stasionar postda polis əməkdaşları onları saxladıb sənədlərini yoxlamış və orada məlum olmuşdur ki, İlqar koronavirus xəstəsidir. İlqar isə bu barədə məlumatının olmadığını deyəndə, polis əməkdaşı ondan telefonu götürüb bildirmişdir ki, bu barədə ona “sms” də gəlib. İlqar da cavab olaraq həmin “sms”i oxumadığını və onu indi gördüyünü söyləmişdir. Sonra polislər onları avtomobildən düşürüb onu yola salmış, İlqarı isə xəstəxanaya aparmışlar. Bundan sonra o, koronavirus infeksiyasına yoluxmamış, İlqarla da ünsiyyətdə olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, iş yoldaşları Şahid2, Orxan Məmişov və Şahid3la birlikdə ünvan 1 ünvanda yerləşən 2 saylı stasionar karantin postunda xidmətdə olarkən 27 dekabr 2020-ci il tarixdə, saat 16:30 radələrində avtomobilləri karantin rejimi tələblərinə riayət olunub-olunmaması məqsədilə portal vasitəsilə yoxlayarkən “Mercedes-Benz” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğunu, həmçinin onun yanında başqa bir şəxsin də əyləşdiyini aşkar etmişlər. Lakin Təqsirləndirilən şəxs Covid-19 infeksiyasına yoluxmadığını, digər postlarda bununla bağlı ona məlumat verilmədiyini söyləmişdir. Portaldakı məlumatı ona göstərdikdən sonra İlqar buna əmin olmuşdur. Hətta onun mobil telefonuna da baxılmış və bu barədə “sms”in gəlməsi də məlum olmuşdur. Ancaq İlqar həmin “sms”i indi gördüyünü bildirmişdir. Daha sonra dərhal post başçısına məlumat verilməklə Təqsirləndirilən şəxs əraziyə gəlmiş əməliyyat qrupuna təhvil verilmiş, avtomobildəki digər şəxs isə koronavirus xəstəsi olmadığından sərbəst buraxılmışdır. Eyni zamanda onu da qeyd edir ki, avtomobil axınının çoxluğu səbəbindən şəhərdə quraşdırılmış bəzi postlarda heç də bütün nəqliyyat vasitələri yoxlanılmaya bilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan:  “İTS.GOV.AZ” portalından olan çıxarışa əsasən 27.12.2020-ci il tarixdə, saat 09:41-də göndərilən mesajla Təqsirləndirilən şəxs 18.12.2020-ci il tarixdə “Covid-19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğu bildirilir. Onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olunnacağı barədə xəbərdarlıq edilir (telefonun ekranından çəkilmiş bu şəkildən müəyyən edilir ki, həmin telefon geniş funksiyalara malik “smartfon”dur) (İ cild, i.v.06, İİ cild);  Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərir ki, “....27.12.2020-ci il tarixdə şəxsi işlərim ilə əlaqədar Bakı şəhərinə gəldim. Həmin tarixdə mən Bakı İstintaq Təcridxanasında olan İlham adlı qonşuma ərzaq və paltar aparmaq üçün oraya getdim. Bu zaman yolda mənim telefonuma verdiyim yaxma analizinin nəticəsi ilə əlaqədar sms-xəbərdarlıq avabı gəldi. Həmin mesajda mənim verdiyim analizin pozitiv olması, mənim və ailə üzvlərimin yaşayış yerini tərk etməməyi barədə xahiş qeyd olunurdu. Mesajı görəndən sonra mən rayona getmək qərarına gəldim və idarə etdiyim “Mercedes-Benz” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilimi rayon istiqamətində sürməyə başladım. .....“Gənclik” metrostansiyasının yaxınlığında Ağdaşda yaşayan Cavid adlı bir yoldaşı gördüm. Ona rayona getdiyimi və istəyirsə onu da apara biləcəyimi dedim. O da öz növbəsində rayona getmək istədiyini bildirdi və maşına əyləşdi....”. Hər iki ifadələrin sonunda “Əlavəm yoxdur, oxudum, sözlərimlə düzgün yazılıb, imzamla təsdiq edirəm” və “İfadəmi oxudum, düzgündür, sözlərimlə düzgün yazılıb, imzamla təsdiq edirəm” qeydləri var(İ cild, i.v.64-66, 79-81);  Ağdaş Rayon Mərkəzi X3 Şəxsin 05.03.2021-ci il tarixli, 325 saylı və 16.07.2021-ci il tarixli, 978 saylı məktublarında qeyd olunur ki, Təqsirləndirilən şəxs 18.12.2020-ci il tarixdə xəstəxanada “Covid-19” infeksiyasına görə analiz vermiş, 26.12.2020-ci il tarixdə nəticə pozitiv olmuşdur. Ağdaş RMX PHŞ-nin həkimi Nüşabə Hacıyevanın verdiyi yazılı izahatında testin nəticəsi məlum olanda Təqsirləndirilən şəxsla əlaqə saxladığını, təcrid olunması haqqında məlumat verildiyini bildirmişdir. 27.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in elektron portalında evdə müşahidəyə götürülmüşdür (İ cild, i.v.42, İİ cild);  Mərkəzi laboratoriya protokol üzrə covid nəticəsinə dair cədvələ əsasən Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) adına 18.12.2020-ci il tarixdə, saat 21:09da Covid-19-RT-PCR analizi qeydə alınmış, həmin analizin nəticəsi 26.12.2020-ci il tarixdə, saat 19:12-də pozitiv (+) olaraq təsdiqlənmiş, yenidən 27.12.2020-ci il tarixdə, saat 17:15-də Təqsirləndirilən şəxs adına Covid-19-RT-PCR analizi vermiş, həmin analizin nəticəsi 28.12.2020-ci il tarixdə, saat 14:25-də pozitiv (+) olaraq təsdiqlənmişdir (İ cild, i.v.43);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 11.03.2021-ci il tarixli, 247/KEŞ saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Covid-19 ilə bağlı müayinə aparılmış və 26.12.2020-ci il tarixdə müayinənin nəticəsi pozitiv (+) olmuşdur. Təqsirləndirilən şəxs sanitargigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşmasının və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (İ cild, i.v.89- 91);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.02.2021-ci il tarixli arayışında Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunur (İ cild, i.v.36);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 06.11.2009-cu il və 19.01.2019-cu il təvəllüdlü iki övladı var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarına əsasən:  Bu Qaydalar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən hazırlanmışdır və hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (bundan sonra – yoluxucu xəstəlik) əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və yoluxucu xəstəlik faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi, habelə yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərin təcrid olunmaqaydalarını müəyyən edir (1.1-ci bənd);  Bu Qaydalar aşağıdakı şəxslərə şamil olunur: yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə (1.3-cü bənd);  Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs koronavirus (Covid- 19) infeksiyası ilə bağlı 27.12.2020-ci il tarixdə, saat 09:41-də “İTS.GOV.AZ” portalından göndərilən mesajla onun verdiyi analizin nəticəsinin pozitiv olduğunu, onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olunacağı barədə xəbərdar edilməsinə baxmayaraq, artıq yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs kimi 27 dekabr 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhərində idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olub yaşadığı Ağsu rayonuna gedərkən metronun “Gənclik” stansiyasının yaxınlığından rayona gedən müştəri Şahid4 götürmüş və həmin günü saat 16:30 radǝlərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 02 saylı stasionar postda yoxlanılması üçün polis əməkdaşları tərəfindən saxlanılarkən bu fakt müəyyən edilmişdir. Bununla da o, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs 27.12.2020-ci il tarixdə həm öz işləri, həm də Bakı İstintaq Təcridxanasına bağlama aparmaq məqsədi ilə Ağdaşdan Bakıya gəldiyini, geri qayıdarkən isə dostunun ona zəng edib rayona getmək istəyən bir nəfər tanışını da özü ilə gətirməsini xahiş etdiyindən metronun “Gənclik” stansiyasının yaxınlığında Şahid4 götürdüyünü və saat 16:30 radələrində stasionar postda polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra aktiv koronavirus xəstəsi olduğunu öyrəndiyini, eyni zamanda həmin vaxta qədər yolda olub maşın sürdüyündən səhər saatlarında mobil telefon nömrəsinə Covid-19 ilə bağlı analizinin nəticəsinin pozitiv olduğuna dair gələn mesajı da görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Ağdaş rayonundan Bakıya gələrkən aktiv koronavirus xəstəsi olduğuna dair məlumatsız olduğuna əsaslanmaqla təqsirsizliyini bildirsə də, məhkəmə hesab edir ki, 27.12.2020-ci il tarixdə, saat 09:41-də onun mobil nömrəsinə analizin nəticəsinin pozitiv olduğuna dair “İTS.GOV.AZ” portalından göndərilən mesajla o artıq bu barədə rəsmi qaydada məlumatlandırılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs yolda maşın sürdüyü üçün telefonuna baxmadığından bu mesajı görmədiyini bildirsə də, məhkəmədə verdiyi ifadəsində həmin ərəfədə onun mobil nömrəsinə dostundan zəng gəldiyini və ondan rayona qayıtmaq istəyən Cavid adlı şəxsi də gətirməyi xahiş etdiyini bildirir. Belə olan halda artıq müasir texnologiyaya və geniş funksiyalara malik olan “smartfon” tətbiqli mobil telefonların istifadəsindən də məlum olduğu kimi onun ekranında görüntülənən mesajın həmin günü saat 09-16 radələrində olan vaxt aralığında telefonu istifadə etmiş Təqsirləndirilən şəxs tərəfindən görülməməsi və ya nəzərindən yayınması inandırıcı deyil. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmədən fərqli olaraq ibtidai istintaq dövründə verdiyi ifadələrində yolda olarkən ona analizinin nəticəsi ilə bağlı gələn mesajı gördüyünü, bundan sonra koronavirus xəstəsi olduğunu öyrənib Ağdaşa qayıdarkən metronun “Gənclik” stansiyasının yaxınlığından Cavidi avtomobilinə əyləşdirib gedərkən polislər tərəfindən saxlanıldığını bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan dəlillərlə ona itiham olunan əməlin törədilməsi tam sübuta yetirilir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmaq məqsədi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azşyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını yüngülləşdirən halın mövcud olmasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar