Məhkəmə qərarları › İş №1(006)-308/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-308/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-308/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, tərcüməçi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rus, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 480,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla özü ilə daşımış, X9 Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxx 2020-ci il tarixdə saat 15:40da ADY-nin Əhmədli Yük stansiyasının yaxınlığında saxlanılaraq X9 Polis İdarəsinin inzibati binasına dəvət olunmuş və İdarənin növbətçi hissəsində həmin gün saat 16:30-da üzərində şəxsi axtarış keçirilən zaman, özünə məxsus göy rəngli idman çantasından bir ədəd üzərində «Araz market» sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindən ümumi təmiz çəkisi 480,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 ay müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik maddələri Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən əvəzsiz olaraq əldə edir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında «Nargilə» adlı kafenin yaxınlığında piyada hərəkət edərkən yerdə üzərində "Araz market" yazısı olan ağ rəngli sellofan bükümün olduğunu görmüş və onda maraq doğurduğundan həmin bükümü yerdən götürüb açmışdır. O, bükümü açdıqdan sonra içərisində narkotik maddə olan marixuananın olduğunu görmüşdür. Dərhal həmin sellofanı büküb üzərində olan göy rəngli idman çantasının içərisinə qoymuşdur. Daha sonra isə qalmaq üçün evi olmadığından Bakı dəmir yolu vağzalının yerləşdiyi əraziyə gələrək orada gecələmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 15:40 radələrində Əhmədli stansiyası XPM-nin ərazisində piyada hərəkət edən zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb özlərini X14 İdarəsinin əməkdaşları kimi təqdim edərək onu polis idarəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyərək onlarla birlikdə idarəyə getmişdir. Polis idarəsində iştirakçıların iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əlində olan göy rəngli idman çantasından içərisində narkotik vasitə olan sellofan büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisindən spesifik iyə malik yaşılımtıl ota bənzər kütlə, yəni tapdığı marixuana aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olduğunu nəzərə alaraq, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Polis İdarəsi CAŞ-nın əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki,o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. X9 Polis İdarəsinin CAŞ-na “Dima” adlı şəxsin Əhmədli-Yük dəmir yolu stansiyasında üzərində qanunsuz olaraq narkotik vasitə hesab olunan «qurudulmuş marixuana» saxlayaraq gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Ona görə də “Dima” adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə Əhmədli-Yük dəmir yolu stansiyasının xidməti ərazisində əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün xx.xx.2020-ci il tarixdə idarə rəisinə raportla məruzə etmişdir. İdarə rəisinin razılığından sonra həmin gün «təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair» qərar qəbul edərək özünü qrup rəhbəri, CAŞ-ın baş əməliyyat müvəkkili Ənar Əfəndiyevi isə qrup üzvü təyin edərək məlumatda göstərilən şəxsi müəyyən etmək üçün tədbirlərə başlamışlar. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində daxil olmuş məlumatda qeyd edilən şəxsin əlamətlərinə uyğun gələn şəxs saat 15:40 radələrində Əhmədli-Yük XPM-nin ərazisində saxlanılmış və saat 16:00 radələrində DYNPİ-nin növbətçi hissəsinə gətirilmişdir. Saxlanılan şəxsin şəxsiyyəti müəyyən olunarkən onun xx.xx.1976-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin gün saat 16:30-da DYNPİ-də Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman üzərindən 50 manat pul, əlində olan göy rəngli idman çantasından bir ədəd üzərində «Araz market» sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindən spesifik iyə malik yaşılımtıl ota bənzər kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş kütlənin marixuana olduğunu və marixuananı xx.xx.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən «Nargilə» kafesinin yaxınlığından taparaq şəxsi istifadəsi üçün çantasında saxladığını bildirmişdir. Aşkar olunmuş yaşılımtıl ota bənzər kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Daha sonra protokolun tərtib olunduğunu və ucadan oxunduğunu, protokolun doğru olmasını bütün iştirakçıların öz imzaları ilə təsdiq etdiklərini bildirmişdir. Narkotik maddənin çəkisinin və növünün müəyyən edilməsi məqsədilə möhürlənmiş zərfin Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyini və Təqsirləndirilən şəxs aşkar edilmiş maddə kütləsinin narkotik vasitə hesab edilən "marixuana” olmasının müəyyən edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid2 və DYNPİ-nin KTQ-nin inspektoru Şahid3 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan DYNPİ-nin İstintaq və Təhqiqat bölməsinin baş təhqiqatçısı Elnur Rzayev tərəfindən tərtib edilmiş və DYNPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid2 və DYNPİ-nin KTQ-nin inspektoru Şahid3, DYNPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli “şəxsi axtarış və götürmə” barədə protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15:40 radələrində DYNPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən DYNPİ-yə dəvət edilmiş və saat 16:00 radələrində DYNPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl onun üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş və təklif edilmişdir ki, belə bir əşya vardırsa könüllü təqdim etsin. O, öncə cibində olan 50 manat pulu masanın üzərinə qoyub, əlində olan göy rəngli idman çantasından bir ədəd üzərində «Araz market» sözləri yazılmış ağ rəngli sellofana bükülmüş bağlamanı çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bağlama açıldıqda içərisində spesifik iyə malik yaşılımtıl kütlə aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisindan yaşılımtıl ota bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş kütlənin marixuana olduğunu və marixuananı xx.xx.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, «Nargilə» kafesinin yaxınlığından taparaq şəxsi istifadəsi üçün çantasında saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən və çantasından iş üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamışdır. Aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı videogörüntü çəkilərək protokola əlavə edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bir irad və təklif daxil olmamışdır. Protokolun doğruluğu iştirakçıların imzaları ilə təsdiq olunmuşdur (i/v 25). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 7/137 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “1.Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki sellofan paketin içərisində 01 (bir) ədəd polietilen paketdə təmiz çəkisi - 480,0 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i/v 31-33). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 1767 saylı rəyindən görünür ki, müayinə zamanı X2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 119-120). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi və saxlanması üçün verilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 480,0 qram narkotik vasitə olan “marixuana” işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 479,8 qram qurudulmuş marixuana saxlanılması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilməsi qərara alınmışdır (i/v 77). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2020-ci il tarixdə şəxsi axtarış keçirilməsinin videogörüntüləri olan disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (i/v 91). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 93-94). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 23). İş materiallarına əlavə olunmuş Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır (i/v 73-76, 99-101). İş materiallarına əlavə olunmuş Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasına dair vəsatət təmin edilməmiş və o, məhkəmə iclas zalından həbsdən azad olunmuşdur (i/v 132-137). İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, X5 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir(i/v 114-115). İş materiallarına əlavə olunmuş Xətai rayonu 27 saylı MKİS-in rəisi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (i/v 123). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) ay 25 (iyirmi beş) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X5 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 69 manat 82 qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və X9 Polis İdarəsinin maddi sübutların saxlanılması anbarındasaxlanılan, ilkin çəkisi 480 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 479,8 qram olan narkotik vasitə - marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyiBakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-308/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və X9 Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan, ilkin çəkisi 480,0 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 479,8 qram olan narkotik vasitə - marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Hökmün icrası X9 Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar