Məhkəmə qərarları › İş №1(006)-309/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-309/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-309/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını əl çantasından gizli çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə təxminən saat 16 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncuya məxsus əl çantasından dəyəri 20 manat olan pul qabını və pul qabının içərisində olan 1.250 manat nağd pulu və dəyəri 2 manat olan bir ədəd “Bakı Kartı”nı çıxarıb gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1.272 manat məbəğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, işləmədiyi və eləcə də maddi vəziyyəti pis olduğundan metroda cibgirlik etmək qərarına gəlmiş, 04 may 2019-cu il tarixdə saat 15 radələrində yaşadığı Sumqayıt şəhərindən Bakı şəhərinə gələrək “20 yanvar” metrosuna daxil olmuş, metronun “28 may” stansiyasında sıxlıq olduğuna görə orada cibgirlik etmək üçün əlverişli şərait olduğunu düşünüb metronun “28 may” stansiyasına gəlmiş, metronun “28 may” stansiyasının platformasında dayanıb xanımların əl çantalarından oğurluq etmək üçün yanından keçən xanımların əl çantasına baxmağa başlamış, həmin vaxt ad və soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs yanından keçdiyini və sonuncunun çiynindən asmış olduğu qara rəngli əl çantasının ağzının açıq olduğunu və əl çantasında qırmızı rəngli pul kisəsinin olduğunu görmüş, pul kisəsini oğurlamaq məqsədi ilə Zərərçəkmiş şəxs təqib etməyə başlamışdır. Zərərçəkmiş şəxs arxası ilə gedib onunla birlikdə qatara minmək istəyərkən Zərərçəkmiş şəxs və ətrafda olan sərnişinlərin ona fikir vermədiklərinə əmin olduqdan sonra qatarın qapısının qarşısında sağ əlini Zərərçəkmiş şəxs əl çantasına daxil edib qırmızı rəngli pul kisəsini oğurlamış və oğurladığı pul kisəsini qolunda tutduğu pencəyinin altında gizlətmiş, daha sonra qatara minməyib geri qayıdaraq “28 may" metrosundan çölə çıxmış, bundan sonra yaşadığı Sumqayıt şəhərinə getmək üçün metronun qarşısından qeydiyyat nişanını və markasını xatırlamadığı taksiyə əyləşib sürücüyə 20 yanvar dairəsinə onu aparmağını bildirmiş, taksidə olan zaman Zərərçəkmiş şəxs əl çantasından oğurladığı dəri materiallı, ağzı metal seplə bağlanmış pul kisəsini açıb içərisinə baxmış və pul kisəsinin içərisində bank kartları, üzvlük vəsiqələri, şəxsiyyət vəsiqələri və 98 manat pul olduğunu görmüş, pulları götürüb pul kisəsini pencəyinin cibində gizlətmiş, daha sonra 20 yanvar dairəsində oğurluq yolu ilə əldə etdiyi puldan 5 manatını taksi sürücüsünə verib taksidən düşərək Sumqayıt şəhərirə gedən yerdə xatırlamadığı taksilərin birinə minmiş, Sumqayıt şəhərinə çatdıqdan sonra isə Zərərçəkmiş şəxs oğurlamış olduğu içərisində sənədlər və bank kartları olan qırmızı rəngli pul kisəsini yaşadığı 18-ci mikrorayon ərazisində evə yaxın yerləşən yol kənarında olan zibil qutusuna atmış, daha sonra Zərərçəkmiş şəxs oğurlamış olduğu 98 marat pulun bir hissəsini öz şəxsi məsrəflərinə və tələbatları üçün xərcləmiş, qalan 40 manatını isə üzərində saxlamış, 06 may 2019-cu il tarixdə saat 23:30 radələrində mülki geyimli polis əməkdaşları onu yaşadığı Sumqayıt şəhərində saxlayaraq Bakı Metropolitenində Polis şöbəsinə dəvət etmiş, polis əməkdaşının təklifinə etiraz etməmiş və polis şöbəsinə gəlmiş, polis şöbəsində olan zaman Zərərçəkmiş şəxs pul kisəsindən oğurlamış olduğu pulun 40 manatı üzərində aşkar olunmuş, qeyd olunan cinayət hadisəsini törədərkən ona heç kim köməklik göstərməmiş və məsləhət verməmiş, hadisə ilə bağlı heç kimin məlumatı olmamış, başqa heç bir cinayət hadisəsi törətməmiş, Zərərçəkmiş şəxs əl çantasından oğurladığı pul kisəsinin içərisində 98 manat pul olmuş, onun pul kisəsinin içərisində başqa pullar olmamış, pul kisəsini oğurlayarkən həmin sənədlərin yəni, üzvlük və şəxsiyyət vəsiqələrinin orada olmasını bilməmiş, ona pul lazım olduğundan həmin pul kisəsini oğurlamış, sənədləri yəni üzvlük və şəxsiyyət vəsiqələrini isə heç bir yerdə istifadə etmək niyyəti olmamış, heç bir yerdə istifadə etməmiş, pul kisəsini üzvlük və şəxsiyyət vəsiqələrini bank kartları ilə birlikdə yaşadığı 18-ci mikrorayon ərazisində evə yaxın yerləşən yol kənarında olan zibil qutusuna atmışdır. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, anasının xəstə olduğunu, azadlıqda olarsa zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini bildirərək, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir yaxınlığı, qohumluğu və düşmənçiliyi yoxdur. O, ünvan 3 ünvanında valdeynləri ilə birlikdə yaşayır. xx.xx.2016-cı il təvəllüdlü övladı X1 həkim müayinəsindən keçirmək üçün onunla birlikdə 03 may 2019-cu il tarixdə Bakı şəhərinə gələrək qohumu evində qaldıqdan sonra 04 may 2019-cu il tarixdə saat 10 radələrində övladı Murad Abdullazadə ilə birlikdə “Sağlam Ailə” klinikasına getmiş, həkimdən çıxdıqdan sonra yemək üçün “28 may” metrosunun yaxınlığında yerləşən “Böyük Frat” restoranına gəlmiş, azyaşlı övladı Murad ilə orada yemək yedikdən sonra təxminən saat 16 radələrində restorandan çıxıb “20 yanvar” metrosuna getmək üçün metronun “28 may” stansiyasına gəlmiş, metronun “28 may” stansiyasında pul kisəsini əl çantasından çıxarıb xırda pul götürdükdən sonra pul kisəsini yenidən əl çantasına qoyub platformaya düşmüş, metronun “20 yanvar” stansiyasına getdiyi üçün qatara minməyə başlamış, qatara minən zaman arxadan kiminsə onu itələdiyini və sol çiynindən asdığı əl çantasının geriyə dartıldığını bir anlıq hiss etmiş, həmin vaxt geriyə baxdıqda təxminən 45- 50 yaşlarında dolu bədən quruluşlu, orta boy bir kişinin arxasında olduğunu görmüş, bunu adi hal kimi qəbul etmiş, düşünmüşdür ki, qatara minən zaman ona toxunmuş, qatarın qapıları bağlandıqdan sonra əl çantasına baxdıqda içərisində 1250 marat pul, ona və azyaşlı övladı X2 məxsus şəxsiyyət vəsiqələri, şifrəsi üzərində olmayan iki ədəd “Kapital Bankın”, şifrəsi üzərində olmayan bir ədəd “Beylənxalq Bankın” plastik kartları, sosial sğorta kartı, Yeni Azərbaycan Partiyası və Həmkərlar Təşkilatının üzvlük kartları, Bakı Metropolitenində gediş kartı, qırmızı rəngli dəri materiallı pul kisəsinin əl çantasında olmadığını, oğurlandığını aşkar etmişdir. Pul kisəsinin qatara minən zaman arxada olan şəxs tərəfindən oğurlandığını şübhələnmiş və qatarda ətrafa baxdıqda həmin şəxsi görə bilməmiş, xx.xx.2019-cu il tarixdə Bakı Metropolitenində Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, çantasından oğurlanmış pul kisəsinin içərisində 1.250 manat nağd pul, həmin pulların 21 ədədi 50 manatlıq, 2 ədədi isə 100 manatlıq pul əskinazlarından ibarət olmuş, Bakı Metropolitenində gediş kartı 2 manat, pul kisəsi 20 manata təşkil etmişdir. Baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 1.272 manat maddi ziyan vurulmuşdur. Halhazırda ona dəymiş ziyan təqsirləndirlən şəxs tərəfindən ödənilmədiyi üçün ondan şikayətçidir. İş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi barədə” 20 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd DVD diskin və diskə baxış protokolunun maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 133-137). İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (i/v 36-37). İş materiallarına əlavə olunmuş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 may 2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 58). İş materiallarına əlavə olunmuş şəxsin barəsində axtarış elan edilməsi haqqında 15 iyun 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin tələblərini pozduğundan barəsində axtarış elan edilmişdir (i/v 66). İş materiallarına əlavə olunmuş cinayət işi üzrə icraatın dayandırılması haqqında 15 iyun 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət işi üzrə icraat dayandırılmışdır (i/v 69). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə tutlmuşdur (i/v 85-86). İş materiallarına əlavə olunmuş cinayət təqibi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir (i/v 72). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 may 2022-ci il tarixli, 4(004)-374/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 119-122). İş materiallarına əlavə olunmuş DVD diskə baxış keçirilməsi haqqında 07 may 2019-cu il tarixli protokoldan görünür ki, diskdə 01 ədəd videofayl vardır. "xxxx"QSC-nin müşahidə kameralarında qeydə alınmış videogörüntülərə dair bir ədəd DVD diskə müstəntiq tərəfindən baxış keçirilmiş və müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs 04 may 2019-cu il tarixdə saat 16 radələrində metronun «28 may» stansiyasından «Dərnəgül» istiqamətində hərəkətdə olan qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs yaxından təqib edərək vaqonun giriş hissəsinə tərəf getmiş, Eynula Hüseynov metronun «28 may» stansiyasının platformasında olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minmək istəyən sərnişin Zərərçəkmiş şəxs əl çantasına əlini daxil edib qırmızı rəngli pul kisəsini oğurlamış və oğurladığı pul kisəsini qolunda tutduğu pencəyinin altında gizlətmiş, daha sonra qatara minməyib geri qayıdaraq “28 may” metrosundan çölə çıxmışdır. Baş vermiş oğurluq cinayət hadisəsi metronun “28 may” stansiyasının platformasında baş verdiyindən müşahidə kameralarına qeydə alınmışdır (i/v 45). Məhkəmə baxışı zamanı qeyd olunan oğurluq hadisəsini özündə əks etdirən videogörüntüyə baxış keçirilmiş və baxış zamanı xx.xx.2019-cu il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Nərimanov rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(005)-415/2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5, 69.3-cü maddələrinə əsasən 02 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i/v 123-132). Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Nərianov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(005)-415/2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5, 69.3-cü maddələrinə əsasən 02 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində olan nəzarət işi xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul kisəsindən 1250 manat deyil, 98 manat pul oğurlamasını göstərməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Video diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2019-cu il tarixdə saat 16 radələrində metronun «28 may» stansiyasından «Dərnəgül» istiqamətində hərəkətdə olan qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs yaxından təqib edərək vaqonun giriş hissəsinə tərəf getmiş, Eynula Hüseynov metronun «28 may» stansiyasının platformasında olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minmək istəyən sərnişin Zərərçəkmiş şəxs əl çantasına əlini daxil edib qırmızı rəngli pul kisəsini oğurlamış və oğurladığı pul kisəsini qolunda tutduğu pencəyinin altında gizlətmiş, daha sonra qatara minməyib geri qayıdaraq “28 may” metrosundan çölə çıxmışdır. Həmçinin, məhkəmə istintaqı zamanı da, hadisə yerindən götürülmüş videogörüntüyə baxış keçirilmiş, videogörüntüdə olan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 05 may 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və diskə baxış protokolunun cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-309/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2019-cu il tarixdən 08 may 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və diskə baxış protokolunun cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar