Məhkəmə qərarları › İş №1(006)-31/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-31/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-31/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli qərarı ilə həmin hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş 01 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Ağcabədi rayonu, Şərəfxanlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin amlakını gizli olaraq talamaq məqsədilə 23 aprel 2021-ci il tarixdə, saat 23:02-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində saxlanılmış “Nissan X-Trail” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb onun arxa otruracağındakı iki ədəd qara rəngli çantanı görərək kimsənin onu görmədiyinə əmin olduqdan sonra avtomobilin arxa sağ şüşəsini özü ilə gətirdiyı burğacla sındırmış, saat 23:32-də oradan Zərərçəkmiş şəxs məxsus, hər biri 80 manat olmaqla, iki ədəd 160 manat dəyərində qara rəngli çantanı və onların içərisində olan, üzərində 4 manatlıq ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan 280 manat dəyərində “Samsung S8” markalı və 120 manat dəyərində “iPhone 6” markalı mobil telefonları, 60 manat dəyərində 1 Tb yaddaş tutumlu sərt diski, hər biri 20 manat olmaqla üç ədəd 60 manat dəyərində pul kisəsini, pul kisələrinin içərisindəki 5.100 manat və milli məzənnə ilə 620,50 manat təşkil edən 365 ABŞ dolları məbləğində pulu, üzərində hər biri 4 manat olmaqla 8 manatlıq ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələr ilə istifadə olunan 30 manat dəyərində bir ədəd “Nokia” markalı mobil telefonu, hər biri 10 manat olmaqla 60 manat dəyərində iki ədəd "xxxx" ASC-yə, üç ədəd "xxxx" KB ASC-yə və bir ədəd "xxxx" ASC-yə aid olan debit kartları gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən, 6.422,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bu əməli tək törətməmişdir. Belə ki, 23 aprel 2021ci il tarixdə taksi sürücüsü olan tanışı Şahid1 ilə Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində “Bizim market” adlı mağazanın qarşısında görüşüb sonuncunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobilə əyləşib birlikdə şəhərdə gəzərkən münasib yerdə park edilmiş avtomobil axtarmışlar ki, onun şüşəsini qıraraq oradan oğurluq etsinlər və əldə etdikləri əşyaları bölüb ehtiyaclarına xərcləsinlər. 23 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi, Cavadxan küçəsində “Euromed” klinikasının qarşısında saxlanılmış “Nissan X-Trail” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşlər. Ramil avtomobildə əyləşmiş, o isə kimsənin ətrafda olmadığını görüb avtomobildən burğacı götürərək “Nissan X-Trail” markalı avtomobilə yaxınlaşmışdır. Bu zaman avtomobilin arxa oturacağında iki ədəd qara rəngli çanta görmüşdür. O, avtomobilin arxa şüşəsini əlindəki burğacla sındırıb oradan həmin qara rəngli çantaları götürmüş, daha sonra Ramil həmin yerə gəlmiş, o da onun avtomobilinə əyləşib oradan uzaqlaşmışlar. Yolda birgə çantaların içərisinə baxmış, oradan pul və mobil telefonlar çıxmış, həmin puldan o, 1.600 manat və 300 ABŞ dollarını götürmüş, qalan pulu və əşyaları isə Ramilə vermişdir. Bu əməli Şahid1 ilə birgə törətməsi barədə ibtidai istintaq dövründə də dəfələrlə bildirmiş, hətta üzləşdirmələri keçirilmiş, lakin nədənsə bu şəxs məsuliyyətdən kənarda qalmışdır. Ramil götürdüyü pul və əşyaları qaytarsa, o da qalan zərərin ödənilməsinə çalışardı. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 23 aprel 2021-ci il tarixdə işlədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Trend 37” adlı dükanın aylıq icarə haqqı və özünün aylıq xərci olan 5.100 manat məbləğində pulu götürüb idarə etdiyi “Nissan X-Trail” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağına qoymuşdur. Bir qədər sonra dostları ona zəng edib onu Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən çayxanaya dəvət etmişlər. O da axşam saat 23 radələrində həmin yerə gəlib avtomobilini “Euromed” klinikasının qarşısında saxlamışdır. Bir müddət sonra geri qayıtdıqda avtomobilin arxa sağ şüşəsinin sındırıldığını və oturacağın üzərindəki iki ədəd qara rangli çantanın orada olmadığını görmüşdür. Hadisə nəticəsində hər biri 80 manat olmaqla, iki ədəd 160 manat dəyərində qara rəngli çanta və onun içərisində olan, üzərində 4 manatlıq ***-***-**-** saylı GSM nömrəsi ilə istifadə olunan 280 manat dəyərində “Samsung S8” markalı və 120 manat dəyərində “iPhone 6” markalı mobil telefonlar, hər biri 10 manat olmaqla 60 manat dəyərində iki ədəd "xxxx" ASC-yə, üç ədəd "xxxx" KB ASC-yə və bir ədəd "xxxx" ASC-yə aid olan debit kartlar, 60 manat dəyərində 1 terabayt yaddaş tutumlu sərt disk, hər biri 20 manat olmaqla üç ədəd 60 manat dəyərində pul kisəsi, həmin pul kisələrinin içərisindən 5.100 manat və milli məzənnə ilə 620,50 manat təşkil edən 365 ABŞ dolları məbləğində pul, üzərində hər biri 4 manat olmaqla 8 manatlıq ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri ilə istifadə olunan 30 manat dəyərində bir ədəd “Nokia” markalı mobil telefonu oğurlanmışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 24.04.2021-ci il tarixdə, saat 01 radələrində xidmətdə olarkən 19-cu polis şöbəsinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində “Euromed” klinikasının qarşısında olan “Nissan X-Trail” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən mobil telefon, pul və digər əşyaların oğurlanması barədə “102” xidmətindən məlumat daxil olmuşdur. Daxil olan məlumat əsasında hadisə yerinə gələrək şüşəsi sındırılan avtomobilin arxa tərəfində saxlanılmış digər avtomobilin təhlükəsizlik kamerasına baxış keçirilərkən bir nəfər şəxsin bir müddət “Nissan X-Trail” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ətrafında tək dolaşdığı, habelə həmin avtomobildən qara çanta götürdüyü müəyyən olunmuşdur. Daha sonra “Təhlükəsiz Şəhər” kameralarına baxış keçirildikdə bu şəxsin avtomobilin şüşəsini qırdığı, bir müddət orada gözlədikdən sonra mobil telefonla zəng etdiyi, daha sonra oraya **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyi, həmin şəxsin əlində qara çanta ilə avtomobilə əyləşdiyi müəyyən edilmişdir. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxsin şəxsiyyətini müəyyən etmək məqsədilə onun əyləşdiyi bu avtomobili idarə edən şəxsi axtarıb şöbəyə dəvət etmişlər. Söhbət zamanı bu şəxs hadisədən xəbərsiz olduğunu və ona sonradan məlum olan hadisə yerindən götürdüyü şəxsin Təqsirləndirilən şəxs Səfiyyəddin oğlu olduğunu bildirmiş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunaraq istintaq orqanına təqdim edilmişdir. Məhkəmədə dindirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq Şahid1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, o, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvələrində taksi fəaliyyəti ilə əlaqədar müştəri kimi tanımış, həmin vaxtdan aralarında münasibət yaranmışdır. 23.04.2021-ci il tarixdə, saat 21 radələrində Vüqar zəng edib ona Bakı şəhəri, Binəqədi rayonu ərazisində olduğunu demiş və onu idarə etdiyi “Volkswagen Passat” markalı taksi avtomobili ilə Binəqədi rayonunda “Tayqa” marketin qarşısından götürmüş və onu “Əcəmi” dairəsi adlanan yerdə düşürmüşdür. Vüqardan taksi pulu istədikdə, sonuncu ona zəng edəcəyini, gəlib onu götürəndən sonra ümumilikdə pulu ödəyəcəyini demişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs ona zəng edərək 4-cü mikrorayon dairəsi yaxınlığında olduğunu deyib ondan oraya gəlməsini xahiş etmişdir. O da axşam saat 12-ə yaxın “Euromed” klinikasının qarşısından Vüqarı götürmüş, sonuncu avtomobilə əyləşərkən onun əlində qara rəngli çanta da olmuşdur. Daha sonra o, Vüqarı Binəqədi rayonu ərazisində düşürmüşdür. Vüqar ona həmin günü gecə saat 05 radələrində zəng edərək bir daha çağırsa da, ona pul vermədiyi üçün onunla görüşməkdən imtina etmişdir. Səhəri günü onu 19-cu polis şöbəsinə dəvət edilərək “Nissan X-Trail” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq olduğu barədə sorğu-sual olunduqda, ona Təqsirləndirilən şəxs törətdiyi əməl məlum olmuşdur. Şöbədə onu “Təhlükəsiz Şəhər” kameralarına baxıb müəyyən etdiklərini, hətta müşahidə kameralarından onun hadisə yerinə sonradan gəldiyini və ümumiyyətlə hadisədən xəbəri olmadan Təqsirləndirilən şəxs oradan götürüb çıxıb getdiyinin məlum olduğunu bildirmişlər. Onun Təqsirləndirilən şəxs törətdiyi oğurluqdan xəbəri olmamış, Vüqarın yanına onu zəng vurub çağırdıqdan sonra gəlmiş və onun avtomobilində burğac olmamışdır. Vüqarın onun barəsində dedikləri yalandır (İ cild, i.v.83-86). İş materiallarında olan:  “Videogörüntülərə baxış keçirilməsi haqqında” 12.05.2021-ci il tarixli protokola əsasən diskdə olan fayllardan müəyyən olunur ki, bir nəfər şəxs Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi, Cavadxan küçəsi, “Euromed” klinikasının qarşısında hərəkət edir və “Nissan X-Trail” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşır. Həmin şəxs avtomobilin kənarında müşahidə aparır, 23.04.2021-ci il tarixdə, saat 23:02-dən avtomobilin ətrafında gəzişir və avtomobilin salonunu müşahidə edir. Bir qədər müşahidə etdikdən sonra saat 23:04-də avtomobilin arxa şüşəsini sındırır və avtomobilin arxa salonunda olan əşyalara baxır. Həmin əraziyə kənar şəxslərin gəldiyini gördükdən sonra avtomobildən kənara çəkilib gözləyir. Daha sonra avtomobilin ətrafında müşahidə aparıb saat 23:32-də avtomobilin arxa oturacağının üzərinə qoyulmuş qara rəngli çantanı götürüb oradan uzaqlaşır. Baxış zamanı Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin özü olduğunu bildirir (İ cild, i.v.49);  Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsindən olan çıxarışa əsasən 23.04.2021-ci il tarixdə 01 ABŞ dollarının məzənnəsi 1,70 manat təşkil edir (İ cild, i.v.57-58);  “Telefon danışıqlarının anten dairəsi və giriş-çıxış zənglərinə baxış keçirilməsi haqqında” 14.08.2021-ci il tarixli protokola görə 23 aprel 2021-ci il tarixdə saat 21:00-dan saat 23:32-dək olan müddət ərzində Şahid1 istifadəsində olan 055 205-16-49, 055 ***-**-** saylı nömrələrlə Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı nömrə arasında anten dairəsində eynilik müşahidə edilməmişdir. Anten dairəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan mobil telefonuna 23 aprel 2021-ci il tarixdə, saat 23:21-də zəng edildiyi müəyyən edilmişdir (İ cild, i.v.129-130, disk);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 05.07.2021-ci il tarixli, 9/3928 saylı rəyinə görə ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 472,0 manat müəyyən edilir (“Samsung S8” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla 280,0 manat, bir ədəd “iPhone6” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla 120 manat, 1 terabayt yaddaş tutumlu sərt diski 60 manat, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı GSM mobil nömrələr 12,0 manat (03 ədəd x 4,0 manat). Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.138-139);  “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” 13.09.2021ci il tarixli qərarla oğurluq hadisəsini özündə əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi üçün qeyd olunan xüsusat üzrə material ayrılaraq Nəsimi Rayon Prokurorluğuna göndərilmişdir (İ cild, i.v.146-156);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.05.2021-ci il tarixli, 4(006)- 194/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12.05.2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.76-79);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.06.2021-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş, 27.11.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır (İ cild, i.v.88-91, 93-100). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən 23 aprel 2021-ci il tarixdə, saat 23:32-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində saxlanılmış “Nissan X- Trail” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən Zərərçəkmiş şəxs məxsus, hər biri 80 manat olmaqla, iki ədəd 160 manat dəyərində qara rəngli çantanın və onların içərisində olan, üzərində 4 manatlıq ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan 280 manat dəyərində “Samsung S8” markalı və 120 manat dəyərində “iPhone 6” markalı mobil telefonlar, 60 manat dəyərində 1 Tb yaddaş tutumlu sərt disk, hər biri 20 manat olmaqla üç ədəd 60 manat dəyərində pul kisəsi, pul kisələrinin içərisindəki 5.100 manat və milli məzənnə ilə 620,50 manat təşkil edən 365 ABŞ dolları məbləğində pul, üzərində hər biri 4 manat olmaqla 8 manatlıq ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələr ilə istifadə olunan 30 manat dəyərində bir ədəd “Nokia” markalı mobil telefon, hər biri 10 manat olmaqla 60 manat dəyərində iki ədəd "xxxx" ASC-yə, üç ədəd "xxxx" KB ASC-yə və bir ədəd "xxxx" ASC-yə aid olan debit kartları gizli olaraq talanıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən maddi ziyan vurmaqla oğurluq törədilmişdir. Eyni zamanda ittiham aktında müstəntiq tərəfindən riyazi hesablamada səhvə yol verilərək vurulmuş zərərin məbləği ümumilikdə 6.502,50 manat olduğu halda, bu məbləğ bir qədər az - 6.422,50 manat göstərilmişdir. Lakin məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbləri baxımından ittihamın həcminin artırmağa səlahiyyətli olmadığından, dövlət ittihamçısı və zərər çəkmiş şəxs tərəfindən isə həmin Məcəllənin 318.2-ci maddəsinə uyğun hərəkətlər edilmədiyindən, məhkəmə vurulmuş zərəri ittiham aktında göstərilən kimi qəbul edir. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməli X2 ilə birlikdə törətməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusata dair qeyd edir ki, bu məsələyə ibtidai istintaq orqanı tərəfindən qiymət verilmiş, məhkəmə baxışı zamanı isə bununla bağlı hər-hansı yeni hal aşkar olunmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli hökmü ilə qəsdən törətdiyi az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayət əməlini törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da islah olunmayaraq cinayətkar fəaliyyətin davam etdirməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan – 12 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar