Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-31/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,812 qram çəkidə psixotrop maddə metamfetamini və 2,01 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, 20 aprel 2024-cü il tarixdə saat 19:15-də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 129 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən 22-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,812 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,67 qram, 0,60 qram və 0,74 qram olmaqla ümumi təmiz çəkisi 2,01 qram təşkil edən həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən əvvəllər istifadə etsə də, tutulduqdan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Hadisə vaxtından əvvəl tanımadığı şəxsdən bir bükümdə metamfetamin və 04 büküm narkotik vasitə olan marixuana almışdır. Metamfetamini istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Lakin aldığı 04 büküm marixuananın bir bükümünü istifadə etsə də, qalan üç bükümünü üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:15 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib onu 22-ci Polis Şöbəsinə dəvət etmişlər. O, üzərindəki narkotik vasitələrin aşkar olunacağından qorxduğu üçün üzərində gəzdirdiyi ülgüclə qollarına müxtəlif nahiyələrdən xəsarət yetirməyə başlamışdır. Onun özünə xəsarət yetirməkdə məqsədi xəsarətə görə polis əməkdaşlarının onu şöbəyə dəvət etmək fikrindən daşınması olmuşdur. Lakin polis əməkdaşları onun əlindən ülgücü alaraq 22-ci Polis Şöbəsinə aparmışlar. Yolda ondan özünə xəsarət yetirməyinin səbəbinin nə olduğunu soruşduqda o, üzərində narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə getdikdən sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmiş və şəxsi axtarış zamanı könüllü olaraq üzərində metamfetamin və marixuana olduğunu səmimi etiraf etmişdir. Daha sonra masaya yaxınlaşaraq əynində olan şalvarının sağ yan cibindəki bükümləri, sol yan cibindəki alışqanı və anasına məxsus mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ondan qolundakı xəsarət izlərinin səbəbi soruşulduqda polis əməkdaşları tərəfindən saxlanılarkən qorxduğu üçün ülgüclə qollarına xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 03 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd içərisində psixotrop maddə metamfetamin olan bükülülərə baxış keçirilərək zərfə qoyulmuş, üzəri möhürlənmişdir. İfadəsinin sonunda satış məqsədi olmadan üzərində narkotik vasitə daşıdığını bildirməklə məhkəmədən barəsində qanuni və ədalətli qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 19:15 raddələrində Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Məmməd oğlu ilə birlikdə Nəsimi rayonu, Nizami küçəsi 129 ünvanında xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özünü təqdim etməyini xahiş etdikdə həmin şəxs cibindən ülgücü çıxararaq hər iki bilək və qol nahiyəsinə xəsarət yetirməyə başlamış və onu tutacaqları təqdirdə özünə yenidən xəsarət yetirəcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs dərhal saxlayaraq əlindəki ülgücü alıb polis şöbəsinə aparan zaman özünə xəsarət yetirməyinin səbəbini soruşduqda həmin şəxs üzərində narkotik vasitə olduğunu və tutulmaqdan qorxduğu üçün və məsuliyyətdən yayınmaq məqsədi ilə özünə xəsarət yetirdiyini bildirmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncu əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülü, həmin şalvarın sol yan cibindən isə bir ədəd alışqan və bir ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğu soruşulduqda marixuana və metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qollarında nəzərə çarpan xəsarət izlərinin necə yaranması barədə soruşulduqda polis əməkdaşları yaxınlaşarkən qorxduğu üçün özü tərəfindən kəsici alətlə özünə xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirildikdə içərisində 04 ədəd büküm aşkar edilmişdir. Daha sonra həmin bükümlər qablaşdırılaraq üzəri möhürlənmiş və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Məmməd oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 19:15 radələrində Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Nəsimi rayonu, Nizami küçəsi 129 ünvanında xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşaraq özünü təqdim etməyini xahiş etdikdə sonuncu cibindən ülgücü çıxararaq hər iki bilək və qol nahiyəsinə xəsarət yetirmiş və tutulacağı halda isə yenidən xəsarət yetirəcəyini bildirmişdir. Onlar dərhal Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə aparan zaman özünə xəsarət yetirməyinin səbəbini soruşduqda sonuncu üzərində narkotik vasitə olduğunu və məhsuliyyətdən yayınmaq məqsədi ilə özünə xəsarət yetirdiyini bildirmişdir. Polis şöbəsinə aparıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncu əynində olan şalvarın sağ yan cibindən narkotik vasitələri və psixotrop maddəni, sol yan cibindən alışqan və “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 3 ədəd kağız bükümdə narkotik vasitə marixuanaya bənzər vasitə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 21 aprel 2024-cü il tarixli qərar ilə fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır (i.v. 1); - Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərtib etdiyi 20 aprel 2024-cü-cü il tarixli raportda Təqsirləndirilən şəxs Nəsimi rayonu, Nizami küçəsi 129 ünvanında bir nəfər şəxs özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşıb özünü təqdim etməyini xahiş etdikdə həmin şəxs ülgücü çıxararaq hər iki bilək və qol nahiyəsinə xəsarət yetirmiş, onu tutacağı halda yenidən xəsarət yetirəcəyini bildirmiş, polis əməkdaşları isə dərhal Təqsirləndirilən şəxs saxlamışlar, polis şöbəsinə aparan zaman həmin şəxsdən özünə xəsarət yetirməyinin səbəbini soruşduqda isə sonuncu üzərində narkotik vasitə olduğunu, tutulmaqdan qorxduğu üçün və məsuliyyətdən yayınmaq məqsədilə özünə xəsarət yetirdiyini bildirmişdir. Həmin şəxsin barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir (i.v. 3); - “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19-20); - “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 89-90); - “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 91-92); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” və ona əlavə edilmiş diskdəki olan videogörüntüdə, habelə “Şübhəli şəxsin dindirmə” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs üzərində aşkar olunan bükümlərdə olan metamfetamini və marixuananı şəxsi istifadəsi üçün əldə edib gəzdirdiyi, onları heç kimə satmaq fikrində olmadığını bildirir (i.v.39-42, 61-62, 166-168); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 21 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/612 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şubhəli şəxs.....” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd siqaret sellofanında 3 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,67 qram; 0,60 qram; 0,74 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, həmin marixuanaların ümumi çəkisi-2,01 qramdır. Həmin aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir (i.v. 50-52); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 21 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2171 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi və “...Saxlanılan şəxs-imza, dörd-imza, Tərtib etdi-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-0,812 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir (i.v. 55-57); - “Mobil telefona baxış keçirilməsi haqqında” 15 may 2024-cü il tarixli protokoldan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus cinayət işi üzrə sübut əhəmiyyətli ola biləcək bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək foto, video və audio yazı, habelə iş üçün əhəmiyyət kəsb edəcək digər hər hansı məlumat müəyyən edilməmiş və həmin telefon Təqsirləndirilən şəxs qaytarılmışdır (i.v. 114, 115); - Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nəsimi Məhərrəmov tərəfindən tərtib edilmiş 01 iyul 2024-cü il tarixli “cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayt işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (i.v. 155-156); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 4321 saylı rəyinə görə Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 152-153); - “Baxış keçirilməsi haqqında” 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin tərəfindən verilmiş 01 ədəd diskdəki məlumatlara baxış keçirilmiş və baxış zamanı diskdəki fayllarda 20 fevral 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan SMS-lərin məzmunu, onların tarixi və hansı operator nömrəsindən göndərilməsi, daxil olan və çıxan zənglər, zəng etmiş və zəng edilmiş telefon nömrələri, danışıq müddəti, habelə anten barədə məlumatlar, habelə daxil olan və çıxan zənglərin məxsus olduğu şəxslərin məlumatları əks olunmuşdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məllumat nəzərə çarpmadığı üçün zənglərin və sms-lərin siyahısı çap edilməmişdir. (i.v. 151); - “maddi sübut kimi tanıma haqqında” 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan üç bükümdə 1,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və qalıq qalan 01 ədəd bükümdə 0,762 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (i.v.144-145); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.122); - “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 iyun 2024-cü il tarixli və “cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərarlardan və “axtarışda olan şəxsin yaxalanması barədə” 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 10 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş və sonuncu 20 iyun 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq təqdim edildiyindən iş üzrə icraat təzələnmişdir. (i.v. 126-127, 131, 132). - “sübutların qiymətləndirilməsi haqqında” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (i.v. 176-182); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası), həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,67 qram, 0,60 qram, 0,74 qram olmaqla ümumi təmiz çəkisi 2,01 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,95 qram olan qurudulmuş marixuananı və təmiz çəkisi 0,812 qram olan və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,762 qram olan psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onların bükümlərə qablaşdırılması səbəb olmuşdur. Lakin, “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Göründüyü kimi, Plenum qərarında narkotik vasitələri və ya psixotrop maddələri nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Yəni, aşkar edilmiş belə əşyaların bir neçə bükümdə olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 2,01 qram qram narkotik vasitə qurudulmuş marixuana 03 ədəd bükümdə və 0,812 qram qram psixotrop maddə metamfetamin 01 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, hazırlanması, çəkilməsi üçün avadanlığın (tərəzi və s.) olması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, heç vaxt satış məqsədi ilə narkotik vasitə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd bükümdə qurudulmuş marixuana və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olsa da, o, həmin vəziyyətdə (bükümlərə bölünmüş halda) narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından (Şahid2 Məmməd oğlu və Şahid1) heç biri məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi barədə polis əməkdaşlarının xidməti raportunda da onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatın olması göstərilməmişdir. Həmçinin, ibtidai istintaq zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşımasını təsdiq edəcək fotoşəkil, sms mətni, səs yazısı və ya digər məlumat müəyyən edilməmişdir. Həmçinin, ibtidai istintaq zamanı müstəntiq tərəfindən telefonla aparılan danışıqların və digər məlumatların ələ keçirilməsinə dair vəsatəti əsasında məhkəmə qərarının icrası ilə əlaqədar "xxxx" tərəfindən verilmiş bir ədəd diskdəki məlumatlarda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşımasını təsdiq edəcək sübut aşkar edilməmişdir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat 21 aprel 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlamış və əməlin tövsif edildiyi 01 iyul 2024-cü il tarixədək aparılmış ibtidai istintaq dövründə keçirilmiş istintaq hərəkətləri ilə sonuncunun barəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıması ittihamı irəli sürülməsinə zəmin yaradacaq hər hansı fakt və sübut aşkar olunmadan yalnız müstəntiqin subyektiv xarakterli mülahizələri əsasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai istintaq orqanının qənaəti onda aşkar edilmiş narkotik vasitənin 03 bükümdə və psixotrop maddənin 01 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal subyektiv xarakterli mülahizədir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 4321 saylı rəyində Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması qeyd edilir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 5 qram təşkil edir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 0,812 qram çəkidə psixotrop maddə metamfetamini və 2,01 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi xeyli miqdardan artıq olsa da, narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi xeyli miqdardan aşağıdır. Göstərilən sonuncu hal onun əməlində cinayət tərkibi yaratmadığından Təqsirləndirilən şəxs verilmiş ittihamdan “2,01 qram çəkidə qurudulmuş marixuana”ilə bağlı müddəalar xaric edilməlidir. Bununla belə, Təqsirləndirilən şəxs qanunsuz olaraq təmiz çəkisi 0,812 qram olan psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşıması öz təsdiqini tapır. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlamaqla daşıma kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma (cinayət törədilən zaman qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq) kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 28 yanvar 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,67 qram, 0,60 qram, 0,74 qram olmaqla ümumi təmiz çəkisi 2,01 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,95 qram olan qurudulmuş marixuana və təmiz çəkisi 0,812 qram olan və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,762 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 42 saat üçün nəzərdə tutulan 252 (iki yüz əlli iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan “2,01 qram çəkidə qurudulmuş marixuana”ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 164 (yüz altmış dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,67 qram, 0,60 qram, 0,74 qram olmaqla ümumi təmiz çəkisi 2,01 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,95 qram olan qurudulmuş marixuana və təmiz çəkisi 0,812 qram olan və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,762 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 42 saat üçün nəzərdə tutulan 252 (iki yüz əlli iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-31/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-31/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver