Məhkəmə qərarları › İş №1(006)-310/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-310/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-310/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, taksi sürücüsü işləyən, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, ev 21, mənzil 96-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24.12.2020-ci il tarixdə, saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “AzSamand” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən Asif Məhərrəmov küçəsi istiqamətində təxminən 10-20 km/saat sürətlə hərəkətdə olarkən həmin küçənin 1-11 saylı ünvanının qarşısında olan piyada keçidinə çatdıqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin (sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir) tələblərinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, buna riayət etməyib həmin vaxtı piyada keçidində sağdan sola doğru keçməkdə olan Zərərçəkmiş şəxs avtomobilinin qabaq sağ qanadı və ön sağ qapısı ilə vuraraq ehtiyatsızlıqdan ona sol qamış sümüyünün bayır kondilusunun qopma xarakterli qapalı sınığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 24.12.2020-ci il tarixdə, saat 18:40 radələrində etibarnamə ilə idarə etdiyi “AzSamand” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 10-20 km/saat sürətlə Bakı səhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə üzü “Şamaxinka” istiqamətindən hərəkət edib dairəyə daxil olmayaraq geri dönərkən bir nəfər şəxsin dəmir məhəccərin üzərindən tullanaraq mobil telefonla danışa-danışa avtomobil yolunun keçdiyini görmüş, o da onun yanından maşınla keçdikdən sonra sağ yan güzgüdən baxanda bu şəxsin yerdə uzandığını görüb dərhal avtomobili saxlamışdır. Sonra maşından düşüb köməklik göstərmək üçün adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaxınlaşanda, sonuncu ağrılarının olduğunu deyərək guya onun vurduğunu söyləmişdir. O da onu vurmasa da, onun qolundan tutub öz avtomobilinə əyləşdirərək onu xəstəxanaya aparmağı təklif etmiş, lakin Zərərçəkmiş şəxs demişdir ki, guya xətəxanaya getsə bu barədə polisə məlumat veriləcək və o zaman ona problem olacaq, buna görə də evə aparılmasını istəyir. O isə Heydərə onun heç bir təqsirinin olmadığını və bu səbəbdən ya xəstəxanaya getməyi, ya da dərhal polisin çağırılmasını təklif etmişdir. Heydər də onu evə aparılmasını söyləmişdir. Onu evə apararkən Heydərin səhhətində heç bir problem olmamış, onunla rahat söhbət etmişdir. Lakin evə çatanda Heydər guya ağrısı varmış kimi qışqırmağa başlamış, o da onu evinə ötürüb əlaqə nömrəsini verərək ona zəng etməsini xahiş etmişdir. Həmin günü, gecə saatlarında Heydər ona zəng edib artıq ayağının şişdiyini deyib sabah onu həkimə aparmağı istəmişdir. 25.12.2020-ci il tarixdə o, tanışı Xəqani ilə birlikdə Xırdalan şəhərində Heydərin evinə getmiş, oraya çatdıqda sonuncunun ayağını sarğıya saldırıb sanki vəziyyəti ağırlaşmış kimi uzandığını görmüşdür. Daha sonra Heydəri onun qardaşı Zülfüqar və əmisi Mehdi ilə məsləhətləşib Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Real” klinikasına aparmışlar. Klinikada Heydər baş nahiyəsindən tomoqrafiya və ayağından rentgen müayinəsindən keçmiş, o da Xəqani ilə birlikdə xərcləri ödəmişdir. Həkim yoxlanışından sonra guya Heydərin sol ayağının diz nahiyyəsində sınıq olduğu aşkar edilmişdir. Halbuki o, rentgen müayinəsində Heydərin ağrısız ayaqüstə dayandığını görmüşdür. Mehdi və Zülfüqar Heydərin əməliyyatı üçün pul lazım olduğunu dedikdə, o, müalicə xərclərini ödədiyini bildirmişdir. Heydərin artıq ondan istifadə etməyə başladığını anlayıb əsəbləşmiş, hadisənin polisdə araşdırılmasını tələb edəcəiyini söyləyərək oradan çıxıb getmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 24.12.2020-ci il tarixdə, saat 18:40 radələrində yağışlı vaxtda işdən çıxıb evə gedərkən A.Məhərrəmov küçəsində 3-cü mikrorayon dairəsi yaxınlığında aralarındakı məsafə 6 metr olmaqla yeni piyada keçidi zolağının 1,5 metr məsafəsindən 7 metr enində olan yolun 3 metrini keçmişdir. Bu vaxt gümüşü rəngli, “AzSamand” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonunda 3-cü mikrorayon dairəsindən “Şamaxinka” istiqamətindən 20 km/saat sürətlə hərəkət edib onun üzərinə gəlmişdir. O, bu avtomobilin gəldiyini görüb ani olaraq toqquşmadan yayınmaga çalışsa da, kənara çəkilməyə macal tapmamış, avtomobil qabaq sağ qanadı və qapısı ilə onun sol ayağına toxunmuşdur. Zərbənin təsirindən o, arxası üzərində yerə yıxılmışdır. Avtomobilin sürücüsü, adını sonradan Təqsirləndirilən şəxs olduğu bildiyi şəxs maşını 5-6 metr irəlidə saxlayıb ona yaxınlaşmış, yanındakı olan Qalib adlı şəxslə birlikdə onu yerdən qaldırıb avtomobilinin arxa oturacağına əyləşdirmişlər. Elxan onu xəstəxanaya aparmaq istəsə də, həmin vaxtı aldığı xəsarətin ciddi olmadığını düşünüb, həm də Elxana problem yaranmasın deyə onu evinə aparmağı xahiş etmişdir. Evə gəldikdə həmin günü axşam saat 23 radələrində sol ayağında tədricən ağrıları artmağa başlamış, o da Elxana zəng vurub bu barədə demiş, sonuncu isə səhər tezdən gəlib onu xəstəxanaya aparacağını söyləmişdir. 25.12.2020-ci il tarixdə, səhər saatlarında Elxan tanışı Xəqani adlı şəxslər onun yaşadığı Xırdalan şəhərindəki evinə gəlmiş, qardaşı Zülfüqar və əmisi Mehdi ilə bərabər onu Yasamal rayonunda yerləşən “Real” klinikasına aparmışlar. Klinikada o, baş nahiyəsindən tomoqrafiya, ayağından isə rentgen müayinəsindən keçmiş, Elxan da bunun pulunu ödəmiş, hətta əmisi Mehdi də ödənişə görə köməklik etmişdir. Rentgen müayinəsindən sonra sol ayağının diz nahiyyəsində sınıq olduğu aşkar edilmişdir. Elxan da bunu eşidib anidən onun üzərinə hücum etmiş və “bundan sonra sizi tanımıram, əməliyyata verməyə pulum yoxdur, narazısınızsa gedin şikayət edin” deyərək oradan çıxıb getmişdir. Aldığı xəsarət nəticəsində o uzun müddət işsiz qalmış, hətta yaşadığı evin kirayə pulunu ödəməmiş, borcları əmələ gəlmişdir. Təqsirləndirilən şəxs isə ona müalicəsində heç bir köməklik etməmiş, onunla maraqlanmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 24.12.2020-ci il tarixdə, saat 20 radələrində pensiyasını çıxarmaq üçün Elxandan onu "xxxx" ASC-in bankomatı olan yerə aparmağını xahiş etmiş və sonuncuya məxsus avtomobillə “Şamaxinka” istiqamətində hərəkətdə olarkən Elxan qəfildən maşını dayandırmışdır. Elxandan nə səbəbə görə bunu etdikdə, sonuncu bir nəfərin yerə yıxıldığını söyləmişdir. O, Elxanla birlikdə maşından düşüb yerdə uzanmış, adını sonradan bildiyi Zərərçəkmiş şəxs qaldırıb avtomobilin arxa oturacağına əyləşdirib onu yaşadığı ünvana aparmışlar. Hadisə zamanı hava qaranlıq və yağışlı olduğundan hadisənin necə baş verdiyini və Heydərin hansı şəraitdə xəsarət aldığını görməmişdir. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, 25.12.2020-ci il tarixdə Elxan ona zəng edib başına hadisə gəldiyini və onunla görüşmək istədiyini söyləmişdir. Elxan ona “Şamaxinika” istiqamətində hərəkətdə olarkən Heydər adlı şəxsin özünü onun avtomobilinin üzərinə atıb yerə yıxıldığını, daha sonra köməklik edib bu şəxsi evinə apardığını bildirmişdir. Hazırda isə Heydərin ona zəng vurub onu həkimə aparmağını istədiyindən, ondan onunla birlikdə getməyi xahiş etmişdir. O da Elxanla birlikdə Heydərin yaşadığı evə gəlmiş, orada onun əmisi Mehdi Heydərin rentgenə aparmaq lazım olduğunu demişdir. Elxan da buna etiraz etməyib Heydər üçün nə köməklik lazımdırsa edəcəyini bildirmişdir. O və Elxan Heydəri onun qardaşı Zülfüqar və əmisi Mehdi ilə bərabər Yasamal rayonunda yerləşən “Real” klinikasına aparmışlar. Klinikada Heydərin baş nahiyyəsinin tomoqrafiyası üçün Elxanla bərabər xərci ödəmiş, sol ayağının rentgeni üçün isə əlavə pul lazım olduğundan onun evinə gəlib 20 manat pul götürmüşlər. Klinikaya qayıtdıqda Mehdi pulun üzərinə 4 manat da qoyub ödəniş etmişdir. Rentgen müayinəsinin nəticəsində Heydərin sol ayağının diz nahiyyəsində sınıq olduğu məlum olmuşdur. Elxan Heydərin rentgendə ayaqüstə dayandığını gördüyündən əsəbləşib özündən çıxmışdır. O, Elxanı sakitləşdirməyə çalışsa da, sonuncu Mehdi və Heydərə “daha sizi tanımıram, narazısınızsa gedin şikayət edin” deyərək klinikadan getmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 24.12.2020-ci il tarixdə qaxşam vaxtı Heydər zəng edib ona bildirmişdir ki, saat 19 radələrində onu 3-cü mikrorayon dairəsi yaxınlığında yolu keçərkən maşın vurub. O da dərhal Heydərin yaşadığı evə gəlib onun sol ayağı şiş vəziyyətdə uzandığını görmüşdür. 25.12.2020-ci il tarixdə, səhər saatlarında Heydəri vuran sürücü Elxan yanında Xəqani adlı şəxslə onun yanına gəlmişdir. O, əmisi Mehdi, Elxan və Xəqani ilə bərabər Heydəri Yasamal rayonunda yerləşən “Real” klinikasına aparmışlar. Klinikada Elxan və Xəqani birlikdə Heydərin baş nahiyyəsinin tomoqrafiyası ilə bağlı xərcləri qarşılamış, daha sonra onun sol ayağını rentgenə salmaq üçün əlavə pul tapıb gətirmişdir. O da bu pulun üzərinə 4 manat qoyub ödəniş etmişdir. Rentgen müayinəsindən sonra Heydərin sol ayağının diz nahiyyəsində sınıq olduğu müəyyən edilmişdir. Elxan xərclərin artdığını görüb anidən Heydərin üzərinə hücum edib əlavə heç bir ödəniş etməyəcəyini, ondan şikayət etməsini deyib klinikadan çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan:  “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 26.12.2020-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə ünvan 1 ünvanda baş vermişdir. Baxış aydın hava şəraitində aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 7 metr, hərəkət zolağının sayı 04-dür. İşlək hissəyə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün körpü, hər istiqamət 2 hərəkət zolağına qırıq-qırıq xətlərlə bölünür. Həmin sahədə hərəkətin nizamlanma üsulu nizamlanmır, 1.4, 1.5 və 1.14.1 yol nişanları mövcuddur (İ cild, i.v. 04-11);  “Video diskə baxış keçirilməsi barədə” 29.03.2021-ci il tarixli protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən TŞ 3-065, TŞ 3-073, TŞ 3-093 saylı kameralarda olan görüntüləri əks etdirən disklərə baxış keçirilmişdir. TŞ 3-065 saylı diskdəki görüntüyə görə 24.12.2020-ci il tarixdə taksi nişanı quraşdırılmış “AzSamand” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Şamaxinka” istiqamətindən 3-cü mikrorayon dairəsinə çatmamış körpünün alt hissəsindən sola dönərək geriyə qayıtmaq məqsədi ilə saat 18:57:17-də dönmə əməliyyatını həyata keçirərkən qəflətən avtomobil dayanır. Bir neçə saniyə sonra həmin maşın 5-6 metr irəliyə hərəkət edib yenidən dayanır və “qəza dayanma işıqları” işə salınır. 18:58:50-də avtomobil artıq nizamlanmayan yol ayrıcında yoxdur. TŞ 3-073 saylı diskdəki görüntüyə əsasən kamera Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Neptun” supermarketin qarşısını, “Şamaxinka” istiqamətindən düşən avtomobil yolunu çəkir. 24.12.2020-ci il tarixdə, saat 18:57:00-da taksi nişanı quraşdırılmış “AzSamand” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şamaxinka istiqamətindən 3-cü mikrorayon dairəsinə düşməsi görünür. Həmin diskdəki digər görüntüdə 24.12.2020-ci il tarixdə, saat 18:58:53-də “AzSamand” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Nəsimi rayonunda “Şamaxinka” istiqamətindən 3-cü mikrorayon dairəsinə doğru hərəkət etdiyi görünür. TŞ 3-093 saylı diskdəki görüntüyə əsasən 24.12.2020-ci il tarixdə “AzSamand” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Şamaxinka” istiqamətindən 3-cü mikrorayon dairəsinə çatmamış körpünün alt hissəsindən sola dönüb geriyə qayıtmaq məqsədilə 24.12.2020-ci il tarixdə, saat 18:57:17-də dönmə əməliyyatını həyata keçirərkən qəflətən atomobilin dayandığı görünür. Bir neçə saniyə sonra isə həmin maşın 5-6 metr irəliyə hərəkət edərək yenidən dayanır və “qəza dayanma işıqları” işə salınır (İ cild, i.v.94-96, disklər);  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin 08.01.2020-ci il tarixli, 1024 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – sol qamış sümüyünün bayır kondilusunun qopma xarakterli qapalı sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 24.12.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ blərdi (İ cild, i.v.32- 33);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 02.02.2021-ci il tarixli, 8/136 saylı rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “AzSamand” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (İ cild, i.v.45-47);  06.08.2019-cu il tarixli, AC seriyalı, 093143 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir (İ cild, i.v.24-25);  AD 447351 saylı, 04.04.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “AzSamand” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5r. Həmin avtomobili idarə etmək səlahiyyəti etibarnamə əsasında 07.10.2021-ci ilədək Təqsirləndirilən şəxs verilmişdir (İ cild, i.v.24-25, 27);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 20 fevral 2021ci il tarixli, 016-21200-1221 nömrəli məktubunda göstərilmişdir ki, İdarənin Qeydiyyat-imtahan İdarəsinin kompyüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 06.08.2019-cu il tarixli, AC seriyalı, 093143 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (İ cild, i.v.69);  30.03.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.126-127);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.02.2021-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v.131-132);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 15.05.2004-cü il və 15.03.2006-cı il təvəllüdlü iki övladı var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263- 1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir (17-ci bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin tələbinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməldə özünü təqsirli bilməyib Zərərçəkmiş şəxs avtomobili ilə vurmadığını, soununcunun özünü irəli atdığını söyləsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan təkzibedilməz dəlillərlə təqsirləndirilən şəxsin dedikləri inkar olunur. Məhkəmə bu halı Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdlər kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonra bilavasitə sonra zərər çəkmiş şəxsə yardımın göstərilməsini Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının və cəzasının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 100 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, ev 21, mənzil 96-nı hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar