Məhkəmə qərarları › İş №1(006)-310/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-310/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-310/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İİ Qarabağ Müharibəsi iştirakçısı, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 mart 2022-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Dərə” mağazasının giriş qapısının şüşəsini təpiklə vurub sındırmaqla mağazaya qanunsuz olaraq daxil olub oradakı şkafın rəfində olan plastik qabın içərisindəki 1.450 manat məbləğində nəğd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1.450 (min dörd yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci ıl tarixdə təxminən saat 19 radələrində yaşadığı evin yaxınlığında olarkən oğurluq etmək qərarına gəlmişdir. Təxminən saat 19:30 radələrində yaşadığı evin yaxınlığında yerləşən Eşqinə məxsus «Dərə» mağazasından oğurluq etmək üçün ilk əvvəl marketin qarşısına gəlmiş, daha sonra marketə yaxınlaşmış, mağazanın giriş qapısının bağlı vəziyyətdə olduğunu və mağazada heç kimin olmadığını görmüşdür. Bundan sonra ətrafda olan mağazaların kamerasına oğurluq etməsi düşməməsi üçün o, mağazanın qarşısından uzaqlaşmışdır. Bundan sonra kamera görüntüsü olmayacaq yerlə, mağazanın qarşı tərəfində olan anbarın arxasından keçərək mağazanın qarşısında olmuş, daha sonra ətrafda heç kimin olmadığın gördükdən sonra təpiklə mağazanın giriş qapısının şüşəsini sındırmış və mağazaya daxil olmuşdur. O, mağazaya daxil olduqdan sonra orada olan şkafa yaxınlaşmış, şkafın sürməsini açaraq sürmədə olan plastik qabın içərisindəki pulları götürüb cəld şəkildə küçəyə çıxaraq oradan uzaqlaşmış, həmin vaxt şkafın sürməsində dağınıq halda başqa pullar da olmuş, lakin o vaxt itirməmək üçün plastik qabın içərisindəki pulları götürmüş, dağınıq halda olan həmin pulları götürmədən cəld şəkildə mağazadan küçəyə çıxmışdır. O. mağazadan uzaqlaşdıqdan sonra küçədə oğurladığı pulları sayarkən 1450 (min dörd yüz əlli) manat olmasını müəyyən etmiş, bundan sonra yaşadığı evə getmiş, oğurladığı pulları gizlətmək məqsədi ilə evin qonaq otağında olan «DVD» aparatının içərisinə qoymuşdur. Həmin günün sabahı günorta radələrində evdə olarkən dayısı Radik gəlmiş, dayısı Radik polis əməkdaşlarının onu axtardıqlarını dedikdə o başa düşmüşdür ki, «Dərə» mağazadan oğurluq etməsi barədə polis əməkdaşlarının məlumatı vardır. Bununla əlaqədar eldiyi oğurluq barədə dayısı Radikə danışmış. Radik də onun polis bölməsinə gedib etdiyi əməli etiraf etməsini deyərək oğurladığı pulları nə etdiyini soruşmuş, o da 1450 manat məbləğində pulu evdə olan «DVD» aparatının içərisinə qoyduğunu bildirmiş, dayısı Radik də pulu götürüb mağazanın sahibi Eşqinə geri qaytaracağını bildirmişdir. Bundan sonra o, 21-ci PB-nə gedərək eldiyi oğurluğu səmimi olaraq etiraf elmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 20 ildir ki. ünvan 3 ünvanında yerləşən təsərrüfat mallarının satışı ilə məşğul olan «Dərə» adlı mağazanı işlədir. Gündəlik olduğu kimi, 27 mart 2022-ci il tarixdə təxminən saat 08 radələrində mağazanı açmış, təxminən saat 17 radələrində mağazada olarkən qardaşı Şahid1 gəlmiş, o da istirahət etmək məqsədi ilə yaşadığı evə getmiş, qardaşı Elmin isə mağazanı işlətməyə davam etmişdir. Təxminən saat 20 radələrində qardaşı Elmin onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, mağazada oğurluq hadisəsinin baş verdiyini bildirmiş, o da mağazada olmasını ora gələcəyini demişdir. Bundan sonra mağazaya getmiş, mağazanın plastik materialdan olan giriş qapısının şüşəsinin sındırıldığını görmüş, dərhal mağazada olan şkafın sürməsinə baxmış, orada plastik qabın içərisindəki 1450 manat məbləğində pulun yerində olmadığını oğurlandığını aşkar etmişdir. Bundan əlavə şkafın həmin sürməsində əlavə olaraq dağınıq halda nəğd şəkildə pulların olmasına baxmayaraq həmin pullar oğurlanmamışdır, sadəcə plastik qabın içərisindəki 1450 manat məbləğinlə nəğd pul oğurlanmışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barəsində məlumat vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Təqsirləndirilən şəxs qonşuluqda yaşayır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təxminən 20 ildir ki, qardaşı ünvan 3 ünvanında yerləşən təsərrüfat mallarının satışı ilə məşğul olan «Dərə» mağazasını işlədir, o demək olar ki, gündəlik olaraq mağazaya gedib qardaşı Eşqinə köməklik edir. Belə ki, o mağazaya getdikdən sonra, Eşqin istirahət etmək üçün yaşadığı evə gedir. 27 mart 2022ci il tarixdə təxminən saat 17 radələrində o, mağazaya getmiş, qardaşı Eşqin isə istirahət etmək üçün yaşadığı evə çıxıb getmişdir. Təxminən saat 19 radələrində mağazanın giriş qapısının klidini bağlayaraq yaxınlıqda olan ərzaq mallarının satışı ilə məşğul olan mağazaya getmişdir. Təxminən saat 20 radələrində qardaşı Eşqinə məxsus mağazaya qayıdarkən mağazanın giriş qapısının şüşəsinin sındırıldığını görmüşdür. Bundan sonra mağazada oğurluq olduğunu başa düşmüş, ona görə Eşqin ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq mağazadan oğurluq olması barədə məlumat vermiş. Eşqin isə mağazada olmasını, özünün də mağazaya gələcəyini demişdir. Təxminən 10 dəqiqədən sonra Eşqin gəlmiş və onlar birlikdə mağazaya daxil olmuşlar, Eşqin mağazada olan şkafa yaxınlaşdıqda şkafın sürməsində olan plastik qabın içərisindəki 1450 manat pulun yerində olmadığını oğurlandığını aşkar etmişlər. Lakin, şkafın sürməsində dağınıq halda olan digər pullar isə oğurlanmamış, yerində olmuşdur. Bundan sonra Eşqin Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Həmin günün sabahı onlara məlum olmuşdur ki, qardaşı Eşqinə məxsus mağazadan 1450 manat məbləğində pulu oğurlayan şəxs qonşuluqda yaşayan Təqsirləndirilən şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı oğludur. 27 mart 2022-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı küçədə olarkən Zərərçəkmiş şəxs məxsus «Dərə» marketdən oğurluq olmasını eşitmişdir. Bundan sonra bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus marketdən 1450 manat məbləğində nəğd pul oğurlanmışdır. Həmin günün sabahı günorta radələrində polis əməkdaşlarının bacısı oğlu Təqsirləndirilən şəxs axtardıqlarını eşitmiş, bununla əlaqədar bacısıgilə getmiş, Orxandan polis əməkdaşlarının onu axtarma səbəbini soruşduqda, Orxan etdiyi əməli etiraf edərək Eşqinə məxsus mağazadan 1450 manat məbləğində nəğd pulu oğurladığını bildirmiş, o Orxandan həmin pulu nə etdiyini soruşmuş, Orxan pulu Eşqinə məxsus mağazadan oğurladıqdan sonra yaşadıqlarını evdə olan «DVD» aparatının içərisində gizlətdiyini, özünün 21-ci PHnə gedərək eldiyi oğurluğu etiraf edəcəyini, onun isə pulu «DVD» apartından götürüb Eşqinə verməyimi istəmiş, o da polisə gedərək etdiyi oğurluğu etiraf etməsini, pulu isə götürüb Eşqinə geri qaytaracağını demişdir. Bundan sonra Orxan 21-ci PB-nə getmiş, o da «DVD» aparatından 1450 manat məbləğində pulu götürüb Eşqin ilə yaşadığı küçədə görüşərək ona vermişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan 28 mart 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-65-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 mart 2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 mart 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilmişdir. Cinayət işinin 97-101-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 118-123-cü vərəqələrində olan 01 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxus 1.450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti sonuncunun istifadəsinə verilmışdır. Cinayət işinin 116-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2719 nümrəli Sərancamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlama müddətinin, xx.xx.2022-ci il tarixədən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlama müddəti, yəni ümumilikdə 03 (üç) ay 22 (iyirmi iki) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və sonuncunun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan ünvan 1 ünvanında olan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus 1.450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti sonuncuya verildiyindən onun istifadəsinə verilmiş hesab edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlama müddətinin, xx.xx.2022-ci il tarixədən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlama müddəti, yəni ümumilikdə 03 (üç) ay 22 (iyirmi iki) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və sonuncunun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan ünvan 1 ünvanında olan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxus 1.450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar