Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-311/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış, gəzdirmiş həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanının qarşısında olarkən Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,606 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan gödəkcəsinin sağ iç cibindən 1940-cı ildə zavod üsulu ilə istehsal edilmiş “Naqan” sistemli, 1895-ci il nümunəli, 7,62 mm kalibrli “İİ ..759” nömrəli gödək lüləli revolver silah, 6 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik “Naqan” sistemli, 1895-ci il nümunəli, revolver silahlarda, habelə “Piper” sistemli revolver silahlarda və sairə yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan atəşə yararlı patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata narkotik vasitə olan heroini almış və bir qismini evdə Oksana adlı xanımla istifadə etmişdir. Sonradan polis əməkdaşları həmin evə gələrək onu və xanımı PŞ-nə aparmışlar. Həmin narkotik vasitənin onun olduğunu silahın isə onun olmadığını bildirmişdir. Həmçinin bildirmişdi ki, silahı ona Ruslan adlı əməliyyatçı vermiş və izah etmişdir ki, sən bu silahıda üzərinə götür onsuzda ekspertizaya getdikdə yararsız silah kimi qiymətləndiriləcəkdir. Bu səbəbdən də o, 1 ədəd tapançanın və 06 ədəd döyüş patronlarını Papanin adlanan ərazidə 21 aprel 2022-ci il tarixdə ara məhəllələrdə narkotik vasitənin təsiri altında gəzərkən zibil qutusuna zibil atdığı zaman içərisindən olduğunu görüb götürdüyünü bildirmişdir. Daha sonra özünü qismən təqsirli bilərək, ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin CA-üzrə əməliyyat müvəkkili Şahid1 Müslüm oğlu ifadəsində göstərmişdir ki, 21 aprel 2022-ci il tarixdə ünvan 4 ünvanın qarşısında xidmət elədiyi bölmənin əməliyyat müvəkkili Şahid2 ilə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, şəxsiyyətini təsdiq edən sənədinin olubolmamasını soruşduqda üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirdikdən sonra onu 20-ci PB-ya dəvət etmişlər. Orada şəxsiyyətini müəyyənləşdirdikdə şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Şəxsi axtarış zamanı sonuncuya üzərində qanunsuz əşya olub-olmadığını soruşulduqda, Təqsirləndirilən şəxs cibində saxladığı narkotik vasitə olan heroini və gödəkcəsinin iç cibindən isə bir ədəd barabanlı tapancanı və həmin tapancanın 6 ədəd patronunu çıxaraq stolun üzərinə qoymuşdir. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılsa da qanunsuz olaraq üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Sonuncu izahatında narkotik vasitə olan heroini 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını, üzərindən aşkar olunmuş silahı və patronları isə 21 aprel 2022-ci il tarixdə ara məhəllələrdə narkotik vasitənin təsiri altında gəzişərkən zibil qutusuna zibil atdığı zaman içərisindən olduğunu görüb götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, müvafiq protokol tərtib edilmiş, iştirakşılar tərəfindən protokol imzalanmış, həmin büküm zərfə qoyularaq və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin CA-üzrə əməliyyat müvəkkili X4 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə və gödəkcəsinin iç cibindən isə bir ədəd barabanlı tapanca və həmin tapancanın 6 ədəd patronu aşkar edilmişdir. Cinayət işinin 22-23-cü vərəqələrində olan 21 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 103-107-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 aprel 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 168-169-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 60-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli, 3/531 saylı məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş gödək lüləli silah-1940-cı ildə zavod üsulu ilə istehsa edilmiş, “Naqan” sistemli, 1895-ci il nümunəli 7,62 mm kalibrli, “İİ ..759” nömrəli revolverdir yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Silahın üzərində karroziya ləkələri olduğundan seriya nömrəsində olan rəqəmlərdən biri oxunmur. Təqdim edilmiş 6 (altı) ədəd patron-zavod üsulu ilə istehsal ediimiş, pistonları mərkəzdən alışan, 7.62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli, 1895-ci il nümunəli, həmçinin tədqiqata təqdim edilmiş revolverdə habelə “Piper” sistemli revolverlərdə və sair yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdır, atəşə yararlıdır. Cinayət işinin 64-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli, 6/2289 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.606 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Qeyd: ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,606 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,556 qram qalıq qalmışdır. Cinayət işinin 61 və 64-cü vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat və 114 (bir yüz on dörd) manat cəmi olaraq 178 (bir yüz yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 133-134-cı vərəqələrində olan 20 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,606 qram narkotik vasitə olan heroin və 1940-cı ildə zavod üsulu ilə istehsal edilmiş, “Naqan” sistemli, 1895-ci il nümunəli 7,62 mm kalibrli, “İİ ..759” nömrəli revolver və 6 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7.62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli, 1895-ci il nümunəli, həmçinin tədqiqata təqdim edilmiş revolverdə habelə “Piper” sistemli revolverlərdə və sair yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar maddi sübıit kimi tanınmış və tədqiqatdan sonra qalan 0,556 qram heroinin, 4 ədəd patron və silah məsul saxlanc üçün Nəsimi RPİ-nin NH-yə təhvil verilmiş, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. Cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 06 iyun 2022ci il tarixli, 3017 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 110-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu yəni 3-cü dəfə Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli Qərarı ilə 05 noyabr 2021-ci il tarixli “Aministiya” Qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və 23 dekabr 2021-ci il tarixdə cəza müddəti başa çatmişdir. Cinayət işinin 114-118-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmündən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 50-ci vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin xidməti otaqların birində təhqiqqatçı Tuqay Mehdiyev tərəfindən 21 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu cibində saxladığı narkotik vasitə olan heroini və gödəkcəsinin iç cibindən isə bir ədəd barabanlı tapancanı və həmin tapancanın 6 ədəd patronunu çıxaraq stolun üzərinə qoymuşdir. Sorğu zamanı Təqsirləndirilən şəxs heç bir təsir altında olmayaraq könüllü olaraq narkotik vasitə olan heroini 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını, üzərindən aşkar olunmuş silahı və patronları isə 21 aprel 2022-ci il tarixdə ara məhəllələrdə narkotik vasitənin təsiri altında gəzişərkən zibil qutusuna zibil atdığı zaman içərisindən olduğunu görüb götürdüyünü bildirmişdir. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlaması, daşıması, gəzdirməsi həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama, daşıma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin dindirilməsi (71-72 i/v), təqsirləndirilən şəxsin dindirilməsi (90-93 i/v), şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi (44-50 i/v) protokollardan, təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında (82-83 i/v) və Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə qərarlardan (103-107 i/v) həmçinin DVD diskində olan video görüntülərdən də görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə iclasında barəsində həbs qətimkan tədbirinin seçilərkən, ifadə verərək törətdiyi əməlləri tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri yalnız cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli Qərarı ilə 05 noyabr 2021-ci il tarixli “Aministiya” Qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 23 dekabr 2021-ci il tarixdə cəzadan azad olunmasına baxmayaraq, iki il keçmədən xx.xx.2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını, həmçinin Təqsirləndirilən şəxs tərəfindən əvvəllərdə eyni tərkibli cinayət əməllərini törətməsini və islah olunmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələrdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin olunmalı, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə sonuncuya qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs azadlığının xx.xx.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X1 ekspert komissiyasının 06 iyun 2022-ci il tarixli, 3017 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Nəsimi RPİnin Növbətçi hissəsində saxlanılan 1940-cı ildə zavod üsuli ilə istehsal edilmiş “Naqan” sistemli, 1895-ci il nümunəli, 7,62 mm kalibrli “P..759” nömrəli gödək lüləli revolver silah, 06 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan 7,62 mm kalibrli olmaqla həmin kalibrlə malik “Naqan” sistemli, 1895-ci il nümunəli, revolver silahlarda, habelə “Piper” sistemli revolver silahlarda və sairə yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,556 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 178 (bir yüz yetmiş səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Nəsimi RPİ-nin Növbətçi hissəsində saxlanılan 1940-cı ildə zavod üsuli ilə istehsal edilmiş “Naqan” sistemli, 1895-ci il nümunəli, 7,62 mm kalibrli P..759 nömrəli gödək lüləli revolver silah, 06 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan 7,62 mm kalibrli olmaqla həmin kalibrlə malik Naqan sistemli, 1895-ci il nümunəli, revolver silahlarda, habelə “Piper” sistemli revolver silahlarda və sairə yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,556 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 178 (bir yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-311/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-311/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver