Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-311/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Polis İdarəsi H/H-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qumar oyunları təşkil edib keçirmiş, həmçinin qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Bələ ki, o, icarə əsasında işlətdiyi ünvan 2 ünvanında fəaliyyət göstərən kafedə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil etmiş və keçirmiş, həmçinin həmin kafedə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, 27 fevral 2023-cü il tarixdə həmin kafedəki fərdi otaqların birində müştərilər Şahid8, Şahid2 və Şahid1 qumar oynamaq üçün kart dəsti təqdim etmək, otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq, su, çay və digər qidalar təqdim etməklə zəruri şərait yaradıb pul uduşlu “Poker” qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2023-cü il tarixdə saat 00:08 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanında fəaliyyət göstərən kafedə fərdi otağa baxış keçirilən zaman otaqda müştərilərin qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 1851 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı, eləcə də Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən istifadə edilməmiş 03 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244-1.1- ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1 ildən çoxdur ki, ünvan 3 ünvanında yerləşən adsız kafeni icarə əsasında işlədir. Həmin obyektin sahibi Şükür adlı şəxsdir. Həmin obyekti şifahi razılaşma əsasında aylıq 2000 manat icarə haqqı ödəməklə işlədir. Obyekt zaldan və 3 otaqdan ibarətdir. Şahid8 uzun müddətdir tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Bəhruz obyektə tez-tez gəlmiş, Nahid və Nofəl adlı şəxsləri isə təxminən 10 gündür obyektə gələn müştəri kimi tanımışdır. Əvvəllər ora gələn dostları pulsuz olaraq oyunlar təşkil edərək oynamışlar, lakin sonradan həmin oyunlar pul uduşu qarşılığında baş tutmuşdur. Həmin oyunlardan əldə olunan pullardan ona verilməmiş, heç bir mənfəət əldə etməmiş, oyunçular “seka” pulunu özləri götürmüşlər. Onun icarə əsasında işlətdiyi obyektdə çay, su, şirə və müxtəlif içkilər verilmiş və otaqda olan müştərilər də həmin xidmətin müqabilində ona ödənişlər etmişlər. xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində kafeyə daxil olan şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları yanında olan iki nəfər şəxsi də təqdim edərək onların hal şahidləri olmasını bildirmişlər. O həmin şəxslərə özünü təqdim etdikdən sonra polis əməkdaşları ona kafedə qumar oyunları təşkil etməkdə şübhəli olmasını bildirmişlər. Bu zaman ona əməliyyat-axtarış tədbirinin keçirilməsi qərarı göstərilmişdir. Kafeyə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra onunla birlikdə arxa otağa daxil olunmuşdur. Masa arxasında qumar oynayan şəxslərə dayanmaları, əllərini masadan götürmələri bildirilmişdir. Həmin şəxslər özlərini təqdim edərək qumar oynadıqlarını, qumar yerinin onun tərəfindən təşkil olunduğunu bildirmişlər. Polis əməkdaşları tərəfindən masanın üzərində olan pullar və kartlar götürülmüşdür. Ondan əlavə kart olub-olmaması soruşulduqda o otaqdan çöldə asılqandan asılmış ağ rəngli qış gödəkcəsinin cibində olan “03” ədəd istifadə olunmamış kartları polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onu və orada olan şəxsləri izahatların alınması üçün BMCMİ-nin inzibati binasına dəvət etmişlər. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, ilk dəfə məsuliyyətə cəlb olunduğunu, müharibə iştirakçısı olduğunu, yeni ailə qurduğunu bildirərək barəsində ən yüngül həddə cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 fevral 2023-cü il tarixdə dostu Şahid2 ilə görüşmüşdür. Saat təxminən 19 radələrində Nofəl ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində, Əcəmi metro stansiyası yaxınlığında yerləşən kafelərdən birinə getmişlər. Həmin kafeni Elmar adlı şəxs işlətmişdir və onu şəxsən tanımamışdır. Onunla kafedə tanış olmuşdur. Nofəllə otaqların birinə keçmişdir. Nofəl ilə oyun oynayarkən digər otaqda əyləşmiş Bəhruz adlı şəxslə aralarında münasibət yaranmış və onları öz otağına dəvət etmişdir. Bəhruz adlı şəxsin otağında söhbət edərkən kafeni işlədən Elmar adlı şəxs də yanlarına gəlmişdir. Elmar ilə Bəhruz birbirilərini çoxdan tanımaları onların söhbətindən bilinmişdir. Söhbət zamanı Elmar onlara qumar oynamağı təşkil edə biləcəyini, bunun qarşılığında oyunda kartdakı xallar bərabər olduqda ona pul verməli olacaqlarını bildirmişdir. Elmar ilə razılaşmışlar. Elmar oynamaqları üçün kartlar almış və onlar oyuna başlamışlar. Oynadıqları zaman Elmar həm onlara qulluq edir, həm də seka pulu, yəni kartlardakı xallar eyni olduqda ona 5-10 manat pul vermişlər. Oyunun ilkin gedişini 1-2 manatdan oynamışlar. Həmin gün təxminən 3-4 saat qumar oyunu oynamışlar. Qumar oyunu zamanı təxminən 30 manat qazanc əldə etmişdir. Qurtardıqdan sonra evə getmişdir. 27 fevral 2023-cü il tarixdə saat 20 radələrində o yenidən Elmar adlı şəxsin işlətdiyi kafeyə gəlmişdir. Həmin kafedə Bəhruz adlı şəxslə görüşmüşdür. Onlar kafedəki otaqlardan birinə keçərək yenidən qumar oyunu oynamağa başlamışlar. Elmar onlara oyun üçün aldığı kartları vermiş və bir daha bildirmiş ki, kartdakı xallar bərabər olarsa ona pul verəcəklər. Bəhruzla o Elmarın təklifi ilə razılaşaraq qumar oynamağa başlamışlar. Nofəl ona zəng etdikdə ona qumar oyunu oynadığını bildirmiş və yanına gəlməsini təklif etmişdir. Nofəl də gəldikdən sonra onlara qoşulmuşdur. Həmin zaman kartları yenə də Elmar almışdır. Elmar otağa gələrək onlara qulluq edib və çıxmışdır. Onlar isə oyun kartlarında olan xallar eynilik təşkil etdikdə Elmara 20 manat pul vermişlər. Oyun zamanı ilkin oyun gedişini 1-2 manatdan etmişlər. Oyun zamanı ümumi pul dövriyyəsi 1500-1800 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 00:05 radələrində onlar otaqda qumar oynayarkən Elmar başqa şəxslərlə birlikdə otağa daxil olmuşdur. Elmarın yanında olan şəxslər özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Ondan sonra otağa baxış keçirilmiş və stolun üzərində olan maddi sübutlar və oyun kartları polis tərəfindən götürülmüşdür. Onları isə izahatların alınması üçün BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Polis əməkdaşları gələnə qədər təxminən 40 manat pul uduzmuşdur. Həmin kafeni Elmar adlı şəxs işlətmiş, qumar oyununu təşkil edən də Elmar olmuşdur. xx.xx.2023- cü il tarixdə də o Elmarın işlətdiyi kafedə təşkil etdiyi qumar oyunlarında iştirak etmişdir. Həmin zaman da qumar oyununu Nofəl və Bəhruzla oynamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin tarixdə ünvan 3 ünvanında yerləşən kafenin qarşısına getmişlər. Kafeyə daxil olduqda polis əməkdaşlarını bir kişi qarşılamışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək kafeni onun işlətdiyini bildirmişdir. Sorğu zamanı o səmimi şəkildə kafedə qumar oyunları təşkil etdiyini və hazırda da arxa tərəfdəki kabinetdə qumar oyunu oynanıldığını bildirmişdir. O kafeyə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs təqdim etdiyi kabinetə daxil olmuşlar. Həmin otaqda 3 nəfər şəxs qumar oyunu oynamışdır. Masanın üzərində pul vəsaitləri və oyun kartı olmuşdur. Polis əməkdaşları tərəfindən həmin şəxslər masadan kənarlaşdırılmış, pul və oyun kartları götürülmüşdür. Həmin şəxslər özlərini təqdim edərək kafeyə qumar oynamaq məqsədilə gəldiklərini, qumar oyunu kafeni işlədən Elmar tərəfindən təşkil edildiyini, seka pulunu da onun yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs də kafedə onun tərəfindən qumar oyunları təşkil edildiyi, əvvəllər də bir neçə dəfə qumar oyunları təşkil etdiyini, oyun zamanı seka pulunu özü götürdüyünü, kartları özü aldığını bildirmişdir. Sorğu zamanı o masanın üzərində olandan əlavə gödəkcəsinin cibində də kart olduğunu bildirmiş və asılqandan asılmış gödəkçəsinin cibindən 3 ədəd istifadə edilməmiş kartı təqdim etmişdir. Bundan sonra onlarla birlikdə Baş İdarəyə gəmiş və burada qeyd edilənlər barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 da Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid8 xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiyini, istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid8 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1); “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2023-cü il tarixdə saat 00:08 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanında fəaliyyət göstərən kafedə fərdi otağa baxış keçirilən zaman otaqda 3 nəfər şəxsin qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 1851 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı, eləcə də baxışda iştirak edən kafenin müdiri Təqsirləndirilən şəxs üzərindən istifadə edilməmiş 03 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. (i.v.12-14); Sübutların qiymətləndirilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, baxış zamanı otaqdakı qumar oyunlarından əldə edilmiş 1851 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 04 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Həmin 1851 manat məbləğində pul və 04 dəst oyun kartları öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək 04 dəst oyun kartı Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılması kamerasına və 1851 manat pul vəsaiti isə Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmişdir. (i.v. 77-83); Sübutların qiymətləndirilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 5(006)-168/2023 nömrəli qərarından görünür ki, Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Rəfael oğlu tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27 fevral 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (i.v. 36-37); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 66); Qətimkan tədbirinin seçilməsi haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 98-99); “Pul vəsaitinin depozit hesaba keçirilməsi haqqında” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 1851 manat pul məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına keçirilmişdir. (i.v.88) Məhkəməyə təqdim olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X1 ilə nikaha daxil olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama – beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və AR DİN-nin BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 04 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Maliyyə- Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 1851 manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət hesabına müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-311/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan 04 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 1851 manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət hesabına müsadirə olunsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-311/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-311/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver