Məhkəmə qərarları › İş №1(006)-311/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-311/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-311/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Verdiktum” Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Ağdam rayonu, Kiçikli kəndində qeydiyyatda olan, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş hissəsi nəzərə alınmaqla qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə bu cəzası 02 il 07 ay müddətinə artırılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 10, mənzil 47-yə istintaqla müəyyən edilməyən alətlə onun pəncərəsinin üzərində olan toru kəsib içəri qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus, üzərində 03 manat dəyərində 055 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 400 manat dəyərində “Samsung Galaxy A21S” markalı mobil telefonu və 800 manat dəyərində “Xiaomi Pad5” markalı planşeti oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1.203 manat məbləğində maddi ziyan vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Yaşıl Bazar” adlanan yerdəki “Şərq” restoranının yanında olan həyət evlərində yaşayış yeri olmadığı üçün kirayə ev axtarmışdır. Daha sonra həmin yerdə bir mənzilin pəncərəsinin açıq olduğunu görüb onun torunun yerdə olan dəmir parçası ilə kəsib mənzilə daxil olmuş, bu zaman həmin dəmirlə əlini də kəsmişdir. Otaqda ağ rəngli planşeti və mavi rəngli “Samsung” markalı mobil telefonu götürüb oranı tərk etmiş və 3-cü mikrorayon dairəsinə gələrək telefon mağazasında oğurladığı əşyaların özünə məxsus olduğunu bildirib şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək planşeti 100 manata, telefonu isə 30 manata satmış, telefonun üzərində olan nömrəni isə xatırlamadığı yerdə tullamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 10, mənzil 47-də yaşayır. xx.xx.2024-cü il tarixdə, səhər tezdən işə getmiş, saat 12 radələrində qızı İradə mənzilə gələrkən girişdən sağdakı otağın pəncərəsinin açıq, içərinin isə dağınıq vəziyyətdə olduğunu görüb ona zəng etmişdir. O da təcili olaraq evə gəlmiş və ozünə məxsus olan “Xiaomi Pad 5” markalı planşetin və “Samsung Galaxy A21S” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində “Samsung Galaxy A21S” markalı telefona görə 400 manat, həmin telefonda olan 055 ***-**-** saylı GSM nömrəyə görə 03 manat və “Xiaomi Pad 5” markalı planşetə görə 800 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyanla da bağlı heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid X6 ifadəsində bildirdi ki, o, əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində telefon mağazasını işlədirdi. 27 fevral 2024-cü il tarixdə bir nəfər şəxs ona yaxınlaşıb özünə məxsus “Xiaomi Pad 5” markalı planşeti və “Samsung Galaxy A21S” markalı telefonu satmaq istədiyini bildirmişdir. O da planşeti 100 manata, telefonu isə 30 manata almış və bu şəxsin şəxsiyyət vəsiqəsinin surətini alaraq orada telefonla planşetin sonuncuya məxsus olması barədə qeydlər aparmışdır. Telefonu və planşeti 02 gün sonra digər şəxslərə satmışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onun işlədiyi mağazaya gəlmiş və ona həmin telefonla planşetin oğurluq olduğunu bildirmişdir. O da onları satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 04 mart 2024-cü il tarixli protokolda qeyd olunur ki, X3 təqdim etdiyi bir ədəd şəxsiyyət vəsiqəsinin surətinə əsasən bu vəsiqə Təqsirləndirilən şəxs məxsus olmaqla AA seriyalı ******* nömrəlidir, şəxsiyyət vəsiqəsinin surəti olan vərəqin aşağı hissəsində “xx.xx.2024, A21S, imza, imei **********37776, oğurluq və kirov deyil özümə məxsusdur, planşet Xiyomi İpat 5, zapças kimi satdım” sözləri əlyazma ilə yazılmışdır (İ cild, i.v.19); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-4049/2024 saylı məktubuna əsasən ünvan 1 ünvanda yerləşən mənzil 47-də baş vermiş oğurluq faktı ilə ələqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd tampon üzərində olan qan nümunəsi xx.xx.1985-ci il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs oglunun sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil edir (İ cild, i.v.117); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 125/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.91-94); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tərəfindən talanmış əmlakların dəyəri zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətlərə istinad edilməklə ittihama daxil edilməsi nəzərə alınmış, X3 təqdim etdiyi üzərində əlyazmalar olan 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti, hadisə yerinə baxış zamanı qanabənzər nümunə götürülmüş 01 ədəd tampon, hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmış və 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti və 01 ədəd diskin isə iş materiallarında saxlanılması, tamponun isə istifadə olunması nəzərə alınmışdır (İ cild, 135-143); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdam Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş hissəsi nəzərə alınmaqla ona qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə bu cəza 02 il 07 ay müddətinə artırılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, 109-111, 121-124); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2010 və xx.xx.2012-ci il təvəllüdlü uşaqları var (cild İİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi (2 azyaşlı uşağı olsa da, onların təqsirləndirilən şəxsin himayəsində olması kimi qəbul edilməsi mümkün deyil, çünki o bu uşaqlara aliment ödəmədiyinə görə məhkum olunub). Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətlərə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 15 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 12 saat üçün nəzərdə tutulan 72 manat, Verdiktum Vəkil Bürosunun vəkili X4 isə 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat, Verdiktum Vəkil Bürosunun vəkili X4 isə 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar