Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-312/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1976-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd bıçağı əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı əldə edib üzərində gəzdirmiş, 12 oktyabr 2020-ci il tarixdə saat 14:45-də Bakı Dəmir Yolu sərnişin vağzalının ərazisində xidmət aparan X5 Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq X5 Polis İdarəsinin Növbətçi Hissəsinə gətirilmiş və həmin gün saat 15:00-da növbətçi hissədə iki hal şahidinin iştirakı ilə şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama zamanı əynindəki şalvarın bel hissəsinə keçirilmiş bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, hal-hazırda isə məhkumluğu yoxdur. 12.10.2020-ci il tarixdə, saat 14-15 radələrində Bakı dəmir yolu vağzalı ərazisində olarkən ərazidə xidmət aparan polis nəfərinə yaxınlaşıb DYNPİ-də Məhəmməd adlı bölmə rəisinin işləyib-işləməməsini soruşmuş, polis nəfəri ona Məhəmməd adlı polis əməkdaşını tanımadığını bildirmişdir. O, polis bölməsinin ünvanını soruşduqda polis əməkdaşı polis idarəsini göstərmək üçün onun arxasınca gələrkən belində nə olduğunu soruşmuşdur. O, da polis əməkdaşına belində bıçaq olduğunu bildirmiş və onu aparıb təhvil vermək istədiyini demişdir. Lakin polis bölməsinə gəldikdən sonra polis əməkdaşları və hal-şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı şalvarının bel nahiyyəsində olan bıçağı və əynindəki qış gödəkçəsinin sağ yan cibindən skalpeli çıxarıb polis əməkdaşlarına vermişdir. O, üzərindən aşkar olunmuş bıçağın təxminən 10 il bundan əvvəl tanışı tərəfindən ona hədiyyə verildiyini bildirmiş və həmin bıçaqdan ət doğramaq üçün istifadə etmişdir. Skalpeli isə həyətdə ağacların dibini təmizləyərkən yerdən tapmış, həmin əşyadan, sümüyün üzərində olan ətləri kəsib kimsəsiz itləri və pişikləri yemləmək məqsədi ilə istifadə etmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DYNPİ-nin SQM üzrə PPXB-nün polis nəfəri vəzifəsində xidmət edən Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 12 oktyabr 2020-ci il tarixdə saat 14:45 radələrində Bakı dəmir yolu sərnişin vağzalının ərazisində xidmət apararkən bir nəfər şəxsin vağzal ərazisində bel nahiyəsində bıçağa oxşar əşya olduğunu görüb ona yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsdən belindəki əşyanın nə olduğunu soruşmuşdur. Həmin şəxs bel nahiyəsindəki əşyanın bıçaq olduğunu bildirmiş, buna görə həmin şəxsi DYNPİ-nə dəvət etmişdir. DYNPİ-nin növbətçi hissəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və hal-şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın bel nahiyəsindən tiyə hissəsi dəmir, qundaq hissəsi isə ceyran qıçından kustar üsulla düzəldilmiş bir ədəd bıçaq, qış gödəkçəsinin sağ yan cibindən isə bir ədəd tibbi alət skalpel aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş DYNPİ-nin məsul növbətçisi vəzifəsində xidmət edən Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 12 oktyabr 2020-ci il tarixində xidmətdə olarkən saat 15 radələrində DYNPİ-nin SQM üzrə PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid1 idarəyə bir nəfər şəxs gətirərək həmin şəxsin üzərində bıçaq olduğunu bildirmişdir. Araşdırma zamanı gətirilən şəxsin ünvan 2 ünvanda pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, dəvət edilmiş hal-şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər varsa könüllü şəkildə təqdim etməsi təklif olunmuş, sonuncu da əynindəki şalvarın bel nahiyəsindən bir ədəd tiyə hissəsi dəmir, qundaq hissəsi isə ceyran qıçından kustar üsulla düzəldilmiş bıçağı və əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd tibbi alət skalpeli çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onun üzərindən 113 manat 15 qəpik pul, alışqan və eynək aşkar olunmuşdur. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 113 manat 15 qəpik pul, alışqan və eynək özünə geri qaytarılmış, bıçaq və tibbi alət «skalpel» isə iş üçün əhəmiyyət kəsb etdiyindən aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 12 oktyabr 2020-ci il tarixdə Bakı dəmir yolu sərnişin vağzalının ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq hal-şahidi kimi şəxsi axtarışda iştirak etməyə dəvət etmişlər. O, da polis əməkdaşları ilə razılaşaraq birlikdə DYNPİ-nə gəlmiş və polis idarəsində saat 15 radələrində sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs üzərinə onun və digər hal-şahidinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər varsa könüllü şəkildə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki şalvarın bel nahiyyəsindən bir ədəd tiyə hissəsi dəmir, qundaq hissəsi isə ceyran qıçından düzəldilmiş bıçağı və əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd tibbi alət skalpeli çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onun üzərindən 113 manat 15 qəpik pul, alışqan və eynək aşkar olunmuş, şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 113 manat 15 qəpik pul, alışqan və eynək özünə geri qaytarılmışdır. İş materiallarında olan və məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 05.11.2020-ci tarixli, 3/1276 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. -Təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik tibb sahəsində istifadə edilmək üçün nəzərdə tutulan skalpel bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişən əlavə və dəyişikliklər edilməmişdir (i/v 14-17). İş materiallarında olan 15.01.2021-ci il tarixli maddi sübut kimi tanıma və saxlanması üçün verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2020-ci il tarixdə protokolla götürülmüş bir tərəli kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı iş üzrə maddi sübut kimi tanınmış və soyuq silah hesab edilməyən tibb sahəsində istifadə edilmək üçün nəzərdə tutulan «skalpel» bıçağı ilə birlikdə saxlanması üçün NBPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir (i/v 40). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur (i/v 77-79). İş materiallarında olan Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 80 saylı MKİS-in rəisi V.B.Balayev tərəfindən verilən xasiyyətnamədən görünür ki, Abbasov X4 rayonu, 7-ci mkr, A.K.Kunanbayev küçəsi ev 5 mənzil 6-da qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində qonşulardan onun barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır (i/v 92). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 sentyabr 2003-cü il təvəllüdlü X6 adlı bir uşağı vardır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 15.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i/v 65-66). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 23.01.2021-ci il tarixli 149 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, Respublika Psixiatriya xəstəxanasında aldığı müalicə nəticəsində onda əvvəllər qeyd olunmuş (törətdiyi əməldən sonra başlanmış) psixi pozuntu sağalma ilə nəticələnmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. 12 oktyabr 2020-ci il tarixdə törətdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Hal-hazırda da öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir (i/v 94-97). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün qismən etirafı, şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, ondan 64 (altmış dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin NBPİnin maddi sübutları saxlama anbarına təhvil verilmiş soyuq silah hesab edilən 1 (bir) ədəd ov bıçağı dövlət nəfinə müsadirə edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər NBPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmiş soyuq silah hesab edilməyən 1 (bir) ədəd skalpel təqsirləndirilən şəxsə qaytarılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 1(006)- 312/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 28.04.2021ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 64 (altmış dörd) manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin NBPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmiş soyuq silah hesab edilən 1 (bir) ədəd ov bıçağı dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər NBPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmiş soyuq silah hesab edilməyən 1 (bir) ədəd skalpel Təqsirləndirilən şəxs qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-312/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-312/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver