Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-312/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçilər “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi və Abşeron rayon Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2003-cü il tarixdə Masallı rayonu, Yelağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Yelağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 10 yanvar 2024-cü il tarixdə saat 07 radələrində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs piyada hərəkətdə olduğunu görüb sonuncuya yaxınlaşaraq əlindəki içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 3 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi ilə istifadə olunan 530 manat dəyərində “Samsung A32” markalı mobil telefon və 2 manat nağd pul olan 14 manat dəyərində əl çantasını dartıb götürməklə əmlaka əlçanatlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 549 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən dörd aydır ki, iş tapmaq üçün Bakı şəhərinə gəlmiş və Nəsimi rayonu ərazisində tanışlarının evində gecələyir. O, 10 yanvar 2024-cü il tarixdə səhər 07:00 radələrində tanışının Bakı şəhəri, Nəsimi rayonunda “28 May” metrostansiyası yaxınlığında yerləşən, ünvanını dəqiq bilmədiyi evindən çıxaraq iş tapmaq üçün piyada getmişdir. Bir qədər getdikdən sonra Nəsimi rayonu, Sahib Zeynalov küçəsində bir nəfər qoca qadının ondan öndə getdiyini, əlində qara rəngli çantasının olduğunu görmüşdür. Həmin vaxtı pula ehtiyacı olduğundan ətrafda heç kimin olmadığından istifadə edərək çantanı qadının əlindən alıb qaçmaq qərarına gəlmişdir. Bu məqsədlə qadına arxadan yaxınlaşıb əlindəki çantanı dartıb almışdır. Bu zaman qadın geriyə yəni, onun tərəfə çönsə də, o, qadına hər hansı bir fiziki təsir göstərmədən oradan qaçaraq uzaqlaşmışdır. Bir qədər getdikdən sonra “28 May” metrostansiyasının Azadlıq prospekti istiqamətindəki çıxışının yaxınlığındakı tikinti sahəsinin qarşısında çantanı açıb baxmış və çantanın içərisində bir ədəd “Samsung” markalı mobil telefon, iki ədəd “ABB” banka məxsus plastik kartlar, iki manat pul, qadına məxsus şəxsiyyət vəsiqəsi olduğunu görmüşdür. O, həmin əşyalardan yalnız iki manat pulu və bank kartlarını götürmüşdür. Çantanı isə içərisində olan digər əşyalarla birlikdə qeyd etdiyi tikinti sahəsinə tullayaraq oradan uzaqlaşmışdır. Bundan sonra isə o, gün ərzində X1 yaxınlığında, “28 Mall” ticarət mərkəzi ilə üzbəüz, “28 May” metrostansiyasının Azadlıq prospektinə olan çıxışının yaxınlığındakı və Dəmiryolu vağzalının yaxınlığındakı köşklərdən qeyd etdiyi kartlar vasitəsilə alış-veriş edərək pul xərcləmişdir. Sonradan isə kartlardan istifadə edə bilməmiş və onları tullamışdır. O, soyğunçuluq cinayətini törədərkən ətrafda heç kim olmamış və o da bundan istifadə edərək soyğunçuluq cinayətini törətmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07:10 radələrində yaşadığı ünvandan çıxaraq iş yerinə getmişdir. O, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində piyada hərəkətdə olarkən qəflətən arxadan tanımadığı cavan, təxminən 30 yaşlarında, hündür, arıq bədən quruluşlu, əynində qara rəngli gödəkçə, başında gödəkçəsinin papağı olan bir nəfər şəxs ona yaxınlaşıb əlində saxladığı əl çantasını dartıb alaraq yolun əks istiqamətində qaçmışdır. O da həmin şəxsin dalınca qaçıb əməlini dayandırmasını qışqırsa da, səhhəti və yaşı ilə əlaqədar yerə yıxılmış, həmin şəxsin daha sonra hansı istiqamətdə qaçdığını görməmişdir. Onun 14 manat dəyərindəki əl çantasında bir ədəd üzərində ***- ***-**-** mobil nömrəsi olan 530 manat dəyərində “Samsung A32" (SM-A325F/DS) markalı mobil telefonu, “ABB” bankı tərəfindən verilmiş bir ədəd əmək haqqı kartı və bir ədəd pensiya kartı, şəxsiyyət vəsiqəsi və 2 manat nağd pul olmuşdur. Əmək haqqı kartında 3-4 manat, pensiya kartının balansında isə təxminən 2504 manat məbləğində pul olmuşdur. Bundan sonra yaxınlıqda olan polis bölməsinə müraciət etmişdir. Sonradan o, kartından pul çıxıldığını görüb kartlarını bloklatdırmışdır. Hadisəni törətmiş şəxs ona hər hansı bir fiziki təsir etməmiş, ona heç bir bədən xəsarəti yetirməmişdir. Ona ümumilikdə 610,70 manat ziyan dəymişdir. Daha sonra zərər çəkmiş şəxs ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.30); - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.62); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanın qarşısıdır (i.v.7-9); - “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini harada və hansı qaydada törətdiyini hadisə yerində əyani göstərmiş, həmin vaxt hadisənin ünvan 1 ünvanın qarşısında baş verməsi müəyyən olunmuşdur (i.v 49-51); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 21-ci polis bölməsinin məktubu ilə istintaqa təqdim edilmiş əl çantası qara rəngində olmaqla istifadə olunmuş vəziyyətdədir, çantanın üzərində istifadə olunmasına dair köhnəlmə izləri vardır, çanta açıldıqda içərisində 01 ədəd qarşısı sensor ekrandan ibarət, arxasında şəkil çəkmək üçün kameraları olan, üzərində ***-***-**-** saylı GSM kartı olan Samsung A32 markalı mobil telefon və 01 ədəd Zərərçəkmiş şəxs adına şəxsiyyət vəsiqəsinin olması müəyyən olunmuşdur. Mobil telefon işə salındıqda işlək vəziyyətdə olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, əl çantası, mobil telefon və şəxsiyyət vəsiqəsi ona məxsusdur, həmin əl çantasını göstərilən əşyalarla birlikdə 10 yanvar 2024-cü il tarixdə saat 07 radələrində adını sonradan bildiyi Teymur adlı şəxs əlindən alıb qaçmış, lakin əl çantasında olan 02 ədəd bank kartları yoxdur (i.v 71); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda görüntüdə bir nəfər qadının 10 yanvar 2024-cü il tarixdə saat 07:00 radələrində əlində əl çantası ilə piyadalar üçün nəzərdə tutulmuş yol ilə hərəkət etməsi və kamera görüntülərindən itməsi, həmin vaxt qadının arxası ilə bir nəfər əynində qara rəngli papaqlı gödəkcə olan şəxsin hərəkət etməsi və kamera görüntülərindən itdikdən bir neçə saniyə sonra qara gödəkçədə olan şəxsin əlində çanta ilə geriyə qaçması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntünü izləyib videogörüntüdə qara rəngli papaqlı gödəkçədə olan şəxsin özünün olduğunu və qadının əl çantasını alıb qaçdığını bildirmişdir (i.v 74); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin 01 may 2024-cü il tarixli məktubuna əlavə edilmiş çıxarışlara baxış zamanı Zərərçəkmiş şəxs məxsus 4127-2211-1851-0207 nömrəli bank kartından saat 07:31-dən saat 07:59-dək olan müddət ərzində 58 manat 50 qəpik məbləğində pullar “Kosk 1”, “Kosk 24”, “Kosk 153”, “Telefon temiri” adlı mağazalarda, 5***-*******8-1882 nömrəli bank kartından isə saat 07:29-da 3 manat 20 qəpik pul “Koshk 1” adlı mağazada xərclənmişdir (i.v 96); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd əl çantası və 01 ədəd “Samsung A21” markalı mobil telefon maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxsə qaytarılmışdır. Bundan başqa, hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır (i.v.97-106); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.65); - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda görüntüdə bir nəfər qadının 10 yanvar 2024-cü il tarixdə saat 07:00 radələrində əlində əl çantası ilə piyadalar üçün nəzərdə tutulmuş yol ilə hərəkət etməsi və kamera görüntülərindən itməsi, həmin vaxt qadının arxası ilə bir nəfər əynində qara rəngli papaqlı gödəkcə olan şəxsin hərəkət etməsi və kamera görüntülərindən itdikdən bir neçə saniyə sonra qara gödəkçədə olan şəxsin əlində çanta ilə geriyə qaçması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntünü izləyib videogörüntüdə qara rəngli papaqlı gödəkçədə olan şəxsin özünün olduğunu və qadının əl çantasını alıb qaçdığını bildirmişdir (i.v.70); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.(3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cavan olmasını, əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət törətməsini, vurulmuş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, cavan olmasını, əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd əl çantasının və 01 ədəd “Samsung A21” markalı mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalı və sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Verdiktum” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, yəni 02 (iki) gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd əl çantasının və 01 ədəd “Samsung A21” markalı mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Verdiktum” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-312/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-312/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver