Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-312/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1973-cü ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 1(006)-219/2025 saylı hökmü ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Bakı istintaq təxrdixanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,236 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 fevral 2025-ci il tarixdə saat 11:59-da ünvan 3 ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 1,236 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 fevral 2025-ci il tarixdə səhər saatlarında bədənində güclü ağrılara dözə bilmədiyi üçün narkotik vasitə və ya psixotrop maddə almaq qərarına gəlmişdir. Həmin gün Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi ilə piyada hərəkətdə olarkən bədəninin ağrısından yolun kənarında dayanmış və özünü toparlamağa çalışmış və həmin vaxt yanına bir nəfər tanımadığı orta yaşlı bir kişi gəlmiş və ondan yaxşı olub-olmadığını soruşmuşdur. O, həmin şəxsə cavab verməmiş, lakin həmin şəxs söhbətə davam edərək narkoman olub-olmadığını, nə üçün bu vəziyyətdə olduğunu soruşmuşdur. O, həmin şəxslə təxminən 1-2 dəqiqə söhbət edib xəstə olduğunu, güclü ağrılar keçirdiyini bildirmişdir. Həmin şəxs ona köməklik edə biləcəyini, el arasında “patı, şüşə” olaraq bilinən maddəni ona sata biləcəyini bildirmişdir. O, həmin şəxsdən 20 (iyirmi) manat müqabilində həmin maddəni almağa razılaşmışdır. Bundan sonra həmin maddəni üzərində gəzdirərək heç kimin onu görə bilməyəcəyi, yəni həmin maddəni istifadə edə biləcəyi bir yer axtarmağa başlamış, lakin hər tərəf digər insanlarla əhatələndiyi üçün belə bir yer tapa bilməmişdir. 10 fevral 2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 17 ünvanında piyada olaraq hərəkətdə olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ondan üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuş, əgər varsa həmin maddəni təqdim etməyini təklif etmişdirlər. Bu təklifdən sonra o əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra onun təqdim etdiyi kütlə qablaşdırılmış, zərfin üzəri o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 10 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə o və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və əldə edilmiş məxfi məlumat əsasında sonuncunun gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında 10 fevral 2025-ci il tarixdə saat 11:30da ünvan 3 ünvanın qarşısına yollanmışlar və həmin ünvanda gözlədikdən sonra, saat 11:55-də Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra isə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üstünü yoxlamalı olduqlarını bildirmişlər. Bundan sonra videoçəkiliş əsasında İlhamın üstünü yoxlamağa başlamışlar. İlkin olaraq Təqsirləndirilən şəxs özünü təqdim edərək könüllü olaraq üstündə daşıdığı və metamfetamin olduğunu bildirdiyi kristalşəkilli kütləni təqdim etmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq üzəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş “187" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs çəkilişi davam etdirmək üçün polis şöbəsinə dəvət olunmuşdur. 19-cu Polis şöbəsinin inzibati binasına çatdıqda tərəfindən şəxsin üstünün yoxlanılması ilə əlaqədar protokol tərtib edilmiş və araşdırmanın davam etdirilməsi Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin təhqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi, tərəfindən götürülərək qablaşdırılmış bükümə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Daha sonra təhqiqatçı həmin bükümün içərisində kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindən sonra sözügedən bükümü ekspertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində sonuncuya qarşı hər hansı fiziki və psixi təsir edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 25). İş materiallarında olan 10 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair" protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan bir manat pul əskinası, 60 qəpik dəmir pul və bir ədəd daraq aşkar edilmişdir. Həmin predmetlər sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Ardınca aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddə metamfetaminin olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama ünvan 3 ünvanın qarşısında keçirilmişdir. Üstünü yoxlama zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır (i/v 8-9). İş materiallarında olan 10 fevral 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş, zərfdə qablaşdırı mış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlə möhürlənmişdir. Bir ədəd DVD diskə “Samsung" markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs psixotrop maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır (i/v 12-13). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/596 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 187” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,236 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotro maddələrin"in siyahısına (Siyahı İ) daxildir. (i/v 43-45). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-99/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i/v 78-81). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,236 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,186 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v 98-103). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 10 fevral 2025-ci il tarixli 713 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəində qeydiyyata alınması məsləhət görülür. (i/v 64-65). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-219/2025 saylı, 21 fevral 2025-ci il tarixli hökmündən və hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə görə Nəsimi rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökm 14 mart 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır (i/v 89-90, 93-97). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətlərdə də təqsirli olduğu və həmin cinayət əməlləri üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 1(006)-219/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 1(006)-219/2025 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan qalıq çəkisi 1,186 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-312/2025 saylı 19 mart 2025-ci il tarixli qərara əsasən 19 mart 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 147 (yüz qırx yeddi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 1(006)-219/2025 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan qalıq çəkisi 1,186 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 147 (yüz qırx yeddi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-312/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-312/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver