Məhkəmə qərarları › İş №1(006)-313/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-313/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-313/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 134-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 134 saylı ünvanda yerləşən evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində başlanılmış mübahisə zamanı yun çubuğu və bıçağın dəstək hissəsi ilə sonuncunu bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol mil-bilək oynağının həmin oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan qançır-şişkinliyi, sol əlin V barmağının, hər iki saidin, sağ bazunun, sol budun qançırları, sağ təpə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması) və sol bazunun sıyrığı ilə müşaiyət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onunla arvadı Zərərçəkmiş şəxs arasında qısqanclıq zəminində tez-tez münaqişələr baş verir və o, əsəbi olduğu üçün özünü idarə edə bilmədiyindən onu döyür. xx.xx.2020-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 134 saylı ünvanda olan evdə yenə qısqanclıq zəminində arvadı Ülviyyə ilə aralarında başlamış mübahisə zamanı əsəbləşdiyindən əlindəki yun çubuğu ilə onu döymüş və əl-qol, baş və ayaq nahiyələrinə vurub ona xəsarətlər yetirmişdir. Bu zaman Ülviyyə onun yanından qaçaraq qonaq otağındakı masanın üzərindən mətbəx bıçağını götürdükdə o, onun bıçaqla vura biləcəyindən ehtiyat edərək bıçağı gizlətmək istəmiş, Ülviyyəyə yaxınlaşaraq əlindən həmin bıçağı zor tətbiq edərək alıb dəstək hissəsi ilə onun sol əlinin içinə vurmağa başlamışdır. Ülviyyənin sol əlinin şişdiyini gördükdə onun yanından uzaqlaşmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 07 radələrində yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 134 saylı ünvanda əri Təqsirləndirilən şəxs onunla heç bir səbəb olmadan mübahisə etməyə başlamış, əlindəki yun çubuğu ilə onun baş, bədən sol qolundan vuraraq ona müxtəlif xəsarətlər yetirmişdir. Bundan başqa Kənan bıçağın arxa hissəsi ilə onun sol əlinin ovuc hissəsinə vurmuş, sol qolunun bilək və əlinin üst hissəsinə xəsarət yetirmişdir. Onu da bildirir ki, bu ilin mart ayında da onlar arasında belə mübahisə baş vermiş, Kənan barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə iş başlanılaraq məhkəməyə göndərilmiş, lakin onlar barışdığı üçün icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışıb, dəymiş zərər ödənilib. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 647 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol mil-bilək oynağının həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol əlin V barmağının, hər iki saidin, sağ bazunun, sol budun qançırları, sağ təpə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması) və sol bazunun sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişlər, dərəcəsinə görə ümumilkdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild İ, i.v.29-30); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixli arayışı və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə o, həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmişdir(cild İ, i.v.22-24, 32-37). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər də Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə şəxs bu Məcəllənin 72-73-2 və 74-1 maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasının yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, davranışını, əvvəllər də bu növ əməlin törədilməsinə görə cinayət məsuliyyətindən azad edilməsinə baxmayaraq belə hərəkətlərə yenidən yol verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 134-ü hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçina 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar