Məhkəmə qərarları › İş №1(006)-313/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-313/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-313/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə qəti olaraq 04 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,909 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:10-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,909 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün Yasamal rayonu ərazisində yerləşən Narkoloji Dispanserdə qeydiyyatdadır. Həkimin verdiyi resept əsasında dərman alaraq qəbul edir. 13 aprel 2023-cü il tarixdə səhər yuxudan oyandıqdan sonra şkafın dolabını açaraq resepti və pulu götürüb dərman almaq üçün getmək istəmişdir. Lakin ona məxsus pul və resept yerində olmamışdır. Anası onun dərman qəbul etməsinə narazılığı olduğu üçün onun evdən çıxıb getməsinə etirazını bildirmişdir. Bundan sonra anası ilə onun arasında mübahisə yaranmış, anası onun saçından tutaraq getməsinə mane olmuş, o isə anasının əlindən yapışaraq əlini onun saçından çəkməsini, əks halda isə onun əlini dişləyəcəyini bildirmişdir. Anası əlini onun saçından çəkmədiyi üçün, anasının əlini dişləmiş, bundan sonra anası əlini buraxmışdır. Anası ona bildirmişdir ki, dərmanın qəbuluna son qoysun, yoxsa polisə zəng vuraraq barəndə tədbir görülməsi üçün onları evə dəvət edəcəyini demişdir. O da anasının fikri ilə razılşamış, kimə istəyirsə zəng edə biləcəyini bildirmişdir. Anası təxminən səhər saat 11-ə yaxın DİN 102 zəng xidmətinə mərkəzinə zəng vuraraq məlumat vermiş, üzərindən 20 dəq keçdikdən sonra Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsindən 3 nəfər polis əməkdaşı gəlmişdir. O özü qapını polis əməkdaşlarına açmış, onlar içəri daxil olmuşlar və ondan nə baş verdiyini soruşduqda, hadisəni onlara olduğu kimi danışmışdır. Bundan sonra polis əməkdaşları onu və anasını polis bölməsinə dəvət etmişlər. O və anası polis maşınına əyləşərək polislərlə birlikdə bölməyə getmişlər. Azadlığın məhdudlaşdırlması cəzasını çəkdiyi üçün onun ayağında elektron qolbağ, cibində elektron qolbağın enerji cihazı və alışqan olmuşdur. O qeyd olunan əşyaları polis bölməsində Növbətçi Hissəyə təhvil vermiş, sonradan isə X7 keçmişdir. Biraz sonra onu digər bir otağa dəvət edərək ona bildirmişlər ki, sifariş əsasında barəndə cinayət işi başlanacaqdır və həmin cinayət əməlini qəbul etməlisən. O isə cavabında onun tərəfindən heç bir cinayətin törədilmədiyini, halhazırda Binəqədi rayon məhkəməsinin hökmü ilə təyin edilmiş cəzasını çəkdiyini, yəni probasiya xidmətinin çağırışlarına vaxtında getdiyini və üzərinə qoyulmuş vəzifələri yerinə yetirərək heç bir pozuntu etmədiyini bildirmişdir. Onun sözlərinə məhəl qoyulmamış, stolun üstünə bir büküm narkotik vasitəni qoyaraq ona məxsus olduğunu demişlər. Narkotik vasitə ona məxsus olmadığı üçün buna kəskin etirazını bildirmişdir. Sonra isə ona təzyiqlər olunmuş və qorxduğu üçün razılıq vermişdir. Bundan sonra ona digər otağa keçərək orada videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılacağını demişlər. Polislər onu xidməti otaqların birinə apararaq orada onların dediyi formada ifadə verdikdən sonra videoçəkilişi dayandırmışlar. Şəxsi axtarışın aparılmasına dair istintaq hərəkəti keçirildikdən sonra onu X7, sonra da həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə aparmışlar. Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onu Bakı İstintaq Təcridxanasına göndərmişlər. İfadəsinin sonunda məhkəmədən göstərdiyi halların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və şəxsi ədavəti yoxdur. 13 aprel 2023-cü il tarixdə saat 12:10 radələrində xidməti ərazidə Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə rəisi Şahid2 ilə birlikdə xidmətdə olan zaman ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını gördükdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Həmin şəxs özünü şübhəli apardığından onu polis bölməsinə dəvət etmişlər, həmin şəxs də onlarla birlikdə Nəsimi RPİ-nin 20-ci PB-ə getmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmışdır. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu da əynində olan göy rəngli cins şalvarının cibindən bir ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan maddəni təqdim edərək, üzərində başqa heç bir qanunsuz əşyanın və maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı zaman və polis bölməsində olduğu müddətdə ona qarşı heç bir təzyiq göstərilməmiş, könüllü olaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dəvət olunmuş X3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 13 aprel 2023-cü il tarixdə o, DİN 102 zəng xidməti mərkəzinə zəng vuararaq oğlu Elvin barədə şikayət etmişdir. Onun zəngindən təxminən 30 dəqiqə sonra polis əməkdaşları onların yaşadıqları evə gəlmişlər. O polislərə oğlunun narkotik vasitə aludəçisi olduğunu və bu məsələdə ona kömək etmələrini xahiş etmişdir. Polislər ona oğlu Elvini heç bir şikayət olmadan barəsində tədbir görə bilməyəcəklərini bildirmişlər. Bundan sonra o polislərin fikri ilə razı olduğunu və polis bölməsinə gedərək orada ərizə yazacağını demişdir. Onlar birlikdə polis bölməsinə getmişlər. Orada onu sahə inspektorunun yanına göndərmişlər. Sahə inspektoru isə ondan oğlunun onu döyməsi və yaxud oğurluq etməsi barədə şikayətinin olub-olmamasını soruşmuşdur. O isə cavabında oğlunun onu döymədiyini və oğurluq etmədiyini demişdir. Sahə inspektoru isə ona belə olan halda köməklik edə bilməyəcəyini demişdir. Oğlu Elvinin narkotik vasitədən əziyyət çəkdiyini, məhv olduğunu və bu səbəbdən özünün də əsəblərinin pozulduğunu sahə inspektoruna bildirərək bir daha ondan köməklik etməsini xahiş etmişdir. Bundan sonra isə sahə inspektoru kompüterdə onun oğlundan şiayətçi olması barədə ərizə yazaraq ona imza etdirmişdir. Bundan sonra o evinə getmiş və Elvin də axşama doğru polislərin onu evə buraxacağını fikirləşmişdir. Növbəti gün axşam saat 8-ə qalmış müstəntiq ona zəng vuraraq oğlunun barəsində CMnin 234.1-ci maddəsi ilə cinayət işinin başlandığını demişdir. O isə müstəntiqə narazılığını bildirmiş və hansı səbəbdən oğlunun barəsində cinayət işinin başlandığını soruşmuşdur. O sadəcə oğlunun hərəkətlərindən şikayət etmişdir, onun tutulmasını və barəsində cinayət işinin başlanmasını istəməmişdir. Həmin hadisədən 10 gün sonra Elvini polis idarəsinə gətirdikləri vaxt o da getmiş və orada müstəntiqlə söhbət edərək məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. Müstəntiq isə həqiqətən oğlunun barəsində cinayət işinin başlandığını təsdiq etmişdir. Ondan əvvəl isə sahə inspektorunun yanına gedərək ərizə yazmış və şikayətini geri götürmüşdür. Həmin ərizəni müstəntiqə təqdim etsə də, müstəntiq ona əhəmiyyət verməmiş və ərizəni kənara qoymuşdur. İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Rasim Əliyev tərəfindən tərtib edilmiş və Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1, həmin Bölmənin sahə inspektoru Şahid2, mütəxəssis qismində dəvət edilmiş X5, barəsində istintaq hərəkətləri aparılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 13 aprel 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 ədəd bükümdə şəffaf sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,909 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. (i/v 44-50). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/2193 nömrəli ekspert rəyindən görünür ki, “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,909 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (i/v 56-59). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2531 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 108-109). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i/v 20-21, 93-96). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il, 05 ay, 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i/v 110-111, 116-128). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, təmiz çəkisi 0,909 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,859 qram qalığı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir. (i/v 130-138). Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 7(006)-32/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Binəqədi rayon məhkəməsinin 1(001)-412/2021 saylı 25 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək 04 il, 05 ay, 24 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 (bir) il müddətinə azaldılmışdır. Məhkəmənin şifahi sorğusu əsasında əldə edilmiş Bakı şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-25043/2023 saylı məktubundan görünür ki, Binəqədi rayon məhkəməsinin 1(001)-412/2021 saylı 25 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il, 05 ay, 24 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya idarəsində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 7(006)-32/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyü üçün cəza müddəti 01 (bir) il azaldılmışdır. Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixədək məhkum cəzasının 01 il 02 ay 22 gününü çəkmiş, çəkilməmiş cəzası 02 il 03 ay 02 gün təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, istintaq zamanı vermiş olduğu ifadələri təzyiq və təsir altında verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİ-nin inzibati binasına aparıldığını bildirmişlər. Bundan başqa əlavə şahid kimi dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində oğlu Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı hər hansı bir xüsusastı qeyd etməmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi, döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə istintaqı aparılarkən ona təzyiq edildiyini bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin təsir və təzyiq altında ifadə verməsi öz təsdiqini tapmışdır. Ambulator X2 zamanı da, Təqsirləndirilən şəxs ekspertlərə bildirmişdir ki, 5 ildir narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Narkoloji vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar RNM-da stasionar şəraitdə müalicə kursu aldığını qeyd edir. Müayinə zamanı ümumi zəiflik, əsəbilik, əzginlik, narahatçılıq, əzələlərdə olan ağrılar və yuxunun pozulması şəklində abstinensiya əlamətləri aşkar olunur. Narkotik vasitələr, psixotrop maddələrə qarşı patoloji mey formalaşıb. Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyalorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Səfərov X6 rayon məhkəməsinin 1(001)-412/2021 saylı 25 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il, 05 ay, 24 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur və onun çəkilməmiş cəzası 02 (iki) il 03 (üç) ay 02 (iki) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsinin 1(001)-412/2021 saylı 25 oktyabr 2021-ci il tarixli ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 03 (üç) ay 02 (iki) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, təmiz çəkisi 0,909 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,859 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-313/2023 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-412/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 03 (üç) ay 02 (iki) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 81 (manat) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,909 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,859 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar