Məhkəmə qərarları › İş №1(006)-313/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-313/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-313/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X13, X5 və X14 və onların müdafiəçiləri Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, X13, X5 və X14 “Tik-Tok” sosial şəbəkəsində təkzib verilməsi, həmin sosial şəbəkədə üzr istəmələrinə dair X1, X9 və X15 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, X16 və X22 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X13, X5 və X14 “Tik-Tok” sosial şəbəkəsində təkzib verilməsini, həmin sosial şəbəkədə üzr istəmələrini xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, əvvəllər yaxın münasibətdə olduqları, sonradan münasibətləri pozulmuş X23, yaxın münasibətdə olan X10, X24 ilə birlikdə müxtəlif sosial şəbəkələrdə, “Tik-Tok” şəbəkəsində barəsində, yalan olduğu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu və ailəsini nüfuzdan salan təhqir və böhtanla dolu həqiqətə uyğun olmayan şər-böhtan xarakterli saysız-hesabsız məlumatlar paylaşaraq yaymışlar. Onlar barəsində olan şər-böhtan və təhqir dolu həmin məlumatları kütləvi nümayış etdirilən internet informasiya ehtiyatı olan “Tik-Tok” sosial şəbəkəsində 03 may 2024-cü il tarixdə və 05 may 2024-cü il tarixdə paylaşaraq yaymışlar. O, Abşeron rayonu, Xırdalan şəhərində M.Ə.Rəsulzadə küçəsində yerləşən Bank olmayan Kredit təşkilatı olan “Lombard” işlədir. Onlar, “Turan — Bank ” və “ Elo-Bank”-la işləyirlər. Belə ki, müştərilərdən qəbul olunmuş qızıl-zinyət əşyaları, qeyd olunmuş banklara depozit kimi qoyularaq müqabilində müəyyən olunmuş məbləğ götürülür və müəyyən faizlər tutmaqla girov qoyana verilir. Yuxarıda qeyd etdiyi həmin şəxslər tərəfindən “Tik-Tok” şəbəkəsində barəsində həqiqəti əks etdirməyən məlumat yaymaqla guya onun saxta qızıl-zinyət əşyaları satmaqla məşğul olduğunu və polislərin buna şərait yaratmaları üçün onlara rüşvət kimi pul verdiyini geniş izləyici kütləsinə bildirmişdir. Həmin həqiqəti əks etdirməyən məlumatın yayılması nəticəsində işlədiyi banklarla iş birlikərində problemlər yaranmışdır ki, bu da sahibkar kimi onun böyük məbləğdə ziyana düşməsilə nəticələnmişdir. X23 və X10 onunla görüş zamanı gizli olaraq, iradəsinin əksinə olaraq, görüşlərini əks etdirən audiovideo çəkərək səsini yazaraq xx.xx.2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində yaymışlar. Həmin audio səs yazılarında guya o bildirmişdir ki, “istintaqda imkan vermərəm ki, Rasim Abdullayev saxta qızıl-zinyət əşyalarının X10 tərəfindən əldə oldunduğunu bildirsin. Gərək mənim üstümdən tramvay keçsin ki, Rasim bu barədə istintaqa bildirsin. Onlar bu məlumatları yaymaqla guya mənim X23, X10 və X14 barəsində istintaq şəbəkəsində istintaqı aparılan cinayət işinə təsir göstərirəm”. Bundan əlavə, X23 Milli Məclisin deputatı Tahir Kərimli ilə onun foto şəklini montaj etmişdir və “Tik-Tok” sosial şəbəkəsində xx.xx.2024-cü ildə paylaşım etmişdir. Şəkildə guya o, qolunu onun boynuna qoymuşdur. Bununla da ailəsində böyük söz-söhbət olmuş və problemləri yaranmışdır. Şəkilin montaj olunduğunu, həqiqəti əks etdirmədiyini, şər-böhtan olunduğunu bildirsə də, heç kim inanmır. Bununla da onun şərəf və ləyaqəti ləkələnmişdir. Bərk sarsıntılar, iztirablar keçirərək, intihar etmək dərəcəsinə çatmışdır. Bundan əlavə, X23, X10 və X7 yığışaraq Xoşbəxt Cəfərova adlı şəxsi dilə tutaraq, guya onun evini satıb 54000 manat məbləğində pul verməsi barədə üzünə durmağı və yalandan ərizə yazmağı təklif etmişlər. Onlar guya şahid kimi həmin pulun verilməsində iştirak etdiklərini və şahid kimi ona qarşı ifadə verəcəklərini bildirərək ondan 54000 manat pul alacaqlarını bildirmişlər. X27 bunlarla razılaşmamışdır. Bundan sonra X23 və dostları Xoşbəxt Cəfərovadan xəbərsiz onun adından ərizə yazaraq imza etməklə ərizəni Respublika Prokurorluğuna göndərmişlər. X23, X10 ona hədə qorxu gələrək, ailəsi ilə təhdid edərək yazılanları təsdiq etməsini tələb etmişlər. X17rla razılaşmayaraq, ona böhtan atmayacağını bildirərək müxtəlif orqanlara faktla bağlı müraciətlər etmişdir. “Tik- Tok” şəbəkəsində bu məlumatları paylaşan, özünü jurnalist kimi qeyd edən Seyidov Mirkənan adlı şəxslə əlaqə yaradaraq vermiş olduğu məlumatın “Tik-Tok” sosial şəbəkəsindən silinməsini xahiş etsə də o, bundan imtina edərək həmin məlumatın Zakir, Vüqar və Əliyusif tərəfindən ötürüldüyünü və onların xahişi ilə yaydığını bildirərək, həmin məlumatları silməkdən imtina etmişdir. Həmin şəxslər haqqında yazdıqları şər-böhtanlarını internet sosial şəbəkəsi vasitəsi ilə milyonlarla internet izləyicilərinin arasında qəsdən və bilərəkdən yaymaqla, təhqir və böhtanları kütləviləşdirərək ona böhtan atmış, eyni zamanda onu təhqir etməklə işgüzar nüfuzuna xələl gətirmiş, habelə şəxsiyyətini, şərəf və ləyaqətini alçaltmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Beləliklə, X23, X10 və X3 nümayış etdirilən internet informasiya ehtiyatı olan sosial şəbəkələrdə yayımlanan qeyd edilən böhtan və təhqirlərlə dolu yalan məlumatları yaymaqla ona qarşı Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Şikayətçi olaraq o, yəni X16 göstərmişdir ki, X23 onunla görüş zamanı səsini gizli şəkildə qeydə alaraq onu özünün qərəzli olduğu məsələdə istifadə etmişdir. Belə ki, “Bakunews.az” xəbər portalına qeydə aldığı səs yazısını paylaşmasını istəyən Zakir və onunla eyni mövqe yoldaşı olan X25 təqdim edərək ictimailəşdirmişlər. Xəbər portalı ilə əlaqə saxlayaraq onun səsini onlara kimin verdiyini xəbər almış və oradan ona bildirilmişdir ki, Vüqar Bəkirov vermiş, lakin səs Zakir Əsgərova məxsus olduğundan onunla Vuqarın telefonu vasitəsilə əlaqə saxlayaraq paylaşmasını onun istədiyini sual etmişlər. Zakir Əsgərovdan icazə aldıqdan sonra səsi ictimailəşdirmişlər deyə media qurumu məlumat vermişdir. Qeyd edir ki, Abşeron rayon Polis İdarəsində istintaqı gedən mövzu tamam başqa şəxslərlə bağlı olduğu halda Atlas Əsədova haqqında onun danışdığı səsləri istintaqa təqdim edilməsi qanunsuzluqdur. Odur ki, onun səslərini ilk olaraq Prokurorluq və İstintaq şöbələrinə verən bu şəxslərin məsələnin mahiyyətini anlamadan harda gəldi səsini maddi dəlil kimi istifadə edə biləcəkləri haqqında heç bir icazəsi olmamışdır. Şəxslərə dəfələrlə onun səsindən istifadə etməməyi bildirməsinə baxmayaraq bu şəxslər öz məqsədlərinə çatmaq naminə səsini istintaq materiallarına maddi sübut kimi təqdim edirlər. Xüsusilə qeyd edir ki, əvvəla səsini yazarkən heç bir xəbərdarlıq edilməmişdir. Digər ikinci məqam isə bu səsdən istifadə üçün ondan nə şifahi, nə də yazılı bir razılıq alınmamışdır. Bu gün isə dəfələrlə tələb etməsinə baxmayaraq ictimailəşdirilən səs yazısının mediadan silinməsini Zakir və Vuqar cütlüyünün məkirli planlarına onu alət etməsi heç bir qanuna sığmır. İnsan kimi oturub həmsöhbət olduğu mövzunu özlərinin qərəzli işlərində maddi sübut kimi istifadə etmələri də qanun pozuntusudur. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 saylı qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Məhkəmələrə izah edilsin ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. Maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətinin müdafiəsinə qanunla onun ölümündən sonra yol verilir. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, Məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəçisi kimi baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Şərəf və ləyaqətin müdafiəsi hüququnun konstitusion hüquq olmasına əsaslanaraq məhkəmələrə izah edilsin ki, maraqlı şəxslər şərəf və ləyaqətlərinin müdafiəsi üçün kütləvi informasiya vasitəsinə təkzib vermək barədə ilkin müraciət etmədən birbaşa məhkəmədə iddia qaldıra bilərlər. Kütləvi informasiya vasitəsində yayılmış məlumatda vətəndaşın şərəf və ləyaqətini ləkələyən əlamətlər olmadıqda, lakin məlumat onun mənafeyinə toxunduğu hallarda da vətəndaşın bu məlumata dair cavabla həmin kütləvi informasiya vasitəsində çıxış etmək hüququ vardır. Kütləvi İnformasiya vasitəsinin redaksiyası vətəndaşın tələbini təmin etmədikdə bundan qanunla müəyyən olunmuş qaydada məhkəməyə şikayət etmək olar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, kütləvi informasiya vasitəsində yayılmış şərəf və ləyaqəti ləkələyən məlumata görə kütləvi informasiya vasitəsinin redaksiyası və yazının müəllifi cavabdeh kimi işə cəlb edilməlidir. Redaksiya hüquqi şəxs olmadıqda isə kütləvi informasiya vasitəsinin təsisçisi cavabdeh kimi tanınmalıdır. Müəllifin və yaxud redaksiyanın üçüncü şəxs kimi işə cəlb edilməsi qanunauyğun hesab edilmir. Cavabdehlər həqiqi olmayan informasiya yaymaqla onun şərəf və ləyaqətini aşağılaması nəticəsində mənəvi əzab, iztirab çəkmişdir. Bu mənəvi əzab və iztirabının əvəzi heç bir maddiyyat ilə ölçülə bilməz. Lakin, ona - X18 vurulmuş maddi və mənəvi ziyanın həcmini 80.000 manat, X2 dəymiş maddi və mənəvi ziyanın həcmi 70.000 manat və X11 vurulmuş maddi və mənəvi ziyanın həcmini 500 manat qiymətləndirir. Cavabdehlərin “Tik-Tok” sosial şəbəkəsində təkzib verilməsi, həmin sosial platformasında ondan üzr istəməsi, şərəf və ləyaqətinin alçaldılması, nüfuzdan salınmağı ilə bağlı ona vurulmuş mənəvi ziyana görə 20.000 (iyirmi min) manat, ödənilmiş 200 manat dövlət rüsumu alınıb verilməlidir. Beləliklə, X23, X10 və X24 iddiaçı olaraq onlara qarşı Azərbaycan Respublikası CM 147.2 və 118-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X23, X10 və X24 və onların müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin ikinci hazırlıq iclasıdır ki, məhkəmədə iştirak etmədiklərini bildirərək şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçılar məhkəmə iclasına təkrarən gəlməmişlər. Xüsusi ittihamçılar X6 və X4 ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkləri barədə məhkəməyə teleqram ünvanlamış, lakin bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur; 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir; 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilir; 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir; 302.1.3-cü maddəsinə əsasən. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə xüsusi ittihamçıların üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsini və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə barələrində şikayət verilmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və X14 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X19 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. X8 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. X20 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13, X5 və X14 “Tik-Tok” sosial şəbəkəsində təkzib verilməsi, həmin sosial şəbəkədə üzr istəmələrinə dair X1, X9 və X15 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X19 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. X8 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. X20 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar