Məhkəmə qərarları › İş №1(006)-314/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-314/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-314/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi X7 və onun nümayəndəsi və vəkili X2, Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş ittiham aktı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulubpozulmaması barədə məsələlərə də baxılır. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən bir çöx prossesual pozuntulara yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs fundamental hüquq olan müdafiə hüququ pozulmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 1 dəfə də olsun müdafiəçi görməyib və ona müdafiəçi təqdim olunmayıb. Hətta təqsirləndirilən şəxs cinayət işinin materiallarına əlavə edilmiş vəkil orderinin sahibinin kim olduğunu bilmir. İbtidai istintaq orqanı ibtidai istintaq yekunlaşan zaman Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış etməmişdir. Həmin prosesdə vəkil iştirak etmədiyindən tanışetmədən də söhbət gedə bilməzdi. Belə ki, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək barədə” protokoldan görünür ki, protokolda həm təqsirləndirilən şəxsin, həm də onun müdafiəçisi X3 17 aprel 2021-ci il tarixdə saat 09:50-dən 12:05-ə kimi cinayət işinin materialları ilə tanış olmaları qeyd edilmişdir. Halbuki məhkəmə qərarı əsasında əldə edilmiş “anten əhatə dairəsi haqqında” məlumatlardan da görünür ki, vəkil X3 istifadəsində olan nömrənin anten dairəsi 17.04.2021-ci il tarixdə, saat 12:09-da Ramana qəsəbəsi olmuşdur. Göstərilənlərə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisinin dediklərini təsdiq edərək vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı vəsatətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi X4 nümayəndəsi və vəkili X5 vəsatətin təmin edilib-edilməməsi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, cinayət işi üzrə keçirilən hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində 15 dekabr 2020-ci ildə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə 15 aprel 2021-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü ibtidai araşdırmanı aparan müstəntiq X1 15 aprel 2021-ci il tarixli qərarı əsasında 15 aprel 2021-ci il tarixli Orderlə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs müdafiəçisi qismində cinayət işinə buraxılmışdır. Cinayət işinin materiallarında olan 17.04.2021-ci il tarixli “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək barədə” protokoldan görünür ki, protokolda Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 01 cilddən 221 vərəqdən ibarət cinayət işinin bütün istintaq materialları ilə 17 aprel 2021-ci il tarixdə saat 09:50-dən 12:05ə kimi tanış olması qeyd edilmiş, həmin protokol Təqsirləndirilən şəxs, müdafiəçi X6 və müstəntiq Murad Mustafayev tərəfindən imzalanmışdır. “xxxx” MMC tərəfindən məhkəmənin 17.05.2021-ci il tarixli qərarı əsasında təqdim olunan “anten əhatə dairəsi haqqında” məlumatlardan görünür ki, müdafiəçi X3 istifadəsində olan nömrənin anten dairəsi 17.04.2021-ci il tarixdə, saat 12:09-da Ramana qəsəbəsi olmuşdur. Belə olan halda aydın olur ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiə hüququ və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Qeyd olunan Məcəllənin 19.4-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüquqlarını təmin etməlidir. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına [...] bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Həmin Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Bundan əlavə Avropa Məhkəməsi göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir” (“Krosant Almaniyaya qarşı” iş). Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən, cinayət işinin materialları ilə tanış etmə qaydası pozulduğundan cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına (o cümlədən də, 303.3.1-ci və 303.3.8-ci maddəsində nəzərdə tutulan kobud pozuntulara) yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar