Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-314/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat saat 19:20-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq 21-ci PB-nin inzibati binasına gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat 16:00 radələrində “Elnur” adlı şəxslə Nəsimi rayonu “Kubinka” adlanan ərazidə görüşmüş və 5 (beş) manat pul müqabilində şəxsi istifadəsi üçün kakos adlanan narkotik vasitə almışdır. Həmin tarixdə saat 19:20 radələrində ünvan 4 ünvanın qarşısında hərəkətdə olduğu zaman tanımadığı iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrdən istifadə etməyindən və gəzdirməyindən şübhələndikləri üçün videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra o, həmin polis əməkdaşları ilə birgə 21-ci PB-nə getmişdir. Xidməti otaqların birində ona vəkil lazım olduğu bildirildikdə, o maddi imkanının olmadığı üçün dövlət hesabına vəkillə təmin olunmağı ilə bağlı ərizə yazmışdır. Sonradan vəkilin, videoçəkilişi aparan mütəxəssisin və polis əməkdaşlarının iştirakları ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları təqdim etməyi təklif olunduqda o, üzərində olan ümumilikdə on səkkiz manat əlli qəpik pulunu, evinin açarını, ***-***-**-** mobil nömrəsi ilə istifadə etdiyi "Samsung A 52" markalı mobil telefonunu və əynində olan boz rəngli idman şalvarının sağ cibindən xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Elnur adlı şəxsdən aldığı ağ rəngli kağıza bükülmüş, içərisində narkotk vasitə kakos olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sorra onun üzərinə baxış keçirilmiş, lakin heç bir əşya və ya maddə aşkar edilməmişdir. Ondan təqdim etdiyi kakos adlanan narkotik vasitəni haradan və nə məqsədlə əldə etdiyi sual edildikdə o, öz şəxsi istifadəsi üçün Elnur adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi maddə zərfə qoyulmuş, zərf hər bir iştirakçı tərəfindən imzalanmış, həmçinin maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəyi bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və hazırda ayağında olan ağır xəstəlikdən (Postnyeksion anevrizmanın rezeksiyası, sağ xarici qalça, səthi bud arteriyasının protestlə plastikası) əziyyət çəkməsini, ailəli olmaqla himayəsində bir az yaşlı uşağı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü PB-nin rəisinə raportla məruzə etmişdir. Həmin polis bölməsinin baş əməliyyat müvəkkili, Şahid2 iştirakı ilə həmin tarixdə saat 19:20 radələrində ünvan 3 ünvanın qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq PB-nə aparılmışdır. PB-da təhqiqatçı Şahin Fərhadovun xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaların könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Sonuncu əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung A 52” markalı mobil telefonu, əynindəki açıq boz rəngli idman şalvarının sol yan cibindən 03 ədəd 05 (beş) manatlıq, 03 ədəd 01 (bir) manatlıq pul əskinzalarını, 01 ədəd 50 (əlli) qəpik pulu, 01 ədəd açarı və həmin idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofan torbada olan içərisində qəhvəyi rəngli toz şəkilli maddəni çıxardaraq təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Sonuncu üzərindən aşkar olunmuş maddənin narkotik maddə olan heroinin olduğunu və xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidən “Elnur” adlı şəxsdən 5 (beş) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin ağ rəngli şəffaf sellofan torbaya bükülmüş maddə bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hərkəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışlar. Həmçinin sonda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd 05 (beş) manatlıq, 03 ədəd 01 (bir) manatlıq pul əskinzaları, 01 ədəd 50 (əlli) qəpik pul və 01 ədəd açar özünə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung A 52” markalı mobil telefonu, əynindəki açıq boz rəngli idman şalvarının sol yan cibindən 03 ədəd 05 (beş) manatlıq, 03 ədəd 01 (bir) manatlıq pul əskinzalarını, 01 ədəd 50 (əlli) qəpik pulu, 01 ədəd açarı və həmin idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofan torbada olan içərisində qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə olan narkotik vasitənin heroin olduğunu bildirmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 94-95-ci vərəqələrində olan Nəsimi rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi X.Bağırzadənin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 207-208-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 58-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1076 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs...” və.s sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,157 qram maddə kütləsi kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,157 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,107 qram olmuşdur. Cinayət işinin 59-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 153-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi əlavə Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2845 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 160-165-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, ekspertiza tədqiqatından sonra qalmış 0,107 qram heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş və şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə, saat 21:05-dən başlıyaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı Şahin Fərhadov özünü təqdim edir, bundan sonra Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2, mütəxəssis qismində dəvət edilmiş X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung A 52” markalı mobil telefonu, əynindəki açıq boz rəngli idman şalvarının sol yan cibindən 03 ədəd 05 (beş) manatlıq, 03 ədəd 01 (bir) manatlıq pul əskinzalarını, 01 ədəd 50 (əlli) qəpik pulu, 01 ədəd açarı və həmin idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofan torbada olan içərisində qəhvəyi rəngli toz şəkilli maddəni çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni digər hər hansı əşyanın olub-olmaması soruşulduqda, sonuncu heç bir əşyanın olmadığını bildirir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun əynində olan şalvarın cibləri, ayaqqabıları, corabları yoxlanılır, lakin heç nə aşkar edilmir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması barədə soruşduqda, sonuncu bükülünün içərisində narkotik vasitə olan “heroinin” olduğunu və həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidən “Elnur” adlı şəxsdən 5 (beş) manata şəxsi istifadəsi üçün aldığını bildirir. Cinayət işinin 198-ci vərəqəsində olan Akad. M.A.Topcubaşov adına X6 xx.xx.2022ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Postnyeksion anevrizmanın rezeksiyası, sağ xarici qalça, səthi bud arteriyasının protestlə plastikası xəstəliyindən əziyyət çəkir və bununla bağlı cərrahiyə əməliyyatı icra edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və hazırda ayağında olan ağır xəstəlikdən (Postnyeksion anevrizmanın rezeksiyası, sağ xarici qalça, səthi bud arteriyasının protestlə plastikası) əziyyət çəkməsini, ailəli olmaqla himayəsində bir az yaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və hazırda ayağında olan ağır xəstəlikdən (Postnyeksion anevrizmanın rezeksiyası, sağ xarici qalça, səthi bud arteriyasının protestlə plastikası) əziyyət çəkməsini, ailəli olmaqla himayəsində bir az yaşlı uşağı olmasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini, dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi əlavə Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2845 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,107 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,107 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-314/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-314/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver